Elektron ədəbiyyat və sənət portalı

Günel İmran - Qoyun

Bölmə: Yeni imzalar 03.12.2018

 

Qoyun (hekayə)


Dəniz kimi dalğalanan, üzərinə şeh düşmüş otlar və başı üzərində buludsuz mavi səma, cənnət kimi bir yer. Bura haradır? Bir qoyunun yaşamaq istədiyi otlaq. Qoyun adının ona nə vaxt verildiyindən xəbərsiz idi. Qışın son ayında şaxtaların mülayimləşdiyi bir gündə dünyaya göz açmışdı. Üst-başı selik içində olan şirin varlıq idi. Sonra ilk olaraq qabaq ayaqlarını möhkəmcə yerə basmış, arxa ayaqları isə çəlimsizlikdən güclə dikəlmişdi. O doğulanda çəmənliklər, otlaqlar yox idi. Onu quzu adı ilə çağırmışdılar. Anasının quzusunu hamı çox sevmişdi. Onu doğulduğu soyuq tövlədən çıxarıb isti evə aparmış, dünyanın ən şirin quzusuna odun peçinin yanında yer düzəltmişdilər. Bu evin uşaqları onunla o qədər oynayırdılar ki, yazıq yorulub əldən düşürdü. Anasını ancaq yemək vaxtı görürdü. Amma günü o qədər xoş keçirdi ki, anası heç yadına da düşmürdü. Evin balacaları quzunu əmziklə yedizdirirdilər. Həyat bir içim su kimi udulur, balaca quzu qoyuna çevrilirdi. Qısa ev həyatından sonra yaz gəldi. Quzu yaşıl otlaqlarla tanış oldu. İlk dəfə tövlədən evə köçəndə oranı özünə daimi məskən sanmışdı. Sonra yaşıl çəmənlikləri görmüş və oranı heç vaxt tərk etmək istəməmişdi. Otlaqlara getmək üçün çıxarkən neçə-neçə şaxtalı, boranlı günləri geridə qoymuş, hər hərəkətlərində ehtiyat, qorxaqlıq duyulan yaşlı qoyunlardan fərqli olaraq, tövlə qapısından birinci çıxmağa çalışmışdı. Hər yerdə digər qoyunları ötmək istəyirdi. Sonra fəsillər bir-birini əvəz etdi, çəmənliklər yox oldu. Qidalandığı torpaq qoxusu gələn tər otların yerini saralmış quru otlar əvəz etdi. Uşaqlar da artıq onunla oynamaq üçün bir-biriləri ilə dalaşmırdılar. Vaxt keçir, o böyüyürdü. Hər şeyin təkrarlandığına öyrəşir və artıq əvvəlki kimi hər zaman önə atılmağa səy göstərmirdi. Soyuq günlər keçir, yenə istilər gəlirdi. Günlərin birində digər qoyunlarla birlikdə onu çayın kənarına aparmışdılar. Çobanlar suyunun dayaz olduğu yerdə çay daşlarını yığaraq, çay axınından ayırdıqları kiçik gölməçəyə qoyunları tək-tək gətirir, suda qaçmasınlar deyə onların ayaqlarını tutaraq tər-təmiz olanadək çimizdirirdilər. Adi vaxtlarda su içərkən həyatından razı halda sərinləyirdisə, çayda çimizdirilərkən boğazına dolan su onda boğulmaq qorxusu yaradır və öz qoyun həyatı uğrunda mübarizə aparırdı. Sonra təhlükə sovuşmuş, onu sudan çıxarıb, yunu qurusun deyə günəşin altında digər qoyunlarla birgə sıraya düzmüşdülər. Onun qoyun başı gündən qaynamaq üzrə idi. Sonra qoyunları dincəlmək üçün nəhəng bir ağacın kölgəsinə vermişdilər. Qoyun isə tərtəmiz, təravət qoxan yununa baxmış, özünü quzu vaxtlarındakı kimi sevimli hiss etmişdi. Ona göstərilən qayğıdan ərköyünləşməyə macal tapmamışdı ki, sahibi əlində qayçı gəlmişdi. Qoyun keçəl qaldığına görə suyu müqəssir bilmişdi. Amma susuzluğa da dözümü yox idi. Yunundan balaca döşəkcə salınmışdı. Həyətdə tut ağacının qalın budağında qurulan yelləncəyin oturacağına bu döşəkcəni qoymuşdular. Uşaqlar yelləncəkdə yellənmək üstündə bir-biri ilə dalaşırdı, qoyunsa davanın döşəkcə, yəni onun yununa görə olduğunu düşünür və sevinirdi. Əslində isə hər kəs tərəfindən, ən çox da sevimli balaca dostları tərəfindən unudulmuşdu. Günlərin birində həyətdə əkilən balaca tut ağacını böyük ot bilmiş və yarpaqlarını yemişdi. ilk dəfə ağac əkən və bu ağacın böyüməsini həvəslə gözləyən balaca oğlan onu çubuqla döymüşdü. Quzu olduğu vaxtlarda həmin balaca oğlan onu indi qoruduğu kiçik tut ağacı kimi sevirdi. Bir gün isə quzu olduğu vaxtları xatırlayaraq evə girdi. Döşəmədə ağzıaçıq qazanlar gördü. Görməklə kifayətlənməyib başını qaymaq dolu qazana saldı və iş başında yaxalandı. Sonra daha bir zərbə. Yun çubuğu belində qırılır və nobatda sıradan geri qaldığına görə çoban çomağının zərbəsinə öyrəşir. Bir gün həyətdə uşaqlardan birinin ağlamağını eşidir. Bu balaca dərslərini, ev tapşırıqlarını həmişə unudurdu. Buna görə məktəbdə uşaqlar onu qoyun deyə çağırıb gülüşmüşdülər. Balaca isə ağlayır, “mən qoyun deyiləm, hər şeyi bilirəm" deyirdi. Atası ona “sən də mənim quzumsan" deyəndə, çox xoşuna gəlirdi. indi isə nə dəyişmişdi? Çox təəssüf ki, əbədi olaraq şirin, balaca, hamının sevimli quzusu kimi qalmaq olmur, şirin quzu böyüyüb ağılsız qoyuna çevrilir. Qoyun olduğuna görə utanır. Qoyun fikirləşir ki, axı nəyə görə böyüyüb öküz, ya fil olmur? Axı nə üçün qoyunu ağılsız hesab edirlər? Bəlkə, səbəb yazıq-yazıq mələməyindədir. At kimi kişnəsə, hamı onu müdrik sayar.


