Xalq artisti Fuad Poladovla müsahibə
– Bakıda doğulub böyümüsünüz, amma müsahibələrinizdə, uşaqlıq xatirələrinizdə İsmayıllıda keçən yay tətilinizdən xüsusi danışırsınız. Bəlkə, elə buna görədir ki, obrazlarınızda təkcə şəhər adamına məxsus kübarlıq yox, həm də əyalət, təbiət adamına xas olan bir çılğınlıq, təbiilik var. Biz hamımız uşaqlıq adlanan məmləkətdən gəlirik. Maraqlıdır, sizin «məmləkət»iniz necə bir yer idi?
– Məmləkət deyəndə, ana nənəm İsmayıllıda yaşayırdı. O vaxtlar üç aylıq yay tətilində onun yanına gedirdik, tətili orada keçirirdik. Kənd həyatının öz gözəllikləri var: insan üçün həm uşaqlıq məktəbidir, həm də təbiətlə tanışlıq dövrüdür. Məsələn, mən üzməyi dənizdə yox, çayda öyrənmişəm. İlk dəfə kənddə at çapmışam, ağaca çıxmışam. İlk dəfə teatrla bağlı "eksperimentlərimi" –səhnəciklərimi də orada göstərmişəm. Rayonda olduğum dövrlər yaddaşımda çox işıqlı bir xatirə kimi qalıb. Düzdür, bu dövr uzun sürməyib, ibtidai sinfi bitirdikdən sonra uşaqlığımın Bakı mərhələsi başlayıb. Dram dərnəyinə getmişəm, televiziyadakı uşaq verilişlərində aparıcılıq etmişəm, böyük aktyorlarla tərəf müqabili olmuşam. Bunlar hamısı uşaqlığımın xoş, silinməz və yaddaqalan xatirələridir.
– Tarkovski deyir ki, məşhur "Güzgü" filmini, böyüdüyü mühitin, insanların ona təsiri, uşaqlıq qorxuları və sevincləri barədə çəkib. Bir aktyor kimi, uşaqlıqda yaşadığınız müsbət və ya mənfi məqamlar yaratdığınız obrazlarda öz əksini tapıbmı? O hisslər nədəsə köməyinizə gəlibmi?
– Hisslər köməyimə gəlib ,deməzdim. Şəhər və kənd mühiti bir-birindən kəskin fərqlənir. Mənim oynadığım rollar, əsasən, şəhər tipajlarıdır. Amma "Küçələrə su səpmişəm" filmindəki Xəlil, bir də Dram teatrında "Darıxma, ana" tamaşasında oynadığım Aftandil hardasa rayon obrazları idi. Belə rolları yaradanda, əlbəttə, uşaqlıqda ətrafımda olan tay-tuşlarımdan yadda qalan nələrisə obrazlarıma qatmışam.
– Deyirsiz ki, özünüzü tanıyandan və xatırlayandan aktyor olmaq istəmisiniz. Özünüzlə tanışlıq nə vaxt baş verib?
– Onu bilsəydim nə vardı ki... Özüm yadıma gələndən, daha doğrusu, hələ məktəbə getmədiyim illərdə qəzet köşklərindən əcnəbi aktyorların şəkillərini alıb alboma yapışdırırdım. Yadıma ilk gələn o albomdur. Sonra, gördüyünüz kimi, bu uşaq həvəsi cücərdi, böyüdü, qol-qanad açdı.
– Dövrün ən istedadlı aktyorları ilə tərəf müqabili olmusunuz, ən peşəkar rejissorlarla işləmisiniz. Sizə elə gəlmir ki, bugünkü gənclərlə müqayisədə xeyli şanslısınız? Məsələn, indi onların müasiri və kumirisiniz, amma İncəsənət Universitetində dərs demirsiniz, sizi teatrda mütəmadi görmürlər.
