Elektron ədəbiyyat və sənət portalı

LERMONTOV POEZİYASI RAMİZ RÖVŞƏNİN TƏRCÜMƏSİNDƏ

Bölmə: Dünya ədəbiyyatı 15.12.2021

Bu gün Azərbaycanın Xalq şairi Ramiz Rövşənin 75 yaşı tamam olur. Bu münasibətlə şairi təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

“Aydın yol” Ramiz Rövşənin böyük rus şairi Mixail Lermotovun şeirlərindən etdiyi tərcümələri təqdim edir.

 

“PUŞKİNİN KİÇİK QARDAŞI”

Bir çox oxucuların Mixail Yuryeviç Lermontovla tanışlığı, onun 1837-ci ildə Puşkinin ölümünə həsr etdiyi “Şairin ölümü” şeirindən başlayır.

Halbuki bu şeiri yazanda Lermontovun artıq 23 yaşı vardı, bir çox şeirlərin, poemaların, nəsr əsərlərinin müəllifiydi və Puşkin kimi özünün də dueldə öldürülməyinə cəmi dörd il qalırdı. Və yəqin, bu məşhur şeirin təsirindəndi ki, indiyə qədər bir çoxları, özü də, təkcə adi oxucular yox, ədəbiyyatçılar da, Lermontovu rus poeziyasında, az qala, Puşkinin kiçik qardaşı sayırlar. Əslindəsə, rus poeziyasında Puşkin və Lermontov qədər ruhən bir-birinə zidd olan iki şair tapmaq çox çətindi; işıq və qaranlıq, həyat və ölüm kimi zidd...

Bu iki sənətkar, demək olar ki, rus ədəbiyyatında iki fərqli yolun başlanğıcıdı; biri Tolstoya, o birisi Dostoyevskiyə gedən iki yolun.

Haçansa bir yazımda demişdim ki, ölüm duyğusu zəif olan şairlər nədənsə çox tez ölürlər. Və buna misal kimi Puşkinlə Müşfiqi göstərmişdim. Lermontov bu mənada da istisnadı. Cəmi 27 il yaşamış bu şairdə ölüm duyğusu çox güclüydü və bütün yaradıcılığı, şeiri də, nəsri də ölüm motivləriylə doluydu.

Ümumiyyətlə, Puşkinlə Lermontovun fərqli cəhətlərini saymaqla qurtarmaz. Və təbii ki, bunu görən təkcə mən deyiləm. Axmatovanın bu iki şairlə bağlı çox maraqlı bir fikri yadımdadı. Yazırdı ki, Puşkindən ötrü Rusiya hər şeydən əvvəl dövlət idisə, Lermontovdan ötrü vətən idi.

Amma bu ifadə nə qədər gözəl səslənsə də, Lermontovu diqqətlə oxuyanlar yaxşı bilirlər ki, şotland əsilli bu şair üçün Rusiya həm də qürbət idi. Və bu yadlıq, qəribçilik hissi bəzən onun şeirlərində də özünü göstərirdi. Və yəqin, elə bu yadlığa görə də “Əlvida, ey yuyulmamış, kirli Rusiya” misrasını indiyə qədər ona bağışlamayanlar var. Həbəş əsilli, zənci sifətli Puşkin üçünsə bu yadlıq, qəribçilik hissi tamamilə yad idi.

Amma Lermontovu təkcə Puşkinə bənzətmirdilər.

“Yox, Bayron deyiləm, başqasıyam mən”.

Lermontov bunu deyərkən, doğrudan da, haqlı idi.

“Yox, məni qınama, ey qadir Allah,

  Sənə yalvarıram, keç günahımdan.

  Çəkir, məni çəkir bu qara torpaq,

  Həzz alıram məzar qaranlığından”.

