Mo Yan, Çin yazıçıları arasında dünyada ən çox tanınan, kitabları geniş təbliğ və tərcümə olunan müəlliflərdəndir. O, 1955-ci ildə Şandun əyalətində fermer ailəsində doğulub, iyirmi yaşında könüllü olaraq xalq azadlıq ordusunun sıralarına yazılıb və elə həmin dövrdən yazmağa başlayıb. O vaxtdan indiyə qədər «Qırmızı qəlyan», «İri döş və enli baldır», «Həyat və ölüm məni üzür», «Qurbağa» da daxil olmaqla, bir neçə roman və hekayələri onun istedadını bütün dünyaya bəyan edib. Yazıçının «Granta» ədəbi dərgisinin redaktoru Con Frimana verdiyi müsahibəni təqdim edirik.
– Sizin romanlarınızda hadisələr, əsasən, deyək ki, Folknerdə Amerikanın cənubu kimi qurama şəhərdə baş verir. Sizin doğma Qaomi şəhəriniz haradasa Yaknopotofun prototipi qismində çıxış edir. Yarıqurama aləmə qayıdıb oxucunun diqqətini tamamilə fokusdan yayındırmağa sizi nə vadar edir?
– Yazmağa təzə başladığım dövrlərdə məni əhatə edən dünya çox real idi və bütün əsərlərim şəxsi təcrübələrimin məhsulu idi. Dərc etdiyim işlərin sayı artdıqca gündəlik həyat təcrübələrim azlıq etməyə başladı və mən qurmağa, bəzən isə hətta uydurmağa məcbur oldum.
– Bəzi kitablarınızda Günter Qrass, Uilyam Folkner və Qabriel Qarsia Markesin təsiri hiss olunur. Sizin gənclik dövrlərinizdə bu yazıçıların əsərlərini əldə etmək olurdumu? Təsirləndiyiniz əsərlərdən danışa bilərsizmi?
– İlk dəfə yazmağa başlayanda, – söhbət 1981-ci ildən gedir – mən nə Qarsia Markesi, nə də Folkneri oxumuşdum. Onların kitablarıyla yalnız 1984-cü ildə tanış ola bildim və şübhəsiz ki, hər iki yazıçının mənə çox böyük təsiri oldu. Gördüm ki, həyat təcrübəm onlarınkına bənzəyir. Sadəcə, mən bunu gec kəşf etdim. Əgər onların kitablarını daha əvvəl oxusaydım, çoxdan mən də onlar kimi şedevrlər yaratmışdım.
– Məsələn, «Qırmızı qəlyan» kimi erkən romanlarınızda daha çox tarixə müraciət olunur və onlar hətta «romans» kimi qəbul edilir. Amma son əsərlərinizdə artıq qabarıq şəkildə müasir mövzulara və problemlərə müraciət edirsiniz. Bu, şüurlu seçimdi?
– «Qırmızı qəlyan»ı yazanda heç otuz yaşım da yox idi. Demək, kifayət qədər gənc idim. Həmin günlərdə əcdadlarıma aid olan hər şeyə güclü romantik hisslərə bağlı idim. Onlar barədə məlumatım az olsa da, yaşantılarını qələmə alırdım. Yəqin, bu səbəbdəndi ki, həmin personajlarda olan çox şey mənim təxəyyülümdən gəlir. «Həyat və ölüm məni üzür» romanını yazanda isə artıq qırx yaşım vardı. Yəni mən daha gənc yox, orta yaşlı bir insan idim. Həyat durmadan dəyişir. İndi mənim həyatım daha real, daha müasirdi və bu müasirliyin sərt qanunları nə vaxtsa yaşadığım romantik hisslərin hüdudlarını daraldır.
– Daha çox yerli Lyaobeysin dilində, əsasən də Şandun dialektində yazırsınız ki, bu da sizin nəsrə xüsusi bir çalar qatır. Ehtiyatlanmırsız ki, sizin bəzi idiomlar və söz oyunlarınız ingiliscəyə istənilən səviyyədə çevrilməyə də bilər? Yoxsa bu problemi tərcüməçiniz Hovard Holdblottla həll etmək iqtidarındasınız?
