Elektron ədəbiyyat və sənət portalı

Ucaboy lilliput

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 30.11.2018

 

Xanbala alçaqca evinə "imarət" deyir. İki mərtəbənin ikisində də başı tavana dəyər. Bir dəfə hətta qəfildən ayağa duran arvadağanın başına yuxarıdan mismar batıbmış. Deyir, «imarət» onlara Rusyət yadigarıdır, ona bağ-bağatlı Ulyanovskini, bir vaxt orda ləzzətlə əllərini sıxdığı göygöz qızı xatırladır. Amma qar çox olan yerdə göz göy olurmuş. Hərdən də - "Cəmi bir sezon getdiyim alverdə Rusyətə bir imarət qədər ziyan vurmuşam", - deyir. 

Düzdü, bu "ziyanxahlıq"da əsas "günah" atasınındı. Onda rəhmətlik onun indiki yaşında olub; həyatda da əzələ gücünə irəliləyirmiş. "Baş mənə çox da gərək olmur", "Azərbaycanda əzələ başdan faydalıdır", - indi deməsin, sən canın, onun dilə gətirdiyi sözlərə bax. Hə, güllə atmamaq şərti ilə, döyülməli insanları pota balası kimi döyüb, təpiklənməliləri -təpikləyib. Ömrü boyu da burdan ora, ordan bura ağır-ağır yüklər daşımışdı. 

Hamı "daşınar" əmlakını ona daşıtdırar və əlbəttə, bunun iki-üç metr donluq parça, ya mizüstü "kleyonka" hədiyyəsi oturduğu yerdəcə arvadına çatardı. Köçən qızların mebel-"stenka"larını maşınlara yükləmək də onun öhdəsindəydi. Bir sözlə, dünya üzündəki səliqə-sahmanda onun əməyi danılmazdı. Xanbala da seçdiyi fəhləliyi atasını yamsılamasına yozur, özünün ona sevgisi sayırdı. Hə, sözə bax, guya bir vaxt çalıb-çapıb gətirməsəymişlər, bu "imarət" Ulyanovskidə tikiləcəkmiş. İndi oralarda evi olmayan hər hansı bir nəfərin babalı bir tək onun boynunda qalıb (kişi tezkən ölüb aradan çıxmışdı). Hərdən də elə bilir "imarət"i məhz həmin göygöz qızdan oğurlamışdılar. 

Gündüzü evdə olmaq, həyət-bacada görsənmək deyirdin Xanbalaya yasaqdı. Boraşımdı, xırda-para ev ustalıqlarıdı - bunları arvad edər, hər gün də ora-bura beş-on mismar vurardı. Beş-on mismar bu evin gündəlik norması idi. Kişi əllərinə oxşar əlləri ayda-ildə bir ərinin əllərinə toxunanda da ətrafa sanki mis səsi yayılardı. 

Özünün, ya bəlkə ustanın da bacarmayacağı işləri şam vaxtı arvad onun yadına salır. Ancaq gərəkdi bunu bir il-il yarım sərasər deyə, hey deyə. Ənginin müçüyü çıxanacan. Quyularının dolmasını bir ildən çox qulaqlarına doldurmuşdu. Deyir, qulaqları dolmasaymış, quyuları eləcə dolu qalacaqmış. 

Gün çıxanda günbatana gedir, gün batanda günçıxana qayıdır: evdən işə, işdən-evə. Yəni həmişə - dalı Günəşə; sanki Günəşdən gizlin, məxfi işlərlə məşğuldu. Gündüzü evdə tapmayanlar ona "gecəquşu" təxəllüsü verib. Hərçənd onu axtaranlar elə də çox deyil: ildə bir-iki nəfər ola, ya olmaya. Dəmiryolçudur. Di yaxşı, kimdə şəxsi dəmir yolu var ki - xarab ola da və onu təmirə çağıralar. Dəmir yolu mütəxəssisini kəndistan yerində kimdi itirib-axtaran. 

"Zəhmətkeş uşaqdır", - amma onun haqqında xoş sözləri bir-iki dəfə öz qulağım çalıb. 
"Biz guya müftəxoruq". 
"Səndən söhbət getmir. Ancaq hər adama da zəhmətkeş demirlər axı". 
Zəhmətkeş yox, onda barı əməkçi de. Qəzetlərdə zəhmətkeş çoxdan əməkçi kimi gedir. 
"Hamı onun kimi olsaydı, kommunizm çoxdan qurulmuşdu". 

