Bibliyanın orijinal mətni qədim ibrani, arami və yunan dillərində qələmə alınıb. Oxucularının böyük əksəriyyəti orijinal dilləri bilmədiklərindən Tanrı Kəlamını onlara çatdıran tərcüməçilərə etibar etmək məcburiyyətindədir. Belə olan halda, Müqəddəs Kitabın tərcüməsi zamanı müəyyən prinsiplərə riayət olunmalıdır. Bəzilərinin zənnincə, orijinal mətnin mənasının daha dəqiq anlaşılması üçün Müqəddəs Kitab sözbəsöz, sətirbəsətir tərcümə olunmalıdır. Lakin aşağıdakı amilləri nəzərdən keçirəndə aydın olur ki, bu, heç də belə deyil:
- Dünyada elə iki dil yoxdur ki, onların qrammatikası, lüğəti, cümlə quruluşu tam üst-üstə düşsün. İbrani dili üzrə professoru S. R. Drayver yazır: “Dillər təkcə “kökünə və qrammatikasına yox, həm də fikirlərin ifadə üslubuna görə fərqlənirlər. Fərqli dil isə fərqli təfəkkür deməkdir. Odur ki, müxtəlif dillərin, fikri ifadə etmə forması da müxtəlifdir”.
- Müasir dillərdən heç biri qədim ibrani, arami və yunan dillərinin lüğət və qrammatikasını əks etdirmədiyindən sözbəsöz tərcümə bəzən yanlış məna da verə bilər.
- Sözbəsöz tərcümə zamanı sözün və ya ifadənin mənası kontekstdən asılı olaraq dəyişə bilər. Düzdü, bəzi hissələrdə orijinal mətnin hərfi tərcüməsi uyğun gələ bilər, lakin belə hallarda çox diqqətli olmaq lazımdır.
Aşağıdakı misallardan da görünür ki, sözbəsöz tərcümə zamanı məna necə təhrif oluna bilər:
* Müqəddəs Yazılarda “yuxu”, “yuxuya getmək” ifadələri həm yatmağa, həm də ölümə aid işlənir (Mətta, 28:13; Həvarilərin işləri, 7:60). Bu halda, bu sözləri ölümlə bağlı kontekstdə tərcümə edəndə “ölüm yuxusuna getmək” kimi ifadələr işlənsə, müasir oxucunun fikri yanlış istiqamətə yönəlməyəcək (1, Korinflilərə, 7:39;1 Salonikililərə, 4:13; 2, Butrus, 3:4).
* Həvari Bulus Efeslilərə, 4:14 ayəsində, hərfi tərcümədə “insanların zər oynaması” ifadəsi işlədilir. Bu qədim idiom zərlə adam aldatmağa işarə edir. Əksər dillərdə bu ifadənin hərfi tərcüməsi heç bir məna verməyəcək. Lakin bu, “insanların fırıldağı” kimi verilsə, həmin ifadə fikri daha aydın çatdırar.
* Romalılara, 12:11 ayəsində hərfi mənası “ruhun qaynaması” olan ifadə var. Bu ifadə azərbaycanca olduğu kimi saxlanılsa, içindəki məna oxucu üçün müəmmalı qalacaq. Buna görə bəzi nəşrlərdə həmin ifadə “ruhən coşmaq” kimi tərcümə olunub.
* İsa peyğəmbər “Dağüstü vəz” adı ilə tanınan məşhur nitqində, adətən, “Ruhən yoxsullar nə bəxtiyardırlar!” kimi tərcümə edilən bir ifadə işlədib (Mətta, 5:3, Bibliya Tərcümə İnstitutunun nəşri, 1996). Lakin bu cür hərfi tərcümə nəticəsində fikir qaranlıq qalır. Bəzi dillərdə həmin ifadə hətta ruhi xəstəlik, ürəkdə təpər olmamaq, qətiyyətsizlik fikrini verə bilər. Halbuki burada Məsih insanlara öyrədirdi ki, əsl xoşbəxtlik maddiyyatda deyil, insanın Tanrıya ehtiyacı olduğunu başa düşməsindədir (Luka, 6:20). Burada “Tanrıya ehtiyacı olduğunu dərk edənlər” variantı orijinal dildəki ifadənin mənasını daha dəqiq verir.
