Elektron ədəbiyyat və sənət portalı

Daş oğlan

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 05.12.2018

 

Dünyaya çox mərdlər, çox igidlər gəlib, mənim balalarım, amma bir oğlan da gəlib-gedib bu gəlimli-gedimli dünyadan. Adı heç kitaba yazılmasa da igidliyi, qəhrəmanlığı dillərdə dastan olub. Heç bir eşidənin yadından çıxmayıb, elə mənim də yadımdan çıxmır. Hər eşidəndə gözlərimin yaşı quruyur, axı elə igidə ağlamazlar, rəcəz oxuyarlar haqqında.

Deyirlər ki, bir zaman Topal Teymur Şirvan torpaqlarının ətrafında qan-qan eləyib keçdiyi zamanlarda baş verib bu danışdığım. Axı o vaxtlar Şirvanşahlığın elə zamanıydı ki, vətənin çox adil bir padşahı var idi. Topal Teymurun ağzını boza verə bilmişdi, el öz var-yoxundan çıxmışdı, amma yurd-yuvasını Teymur qoşunlarının tapdağı eləməmişdi. Müdrik qocalar, ağılbənd nənələr Şirvanşahın başına ağıl qoya bilmişdi. Bax elə həmin illərdə Küdrü düzündə bir bala çoban qoyun otarırdı. Teymurun bu tor­paqlara ayaq basmaq xəbərini qulağı çalmışdı. Keçən karvançılardan eşitmişdi, çərçidən, xırdavatçıdan alınmışdı, nəydisə, amma Teymuru görməsə də sorağını eşitmişdi.

Küdrünün düzü. Yaz vaxtı. Ot-ələf dizəcən. Çoban da çox cavan idi, lap uşaq deyərdin ona. Atası təzəlikdə ölmüşdü. Onun yerinə bala çobanıqdan çobanlığa keçib qoyun otarır, anasını, bacısını dolandırırdı.

Sənə kimdən xəbər verim, bala, Topal Teymurdan. Deyir Teymurun qoşunları gəlib çıxır Küdrü düzünə. Yalandımı, gerçəkdimi bilmirəm, amma belə danışırlar ki, ucu-bucağı görünməyən səhrada bir dəstə qoşun yolu-rizi itirir. Teymur da bunların içində. Hardasa dayanıb dincələn çoxluğuna gedib çatmaq istəyirmiş. Susuzluq bunları əldən salır. Gün təpələrinə şaxıyır, atların dili susuzluqdan bir qarış çıxır, heyvanlar elə ləhləyir, insanlar elə tərləyir ki, çulu, pal-paltarları duz bağlayır. Gözlərinə hər saatda şır-şır şırıldayan çay, zümzüməli bulaq, ləpələnən göl görünür. İlğımmış hamısı da. Küdrünün düzündə çay nə gəzir, bulaq nə qayırır, göl hardadı? Küdrünün bulağı xırda nohurlardı. Çayı da budu, gölü də. Bu nohurlara qışdanqalma qar-yağış suyu dolar yaylağa, getdikcə qoyun-quzu da, insanlar da bu no­hurdan içərlər.

Qərəz, Teymur dəstəsinə nohur da rast olmur, olanı da qupquruymuş. Birdən qoşun lap əldən düşə-düşə bala çobana rast olurlar. Görürlər qaba­ğında bir sürü qoyun otarır. Teymur adamlarına deyir: - Bu oğlan suyun yerini bilməmiş olmaz. Su olmasa qoyunu harda sulayar? Gedin soruşun. Dəstədən bir atlı aralanıb özünü oğlana çatdırır. Soruşur:

- Ay oğlan, buralarda harda su var, atları sulayaq?Oğlan başını qaldırıb atlıya baxır, çomağı ilə yeri eşə-eşə dedi:

Buralarda su nə gəzir? Çay yox, göl yox, bulaq yox.

Elə bu vaxt Əmir Teymur başının dəstəsiynən birgə özünü yetirdi. Oğlanın sözünü eşidəndə dedi:

– Bəs qoyunlarını harda sulayırsan?