Hə, onun iş yeri ölkənin harası ola - relslərin arası... Stansiyadan "proyezd"əcən - dəhliz kimi uzun bir “kabinet”. Şpallar kabinet döşəmələrindəki parketi xatırladır. Hərdən dincini almaq üçün rels üstündə oturar. Rels də nə - bumbuz; sanki indicə buzxanadan çıxarılıb. Evini yıxan radikuliti də ondandı. Bu radikulit nokauta salırmış kimi hərdən onu tirşap yerə uzadır. Şalvarının dalında relslərdən qalma qaramtıl çarpaz xətlər görərsən. O yeriyəndə xətlər oynaqlaşır, kəsişib-ayrılırlar. Deyir, camaşırxana timsallı evində saf hava ceyran belinə minib; dəmir yolundasa dağ başındakı kimi havanın ən təmizi olur. 

Küləklər burda maneəsiz əsir. Külək dolan ciyəri Xanbala yelkənə bənzədir. Küləklə şişən ciyərlərlə stratosferə də yüksəlmək mümkündü. Hə, Xanbala da bu cür-bu sayaq təşbehlər ölüsüdür. Bir vaxt sarımsaq tayları üstündə düz Həştərxanacan getdiyi maşının brezentli kuzovunu cəhənnəmə bənzətmişdi. Hələ indi də yadına düşəndə sarımsaq iysi beyninə qıyıq kimi sancılır. O, ağ göyərçinə elə belə "göyərçin" yox, "başımıza zıllayan sülh göyərçini" deyir. Gülə-gülə də, bir-iki qarış hündür olmasaymış, deyir, cırtdana oxşayacaqmış. Əsas da liliputa. O özlüyündə özünə "ucaboy liliput" adı qoyub. Bunu hələ bir kəs bilmir də. Onsuz kəndçiləri bir az kütdülər - bu cür bənzətmə yatıb yuxularına da girməz. Onun bənzətmələri çox lirikdilər. Lirikaya qapılmayanları "ikiayaqlı" adlandırır. Onsuz da anadangəlmə iki ayaqlı olan hər kəs bunu üstünə "eşşək" kimi götürür. Guya eşşək onlardan belə naqisdir? İnsafən, Xanbala eşşəyin təəssübünü hər yerdə və həmişə çəkib. Döyülərsə - onun tərəfindədir. Vallah, eşşəklər öz iç dünyalarında lirikdilər. 

Lirik şairlərdən də heç nə ilə fərqlənməzlər. Axtarsan, lirika onlarda daha dərin və daha səmimidir. İntəhası, eşşək lirikanı içəri vurur və çanaqda sirkə kimi orda saxlayır. Allah-taalanın işlərinə qarışmaq dürüst deyil, ancaq hərdən sözgəlişi soruşmaq istəyirsən, İlahi, axı, bu lirika eşşək qəlbində nələrə səbəb olur! Hansı təbəddülatlara? Əlbəttə, ağlamağa dəlalət edən hıçqırtıları, anqırarkən də səsindəki tenor çalarları, ola bilsin, ondandı. 

Xanbala üçün dəmir yolunun o biri üzü bambaşqa bir dünya idi. İdarələr orda daş-qaş kimi bərq vururdular. Hə, yer altında kanalizasiyalarıyla qohum olan idarələrin qom toplaşdığı yerə "rayon mərkəzi" deyilir. Dəmir yolunun bu üzündə - əhali, o üzündə - rəhbərlərdi. Burda, məsələn, kartof-soğan, orda - möhür-ştamp... 

İncidənlər o tayda, incidilənlər - bu. Əcəb atan əkə, anan doğa - dünyada həbəçidən savayı bir kəs səndən xəbər tutmaya. Arvad da alasan - dünyadan gizlin... Sakitcə gətirib basırsan altına, zəhmətsiz-filansız başlayır uşaqların olmağa. Allaha qurban olum, mat qalmalı işdi: sən gecələri özün üçün kef çəkirsən, bay, bir də görürsən bəbələr dal-dala düzüldü. Ya da əcəb sənin varlığından dəmir yolunun yalnız bu üzündə xəbər tutalar. Bu üzdə toy-yas, orda nigah-ölüm kağızları... Burda kişi sözü, orda - etibarnamə. Təbii şeylər burda, sünilər orda. Yəni təbiət burda, onun əksi orda...