– Əlbəttə, daha şanslı idim. Amma icazə verin bu "mütəmadi görünmək" fikrinizlə razılaşmayım. Çünki mən sənətə başladığım ilk gündən necə iş başında olmuşamsa, bu gün də eləyəm. 45 ildən artıqdır ki, səhnədəyəm və bir gün olsun boş dayanmamışam, darıxmamışam. Əlbəttə, cavanlıqda elə olurdu ki, ildə 3-4 rol oynayırdım, amma yaşa dolduqca seçim edirsən. Yəni, hansı rolları oynamaq istəyirsən, onunla tamaşaçıya nə çatdırmaq istəyirsən. Və getdikcə rolların sayı azalır. İndi də şikayətçi deyiləm. İki teatrda işləyirəm deyə, yaşımı nəzərə alıb, hər teatrda ildə bir rol oynayır, bir filmə çəkilirəm. Gənclərlə ünsiyyətə gəlincə, elə bu dəqiqə dərsdən gəlirəm. Artıq on ildən çoxdur ki, Milli Konservatoriyada aktyor sənətinin əsasları fənnindən dərs deyirəm. Ondan əvvəl də 10 il İncəsənət Universitetində işləmişəm. İllər sonra Səyavuş Kəriminin təkidi ilə yenidən dərs deməyə başladım.
– Akademik Dram Teatrından Rus Dram Teatrına keçdiniz, daha sonra Teatr Xadimləri İttifaqının nəzdindəki “Zəfər” studiyasında çalışdınız. Bu dəyişikliklər darıxmağınızla bağlı idi? Və bir də, maraqlıdır, alternativlər olsaydı, bu yola davam edərdinizmi?
– Darıxmaq yox, axtarışla bağlı idi. Oturub nəyisə gözləmək mənə xas deyil. Hiss edəndə ki, burada baş verənlər səni qane etmir, başa düşürsən ki, yeni bir şey axtarmaq lazımdır. Mən də həmişə axtarışlara üstünlük vermişəm və tapmışam. İyirmi il Akademik Milli Dram Teatrında işləyəndən sonra Rus Dram Teatrında yeni nələrsə tapdım. Sonra “Zəfər” studiyasında çalışdım. Bu həm tamaşaçı, həm də repertuar rəngarəngliyidir. Məsələn, əgər ancaq Azdramada qalsaydım, heç vaxt Çexovun və ya bir çox dünya dramaturqlarının əsərlərində oynaya bilməzdim.
Dayanmaq sənət adamı üçün durğunluqdur. Bir dəqiqə də dayanmaq olmaz. Dayandınsa, nəyisə gözlədinsə...
– Vısotski Hamleti 33, Benedikt Kamberbetç 38, siz isə 54 yaşınızda oynamısınız. Ümumiyyətlə, Hamletin yaşı varmı?
– Hamletin yaşı yoxdur. Hamlet elə bir zirvədir ki, onu hər aktyor, hətta aktrisa da fəth etmək istəyir. Fransız aktrisası Sara Bernar belə, bu obrazı canlandırıb. Bir də ki, 50 yaşını keçən adam Məcnunu, Koroğlunu oynaya bilər, Hamleti oynaya bilməz?
Hamlet çox mürəkkəb obrazdır və burada əsas məsələ sənin bu obrazla nəyi necə deməyindir. Məsələn, "Olum, ya ölüm?" monoloqunu sən bugünkü tamaşaçıya nə cür çatdırırsan? Onda hansı hissləri oyadırsan? Bilirsiniz, bu sənətə ciddi yanaşan hər bir aktyorun Hamleti oynamaq arzusu olur. Mənim hələ illər öncə Hamleti oynamaq imkanım olub. Heç 40 yaşım yox idi, Opera və Balet Teatrının rejissoru Əflatun Nemətzadə Azdramada hazırlıq işlərinə başladı. Əmr də verilmişdi, amma sonra rəhbərliklə ziddiyyətlər yarandı və iş alınmadı. Mən Hamlet kitabını artıq bağlamışdım, amma Azərpaşa Nemətov məni inandırdı və razılıq verdim. Yaxşı ki, razılıq verdim.
