"Heyif ki, həyat su kimi axıb getdi, indi geri baxanda bircə günün də istədiyim kimi olmadığını görürəm. Artıq qocalmışam. Təəssüflənmək üçün çox gecdir. Nahaq göz yaşı tökürəm, heç bir dərd boşuna axıb gedən zamanla müqayisə oluna bilməz. Saxta ümidlər və şöhrətpərəstlik həqiqəti görməyimə mane oldu və mən bunu yalnız indi anlayıram... Məni qarşıda böyük cəza gözləyir – xeyirin harada olduğunu bilən, bununla belə, şəri seçənlər üçün hazırlanan cəza. Bunu o qədər aydın görürəm ki, artıq nəyə ümid edəcəyimi belə bilmirəm...”
İntibah dövrünün dahi rəssamı və heykəltəraşı Mikelancelo ahıl çağlarında belə düşünürdü....
Mikelancelo Buonarroti 1475-ci ildə İtaliyanın Kapreze adlı kiçik bir kəndində doğulub. Atası Lodoviko Buonarroti müflisləşmiş zadəgan idi. Bəzi tarixi mənbələrə görə, Mikelancelonun şəcərəsi qraf di Kanossonun nəslinə gedib çıxır. Rəsmi sənədlərdə bu barədə bilgi olmasa da, Mikelancelo məşhurlaşdıqdan sonra qraf di Kanosso onunla qohum olduğunu bəyan etmişdi. O, Mikelanceloya "əziz qohumum" deyir, onu tez-tez evinə dəvət edirdi.
Atası Lodoviko Buonarroti varlı deyildi, çoxuşaqlı ailəsini çətinliklə dolandırırdı, anası isə Mikelancelo hələ 6 yaşında olanda dünyasını dəyişmişdi. Oğlanın tərbiyəsi ilə həmin kənddə yaşayan dayə məşğul olurdu. Balaca Mikelancelo palçıqla oynamağı sevirdi, yazıb-oxumaqdan əvvəl heykəl yapmağı öyrənmişdi.
Ata oğlunun rəssam olmağını istəmirdi. Amma sonra Mikelancelonun istəyi ilə barışmalı olur və onu Domeniko Qirlandayonun emalatxanasına aparır. Bir ildən sonra isə oğlunu heykəltəraş Bertoldo di Covanniyə şəyirdliyə verir. Covanni, San-Marko meydanındakı peşə məktəblərinə rəhbərlik edirdi. Mikelancelo burada köhnə qravürlərin üzünü köçürür, əsərlərin surətlərini yaradırdı. Axırda bu işdə elə böyük uğur qazanır ki, hətta məşhur Lorensonun da diqqətini cəlb edir. O, Buonarrotini öz dərnəyinə dəvət edir. Artıq 1490-cı illərdə istedadlı gənc rəssamın adı dillərdə gəzirdi.
Təəssüf ki, Mikelancelonun erkən rəngkarlıq işləri haqqında bilgilər azdır. Yeganə sona çatdırdığı əsəri "Müqəddəs ailə"dir. Tabloda əsas obraz olan Madonna gənc, gözəl və əzəmətlidir. Əllərini körpəyə tərəf uzadıb. Əslində, bütün kompozisiya bu hərəkət üzərində qurulub. Madonna, İosif və körpə bir kompozisiyada bütövləşiblər. Bu, adi yox, "kəbini göylərdə kəsilmiş" müqəddəs ailədir.
Tanrı əliylə çəkilən əsər
1504-cü ildə florensiyalı bir xanım iki məşhur rəssama – Mikelanceloya və Leonardo da Vinçiyə Palatso Vekkiodakı Böyük salon üçün iki freska sifariş verir. Freskalarda savaş səhnələri təsvir olunmalıydı. Rəssamlar əvvəlcə divar rəsminin karton üzərində kiçik ölçülü ilkin təsvirini çəkirlər. Leonardodan fərqli olaraq, Mikelancelo döyüş səhnəsini deyil, çayda çimərkən həyəcan təbilini eşidib döyüşə tələsən əsgərləri təsvir edir. O, hamısı hərəkətdə olan 18 fiqur çəkir.
1506-cı ildə hər iki təsvir tamaşaçıların mühakiməsinə verilir. Müasirlərinin fikrincə, Mikelancelonun bu rəsmi onun ən gözəl əsəri olmalıydı, amma təəssüf ki, iş başa çatmadı, karton üzərində çəkilən təsvir əldən-ələ keçərkən paralandı. Təsvirin müəyyən hissələrini görmüş Bazzari yazırdı ki, bu, qeyri-adi bir əsər idi, sanki Tanrı əliylə çəkilmişdi. Hər iki təsviri görən heykəltəraş Benvenuto Çellininin fikrincə, bu işlər sübut edirdi ki, artıq Leonardo da Vinçi və Mikelancelo bütün dünya rəssamlığının ən güclü nümayəndələridir.