Xanbala rels üstündə həmişə üzü kənd səmtinə oturar; istər-istəməz arxası "rayon"a düşər. O kimlərə-nələrəsə nifrətini də həmişə dal çevirməklə bildirir. Dal çevirmək, deyir, acıq verməyin qədim, həm də heç vaxt köhnəlməyən, sınanılmış dədə-baba üsuludur. Qaldı mənə - rels üstündə üzü ona oturarkən, arxam kəndə düşər. 

Lakin bu mənim kəndə hörmətsizliyim sayılmaz. Rayon mərkəzinin surəti gözlərimdə xoşagəlməz parıltılara səbəb olur. Yalnız onun gözlərinə görsənən bu parıltıdan Xanbala bəzən üşənir, bəzən qanı cuşa gəlir, damarlarında samovar kimi pıqqapıq qaynayır. "Gedə bilərsən!" - elə bil o həmişəki adam deyil - mənə göstəriş verir. Bir dəfə gözlərimdə həmin parıltı, güzgüyə bənzər relsdə üstdən aşağı telimi düzəldərkən, sanasan qısaqapanma oldu, relsin həndəsi ortasından burulğan kimi bir alov şədd eləyib göyə qalxdı. Xırçıltı və fışıltılardan ət ürpəşirdi. Dümdüz, həm də uzun və nazik alov rels üzərində irəli-geri xeyli gedib-gəldi. Sönməsi də qəfil oldu. Dedim bir ovcumla yoxlayım - rels qızmışdı.

Bığı-zadı çıxalı, ailənin təqaüd kağızlarına dair işləri ona həvalə eləmişdilər: oğlan həm də gedib rayon-şəhər görər. Kişiləşər. Bir tək şalvar geyməklə deyil ki - qoy idarələrdə kimlərləsə savaşsın da. Çənələşsin, didişsin. Bizdən olsa, deyirdilər, məhkəmələrə də düşsün. O, ilk çağlarda bu kağızları boynundan asılan daş yerində bilərdi. Lakin "sobes"dəki, onların kəndinə baxan incə-mincə, hərçənd getdikcə də kökələn qadına öyrəşdikcə, bu "daş"lar pambıq kimi yüngülləşdi. Axırda da pambığın bəlkə çəkisi olardı, onların yox. Qadın gül kimi ətir saçar, üstəlik, bu necə güldüsə, ətri hər gün dəyişilərdi. Bir dəfə "qurban olum" deməklə də onun evini tamam yıxdı. Elə ondaca Xanbalanın qəlbi bala tərlan kimi ovlandı. 

Xanbala hər şeyin marağındadır, "sobes"dəkinin də qız yox, məhz qadın olmağını qaşlarının alınmasından bilir. Belə mübhəm şeyləri o, arvadından eşidib: sən demə, qız köçdümü - baldızları yerə yıxıb qaşlarını maqqaşla alır. Amma arvadıyla onun fərqi yerlə göy qədərdi. Arvadda dırnaqları daim torpaqla dolu görərsən. On ədəd qara ayparadı - beşi solda, beşi sağda. Sanki bədəni əllər və ayaqlarında qara halələrlə sonuclanırdı. Xanbala obrazlı şəkildə deyir ki, onun arvadı mötərizəyə alınıb. Bundasa dırnaqlar sədəf kimiydilər. 

Günlü günlərdə bu sədəflərdən "sobes" divarlarında on ədəd "zayçik" gəzər. Adam sevgi kitablarındakı kimi onun əllərini əlinə almaq, ömrü boyu barmaqlarını oynatmaq istəyir. Bu ətir fərqi, gözəllik kontrastı Xanbalanı arvadından soyutmuşdu. "Sobes"dən qayıdıb evə qədəm basanda, elə bilir gül bağçasından çıxıb tövləyə girir. Özü də bu gözəlçə nağdınnan boşanmışdı. Boşanmağını tez-tez onun üzünə gülümsəməsindən bilir. Ərli arvad gülməz. Gülə bilməz. Gülmək - namussuzluqdur. 

