Elektron ədəbiyyat və sənət portalı

ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

Bölmə: XİLAS YOLUNUN YOLÇULARI 22.11.2018

 

İLAHİ HİKMƏT XƏZİNƏSİ


İnsanın kamillik yolu qədim sufilər tərəfindən İlahiyə – Uca Yaradana canatma, Ona qovuşma yolu kimi baxılır. Onlara görə özündə üç başlıca cəhəti cəmləyən bu sonsuz səyahətin ən ali zirvəsinə çatan yeganə kəs Məhəmməd peyğəmbərdir. “Qanun – mənim dediklərim, Yol – əməllərim, gerçəklik – halımdır” (Məhəmməd peyğəmbər).

Qədim sufilər Məhəmməd peyğəmbəri kamilliyin ən ali zirvəsinə ­– Peyğəmbər Möhürü dərəcəsinə ucalan yeganə insan hesab etsələr də, ondan sonra digər qanuni peyğəmbərlərin aşkar olunmadığını təsdiq etsələr də, Uca Yaradana aparan Yolun davam etdiriləcəyinə ümid yerinin qaldığını da bildirirlər.
Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfiyə görə də bu Yolun nə əvvəli, nə sonu  yoxdur: “Əgər insan bu dünyada min il də yaşasa və bütün o min ili ömrünü özünüdərkə, zahidliyə, zikrə həsr etsə, o yenə öz biliyi və dərəcəsi müqabilində hər gün, hər dəqiqə nə isə dərk etməyə, anlamağa davam edəcək. O səbəbdən ki, Allahın Biliyinin sonu, sərhəddi yoxdur. Odur ki, kamilliyin də son həddinə yetmək – başa gələn iş deyil və kamillik əldə etdiyini düşünən kəs bunun nisbi olduğunu dərk etməlidir.
Müqəddəs Qanuna görə isə tam kamillik mövcuddur”.
 
                                                                                                                                                                                                                                                                                                                            A. Məsud
 
   

Yazının əvvəli burada: http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI  

http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

https://www.aydinyol.az/newsview/1403/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

 

                            

ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

ZÜBDƏT-İL HƏQAİQ 

(HƏQİQƏTLƏR QAYMAĞI)

Üçüncü fəsil

 

Bil ki, şəriət ardıcılları insanda olan, şəxsi və ümumi olanı dərk edən, özünü və Yaradanı tanıyan varlığı “insan ruhu” adlandırırlar.

Müdriklik yolunun ardıcılları bunu “can” adlandırırlar.

Bunu biləndən sonra, onu da bil ki, şəriət ardıcılları insan ruhlarının bədənlərə qədər mövcud olduğunu təsdiq edirlər.

Müdriklik yolunun ardıcıllarına görə isə, gerçəklikdə canlar bədənlər mövcud olanacan mövcud olmayıb və onların gerçək mövcudluğu mümkün məsələ deyil.

Əslinə qalanda isə canlar (ruhlar), bədənlər yaradılmamışdan çox-çox əvvəl öz-özlüyündə, yəni gizlidə mövcud olublar.

Aşkar yoxluq mövcud olmadığı kimi, aşkar mövcudluq da yox ola bilməz və yaranışla yox olmanın məntiqi – gizlidən aşkara çıxma və aşkardan yenidən gizliyə qayıtmadı. Ayrı sözlə desək, vahiddən cəmə, cəmdən vahidə çevrilmədir.

Bunu dedik ki, dünyada nə varsa – var olanlar və olacaqlar, bir sözlə, hər şey İlkin Şüurda mövcud olub. Bu, o deməkdi ki, bütün şüurlar və ruhlar (canlar) gizli şəkildə İlkin Şüurda mövcud olub və hər biri zaman-zaman, məqamı yetişdikcə, aşkara çıxıb.

Dərviş, belə bir mülahizə də var ki, alçaq dünyanın canları və şüurlarının qaynağı onuncu şüur – Ay Göyünün şüurudur. Onun adı “fəal” [fə’al] şüurdur. Alçaq dünyanı bu şüur idarə edər, ona (alçaq dünyaya) gözlə görünən quruluşlar [vahib əs-süvar] verər.

Bir qisim adamın qənaətinə görə Yer dünyasında olan canların (ruhların) və şüurların qaynağı – Ali Dünyadan olan, həmin o on şüur dərəcəsidir. İnsanlar arasında olan böyük fərqlərin səbəbi də budu.

Bil ki, Ay Göyünün canından çıxan can, heç bir zaman Günəş Göyünün canından çıxan canla bərabər olmaz. İnsanlar arasında olan fərqlər buradan yaranır. Başqa sözlə desək, bu fərqlər hər bir şeyin baş aldığı mənbədən yaranır. Həmçinin, dörd zamanın [əzmin-e ərbaa] xüsusi növ halından [xasiyyət] asılı olaraq baş verir.

Xoşbəxtlik və bədbəxtlik, dərrakə və kəmağıllılıq, kasıblıq və dövlətlilik, yüksəklik və alçaqlıq, həyatın uzun, yaxud qısa olması və sair bu kimi, hər bir şey, həmin bu dörd zamanın, həmin o xüsusi halı daxilində olan məsələlərdi.