Oğlan cavab vermədi. Topal Teymur bir də soruşdu:

– Eşitmirsən nə deyirəm? Bəs qoyunlarını nəynən sulayırsan?

Oğlan çomağının ucuynan quru nohurlardan birini göstərdi:

– Odey nohurlardan...

– Yalan demə, çoban, nohurlarda su yoxdu. Çoxdan quruyub.

Oğlan ürəyində: “Sizi görəndə hər şey quruyur” fikirləşdi. Sonra

çarəsizliklə dilləndi:

– Axı qoyunlarımı suvardığım bulaq balacadı, sizin qoşuna çatmaz. Hökmdar kükrədi:

– Sənə dəxli yoxdu, çoban, sən suyun yerin de! Sənə xələt verərəm. Pul istəsən pul, mal istəsən mal...

Oğlan yenə də çomağı ilə yeri eşələyə-eşələyə dedi:

– Pul-mal da mənə gərək deyil. Bulağın da yerini demərəm. Onu da qurudarsız.

– Sən məni tanıyırsanmı?

– Əlbəttə, tanıyıram.

– Mən kiməm?

– Teymur...

– Bilirsənmi ki, səni dara çəkdirə bilərəm, diri-diri itlərə paylaram? Hər tikəni qulağıncan elətdirərəm?

Oğlan dik Teymurun gözlərinin içərisinə baxa-baxa dedi:

– Bilirəm.

Ətrafdakı qoşun böyükləri, oğlanı dövrəyə almış Topal Teymurun adamları bala çobanın cürətinə mat qalmışdılar. Uşaqda da bu ürək?

– Göstər bulağın yerini, oğlan, qəzəbimi coşdurma!

– Su da torpaq kimi müqəddəsdi, hökmdar, onu yadlara nişan verməzlər. Biqeyrətlik eləmərəm.

– Bu, sənə çox baha oturacaq, çoban, hayıf cavanlığından.

– Mənim yerimə hayıfsılanma. Qoy mən qorxum ki, qanımın bahası gedir...

– Kəsin bunun dilini... Yox dilini kəsməyin, suyun yerini deyə bilməz. Vurun! Suyun yerini deyənəcən qamçılayın!

Topal Teymurun başının adamlarından ikisi irəli çıxdı, oğlanı qamçılamağa başladı. İlan kimi qıvrılıb açılan qamçı oğlanın başına, gözü­nə, çiyinlərinə, kürəyinə dəydikcən daşdan səs çıxırdı, oğlandan yox. Bala çoban cınqırını da çıxartmırdı. Topalın nökərləriysə uşağı hey döyürdülər. Axırı qanına qəltan olmuş oğlandan bir kəlmə də eşidə bilmədiklərini görüb dayandılar.

– Zalım oğlu elə bil daşdı, bədən deyil.

Birdən Topal Teymurun gözləri bala çobanın gözlərinə sataşdı, hey­rətindən ağzı açıla qaldı. Qamçısının ucu ilə oğlanın cırım-cırım olmuş gey­məsini qaldırdı. Teymurun başının adamları təəccüb içində içlərini çəkdilər: bala çoban daşa dönmüşdü. Dönüb dövrələrinə baxdılar; balaca çobanın qo­yunları da daşa dönmüşdü.

Topal Teymurun adamlarını qorxu bürüdü. Cin-şəyatin görmüş kimi atlarını dəhmərləyib bu sehrli, əcaib diyardan ayrıldılar, çapıb getdilər. Elə o zamandan bu yerlərdə hara getsən daş qoyundur görərsən, daş heykəldir, görərsən. Deyirlər, bala çobanın qeyrətidir, hər yerə dağılıb, bütün kənd­lərimizə, obalarımıza, hətta qəbiristanlarımıza da yayılıb. Yayılıb ki, qoy hamı görsün, bilsin bu torpaq necə oğullar yetirib. İgidlərin nəsli bu diyardan kəsilməsin.