Uzaqdan baxanda dəmiryolçular sanasan işləmir, özləri üçün dümələnirlər. Sarı kürkləri gündüz fənərləri kimi yanır. Araları yarım addımlıq şpallardan aşağı ayaq qoyanda da, deyirsən əlbət axsayırlar. Ya ayaqlarında "mozol"ları var. Xanbalanın adına nərdivan dediyi, relslərə perpendikulyar bərkidilən şpallar məni hər gün işə "qaldırır", sonra işdən evə "endirir". Daim gah öndə gördüyüm, gah arxada qalan həmin "sarı fənər"lər məni darıxmağa qoymur. Həmçinin onlar dünyanın ən təhlükəsiz insanlarıdır. Həm də yanlarında adam öldür - öldür, deməzlər. 

- Əşi, salam! - Xanbala məni görcək kürəyi şpallar arasında yerə sancır. "Əşi" onun həddini aşmadığı zarafatlardandır. 
- Necəsən, ay Xanbala? 
- Sabah işdəyəm, şənbə-bazar istirahətimizdi... 
- Guya bu hamıda belə deyil?
- Sonra da bayram gəlir. 
- Nə bayram? Hansı? 
- Düzü, adını bilmirəm.

- Neçə gündü?
- Bir.
- Amma qabaqlar bayram da qədim toylar kimi iki-üç gün çəkərdi ha. Yadındadı? 
- Atana rəhmət, onda 1 May iki gündü. 
- İndi 1 May heç bir gün də deyil. 
- Anana da rəhmət. 

Oğlan başdan sarki bir az qıvraqdısa da, bədəndən sazdı - hazır dördbucaqlı kərpicdi. Ona "buz baltası" da demək olardı. Əlbəttə, liliputluğunu heç də xəstəlik saymır. Deyir, necə xəstəlik saysın ki, işi-peşəsi altına arvad basmaqdı. Onun üçün xoruz kimi arvad altına basmaq bir sağlamlıq göstəricisidir. "Arvadım" da demir - "arvad". Bircə qarış boyu var, amma "motor"u saz işləyir, "vo belə" də uşaq istehsal edir. Uşaqların bir - birindən arası ildən artıq çəkməz. Di vəssalam, əsas iş də elə budur. 

Onlarda hamı "qanuni surətdə" - qocalmaqla ölərdi. Ata da qocalıb ölmüşdü, ana da. Hər ikisində də Xanbalanı yaslardakı qazanc maraqlandırıb. Deyir, həyatda onun vur-tut ikicə dəfə kalan qazancı olub: bir atası öləndə, bir də anası. Barı "ata" və "ana" da demir, sanki ölüb getmələrinə zarafatla-"papa" və "mama". Atmacalı "papa-mama"sı ciddi vaxtlarında eləcə "ata-ana" olurdu. Amma atası anasından sərfəli çıxmışdı. Atanın anadan üstünlüyü yaslarından bilindi. Ata ölümünün dadı indiyəcən damağındadır. Hansı cibinə əl atırdısa, ordan pul çıxırdı. Əcəb adamın iki-üç atası ola, inan, qazanc başdan aşar, onu yığıb-yığışdırmaq olmaz. Amma Allah üzünə baxdı: yeganə atanın elə yerinə düşən ölümünə bir də yox, iki gədəsini "kəsdirdi". Sünnətləri yaman gecikirdi. 

Oğlan xeylağı tezkən arvad istəyən şeydi - indi buyursunlar. O, bir ata kimi öz borcundan çıxmışdı. Qalan iş onlarındı. Gülməlidir, sünnət bıçaq itilənməsinə bənzəyir. Anadan yığılan pulla da atadan beş ay sonra dünyaya gəlmiş oğulbalasının möhübünü düzdü. Qız əvəzinə vurub yenə oğlu olanda "əcəb işə düşdüm" demişdisə də, çıxış yolu öz-özünə tapıldı. Əvvəl eh, demişdi, bunun bığı çıxanacan ya xan ölər, ya eşşək. Ancaq sonra gördü yox - ana hökmən öləcək. Ta yüzü də vurub keçməyəcək ki. Elə bil Allah ağzından eşitdi - sünnətin şirin vaxtında başını rahatca qoydu yerə. Amma onun ölümü üçüncü oğulun kiçik toyunu ölüm-zülüm gördü. Əşi, hayıf deyildi ata! Hayıf, o bir də dirilib təzədən ölməz. Ana atanın dırnağına da dəyməz. Ana da yox, ümumən, arvad xeylağı nədir - bir heç. 