Məşhur "David" əsərinin də maraqlı tarixçəsi var. Belə ki, bu heykəlin yapıldığı mərmər illər öncə Karrara şəhərinin yaxınlığındakı su hövzəsindən tapılmış və lazımsız əşya kimi kilsənin həyətinə atılmışdı. Mikelancelo heykəli bu mərmərdən düzəldəcəyini deyəndə, ona fikrini dəyişməyi məsləhət görürlər: "İndiyə qədər heç bir sənətkar bu materialı ram edə bilməyib, zəhmətiniz hədər gedəcək". Amma Mikelancelo təslim olmaq fikrində deyildi. O, təkidlə sözünün üstündə durur və məşhur "David" heykəlini məhz bu mərmərdən yapır.
1505-ci ildə Papa II Yuli Mikelancelonu yanına dəvət edir və ona qeyri-adi bir sifariş verir. Məsələ burasında idi ki, Papa hələ sağlığında özünə layiqli məqbərə düzəltdirmək istəyirdi və düşünürdü ki, bu işin öhdəsindən yalnız Mikelancelo gələ bilər. Ustad rəssam həyatının 30 ilini bu işə sərf edir. Məqbərənin layihəsi dəfələrlə dəyişdirilir, o qədər kiçildilib-böyüdülür ki, artıq qocalmış rəssam axırda təngə gəlib işi başa çatdırmaqdan imtina edir.
1534-cü ildə Mikelancelo Florensiyanı tərk edib Romaya köçür. Bir ildən sonra isə Papa III Pavel onu Vatikanın rəngkarı, heykəltəraşı və memarı təyin edir. Mikelancelonun ən möhtəşəm əsəri 1536-cı ildə Sikstin kapellasının tavanına çəkdiyi rəsmdir. Rəssam "Qiyamət günü" adlı bu divar rəsminin üzərində düz 6 il işləyir. Bu mövzu ona ruhən yaxın idi. Belə ki, dünyagörmüş rəssam həyatda çox haqsızlıqlarla üzləşmiş, ağrı-acılar çəkmişdi. O, reallıqda mümkün olmayanı öz əsərində mümkün etmişdi: bəşəriyyətə hökm oxumuşdu!
Deyilənə görə, III Pavel tez-tez kapellaya baş çəkərdi. Bir dəfə bura o, Badco adlı bir məmuruyla gəlir:
– Bu fiqurlar sizə necə təsir bağışladı? – Papa Badcodan soruşur.
– Əlahəzrət, sizdən dəfələrlə üzr istəyirəm, amma mən bu çılpaq bədənləri müqəddəs məbədə hörmətsizlik kimi qəbul edirəm.
Papa heç nə demir. Onlar getdikdən sonra qəzəblənmiş Mikelancelo fırçanı götürür və divara şeytan şəkli çəkir, üz cizgilərini isə o məmura bənzədir.
Badconun simasını xatırladan qəzəbli şeytan təsviri bu günə qədər həmin divar rəsmində qalmaqdadır.
"Qiyamət günü" əsərindən sonra Mikelancelo Buonarroti şöhrətin zirvəsinə yüksəldi. Artıq o, Papanın hüzurunda papağını çıxarmağı belə unudurdu, heç Papa da bunun fərqinə varmırdı.
Ziyafətlərdə Mikelancelonun yeri yuxarı başda, kral və əyanların yanında olurdı.
Mif və reallıq
Deyirlər, Mikelancelo əsərlərinə imza qoymağı sevməzmiş, bunu özündənrazılıq əlaməti sayarmış. Yalnız bir əsərində – "Pyeta" heykəlində onun imzası var. Səbəbi isə çox sadədir. Belə ki, o vaxt camaat arasında şayiə gəzirmiş ki, guya bu əsəri başqası çəkib.
İntibah dövrünün rəngkarları incəsənətə öz həqiqətləri ilə yanaşı, əfsanələrini də gətirib. Məsələn, Matias Qryunevald... Bu dahi rəngkarın varlığından çox az adamın xəbəri vardı. Ölümündən sonra isə bir çox rəssam onu təqlid etməyə başladı, amma heç biri Qryunevald ola bilmədi. Çünki onun üslubu bənzərsiz idi. Sağlığında şöhrət tapmayan bu bəxtsiz sənətkar ölümündən sonra məşhurlaşdı.