Nəhayət, qoyun bu həyət-bacanı tərk etməyi qərarlaşdırdı. Qapısı açıq qalmış tövlədən qçıxıb-qaçdı. Bir neçə saatdan sonra yiyəsi bundan xəbər tutdu, Qoyununu kiminsə oğurladığını düşündü. Kəndə hay saldı ki, kimsə onun qoyununu oğurlayıb: “Bu qoyun, yer yarıldı içinə girmədi ki?! Yəqin, onu kimisə oğurlayıb. Özünün çıxıb gedəcək halı yox idi".


Həmin vaxt isə qoyun meşəyə üz tutmuşdu. Qoyun özü başına bir çarə tapacağına əmin idi. Meşədə çoxlu yem olduğunu eşitmişdi. Amma qoyunların meşədə yaşamadığını bilmirdi. Bəlkə, elə buna görə ona qoyun adını vermişdilər? Hər şeydən bixəbər idi. Otların arası ilə sürünən uzun ilanla rastlaşdı. “Necə də sakit heyvandır. Bizimkilər, yəqin, heç vaxt bunu görməyiblər. Görsələr, astagəlliyinə görə mənə yox, ona qoyun deyərdilər", - fikirləşdi. Meşədə ildırım sürəti ilə qaçan dovşan qarşısına çıxdı. Qoyun çox sevindi. Ürəyində “mən də meşədə yaşasam, belə qaçacam, dovşan kimi hamıdan güclü olacam" - dedi. Elə arxasınca baxırdı ki, qəfil ilan dovşanı çaldı və o çapalayaraq yerə yıxıldı. Sanki heykəl oldu. Qoyun çox qorxdu. Kollara sığındı. Baxdı ki, canavarlar gəlir. Düşündü, necə də mehribandırlar. Birlikdə gəzişirlər. Onun tövlə
qonşularım isə nobat vaxtı çoban güclə sıraya düzür. Hərəsi başını bir tərəfə götürüb qaçmaq istəyir. Düzü, əvvəllər heç vaxt canavar görməsə də, nədənsə bu varlıqlardan ilk gördüyü andan qorxdu. Elə bildi ki, canavarlar yerə yıxılan ilan çalmış dovşana yaxınlaşırlar. Canavarlar isə dovşanın cəsədinə gözlərinin qırağıyla da baxmadılar. Çünki onlar çaqqal yox, canavar idilər. Qəfildən hansısa hiss onlara qoyunun yerini bildirdi. Bu da son. Yox, son hələ olmadı. Güllə səsi eşidildi. Canavarlar qaçışdı. Yaşlı ovçu qoyunun boğazına kəndir bağlayıb, sürüyərək meşədən çıxardı. Ovçu həmin kəndin adamlarından idi. Qoyunu maşının yük yerinə qoydu. Qoyun burda canavarlardan xilas olduğuna sevinirdi. Maşının yük yerindən çıxarılanda isə öz doğma həyətini gördü. Onu boğazındakı kəndirdən dartıb sürüyərək tövləyə apardılar. Ev yiyəsi arvadına:
- Sən də deyirdin, qoyun özü gedib. Bunu, yəqin, ovçu oğurlamışdı, - dedi. - Gördü ki, səs-küy salmışam, qorxusundan gətirib qaytardı. Hələ danışdığı nağıla bax. Guya qoyunu meşədə tapıb. Qoyun özbaşına oralara necə gedib çıxa bilər? Yaxşı qurtardıq. Sabah sübhdən durub bunu kəsəcəm. Şəhərdən gələn qonaqlarımız günortaya, yəqin, burda olarlar. Onlara yaxşı bir kabab qonaqlığı verərik.
Sonra tövlənin qapısını bağladılar. Qoyunsa eşitdiyi "sabah" deyilən vaxtın nə zaman gələcəyini səhərəcən anlamağa çalışdı. Qoyun fikirləşənəcən sabah oldu.
Qoyun hələ kabab deyilən təamın nə olduğunu bilmirdi və yəqin ki, heç vaxt bilməyəcəkdi.