Fransa yazıçısı, dramaturqu və şairi Fransua Şarl Moriak 1885-ci il oktyabrın 11-də Bordo şəhərində, çoxuşaqlı tacir ailəsində doğulub. 1887-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra, Fransuanın anası Marqarita Moriak övladları ilə birlikdə valideynlərinin evinə qayıtmalı olur. Son dərəcə utancaq bir uşaq olan Fransua təhsil aldığı Müqəddəs Məryəm məktəbində özünü olduqca bədbəxt hiss edirdi. Üç il sonra o, Maronitlər məktəbinə daxil olur və sevimli yazıçıları Rasin və Paskalla da ilk dəfə burada tanış olur. Fransua kolleci bitirdikdən sonra Bordo Universitetinə daxil olur və 1905-ci ildə ədəbiyyat üzrə magistr dərəcəsinə yiyələnir.
Növbəti il o, tarixçi, medievist və arxivçi ixtisasları üzrə təhsil verən De Şart məktəbinə daxil olmaq məqsədilə qəbul imtahanlarına hazırlaşmağa başlayır. 1908-ci ildə həmin məktəbə qəbul olunsa da, altı ay sonra təhsilini yarımçıq qoyub özünü tamamilə ədəbiyyata həsr etmək qərarına gəlir. Moriakın bu addımına "Le Temps Present" nəşriyyatının onun "Birləşmiş əllər" adlı ilk şeir toplusunun nəşrinə razılıq verməsi təkan verir. Toplu 1909-cu ildə dərc edilir, 1910-cu ildə isə məşhur yazıçı Moris Barres kitaba müsbət rəy yazır.
1911-ci ildə Moriak ikinci poeziya toplusunun üzərində işləməyə başlayır. Onun ilk romanı – "Buxov altındakı uşaq" əvvəl "Merkür de Frans" jurnalında dərc edilir, 1913-cü ildə isə "Qrasse" nəşriyyatı tərəfindən kitab halında çap olunur. Həmin il Moriak bankir qızı Janna Lafonla ailə qurur. Bu nikahdan onun iki qızı və iki oğlu dünyaya gəlir. Moriakın böyük oğlu Klod özü də gələcəkdə yazıçı və tənqidçi kimi məşhurlaşır. 1914-cü ildə Fransa Almaniyaya müharibə elan edir. Səhhətinə görə hərbi xidmətdən azad edilməsinə baxmayaraq, Moriak Qırmızı Xaç Cəmiyyətində fəaliyyət göstərmək qərarına gəlir və iki il hospitalda sanitar kimi xidmət edir. 1918-ci ildə hərbi qulluqdan azad edildikdən sonra daha iki roman yazır. Moriaka əsl uğuru qazandıran isə 1922-ci ildə nəşr edilən "Cüzamlıya bəxş edilən öpüş" romanı olur. Moriakın həmin il nəşr edilən növbəti iki romanı – "Alov çayı" və "Ana" katolik kilsəsinin sağ qanadının nümayəndələri tərəfindən mənfur, hətta pornoqrafik kitab kimi qiymətləndirilir. Yazıçının 1925-ci ildə qələmə aldığı növbəti romanı – "Sevgi səhrası" Fransız Akademiyasının mükafatına layiq görülür. 1927-ci ildə işıq üzü görən "Tereza Deskeyru" romanı isə fransız tənqidçilər tərəfindən əsrin əvvəllərində yazılan ən gözəl əsər hesab edilir. 1928-ci ildə yazdığı əsərlər yazıçının dini inancının sarsıldığını göstərirdi. Bu məsələdə onun yaradıcılığının katoliklər tərəfindən tənqid atəşinə tutulması dindar anasının daimi narazılığı ailəsini dağılmaq təhlükəsi qarşısında qoyan nikahdankənar münasibətlərin böyük rolu var idi. 1926-cı ildə çap olunan "İtki" adlı kitabda isə artıq yeni dini istiqamət nəzərə çarpırdı. Yazıçının ən gözəl romanlarından biri olan "İlan yumağı" isə tənqidçi Şarl Dübo tərəfindən "katolik romanın parlaq nümunəsi" adlandırıldı.
"İlan yuvası" işıq üzü gördükdən sonra qırtlaq xərçənginə görə cərrahiyə əməliyyatı keçirən Moriak səsini, demək olar ki, tamamilə itirir. 1933-cü ildə o, Fransa Akademiyasına üzv seçilir.
