Elektron ədəbiyyat və sənət portalı

Tanınmış tərcüməçi vəfat edib

Bölmə: Özəl baxış üçün 16.11.2018

 

Noyabrın 13-də, ömrünün 60-cı ilində yazıçı, tərcüməçi, bəstəkar Rövşən Qafarov dünyasını dəyişib.

O, 1959-cu il martın 13-də Bakıda, Əməkdar incəsənət xadimi, şair və tərcüməçi Vladimir Qafarovun ailəsində anadan olmuşdu.

Rövşən Qafarov povestləri, hekayələri və analitik məqalələri ilə də tanınırdı. Mərhum tərcüməçi həm də musiqi sahəsindəki fəaliyyəti ilə diqqət çəkirdi. R.Qafarovun yazdığı mahnıları ölkə estradasının ulduzları ifa edirdilər.

R. Qafarovun yaradıcılığının bir hissəsi də publisistika ilə bağlı idi. O, böyük şairlərin həyatı haqqında oçerklər, silsilə xatirələr və məqalələr yazırdı.

Rövşən Qafarovun yaradıcılığının son akkordu isə vaxtilə atasının tərcümə etdiyi “Koroğlu” eposu üzərindəki iş oldu. Təəssüf ki, “Literaturnıy Azerbaydjan” üçün tərcümə olunan bu iş tamamlanmadı.

 

                                                                                     Vida sözü

 

2018-ci il dünya mədəniyyəti və ölkə ədəbiyyatı üçün həm də sağalmaz itkilərlə yadda qaldı. Oktyabrın 13-də Rövşən Qafarovu  itirdik. O da atası – mənim həm həyatda, həm də ədəbiyyatdakı yaxın dostum kimi dünyadan vaxtsız köçdü.

Rövşən bir neçə sahədə istedadı ilə seçilirdi. Biz hələ anasının – Solmaz xanım Sədirxanovanın sağlığında, Bakıdakı 23 saylı məktəbin nəzdindəki teatrda keçirilən ədəbi gecədə tanış olmuşduq. İndi xatırladığım qədəri ilə, tədbir Çilidə baş verən hadisələr, çevriliş və Salvador Alyendenin ölümünə həsr olunmuşdu. Rövşən səhnədə çıxış elədi, gitarada çalıb-oxudu. Solmaz öz oğlunu – bu yaraşıqlı oğlanı mənə açıq-aşkar qürurla təqdim elədi.

Təəssüf… Bütün bunlar indi keçmişdə qalıb.

Rövşən uzun yaradıcı bir yol keçdi – yaxşı nəsr yazdı (“Admiral nərdivanı” və hekayələr), publisistikada maraqlı çıxışlar elədi, Qarabağ səması üzərində vurulan təyyarə barədə gözəl, duyğulu bir yazıya imza atdı. Rövşən “Bakinskiy raboçiy” qəzetində işlədi, ömrünün son gününədək “Literaturnıy Azerbaydjan”ın əməkdaşı oldu.

İçimdə belə bir hiss var ki, onun yazacaqlarının, tərcümə edəcəklərinin çoxu yarımçıq qaldı. Axı Rövşənin poeziya sahəsində də istedadı vardı, musiqi bəstələyirdi.

Rövşən həm də çox tənha adam idi. Amma onun haqqında olan sözlərimi bu kədərli notlarla bitirmək istəməzdim. Rövşən yeri heç vaxt doldurulmayacaq daha bir itkinin – dünyadan vaxtsız köçmüş oğlu Maratın (mənim dünyadan vaxtsız köçmüş oğlumun adaşının) öz həssas ürəyində daim daşıdığı ağrısını da özüylə aparıb getdi…

Mənə isə hələ də davam edən ömür adlı yolumda bu ağır itkilərin yükünü çiynimə alıb daşımaq qalır…

Siyavuş Məmmədzadə