– Aktyorlara tez-tez "oynadığınız obrazlardan hansı sizə daha yaxındı?" sualı ilə müraciət edirlər. Səhv etmirəmsə, siz də "Küçələrə su səpmişəm" filmindəki Xəlil obrazının adını çəkmişdiniz. Sizcə, biz tamaşaçılar niyə oxşarlıq axtarırıq, niyə aktyordan oynadığı rola adekvat həyat, davranış gözləyirik?
– Bunu o sualı verənlərdən soruşmaq lazımdır. Amma məncə, bu sualın məğzi odur ki, sizin xarakterinizlə yaratdığınız obraz arasında hansı bənzərliklər, oxşarlıqlar var. Mən demişəm ki, qəhrəmanlarımla aramda belə bir bənzərlik, yaxınlıq yoxdur. Bircə Xəlil obrazını vurğulamışam. Çünki onun düşdüyü vəziyyətlərə mən düşmüş olsaydım, adekvat addım atardım. Aktyor hansısa qəhrəmanda hansısa cəhəti sevib onu canlandırır. O, qəhrəmana valeh olur və deyir ki, görəsən, bunu səhnədə necə canlandırmaq, necə yaratmaq olar? Obraz nə qədər mürəkkəbdisə, aktyor üçün bir o qədər maraqlı olur. Hər bir tamaşaçının öz qəhrəmanı var. Buna görə, tarixi şəxsiyyətləri, məşhur insanları oynamaq çox çətindir. Kinoya, teatra bir balaca marağı olan tamaşaçının beynində, içində öz Hamleti olur. İndi sən Hamleti elə yaratmalısan ki, həm onunku olsun, həm də səninki.
Aktyor mənən, daxilən o qədər zəngin olmalıdır ki, iç aləmi obraza da hopsun, tamaşaçı üçün onun oxuduğundan və gördüyündən fərqli bir qəhrəman yarada bilsin. Buna görə də, aktyor daim öz üzərində işləməlidir. Mənim aləmimdə sükut məhvə bərabərdir.
– Aydın Talıbzadə sizin haqqınızda "Fuad Poladov pauzanı oynayır" deyir. Bayaq dediniz ki, aktyor mənən, daxilən zəngin olmalıdır. Sizcə, bu zənginlik sözsüz oynamağınıza xidmət edirmi?
– Hələ cavan vaxtlarımda rus rejissorlarından birinin fikrini oxumuşdum. Bu söz həmişə beynimdə fırlanırdı: "Aktyor nə qədər böyükdüsə, pauza da o qədər böyükdü". Fikirləşirdim ki, bunun sirri nədədir, sükutu necə oynamaq olar. Sonra filmdə bunun əyani sübutlarını gördüm. Bir dəfə televiziyada məşhur bir müğənni oxuyurdu. Arxada dayanıb, skripkada onu müşayiət edən ortayaşlı bir qadın var idi. Öz partiyasının başlamasını gözləyirdi. O skripkaçının sükutu məni daha çox cəlb edirdi, nəinki müğənninin ifası. Əgər aktyor, həqiqətən, yaratdığı qəhrəmanı səhnədə yaşaya bilirsə, o, susanda da maraqlı olur. Səhnənin hansı küncündə dayanırsa dayansın, maraqlı olur. Əgər sən, həqiqətən, obrazı yaşayırsansa, tamaşaçı üçün maraqlı olacaqsan. Mən sükutun sirrini bunda görürəm.
Pauza o demək deyil ki, səhnədə dayanıb susasan və sadəcə, nəfəs alasan. Yaşamalısan, o danışanda sən nə düşündüyünü çatdırmalısan. Bəzən filmdə iki nəfər söhbət edir, biri danışır, o biri ona qulaq asır. Və görürsən ki, o qulaq asan sənin üçün daha maraqlıdı. Çünki onda ikinci plan, üçüncü plan işləyir, o düşünür ki, "bu mənimlə niyə belə danışır", "bu sualı niyə verdi", "məndən nə cavab gözləyir".