Yaxud da Roqier van der Veydeni xatırlayaq. Erkən İntibahın rəssamıdır. Der Veydenin də fərqli özəlliyi vardı. O, ön plana daha çox diqqət ayırır, arxa planda baş verənlər isə onu az maraqlandırırdı. Əsərlərində insan hisslərini və təlaşlarını ifadə edirdi. İsanın anasını təsvir etdiyi tablo XV əsrin şedevri sayılır. Der Veyden bu gün də dahi rəssam kimi qəbul olunur.
İntibah dövrünün maraqlı rəssamlarından olan Fra Filippo Lippi əvvəl monastırda keşiş olmuşdu. Lakin sonradan seçiminin yanlış olduğuna qərar verir. Həm də o, gənc rahibə Lukresiya Butiyə aşiq idi. Onlar birlikdə monastırdan qaçırlar. Günlərin birində Filippo özündə rəssamlıq istedadı aşkar edib rəngkarlıqla məşğul olmağa başlayır. Filippo tezliklə məşhurlaşır, keçmiş rahibə isə onun əsərlərinin bənzərsiz obrazına çevrilir.
İntibah dövrü rəssamlarının həyatı mif pərdəsi altındadır. Məsələn, deyilənə görə, Rafaelin madonnalarında çörəkçi qızı Marqaret Luinin cizgiləri var. Bəzilərinin nəzərində o qız pozğun olsa da, digərləri üçün Rafaelin məsum sevgilisiydi. Hətta belə bir ehtimal var ki, Marqaretə olan məhəbbətinə görə rəssam kübar təbəqədən olan zəngin qızla evlənməyi rədd edib. Bir çox tədqiqatçılar isə bu fikirdə idilər ki, bütün bunlar mifdən başqa bir şey deyil. Belə bir şayiə də gəzirdi ki, Roma Papasının şəxsi rəssamı olan Rafael, əslində, Tanrıya inanmayıb.
Mikelancelonun yeganə məhəbbəti
Mikelancelo heç vaxt evlənməyib. O, "incəsənət qısqancdır, insanı bütün varlığıyla tələb edir. Mən onunla nikahlıyam, övladlarım isə əsərlərimdir", – deyirdi. Amma bəlkə də, onu anlayan qadın yox idi.
Nəhayət, belə bir qadın sənətkarın həyatına daxil olur, amma çox gec – artıq Mikelancelonun 60 yaşı vardı. 47 yaşlı Viktoriya Kolonna zadəgan nəslindən idi, hersoq Urbanskinin nəvəsiydi. Əri müharibədə həlak olmuş Viktoriya 35 yaşından dul qalmışdı. Mərhum ərini çox sevən qadın onun xatirəsinə sadiq idi. Ağrı-acılardan yeganə xilas yolunu poeziyada görürdü. İncə duyumlu şeirləri onu İntibah dövrünün ən məşhur şairəsinə çevirmişdi.
Viktoriya Kolonnanın portretləri onun iç dünyası haqqında da müəyyən təsəvvürlər oyadır. Ümumiyyətlə, bu xanımın portretləri sanki vaxtilə etiraf edə bilmədiklərini açıqlayır.
Onlar 10 il ünsiyyətdə olurlar, məktublaşırlar, fanilik haqqında fikirlərini bölüşürlər. Mikelancelo sonetlərini ona həsr edirdi. On ildən sonra Viktoriya dünyasını dəyişir. O andan Mikelancelonun da dünyası darmadağın olur və öz ölümü haqqında düşüncələr onu rahat buraxmır.
"Mən yalnız indi sənətimi hecalarla oxuyuram"
Tarixçi Vazzari yazırdı ki, Mikelancelo öz eskizlərini məhv edirdi, əlyazmalarını, trafaretləri yandırırdı. Ona görə belə edirdi ki, xələfləri onun hansı proseslərdən keçdiyini və bu dahiyanə sənətin çətinliklərini necə dəf etdiyini görə bilməsinlər.
O, həyatının son gününə qədər qurub-yaradır. Təsəvvür etmək çətindir ki, böyük güc-qüvvə tələb edən bir əsəri o, 81 yaşında başa çatdırır!
Dahi Mikelancelo Buonarroti 1564-cü ildə dünyasını dəyişir. Halbuki o, özündə ikinci nəfəs hiss edirdi, hər şeyi yenidən başlamağa hazır idi: "Axı mən yalnız indi sənətimi hecalarla oxumağı öyrənirəm. Yalnız indi mən hər şeyi daha dərindən və daha yaxşı duyuram. Təəssüf ki, faydası yoxdur. Gecdir, çox gec".
Amma xırda bir ümidi vardı. Hər gələn sənətkarla o, yenidən dünyaya gələcək və yenidən yaratmağa başlayacaqdı. Bir vaxtlar palçıqla oynayan və təbiətə, torpağa baxıb böyük rəssam olmağı arzulayan həmin o balaca oğlan kimi…
Günel Natiq