– Bəli, doğrudan da, ilk işlərimin əsas hissəsini yerli dialektdə yazmışam – idiom və söz oyunları əsərlərimdə çoxdu. Çünki o dövrlər düşünməmişdim ki, əsərlərim başqa dillərə çevrilə bilər. Sonralar başa düşdüm ki, bu dil tərcüməçilər üçün heç də az problem yaratmır. Amma mən dialektlərdən, idiomlardan, söz oyunlarından imtina eləyə bilmərəm. Çünki idiomatik dil daha dərin və təsirlidir, üstəlik, hansısa bir yazıçının fərdi üslubunun xüsusiyyətlərindəndir. Beləcə, bir tərəfdən söz oyunlarını və idiomları nəzarətimdə saxlayır, digər tərəfdən ümid edirəm ki, tərcüməçi mətn üzərində işləyərkən mənim başqa dildə istifadə etdiyim bu söz oyunlarını oxucuya çatdıra biləcək. Bu, işin ən ideal həllidi.
– Sizin bir çox romanlarınızda – «Həyat və ölüm məni üzür», «İri döş və enli baldır», «Qurbağa»da güclü qadın obrazları var. Özünüzü feminist sayırsız, yoxsa sadəcə, qadın nöqteyi-nəzərindən yazmağa çalışırsız?
– İlk öncə deyim ki, mən qadınlarla qürur duyuram və onlara hörmət eləyirəm. Düşünürəm ki, onlar daha genişürəklidirlər, həyat təcrübələri kişilərdən daha artıqdı və onlar çətinliyə daha dözümlüdülər. Fəlakət baş verəndə qadınlar özlərini kişilərdən daha mərd aparırlar. Düşünürəm ki, buna səbəb onlarda güc ehtiyatının daha çox olmasıdı. Çünki onlar həm də anadılar. Bu, hətta biz kişilərin təsəvvürə belə gətirə bilməyəcəyi qədər qüvvə deməkdi. Öz kitablarımda qadın cildinə girməyə çalışır, dünyanı qadın baxışıyla anlamağa və izah etməyə cəhd edirəm. Amma işin məğzi burasındadı ki, mən qadın deyiləm, kişiyəm və yazıçıyam. Və kitablarımda kişi kimi təqdim etdiyim dünyanı, ola bilər, qadınlar yaxşı qəbul etməsin. Amma mən artıq buna təsir etmək gücündə deyiləm. Bəli, qadınları sevirəm və onlarla qürur duyuram, amma bununla yanaşı, mən kişiyəm.
– İngiliscəyə tərcümə olunmuş sonuncu kitabınızda, Çinin sizin yeniyetməlik illərinizə təsadüf etmiş tarixi dönəmindən bəhs olunan «Demokratiya» adlı həcmcə böyük bir esse var. Siz həmin dövr barədə, Qərbə xas olan melanxolik, həm də müəyyən mənada gözlənilməz bir tərzdə danışırsız. Biz həmişə inanmışıq ki, baş hərfi «P» olan «Proqress» yaxşılığa doğru bir əlamətdi, amma sizin essenizdə bu zaman nələrinsə itirildiyi hiss olunur. Sizcə, belə danışmaq ədalətlidi?
– Hə, sizin xatırladığınız essedə mənim şəxsi təcrübəmdən və gündəlik həyatımdan çox şey var, amma burada, nəsə quramaçılıq da var. Sizin dediyiniz o melanxolik hava, həqiqətən də, yazımı dəqiq xarakterizə edir. Axı orada söhbət, ötüb-keçən cavanlığını xatırlayan qırx yaşlı insandan gedir. Məsələn, cavanlığınızda siz hansısa bir qızdan ötrü dəli-divanə olmusuz, amma müəyyən səbəblərdən o qız indi kiminsə həyat yoldaşıdı və bu xatirə, həqiqətən də, qəm-qüssə gətirir. Son otuz ildə bizlər Çinin keçdiyi hərtərəfli tərəqqi yolunun şahidi olduq. Bu, bizim vətəndaşların həm intellektual, həm də mənəvi tərəflərini, həyatını əhatə edir. Tərəqqi göz qabağındadı, amma şübhəsiz ki, həm də gündəlik həyatda razı qalmadığımız çoxlu şeylər var. Çin, həqiqətən də, tərəqqi yolundadı, amma bu tərəqqi özüylə, məsələn, ekoloji sahədə, yaxud adət-ənənələrin itməsi kimi çoxlu sayda problemlər də gətirir. Demək, sizin dediyiniz o melanxoliya iki səbəbdən təzahür edir: əvvəla, dərk edirəm ki, cavanlıq artıq keçdi, ikincisi isə mən ölkəmdəki mövcud durumdan narazıyam.
Tərcümə edən: Yaşar