– Qacarı səhnədə izləyənə qədər, mənim üçün o, kitablardan oxuduğum Qacar idi. Amma tamaşadan sonra Qacar deyəndə artıq gözümün qarşısında Fuad Poladov canlanır. Siz ona can verirsiniz, belə deyək, ruh üfürürsünüz. Maraqlıdır, bu günə qədər yaratdığınız obrazlardan hansı sizə daha çox hopub?
– Bayaq dediyim kimi, hər tamaşaçının öz Qacarı, Hamleti var deyə, bu qəhrəmanların yaşadığı dövrü, ictimai-siyasi vəziyyəti oxumalı, öyrənməli olursan. Amma bu o demək deyil ki, oxumaqla iş bitir və obraz hazırdır. Bir diletant sual var – "obraz üzərində necə işləyirsiniz?" Bu sualın cavabı yoxdur. Deyim ki, oxudum, öyrəndim, məndən əvvəl oynayan aktyorların ifasına baxdım, yerişini fikirləşdim, sözlərini əzbərlədim və çıxdım oynadım. Onda hər adam deyər ki, bunu mən də bacara bilərəm. Burada elə incə nüanslar var ki, onu sözlə ifadə etmək olmur. Elə bil şairə deyirsiniz ki, şeiri necə yazırsan? Mən necə yaratdığımı hiss edirəm, ancaq bunu sözə çevirə bilmirəm. Hazırlıq prosesində, məşqlərdə onun necə canlandığını, ürəyinin, başının, gözünün nə vaxt yarandığını hiss edirəm, duyuram və bilirəm ki, hazırdır.
Deyirlər, aktyorluq peşədir, amma zahirən belə görünür. Olduqca ağır işdir, aktyorluq. Sən vərəqlərə yazılan sözlərə can, ruh verirsən. Sözdə mövcud olan adamı səhnədə canlandırırsan. İndi bu peşə ucuzlaşıb. Kimə daş atırsan, aktyora, dramaturqa, ssenaristə, rejissora dəyir. Əslində, çox çətin, həm də maraqlı sənətdir. Gərək bu xəstəliyə yoluxasan. Yoluxdunsa, nəsə alınacaq, yoluxmadınsa, get-gedə ucuzlaşacaqsan. Bütün bu ucuzlaşmalar da hamısı təzyiqlə bağlıdır. Ekrandan da, tamaşaçı salonundan da baxırsan ki, aktyor sənə təzyiq edir. Təzyiqlə "mənə bax", "mən yaxşıyam" deyir. Amma tamaşaçıya təzyiq yox, təsir etmək lazımdır. Biz təsirlə təzyiqi səhv salmışıq.
– Bir çox tarixi şəxsiyyətləri canlandırmısınız. Maraqlıdır, kiminlə, hansı tarixi şəxsiyyətlə eyni dövrdə yaşamaq istərdiniz?
– Sezar, Əmir Teymur, Napoleon, Qacar, Timon, ... Onlarla tarixi qəhrəmanı oynamışam. Amma Napoleon mənə həddindən artıq maraqlı gəlir. Onun həyata baxışı, dövrü, siyasəti, başqalarından fərqli davranışları olduqca maraqlıdır.
– Real həyatda qəhrəmanlarınız kimdir?
– Real həyatda özüm üçün qəhrəman axtarmıram. Qəhrəmanlarım səhnədədir.
– Sizə elə gəlmir ki, teatrı maraqlı və baxımlı etmək getdikcə çətinləşir? Teatr, tamaşaçısı ilə dil tapmaqda çətinlik çəkir?
