Elektron ədəbiyyat və sənət portalı

Fikir savaşları və ya düşüncələrin qarşıdurması

Bölmə: Art 04.12.2018

 

 “Dünyada hər şey hərəkətdədir, hər şey dəyişir!”

Qədim yunan filosofu Heraklit iddia edirdi ki, bir çaya iki dəfə girmək olmaz! Müasirləri tərəfindən başa düşülmədiyindən onları səfeh sayan, yurddaşlarından “Ağlağan” ləqəbi alan, cəmiyyətdən küsüb dağlarda yaşayaraq otlarla, bitkilərlə qidalanan, fikirlərini çoxmənalı metaforlarla ifadə etdiyindən “Qəliz adam” sayılan Heraklit indi dillər əzbəri olan bu fikirlə nə demək istəyirdi?

Heraklitə görə, kainatda hər şey hərəkətdədir. Daimi hərəkət, həm də daimi dəyişiklikdir, ona görə də eyni çaya iki dəfə girmək mümkün deyil. Çünki hər dəfə səni başqa sular yuyacaq – təbiəti iki dəfə eyni vəziyyətdə yaxalamaq olmaz.

Nəyisə dəyişilməz vəziyyətdə görmüşüksə, sadəcə, onda baş vermiş dəyişikliyi tuta bilməmişik. Məsələn, soruşula bilər ki, niyə iki dəfə eyni otağa girmək olmaz – axı hər girişdə həmin divarlar, həmin pəncərələr, həmin tavan, həmin döşəmə, həmin mebeldir?! Bu, ilk baxışdan belədir. Həmin otağa ikinci dəfə girəndə orada hava molekullarının tamam başqa kombinasiyası olacaq, döşəmənin taxtalarında gözəgörünməz mikroproses dəyişiklik getmiş olacaq.  Elə öz orqanizmimizdə bir saniyə ərzində minlərlə hiss etmədiyimiz kimyəvi, fiziki reaksiyalar – dəyişmələr baş verir və biz də hər dəfə artıq bir an əvvəlki adam olmuruq.

Heraklit deyir ki, hərəkət faktı hər şeyin mövcudluğunu da sual altında qoyur. Yəni bir şey hərəkətdədirsə, o eyni zamanda həm var, həm də yoxdur: “Eyni çaya həm giririk, həm də yox, həm varıq, həm də yox. Eyni şey həm canlıdır, həm ölü, həm yatmışdır, həm oyaq, həm gəncdir, həm qoca. Çünki bu dəyişərək ona, o dəyişərək buna çevrilir”.

Bu zaman bütün şeylər və xassələr özlərinin əksi olurlar: soyuq istiyə çevrilir, isti soyuğa, yaş quru olur, quru isə yaş. Hər şeyin öz əksinə çevrilməsi, sadəcə, keçid deyil, mübarizədir: gecə və gündüz, işıq və qaranlıq, tərəqqi və tənəzzül, doğum və ölüm, sevinc və kədər bir-biriylə mübarizədədir. Əksliklərin mübarizəsi yarananın tək şərtidir. Məsələn, erkək və dişi əkscinsliyi olmasaydı, canlı varlıqlar olmazdı. Kosmos əksliklərin mübarizəsinin əmələ gətirdiyi harmoniyadir.

Filosofa görə, mübarizə aparan əksliklər bir-birinə elə keçirlər ki, bu zaman hər ikisi üçün ümumi olan eyni əsas saxlanılır. “Tanrı – gündüz və gecədir, qış və yaydır, müharibə və sülhdür,  toxluq  və  aclıqdır”.

Yəni gündüz gecəyə, gecə gündüzə keçir, qış yaya, yay qışa keçir, müharibə sülhlə əvəzlənir... Amma bu keçidlər zamanı Tanrı bütün keçidlərin eyni əsası olaraq qalmaqdadır: o həm gündüzdür, həm gecə, həm qışdır, həm yay, həm müharibədir, həm sülh, həm toxluqdur, həm aclıq. Kainat zidd ünsürlərdən əmələ gəlib, ziddiyyətlər arxasında isə həmişə “bir olan” dayanır. Enən və qalxan yol eynidir, yaxşı ilə pis eynidir, çevrədə başlanğıc və son nöqtə eynidir.