Dərviş, bir şeyi də bil ki, peyğəmbərlər, müqəddəslər və müdriklər zamanın və məkanın hər bir şeydə, xüsusən insana dair məsələlərdə böyük təsir qüvvəsinə malik olduğunu deyirlər...

 

Dördüncü fəsil

 

Şəriət yolu ardıcıllarına görə göylər və ulduzlar cansızdırlar, onların iradəsi, yaşamaq, anlamaq, eşitmək, görmək qabiliyyətləri yoxdu, hərəkətləri sahmansız və dağınıqdı. Və bu səbəbdən dünyaya, öz iradələri ilə yox, xasiyyətləri ilə təsir etmək imkanına malikdirlər.

Müdriklik yolunun ardıcıllarına görə isə göylər və ulduzlar bu dünyaya həm iradələri, həm də xasiyyətləri ilə təsir edirlər.

Bunları biləndən sonra onu da bil ki, şüurların, ruhların, göylərin və ulduzların yer dünyasına böyük təsiri var və bu (yer) dünyanın bütün işləri Ali Dünyayla möhkəm bağlıdır. Toxumu əkən özü də becərir, özü səpir, özü üyüdür...

Əbədi hərəkətdə olan dövr edir, toxumu üyüdən üyüdür. Toxumdan un alan dəyirman budur. Özü əkir, özü becərir, özü həyat verir, özü də o həyatı alır. Var-dövləti, vəzifəni də verən və alan odu. Xoşbəxtliyin də, bədbəxtliyin də səbəbi odur. Öldürmək və diriltmək də onun işidi. Haqqın Hökmü [Qədər] deyilən – həmin bu daim hərəkətdə olan dəyirmandı.

Dərviş, sən hər şeyin Haqqın Hökmündə olduğundan agah oldun,  amma bu bəsarətin nə demək olduğunu bilmədin.

Bil ki, Allahın Hökmü bir şeydi, Yazısı [Qəza] ayrı bir şey, Niyyəti (Düşündüyü) tam başqa bir şey. Bu adlar eyni mənanı daşımasalar da, onların hər biri, həmin bu müxtəlif adlarla adlandırılanların mahiyyətində var. Onun (Allahın) Biliyi – Onun Hökmüdür (Əmr), bu Bilikdən yaranmışlar – Onun Yazısıdı. Yaradılanların dövriyyəsi (bu dünyada baş verənlər) – Onun Niyyətidir. Deyilənlər aydın olmadısa, ayrı cür izah edim. Allahın Biliyi Onun Hökmüdü. Yaradılmışların səbəbi Onun Yazısı, səbəblərin nəticəsi Onun Niyyətidi.

Bu, o deməkdi ki, bu dünyada mövcud olan bütün səbəblər cəm halda Onun Yazısının mahiyyəti, səbəblərin gerçəkliyi Onun Niyyətidi. Və Onun Niyyətindən kənarda olan bir iş baş tutmaz.

Beləliklə, bundan hasil olunan odu ki, bu dünyada mövcud olan və baş verənlər hər bir şey Yaradanın Niyyətidi.

Niyyətin mənasını biləndən sonra bunu da bil ki, əgər kimsə desə ki, Allahın Niyyətində olanı dəyişmək olar, bu, həqiqətdi. Və desələr ki, Onun Niyyətində olanı dəyişmək mümkün olmaz, bu da həqiqətdi.

Allahın Niyyətini dəyişmək, həqiqətən, başa gələn məsələ deyil. Amma bunu edə bilənlər var...

Bil ki, bunu edə bilənlər həmin o etmək istədiklərini Niyyətdə olanın qaydaları üzrə edərlər. O səbəbdən ki, düşünüləni, yalnız düşünülənlə dəyişmək mümkün olar.

Misal üçün, bir adam, qədərindən artıq bal yeyib və bundan ürəyində elə bir qızdırma yaranıb ki, o titrətməyə başlayıb, elə bir təhlükə yaranıb ki, o ölə bilər. Bu halda loğman xəstənin bədənində yaranmış artıq istiliyi sovuşdurmaq məqsədi ilə ona dərman verir, titrətmə kəsilir və xəstə ölmür.

Buradan bu titrətmənin Yaradanın Niyyətində Olan olduğu, həmin bu Niyyəti niyyətlə dəyişə bilməyin mümkün olduğu qənaətinə gələ bilərik.

Bu da var ki, titrətməni kəsməyin əlacını bildiyi səbəbindən, xəstəliyi aradan qaldırıb ölümü sovuşduran loğmanın həmin məqam yaxınlıqda olması, düşünüb-daşınıb tədbir görməsi vacib şərtdi. Əks halda xəstəliyi sağaltmaq, xəstəni ölümün cəngindən qurtarmaq baş tutmayacaq. 

Bil ki, Göylər və Günəş də belə bir təsir qüvvəsinə malikdi.