– Əslində, sənət həmişə bir addım öndə, bir pillə yuxarıda olmalıdır. Səhnə, podium nə üçündür, ora niyə çıxırsan? Tamaşaçı sənə ona görə aşağıdan yuxarı baxır ki, ona nəsə çatdırasan. Bu gün isə teatr öz tamaşaçısından geri qalıb. Teatrın zamanla ayaqlaşmaq problemi var. Əgər müasir dramaturgiya qıtlığıdırsa, klassikaya müraciət etmək lazımdır. Amma klassikaya da fərqli yanaşmaq lazımdı. Tamaşaçıya nə demək, nəyi çatdırmaq istədiyini yaxşı bilməlisən. Yoxsa repertuarı, səhnəni tarixi şəxsiyyətlərlə doldurmaq nəyə lazımdır?
– Belə bir fikir var ki, teatr kinoda və televiziyada yox, ancaq öz içində yeni forma axtarmalıdır. Teatrda minimalizmə, postmodernizmə yer yoxdur. Milli Dram Teatrı da eksperiment məkanı deyil. Gənclərin bu teatra cəlb olunması da birmənalı qarşılanmır.
– Öz təcrübəmə əsasən deyirəm ki, Milli Dram Teatrının indiki rəhbərliyi qədər gənc rejissor və aktyorlar üçün münbit şərait yaradan rəhbərlik olmayıb. İsrafil İsrafilov "bəyənmirəm" deyən rejissorları teatra çağırdı, dedi ki, gəlin, tamaşa qoyun, daha yaxşısını hazırlayın. Aktyorlardan da soruşdu ki, nə oynamaq istəyirsiniz? Buyurun, gəlin, oynayın. Necə deyərlər, bu meydan, bu da şeytan. Aktyorlar var idi, yaşları 60-ı haqlamışdı. Deyirdilər ki, ömrümüz getdi, bizə şərait yaradılmadı. Onlara da deyildi ki, gəlin, oynayın. Amma təzyiqlə yox, təsirlə oynayın. Meydan veriləndən sonra da gördük ki, "kral çılpaq" imiş.
Tofiq Kazımovdan sonra 25 ildən çox idi ki, bu teatr süni nəfəs aparatı ilə yaşayan orqanizmə bənzəyirdi. İndiki müdiriyyət onu aparatdan ayırdı və canlı həyat verdi. Dedi ki, teatrın vəziyyəti budur, ya qolunuzu çırmayıb buna bir əncam çəkməlisiniz, ya da aparıb basdırmalısınız. Bütün dövrlərdə teatrda təzə qan lazımdır. Amma gərək o qanın "qrupu" eyni olsun, bir-birinə uyğun gəlsin.
– Bəlkə, ad çəkmək istəməyəcəksiniz, amma maraqlıdır, meydandan üzüağ çıxanlar kimlərdir? Gənc aktyorlardan bəyəndikləriniz varmı?
– Neçə ildir, İlqar Cahangirin, Elşən Rüstəmovun yaradıcılığını izləyirəm. Hikmət Rəhimov, Anar Heybətov da istedadlı və ümidverici gənclərdir. Onların işlərinə maraqla baxıram, uğurlarına öz uğurum qədər sevinirəm. Görürəm, seçdikləri yol düz yoldur. Amma bəzən görürsən ki, onları yollarından azdırmağa çalışırlar, lazım oldu-olmadı yükləyirlər. Tofiq Kazımov teatra dəvət etdiyi gənclərin 2-3 illik repertuarını əvvəlcədən müəyyən edirdi. Ona görə də teatra hökmən yaradıcı rəhbər, yəni baş rejissor lazımdır. Onun missiyası həddindən artıq böyükdür. Hər rəhbər baş rejissor ola bilməz, hər rejissor da rəhbər. Bu mənada Ədil İsgəndərov və Tofiq Kazımovun adları Azərbaycan teatr tarixində qalıb və qalacaq. Çünki onlar bu yükü qorxmadan çiyinlərində daşıyıb, gördükləri işin altına imzalarını atıblar. Mehdi Məmmədov da baş rejissor olub, amma uzun müddət yox. O, bu işin ağırlığını və çətinliyini dərk edərək uzaqlaşıb, sadəcə, iki ildən bir tamaşa hazırlayıb. Ədil İsgəndərov və Tofiq Kazımov isə teatrın yükünü, ağrısını daşıyıblar.