Heraklit bu fikrə belə aydınlıq gətirir: “Şeylər  bir-birini həyatla öldürürlər: od torpağın, hava odun, su havanın, torpaq suyun ölümü ilə yaşayır. Ölməzlər ölümlüdür, ölümlülər ölməzdir: birinin həyatı başqasının ölümüdür və birinin ölümü başqasının həyatıdır”.

Heraklitə görə, hər bir təzahür öz əksliyinə keçdiyindən hər bir xassə nisbidir: “Dəniz suyu həm təmizdir, həm çirkli. O, balıqlar üçün  qida mənbəyidir,  amma insanlar üçün içməli su kimi yararsızdır, zərərlidir”. “Eşşəklər samanı qızıldan üstün tutardı” – yəni qızıl mütləq dəyər deyil, insanlar üçün qızıl dəyərlidirsə, eşşəklər  üçün  yem  dəyərlidir. Məsələn, təmizlik haqqında təsəvvürün nisbiliyi vurğulanan başqa fikir: “Donuzlar palçıqda çimirlər, quşlar tozda”.       

Bu universal yanaşma yaxşının və pisin, doğrunun və yalanın, ədalətin və ədalətsizliyin nisbi anlayışlar olduqlarını göstərir. Ancaq Heraklitə görə, yaxşılığın mövcudluğu üçün pisliyin, işığın mövcudluğu üçün qaranlığın, toxluğun mövcudluğu üçün aclığın olması gərəklidir. Filosof əmindir ki, xəstəlik sağlamlığı, aclıq toxluğu, yorğunluq istirahəti xoş edir.

“Dünyada hərəkət yoxdur, heç nə dəyişmir!”

Digər yunan filosofu Parmenid  isə  deyirdi  ki,  heç  nə dəyişiklik prosesində deyil, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür. Filosof bu iddiasını necə əsaslandırırdı?

Parmenidə görə, heç nə heç nədən əmələ gəlmir və heç nə heç nəyə çevrilmir, hər şey başqa şeydən əmələ gəlir və hər şey başqa şeyə çevrilir. Nəsə indi varsa, mümkündürmü ki, o, əvvəllər olmayıb?

Mümkündürsə, onda belə çıxır ki, əvvəllər olmayan həmin şey heç nədən əmələ gəlib. Heç nədən isə heç nə əmələ gələ bilməz. Beləliklə, nəsə indi varsa, əvvəllər də olub. Başqa məsələdir ki, o əvvəllər başqa formada ola bilərdi, amma heç olmaması mümkün deyil.

Nəsə indi varsa, mümkündürmü ki, o, gələcəkdə olmayacaq? Mümkündürsə, onda belə çıxır ki, gələcəkdə olmayacaq həmin şey heç nəyə çevriləcək. Şey heç nəyə çevrilə bilməz axı. Deməli, indi var olan şey mütləq bundan sonra da olacaq. Düzdür, o, gələcəkdə başqa formada ola bilər, amma tamamilə yoxa çıxa bilməz.

Beləliklə, nəsə indi varsa, bu, o deməkdir ki, əvvəllər də olub, bundan sonra da olacaq. Yəni o, heç nədən əmələ gəlməyib və heç nəyə çevrilə bilməz, əbədi olaraq mövcuddur.

Mövcud olan hər şey hökmən əbədidir. Nəsə indi yoxdursa, o deməkdir ki, heç vaxt olmayıb və olmayacaq.

Əks təqdirdə belə çıxardı ki, şey heç nəyə çevrilir və həmin heç nədən şey əmələ gəlir.

Beləliklə, Varlıq əbədidir.