* Qısqanclıq, paxıllıq kimi tərcümə olunan ibrani sözünün mənası Azərbaycan dilindəki sözlərin mənasına uyğundur. Yəni yaxın adamın vəfasızlığına qəzəblənmək, yaxud başqasına həsəd aparmaq fikrini verir (Məsəllər, 6:34; Əşiya, 11:13). Bununla yanaşı, həmin ibrani sözünün müsbət çalarları da var. Məsələn, Yehova Tanrının Öz xalqının qeyrətini çəkdiyi, onlardan tam sədaqət tələb etdiyi yazılmış yerlərdə orijinal mətndə həmin ibrani sözü işlənir (Çıxış, 34:14;2 Padşahlar, 19:31; Hizqiyal, 5:13; Zəkəriyyə, 8:2). Həmçinin bu söz sadiq bəndələrin Tanrının və Onun dininin qeyrətini çəkmələrinə, Ona şərik qoşulmasına qarşı olmalarına da aid edilir (Zəbur, 69:9; 119:139; Saylar, 25:11).
Yuxarıdakı amilləri nəzərə alaraq deyə bilərik ki, Müqəddəs Kitabı tərcümə edərkən orijinal sözü hər yerdə eyni ilə vermək kifayət deyil. Tərcüməçi orijinal mətndəki fikirləri düzgün ifadə edən sözlər tapmağa çalışmalıdır. Mətnin aydın və oxunaqlı olması üçün cümlə quruluşu da dilin qrammatik qaydalarına uyğun olmalıdır. Digər tərəfdən, sərbəstliyə varmaqdan da qaçmaq lazımdır. Tərcüməçi Müqəddəs Kitabdakı fikirlərə sərbəst yanaşıb, onları öz interpretasiyasına uyğun işlətsə, mənanı təhrif edə, mətni ya bildiyi kimi yoza, ya da mühüm təfərrüatları buraxa bilər. Düzdür, sərbəst tərcümələri oxumaq daha rahatdır, lakin bu halda orijinal mətnin əsl məğzi oxucu üçün qaranlıq qalır.
Tərcüməçinin dini baxışları da tərcüməyə əlavə rəng qata bilər. Məsələn, Mətta, 7:13 ayəsində deyilir: “Məhvə aparan qapı enli”dir. Bəzi tərcüməçilər, ola bilsin, dini baxışların təsiri altında yunan sözünün əsl qarşılığı olan “məhv” yox, “cəhənnəm” sözünü işlədiblər. Bundan əlavə, tərcüməçi yadda saxlamalıdır ki, Müqəddəs Kitab sadə insanların – kəndlilərin, çobanların, balıqçıların gündəlik həyatda işlətdiyi dildə yazılıb (Nəhəmya 8:8, 12; Həvarilərin işləri 4:13). Yaxşı tərcümə isə odur ki, kimliyindən asılı olmayaraq onu hər bir insan anlasın. Tərcüməçi sadə insanların az-az işlətdiyi sözlərə yox, aydın, sadə, dərhal anlaşılan sözlərə üstünlük verməlidir.
Müqəddəs Yazıların qədim əlyazmalarında Tanrının Yehova adı ilə təqdim olunması dönə-dönə işlənir, lakin bir sıra tərcüməçilər bu adın üstündən keçiblər. Bir çox tərcümələrdə Tanrının adı “Rəbb” kimi sözlərlə əvəz edilmiş, bəzilərində isə ümumiyyətlə, həmin adın Tanrıya aid olması fikri göstərilməmişdir. Bəzi tərcümələrdə İsa Məsihin duaları belə verilib: “Mən Səni onlara tanıtdım” (ayə 26), “Mənə verdiyin adamlara Səni açdım” (ayə 6). Lakin bu yazıların dəqiq tərcüməsi belə olmalıdır: “Mən Sənin adını onlara açdım” və “Mənə verdiyin adamlara Sənin adını açdım”. Müqəddəs Kitabın “New World Translation” (“Yeni Dünya Tərcüməsi”) adlı ingilis dilindəki tərcüməsinin ilk nəşrinin müqəddiməsində deyilir: “Təqdim etdiyimiz nəşr Müqəddəs Yazıların sərbəst tərcüməsi deyil. Biz çalışmışıq ki, mətni müasir ingilis dilinin imkanları daxilində hərfi tərcümə edək. Fikir qaranlıq qalan hallarda isə hərfilikdən qaçmışıq”. Beləcə onlar bu işə tarazlıq mövqeyindən yanaşaraq, orijinal mətnin quruluşunu qorumaqla yanaşı, fikri qaranlıq çatdıran ifadələrdən qaçıblar. Nəticədə Müqəddəs Kitabın oxunaqlı və eyni zamanda səhih tərcüməsi ərsəyə gəlib.
Tərcümə edən və çapa hazırlayan: Nəriman