Stanislavski deyir ki, bir var, özünü sənətdə sevmək, bir də var sənəti özündə sevmək. Özünü sənətdə sevmək odur ki, gəldin, tamaşanı hazırladın, alqışları qazandın və getdin. Sənəti özündə sevəndə isə, onun ağrısı da, sevinci də sənə doğmalaşır.
– Deyirlər, kino ilə müqayisədə teatr aktyorun istedadsızlığını daha tez və daha qabarıq üzə çıxarır. Həm ekran, həm səhnə təcrübəsi kifayət qədər böyük olan Fuad Poladov bu fikirlə razıdırmı?
– Əlbəttə, razıyam. Bu gün baxdığınız seriallarda çox nadir hallarda peşəkar aktyorlar görmək olar. Aktyorluğu o qədər ucuzlaşdırıblar ki... Serialda, kinoda bu, olar, amma teatrda aldatmaq mümkün deyil. Səhnə güzgüdür və hər şeyi olduqca şəffaf göstərir. Səhnədə aldatmaq və gizlənmək olduqca çətindir.
Teatr mənim üçün də kino ilə müqayisədə daha doğmadır. Əgər seçim qarşısında qalsam, teatrı seçərdim. Mən səhnəni, səhnədə gedən prosesi çox sevirəm. Kino bir qədər texniki, mexaniki işdir. Düzdür, böyük aktyor orada da böyük aktyordur, burada da. Teatrda ən incə detal tamaşaçının gözü qarşısında baş verir. Ona görə də çətindir və həm də maraqlıdır.
– Tamaşaçılar onlarla şeiri sizin ifanızda dinləyib və sevib. Maraqlıdır, sizi ən yaxşı ifadə edən misralar hansıdır?
– Özümü bədii qiraət ustası hesab etmirəm. Düzdür, pis oxumuram, sadəcə, özünəməxsus ifadə etməyə çalışıram. Məni ifadə edən misraya gəlincə, yəqin ki, Bəxtiyar Vahabzadənin "bircə ondan razıyam ki, özümdən narazıyam" misrasını qeyd edərdim. İstəyirəm, son nəfəsimə qədər bu narazılıq davam etsin.
– Deyirsiniz, şeir oxuyanda da çalışmısınız ki, başqalarından fərqlənəsiniz. Sizə elə gəlmirmi ki, uğurunuzun sirri başqalarından fərqlənmək cəhdlərinizdədir?
– Ümumiyyətlə, gərək insan fərdiyyətini yaratmağı bacarsın. Həmişə bir fərd kimi özümü formalaşdırmağa çalışmışam. Hər bir sənətkar buna can atmalıdır. Vaxtilə Ədil İsgəndərovun, Tofiq Kazımovun oturduğu kabinetdə oturub onlar kimi olmaq olmaz. Gərək özünü tapasan. Baxıram ki, teatrda bəzi aktyorlara korifey sənətkarların geyindiyi otaqda yer veriblər, onlar da elə bilir ki, bu yeri həmin korifey sənətkarların səviyyəsində olduqları üçün qazanıblar.
Mən filankəsin davamçısı, təkrarçısı yox, özüməm. Bir gün Xalq rəssamı Altay Hacıyev dedi ki, portretimi çəkmək istəyir. Əsərdə yuxarıda Ələsgər Ələkbərovun, aşağıda mənim şəklim, ortada isə Dram teatrının binası əks olunmuşdu. O, portretin adını "Nəsillərin dialoqu" qoymuşdu. Bəlkə də, tablonun adı "Nəsillərin davamı" olsaydı, məni qane etməzdi. Nəsillər arasında əsas olan dialoqdu. Mən həmişə ünsiyyətin tərəfdarı olmuşam.
Leyla ƏLİYEVA
Redaksiyanın qeydi: Mərhum sənətkarla müsahibə 2015-ci ilin 13 fevralında alınıb.