...Bir də o ev vardı, dostum,
Bir də o ev...
Yaydı...
Günəş göy üzünü qarşımışdı
Biçilmiş zəminin,
Sapsarı kövşənlərin ortasında
Qaralırdı o evin məzarı...
Yaralı əllərini Allaha uzadıb durmuşdu
Yanğından qaralmış divarları...
Nə qapısı Nə pəncərəsi
Nə damı...
Mənə nağıl edilən qarı kimiydi o ev...
Kədərinə çəkirdi adamı...
...Bir də o ev vardı, dostum,
Bir də o ev...
Kandarınacan gəlib çıxmışdı zəmi
Bərəkət...
Bərəkət...
Bərəkət...
Bütün kəndi şumlayıb buğda əkmişdilər
Təkcə o,
O qarı evinin içində yanmağı seçmişdi
Dağıdılmağı seçmişdi...
Şumlanmağı seçmişdi və
Ondan da
Evindən də əl çəkmişdilər...
Bir də
Meyiti çıxmışdı ordan...
37-də güllələnən
Ərinin və oğlanlarının ruhuyla isitmişdi divarlarını
Uzun illər boyunca
Xəstələnmişdi - tək qalmışdı...
Susuzlamışdı - tək qalmışdı...
Ağlamışdı - tək qalmışdı...
Zəmi
Kandarınacan gəlib bitmişdi,
Sarı-sarı buğdalar xışıldaşırmış yuxularında
Aclıq illəriymiş və qarı çörək tapmırmış doyunca...
...Bilirsənmi, dostum...
Yuxumdaydı bu gecə o ev...
İlk gördüyümdə necə sarsılmışdım, İlahi!
Bir də hekayətini dinlərkən...
Bir cüt göz yaşı axıb getmişdi yanağımdan
Üzümü çevirmişdim biçilmiş zəmiyə
Və yanımdakı adam
Təsəlli vermişdi -
"Son anında tək deyilmiş", - deyə...
Dostum...
Gedək bir gün şam yandıraq
Susaq o evin məzarının önündə
Olurmu?...
Hanı üfüq,
Hanı buludların arasından közərən günəş,
Niyə üşümürəm bəs?
Niyə nə dayanmır,
Nə yol getmirəm,
Niyə almıram nəfəs
Və niyə boğulmuram?...
...Əlimi altına tutub durduğum bulağın
Suyu niyə islatmır barmaqlarımı?
Doldurmur ovcumu,
Niyə, dostum, niyə?
Niyə yox olmuş kimiyəm,
Və niyə ölmürəm?
Buralar haradır belə?...
Bilmirəm, dostum,
Bilmirəm...
Mənim nağıllarım başqa cürəydi
...Mənim nağıllarım başqa cürəydi
İçində
Yaz otu,
Çöl iyi vardı
Adi adamların hekayətləri
Adi adamların ürəyi vardı.
Bir budaq sınanda, anamın əli
Sehrli olurdu Sirli olurdu
Ölümdən, məzardan qorxmayım deyə
Mənim nağıllarım diri olurdu.
Bir çoban,
Bir qoca,
Bir də bir ağac
Mağara Dağ çayı Arı pətəyi
Davadan qayıdıb ölən bir ata
Bir də bir zülmkar əmi varıydı...
Ağır illərinin əhvalatları
Anamın qorxulu nağıllarıydı...
Nağıla inanan vaxtı deyildi 42 yaşında
Bir qış gecəsi
Yorğun saçlarında dən doğulmuşdum
Bir uzun nağılın sonu çatmışdı,
Alma düşməliydi
Mən doğulmuşdum.
Sonra
Nağılların məndən əvvəli
Məndən sonrasına qarışdı getdi Anam.
Bir yaz günü.
Son nağılını.
Son nağıl dadında
Danışdı, getdi.
Heyyy....
Bu uzun yolçuluğun
Harasına gəlib çatdıq?
Dilək qapısının bağlı
Sırasına gəlib çatdıq.
Ömür dediyimiz nə ki,
Dönüb uşaqlaşdıq bir az
Yoxa yaxınlaşdıq bir az
Vardan uzaqlaşdıq bir az.
Özümüzə bir qıraqdan
Baxdığımız yerə gəldik
Hər gecənin səhərindən
Qorxduğumuz yerə gəldik.
Ey yerin-göyün sahibi
Bizdən xəbərin oldumu?
Ruhumuza hopdurduğun
Sözdən xəbərin oldumu?
Heyyy.
Zamansız!
Heyyy.
Məkansız!
Zərrə-zərrə işıq adam
Səmaların qapısına
Çatıb dayanmışıq, adam!
Bu yuxudan ayılmazlar.
Çaşıb
Oyanmışıq, adam.