"Oskar" – Amerika Kino Akademiyasının illik mükafatıdır. Onun təqdimat mərasimi onlarla ölkədə canlı yayımlanır.
Yaranma tarixçəsi
1927-ci ildə "Metro-Goldwyn-Mayer" şirkətinin rəhbəri Luis Bart Mayer dostlarıyla kino sənətinin inkişafı istiqamətində fəaliyyət göstərəcək qurum yaratmaq ideyasını bölüşür. Bir həftə sonra – 11 yanvar 1927-ci ildə isə Mayer kino xadimlərinin iştirak etdiyi ziyafətdə Kinematoqrafiya Sənəti və Elmi Beynəlxalq Akademiyasını yaratmağı təklif edir (sonradan hüquqşünasların təklifi ilə "beynəlxalq" sözü ixtisar olundu). İdeya dəstəklənir və sənədləşmə işləri başlanır.
Akademiyanın ilk prezidenti Duqlas Ferbenks olur. Həmin ilin mayında qurum qeyri-kommersiya müəssisəsi kimi fəaliyyətə başlayır.
1940-cı ildə Ferbenks, on bir il sonra isə Mayer fəxri "Oskar" mükafatına layiq görüldülər.
Qızıl cəngavər heykəli
Akademiya üzvləri kinematoqrafiyadakı uğurları fərqləndirmək üçün illik mükafat təsis etdilər. Onun qalibi səsvermə yolu ilə müəyyənləşməli idi.
Mükafatın – heykəlciyin dizaynı üzərində "MGM"-in art-direktoru Sedrik Gibbons işlədi. Bu, kinolent üzərində dayanmış qılınclı cəngavər idi. Sonradan memar Corc Stenli onun heykəlini yaratdı.
Bu gün də cəngavərin dayandığı postament – kinolentin üzərində beş çıxıntı (akademiyanın beş ilkin şöbəsi – prodüserlər, rejissorlar, ssenariçilər, aktyorlar, texniklər) qalmaqdadır.
Yeri gəlmişkən, S.Gibbons özünün dizaynının verdiyi mükafatdan düz on birini alıb ki, bu mənada o, yalnız Uolt Disneydən geri qalır. Məşhur cizgi filmləri rejissorunun hesabında 26 qızıl cəngavər var.
II Dünya Müharibəsi illərində hər kiçik metal parçası cəbhədə lazım olduğundan, heykəlcik gipsdən hazırlanırdı. Üç il belə davam etdi. Sonra akademiya yenə qızıl suyuna salınmış metala müraciət etdi.
Əgər heykəlcik itər, oğurlanar və ya satılarsa, akademiya onu yenidən sahibinə qaytarmağa borcludur. Bunun üçün əvvəlcədən əlavə dublikatlar hazırlanır. Üstəlik, bəzən bir nominasiya üzrə qalib iki şəxs elan olunur.
Heykəlciyin hündürlüyü 34 santimetr, çəkisi 3.8 kiloqramdır.
"Oskar"ın adı
Bu kino mükafatını dünyada "Oskar" kimi tanıyırlar. Amma ilk əvvəl bu heykəlcik "fərqləndirici mükafat" adlanırdı.
Deyilənə görə, akademiyanın kitabxanaçısı Marqaret Herrik (sonradan icraçı direktor oldu) ilk dəfə heykəlciyi görəndə onu babası Oskara bənzətdi. Sonradan, 1934-cü ildə Hollivud kino tənqidçisi Sidni Skolski ən yaxşı qadın rolu nominasiyasında Ketlin Helbernin qələbəsi barədə məqalə yazanda mükafatı "Oskar" adlandırdı. Beləliklə də, mükafat "Oskar" adı ilə dünyada tanındı.
Bununla belə, Amerika Kino Akademiyasının bu mükafatı rəsmən yalnız 1939-cu ildə "Oskar" adlandı.
İlk əvvəl heykəlciyin təqdim olunması sırf formal xarakterli idi. Çünki qalibləri üç ay əvvəlcədən elan edirdilər. Növbəti il hər şey dəyişdi, amma akademiya yenə də səsvermənin nəticələrini gizli saxlamağı lazım bilmirdi. Sonralar Akademiyanın siyasəti dəyişdi, qalibləri artıq yalnız səhnədən elan edirdilər – aparıcı zərfi açır və oradakı adı oxuyurdu. Həmin yanaşma bu gün də öz qüvvəsindədir.
Səsvermə
Hər il dekabrın sonunda akademiyanın səsvermə hüququ olan bütün üzvlərinə (onların sayı 6 min nəfərdir – red.) xüsusi bülletenlər paylanılır. Yanvar ayında bu bülletenlər "Pricewaterhouse- Coopers" audit şirkətinə qaytarılır. Səs sayını da bu şirkət həyata keçirir.
Hələ noyabr ayından başlayaraq, kinostudiyalar akademiya üzvlərinin filmə baxması üçün müxtəlif şirnikləndirici vasitələrdən istifadə edirlər: bəziləri film təqdimatları üçün dəbdəbəli ziyafətlər təşkil edir, bəziləri isə filmin DVD-sini hədiyyə göndərirlər.
Akademiya səsvermə zamanı təbliğat məsələlərinə ciddi diqqət ayırır. Bu məqsədlə xüsusi qaydalar işlənib-hazırlanıb.
İnkişaf mərhələləri
1930-cu il. Nominasiyaların sayı 12-dən 8-dək endirildi. Həmin vaxtdan sonra isə bu say tədricən artdı.
1937-ci il. İkinci plan aktyorlarına (Uolter Brennan "Gəl və sahib ol" və Geyl Sonderqaard "Uğursuz Antoni") ilk dəfə mükafatlar təqdim edildi.
1940-cı il. İlk dəfə xüsusi effektlərə görə "20th Century Fox" şirkətinin təmsilçiləri Fred Sersen və E.X.Hensen ("Yağışlar başladı" filmi, 1939) bu mükafata layiq görüldülər.
1942-ci il. "Ən yaxşı sənədli film" nominasiyası yaradıldı. Qalib Stüart Leqqin "Çörçill adası" filmi (Kanada, 1941) oldu.
1948-ci il. Əcnəbi dildə ilk film üçün xüsusi mükafatı İtaliya rejissoru Vittorio de Sikanın "Şuşa" (1947) filmi aldı. 1956-cı ildən etibarən bu nominasiya illik status qazandı.
1949-cu il. "Geyim üzrə rəssam" nominasiyası elan edildi.
1964-cü il. "Xüsusi effektlər" nominasiyası səs və vizual effektlər bölməsinə ayrıldı.
1982-ci il. Ən yaxşı qrim üzrə nominasiya yaradıldı və mükafatı "Amerika qulyabanısı" (1981) filminə görə Rik Beyker aldı. Hazırda Rikin hesabında 7 heykəlcik var – hamısı da ən yaxşı qrimə görə.
2002-ci il. Ən yaxşı animasiya filmi üzrə nominasiyası əlavə olundu. Mükafatı "Şrek" cizgi filmi (2001) qazandı;
"Oskar"ın ən kiçik yaşlı sahibəsi Şirli Templ oldu. Şirli bu mükafata 6 yaşında – "Parıldayan gözlər" (1934) filminə görə layiq görüldü;
"Oskar"ı ən ahıl yaşında alan isə Emmanuel Riva oldu. O, 85 yaşında – "Sevgi" (2012) filmindəki roluna görə bu mükafatı qazandı.
Hazırladı: Rəbiqə