Bir şey ki əbədidir, deməli, bütövdür, bölünməzdir. Niyə? Əgər bölünən olsaydı, belə çıxardı ki, hissələrdən ibarətdir. Aydındır ki, hissələr bir-birindən ayrılanda predmet yox olur. Və burdan da belə çıxardı ki, bölünəsi predmet gah var, gah da yoxdur. Varlıq isə əbədidir, daima mövcuddur axı – deməli, dünya bölünməzdir, hissələri, kəsimləri yoxdur.

Qəbul eləsəydik ki, dünyanın hissələri var, yəni dünya – kəsimlərin, hissələrin yığınıdır, məntiqsizlik alınardı. Onda qəbul etməliydik ki, hər hissənin özünün də hissələri var və bu hissələrin hər birinin hissələri də hissələrə bölünür. Beləcə hər bir kəsim sonsuz sayda hissələrə bölünür, deməli, hər kəsim sonsuz olur. Onda belə demək olardı ki, dünya da sonsuzdur, onun ən balaca hissəsi də sonsuzdur. İkisi də sonsuzdursa, deməli, ikisi də bir boydadır. Belə çıxardı ki, tam, bütöv içindəki hansısa bir kəsimə bərabərdir, içindəki hansısa bir hissə boydadır. Bu isə ağlasığmazdır. Ona görə də məntiq belə deməyi tələb edir: dünya bölünməzdir.

Dünya bölünməzdirsə, deməli, onda hərəkət də yoxdur, çünki hərəkət üçün bir nöqtədən o biri nöqtəyə keçid olmalıdır. Dünya isə bir nöqtədir (axı hissələri olmayan nə varsa, nöqtədir) və nöqtədə tərpəniş üçün yer yoxdur.

Dünya başdan-başa maddə kütləsidir, təbiətdə şeylərin arasında aralıq yoxdur, şeyləri bir-birindən ayıran heç bir çatlaq, heç bir boşluq yoxdur. Dünyanın heç bir yerində boşluq yoxdursa, deməli, tərpəniş də, hərəkət də mümkün deyil. Hərəkət yoxdursa, hər hansı dəyişiklik də ola bilməz. Şeyləri bir-birindən ayıran heç bir aralıq yoxdursa, deməli, ayrı-ayrı şeylər də yoxdur. Yəni təkcə bircəlik var, çoxluq yoxdur.

Beləcə zəka, düşüncə, məntiqi təfəkkür belə bir mənzərəni göstərir: dünyada hərəkət yoxdur, heç nə dəyişmir, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür.

Amma hisslərimiz – duyğu orqanlarımız (görmə, eşitmə, lamisə, iybilmə, dadbilmə) tamam başqa mənzərəni göstərir. Biz görürük ki, heç nə əbədi deyil – hər şey yaranır və məhv olur. Biz görürük ki, hər şey bölünəndir – hər şey hissələrdən ibarətdir. Biz görürük ki, hər şey hərəkət edir və dəyişir. Bu iki mənzərənin hansı həqiqidir: qeyri-mükəmməl, hətta heyvanda da olan hiss orqanlarının göstərdiyi mənzərə, yoxsa daha mükəmməl, yalnız insanda olan zəka, məntiqi təfəkkürün göstərdiyi mənzərə? Parmenid deyir ki, zəkanın, məntiqi təfəkkürün, rassional düşüncənin göstərdiyi mənzərə doğrudur. Hisslər bizi aldadır, onların bizə göstərdiyi mənzərə həqiqi deyil, illüziyadır. Məsələn, eyni predmet uşağa nəhəng, yaşlıya normal ölçüdə görünür. Eyni yemək sağlam vaxtında sənə dadlı, xəstə vaxtında dadsız gələ bilir. Parmenid deyirdi: “Gözlərinə inanma, çünki baxmağı  bacarmırlar, qulaqlarına inanma, çünki səsi səs-küydən seçə bilmirlər”.

 

Salam SARVAN