Gözəlliyinə görə qızlıqda bir balaca yan-yörəsinə keçirlər, bağda ərik, sonra da salamməleyk qurtarandasa - dalına bir təpik. Özündən götürür. Hələ təzə-təzə arvadla şəkil çəkdirməyi özünə fəxr bilərdi. Bircə döldən sonra bədbəxt qızının burnu uzandı, qarnı torbalandı: ta şəkil-məkil nədi. Hətta onu tək bir göyçəkliyinə görə almasından utandı da. Göyçəklik - kişi işi deyilmiş. Lakin arvad da onun boş damarını tuta bilmişdi. Boyca döşlərindən olan Xanbala həftədə bir-iki dəfə məcbur qalıb "o məsələ"yə dair xıtılananda, bu, naz edərdi. Naz bunun üçün qara bir ölümdü. Xanbala nazı ən azı faciə kimi qavrayırdı. Hər nazında qorxardı da ki, çaşıb arvad boşanar. "Yox" onun üçün əbədi bir şeydi. 

Hər dəfə uşaqları dərin yuxuya verən (xoruldaşmalar - dərin yuxu idi) Xanbala ona him-cimlə mətləb qandırardı. Sevgi sözlərinin biri bir qəpiyə düşürdü. Onunla yatmağa borclu olan halalca arvadın bu "atkaz"ını kənd eşitsə, biabır olmazmı? Zor-xoş məqsədinə çatandasa, sanki bayram olurdu - biabırçılıqdan qurtulmağın ləzzətini çəkərdi. 
- Xanbala, əlavə qazancdan-zaddan yenə olurmu? - bir gün rastlaşanda onu sorğu-sınağa çəkdim. Dedim görüm nə deyəcək.
- Bə bilmədin? - o, üzümə təəccüblə baxdı. - Bizdə hamı ölüb getmədi bə? 
- Rəhmətlikləri - hə, bilirəm.

- Doğrudan, özün yaslarımızda olmuşdun. Pul dəftərçələrini bərk-bərk saxlamışam, - sözündən bu çıxırdı ki, inşallah, sizinkilər də ölər, mən gələrəm. Yox, bunun başı da saz bədəni kimi yaxşı işləyirdi. Deyəsən, boyun gödəkliyi ağlın da gödəkliyinə dəlalət etmir. 

Hər şey təvəllüdlə ölçülürsə, "qanun"la arvaddan əvvəl Xanbala özü ölməli idi. Lakin ürəyinə dammışdı: əvvəlcə arvad öləcək. Hə, öz dəfni üçün bir az ondan qırtar. Həm də kişi arvad dəfnini yola verə bilər, arvad kişininkini - yox. Arvadın ondan əvvəl ölməsi insaflı, həm də məntiqli çıxar, üstəlik, elədə öz dəfninin perspektivi asanca cızılmış olardı. Arvaddan xeyir yalnız bu yolla mümkündü. 

O, dəmir yolunu çörək ağacı bilir. Həqiqətən də, relsləri şaquli qaldırsan, qoşa ağaca bənzəyəcəklər: yanlardan sallanası şpallar da - yoğun-yoğun budaqlara. Məvacib öz yerində; bayramlardı - ikiqat ödənirdi, üstəlik, ay budu gəldi 13-cü maaş (yeməsən, yüz il çatar; yemə, çatsın). 

Ölkədə təqaüdlər başaldadıcı tərzdə daim artıb, Xanbala da həftə səkkiz, mən doqquz "sobes"ə baş vurmalı olub. Ədə, bu "sobes"dəki qadın, qadın yox, sehrli bir nağıl idi. Adıbilinməzin heç yaşı da bilinmirdi. Cavan deyildisə də, yeməli şeydi. Üzü - parlaq bir Günəş. Eləsini yuxuda da görməmişdi. Rahət-hülqumdu. Harda bəslənmişdisə, üzünə bir baxan, deyərdi bir də baxım. Ona iki-üç yox, bircə barmaq toxunduran elə bu dünyadaca birbaşa behiştə düşmüş olar. Behişt gözlə görünən uzaqlıqda imiş. Durub "dela"ları rəflərdə axtaranda, Xanbala onun qıçlarını görmüşdü. Dünyada heç nə istəmir - bircə o qıçları: qucaqla, yat. Ədə, qolları qıçlarından da şirin - elə də yumşaq və zərifdilər, elə bil üstlərinə tül çəkmisən. Monpası barmaqlarını tutub sorduqca sormaq istəyirsən. 