Tutaq ki, yay gəlir və havalar həddinən ziyadə isinir. Əlbəttə ki, bu, Niyyətdə Olandı. Və əgər istidən qorunmaq üçün sərdabə düzəldilməsə, o sərdabənin içi sərin suyla doldurulmasa, bu vəziyyəti dəyişmək mümkün olmayacaq. Yaxud yayın ardınca qış gələcək, havalar soyuyacaq. Bu soyuq da Niyyətdə Olandı. Və əgər soyuqdan qorunmaqdan ötrü ev qurulmazsa, içəridə odun qalanmazsa, vəziyyəti dəyişmək mümkün olmayacaq. Aclıq, vəba, kütləvi xəstəliklər də eyni ilə bu qaydada. Bu sayaq hallarda nəyəsə necəsə təsir etmək mümkündü. Ümumən isə Niyyətdə Olan nəyisə dəyişmək baş tutan iş deyil.

Dərviş, sənin gördüyün işlərə “tədbir” deyərlər. Allahın elədiyi isə “tale” adlanar. Və dərinə getsən, görərsən ki, tədbir də, tale də mahiyyət etibarı ilə eyni şeydi. O da, o biri də Haqqın Niyyətində Olandı.

Niyyəti niyyətlə dəyişmək olar, lakin Yaradanın Niyyətində Olana tuş gələrkən, nə müdriklərin, nə kamillərin tədbiri heç bir məna kəsb etməz, qadağan olunanlardan qaçmaq baş tutmaz, məsləhətlər fayda verməz.

Bütün bu məsələlər, əslində, kifayət qədər məlumdu. Məlum olduğu səbəbindən də, müdrik kəslər bunun üzərində dayanmalıdılar.

Dərviş, bil ki, fikir və tədbirlərin hər biri öz təsir qüvvəsinə malikdi. Lakin arzular, səylər belə bir qüvvəyə malik deyil.

Bir çox müdriklər, əməlisalehlər nəsil artırarkən övladlarını özlərinə oxşatmağa səy göstərərlər. Eyni qaydada, müğənnilər və nağılçılar da nəsil artırarkən övladlarını özlərinə oxşatmağa çalışarlar. Lakin övladlar onların istədiyi olmazlar.

Burdan aydın olur ki, insan arzularının və səylərinin təsir qüvvəsi yoxdu. Əgər insan arzularının və səylərinin təsir qüvvəsi olsaydı, onda bu dünyada zəif, yaxud kasıb adam olmazdı, hamı dövlət və qüdrət sahibi olardı. Amma, yox, belə deyil!

Bil ki, görülən hər hansı iş ali niyyətlə görülərsə, bu halda insan əməli hər hansı təsir qüvvəsinə malik ola bilər və ali niyyət, əmələ keçirilməzsə, heç bir əhəmiyyət kəsb etməz. Bu, yalançı şeyxlərin sözüdür ki, guya hansısa əməllə kimisə dərdə salmaq, yaxud öldürmək olar. Bu, yalandı.

Dərviş, bil ki, peyğəmbərlər də, müqəddəslər və müdriklər də çox şeylər arzu etməyiblər, amma onlar olub. Bir çox şeylər arzu ediblər, onlar olmayıb.

Eh dərviş, bu Yer üzü – başa yetməyən arzular məkanıdı... Yerinə yetən bir arzunun arxasında, yerinə yetməyən on arzu gizlənib. Bunu anlayanlar “arzu” deyilən niyyətdən əl çəkiblər, olanlarla barışıb, itaətə gəliblər.

Dərviş, xilas – barışmaqda və tabe olmaqdadı. Bunu anlayan kəs, Cəhənnəmdən qurtulub və o kəs ki, olanla barışıb, tabe olub, özünə Cənnət qazanıb.

Belə də ola bilər ki, sən saf niyyətin, xeyirxah əməllərin, səy və çalışmalarınla bu dünyanın nemətlərinə sahib olub var-dövlət, yüksək mövqe qazanasan. Lakin bir kəs sabahkı günün özü ilə nə gətirəcəyini bilmir və heç vaxt bilməyəcək. Sabaha sağ çıxıb-çıxmayacağını, xəstəlik tapıb-tapmayacağını, düzüb-qoşduğu işlərin nəticə verib-verməyəcəyini heç kəs bilmir, bilməyib və bilməyəcək. Sabahkı günün özü ilə nə gətirib gələcəyi, neçə şahın taxtdan düşəcəyi, neçə varlının dilənçiyə çevriləcəyi, nə qədər dilənçinin var-dövlət sahibi olacağı və nə qədər alçaldılmış kəslərin şahlıq taxtına qalxacağı bir kəsə məlum deyil...

Bu dünya kükrəyən dənizə bənzəyir: dalğaları növbələnib, şahə qalxa-qalxa qüdrətli ucalıqlar yaradar, geriyə çəkilməyə macal tapmamış, yeniləri gələr və şahə qalxıb əvvəlkiləri heçə çıxarar...

Dərviş, bu söhbətə qulaq asan kəs, qoy bu sözləri qəlbinin qulaqları ilə dinləsin və deyilənləri yaddaşında möhkəm saxlasın. İnsana barışıqdan və itaətdən faydalı nə ola bilər?

 

(ardı var)