Ruhun xilası barədə misilsiz katolik roman yaratmağa can atan Moriak əvvəlki kimi yazmağa davam eləsə də, yaradıcılığındakı tənəzzül əksər tənqidçilərin gözündən yayınmırdı. Onun "Tanrı və tamah" əsəri dini traktatlardan ibarət bütöv bir silsilənin əsasını qoyur. 1936-cı ildə o, "Asmodey" adlı ilk pyesi ilə teatra müraciət edir. Jak Kopun quruluş verdiyi "Asmodey" bir mövsüm ərzində yüz dəfə səhnəyə qoyulur. Artıq 1946-cı ildən "Nobel"ə namizəd göstərilən Moriak, nəhayət altı ildən sonra "İnsan ruhunun dərinliklərinə nüfuz etdiyinə və əsərlərinin, həyatın faciələrini böyük ustalıqla təsvir edən bədii mahiyyətinə görə" bu mükafata layiq görülür. "Nobel"i aldıqdan bir müddət sonra o, özünün sonuncu əsərlərindən birini – "Quzu" romanını yazır.
Yazıçı əllinci illərin ortalarından yetmişinci ilə qədər elə ilk sayındaca böyük şöhrət qazanan "Dəftərçə" adlı həftəlik qəzet rubrikasında fikirlərini yazırdı. Moriak qəzetə təqdim elədiyi məqalələrində müasir siyasi və ədəbi hadisələri sərt şəkildə tənqid edirdi. Altmışıncı illərdə bu rubrika yazıçıya romanlarından daha çox oxucu qazandırırdı. "Keçmişin övladları" adlı sonuncu romanı 1969-cu ildə işıq üzü görən yazıçı 1970-ci il sentyabrın 1-də Parisdə vəfat edib.
Aforizmlər və sitatlar
Gözəl vaxtlarını yada salanda sənə elə gəlir ki, ondan sonra həyatında heç nə baş verməyib.
* * *
Məhəbbət iki zəif insanın görüş anıdı.
* * *
Kişi qadını daha çox tanıdıqca, onun barəsində təsəvvürü bəsitləşir.
* * *
Paris insanların məskunlaşdığı bir səhradı: əyalət şəhəri, dörd bir yanı qələbəlik olan tənhalıq.
* * *
Sirk əsl incəsənətin son dayanacağıdı.
* * *
Diktaturanın yeganə üstünlüyü, səni seçkilərin nəticələrini bilmək üçün saatlarla radioqəbuledici qarşısında oturmaq əzabından xilas etməyidi.
* * *
Ən baha başa gələn qadın, özünü satmayan qadındı.
* * *
Narkomanlıq uzunmüddətli ölüm həzzi yaşamaqdı.
* * *
Sevmək başqaları üçün görünməz olan möcüzəni görməkdi.
* * *
Hansısa inanc naminə ibadət etmək lazım deyil, ibadət et ki, inanasan.
* * *
Bəzi insanlar Tanrıya bütün ağır işləri onların əvəzinə görəcək bir xidmətçi kimi baxırlar.
* * *
Xristian Dostoyevskinin əsərləri Prustun əsərlərindən daha yüksəkdə dayanır. Çünki Dostoyevski öz cinayətkar və fahişə qadınlarını alçaltsa da, onları artıq öz günahını yumuş məxluq kimi görür.
* * *
...Yeri gəlmişkən, heyrətamiz bir məsələ var: biz Floberi və Stendalı nə qədər sevsək də (Tanrı şahiddi ki, mən onları nə qədər sevirəm!), hiss edirik ki,Tolstoy və Dostoyevski onlardan daha dərindi. Çünki hər iki rus yazıçısı başqalarının bilmədiyi sirdən agahdı.
* * *
Məni Berdyayevə heyrətləndirən, bu inqilabçının mahiyyət etibarilə Tolstoyun, xüsusən Dostoyevskinin, müəyyən qədər də İbsen və Nitsşenin təsiri altında olmasıdı. Materialist rasionalizm onun üçün qəbulolunmazdı və o, bunu alınmamış cəhd hesab edir. Hələ marksist olduğu dönəmlərdə o, mənim inandıqlarıma inanırdı. O, Məsihlə birlikdə idi; hesab edirdi ki, Oktyabr inqilabı «rus mədəniyyətinin yüksək dəyərlərinə qarşı əsl qətliam» həyata keçirib. O, hətta cürət edib belə yazmışdı: «Lenin fəlsəfi və mənəvi baxımdan dəhşətli dərəcədə geridə qalmış bir adamdı».
Tərcümə edən: Yaşar