Qohum-əqrəba da xam adam gəzir - bütün ölüvay təqaüdçülərini onun boynuna yükləmişdilər. "Rayonda sənin xüsusi hörmətin var,"- deyib qoltuğuna verirdilər. Yalansa da doğru ola. Ancaq neynək, onsuz indi hər şey yarı görməyə bəhanə idi. 
- Onu görəndə şişirəm, - Xanbala hər sirrini mənə açır.
- Şişməli şeyə şişərlər. 
- Görəsən bu şişmək də sevgidir? 

Yarəb, görən, bu özünü avamlığa qoyub, yoxsa məni dolayır. 
- Elə şeyi mən nə bilərəm, ay Xanbala. 
- Niyə ki? Arvadlardan başın çıxmır? 
- Çıxmağına çıxır.
- Ədəbiyyat kitablarında yazılmamış olmaz. 
- Bəlkə də.

- Ay müəllim, indiyəcən gecə-gündüz oxuduğun ədəbiyyat dərslikləri, müntəxəbatlar olub. Öz sahənə dair şeyləri sən gərək əzbər biləsən. 
- Yox, elə şişmək də sevgidir, - onun təzyiqləri altında təsdiqləyəsi oldum. - Məcburdu Məcnun kimi çöllərə düşəsən? 
- Yox, məcbur deyil, - Xanbala can-başla razılaşdı. 
- İndi kim öz arvadının məcnunudur? - Canımın dərdindən dedim.
- Heç kim.
- Həm də qızı verməzlər, sən də məcnun olarsan da-a. Çataçat verirlər, axı.

- Verməsələr - hə, atan rəhmət. Elə anan da.
- Elə bil hamı qızından bezib, ondan canını qurtarmağa çalışır. 
- Qız qaldıqca xarab olan şeydir.
- Amma Məcnun Leyliyə evlənsəydi, min faiz uşağı olmayacaqdı. 
- Niyə? Onda da radiasiya vardı?
- Leyli süddən yanıq, Məcnunun da bədənlə-zadla işi yox. bu cür necə olsun? 

Sabahısı rastlaşanda, Xanbala qabaqkı sarsaq sözlərindən yenə üyüdüb-tökməyə başladı. İntəhası, qabaqlar gec-gec olan bu cür tutmaları indi tez-tezdi. 
- Bu gün işdəyik. Sabah da. Sonra iki gün evdə. 
- İki? - mən də naəlac qalıb, onun bu sözlərinə maraq göstərdim. 
- Düz iki. 
- Bizsə - bir. 
- Müəllimlər yetim şeydi - hökumət onlara baxmır ki.

Bir gün eşidəm, Xanbala işə çıxmır. Niyə, balam? Olmayan iş, yoxsa naxoşlayıb? 
- Qız götürüb qaçıb, - yoldaşları suallarımın hamısına "yox" dedilər. - Başı da - göbəyindən. 
- Qız yox, arvad olar. 
- Ura, "sobes"də bir ştat boşaldı!
- Qız bunun kvadrat bədənini yox ağlından üstün tutdu. 
- Qız yox, arvad. 
- Kvadrat yox, düzbucaqlı.

- Arvadlar toyuq kimi ağılsız olduqlarından, eləcə ağlı da seçmirlər. 
Sonrakı günlərdə "hayl, Hitler" deyirmiş kimi hər dəfə onların yanından sağ əlimi alnıma aparmaqla ötürdüm. Xanbala yoxdusa, orda niyə dayanmalıyam? Bay, özü də, deyən, bu gicgicədən ötrü darıxmağa başlamışdım. Xanbala bəlkə artıq işə çıxmayacaqdı da. Onlarda aypara-qara və sədəf dırnaqlar hər gün toqquşduqca, cəng-cidal səsləri ərşə yüksələcəkdi. Xanbala müharibə görməmişdi, artıq indi görər.