Bu misraları yazan Lermontova ruhən doğma olan Avropa şairi ondan hələ bir neçə il sonra poeziyaya qədəm basacaqdı. Bu, Lermontovdan 7 il sonra doğulub 25 il sonra ölən və özünün məşhur “Şər çiçəkləri” adlı şeirlər kitabını 1857-ci ildə çap etdirən dahi fransız şairi Şarl Bodler idi. Onun Lermontovun şeirlərindən xəbərdar olub-olmadığını mən bilmirəm. Yəqin ki, olmayıb. Amma bu iki, Verlenin ifadəsiylə desək, “lənətlənmiş” şairin bir-birinə ruhən doğmalığı mənim üçün şübhəsizdi. Bir də ki, şairlərin doğmalığı şeir yazmaqdan başlayır. Bir-birini oxumaqdan başlamır ki...

 

 M.Y. LERMONTOV

                      ***

İkisi də bir-birini dəli kimi sevirdi,

İkisi də bir-birindən gizlədirdi bu sirri.

Ağızucu salam verib keçirdilər görəndə,

Elə bil ki, zəhlələri gedirdi bir-birindən.

  

Və beləcə qənim oldu onlara öz vüqarı.

Və beləcə ayrıldılar, uzaq düşdü yolları,

İkisi də ürəyində apardı öz sirrini.

O dünyada Tanrı yenə görüşdürdü onları,

İkisi də tanımadı, heyif ki, bir-birini...

 

DƏNİZ ŞAHZADƏSİ

 

Şahzadə öz atını çimizdirir dənizdə,

Səs gəlir: “Ey şah oğlu! Gəl, məni sev, əzizlə!”

 

At hürküb qorxa-qorxa boylanır sağa-sola,

Şahzadə də mat qalıb: bu çağıran kim ola?!

 

Səs gəlir: “Ey şah oğlu! Mən də şah qızıyam, şah,

Gəl, yosun yatağımda biz bu gecə oynaşaq!”

 

Elə bu an bir əl də çıxır suyun içindən,

O atın cilovundan yapışır var gücüylə.

 

Sonra bir baş görünür, bir uzunsaç qız başı,

O qızılı saçlara bir cüt yosun dolaşıb.

 

Par-par yanan gözləri dənizdən də mavidi,

Boynundakı damlalar elə bil mirvaridi.

 

Şahzadə tamahlanıb qızın gözəlliyinə,

Əl atıb saçlarını dolayır biləyinə.

 

Çəkir sahilə sarı, qız çırpınır, ağlayır,

Şahzadənin əlini, qolunu cırmaqlayır.

 

Döyüşlərdə bərkiyən o qolun nə vecinə?

Bu zalım şahzadənin güc çatarmı gücünə?!

 

O çıxarıb dənizdən qızı atır sahilə,

Sonra öz dostlarını səsləyir gülə-gülə.

 

“Tez gəlin, igidlərim, baxın bu qıza siz də,

Bir də belə gözəllik görməzsiz ömrünüzdə.

 

Niyə belə bərəlib gözləriniz, bəs niyə?

Hamınız mat qalmısız, yoxsa bu gözəlliyə?!”

 

Şah oğlu dönüb baxır dəniz şahzadəsinə,

Axx, bu nədi, İlahi?!.. İnanmır öz gözünə.

 

O gözəl qız nə gəzir?.. Qumlar üstə qıvrılan

Əcayib məxluqa bax; nə balıqdı, nə ilan.

 

Nə ölüdü, nə diri; - güclə gəlir nəfəsi,

Pulcuq-pulcuq quyruğu qum üstə tir-tir əsir.

 

Bayaq onu görəndə sevgidən par-par yanan

Mavi gözlərinin də işığı sönüb tamam.

 

Qumu eşən əlləri gücdən düşür get-gedə,

Dodaqları tərpənir, qarğış edir, bəlkə də.

 

...Şah oğlu pərt olub, pərt, – tez çevirir üzünü,

O unutmaz bu bədbəxt dəniz şahzadəsini...

 

                          ***

Gecə göydən axan ulduz kimiyəm,

    daha məndən işıq ummağa dəyməz.

Ürəyim daş kimi möhkəmdi, möhkəm,

    altında qıvrılan ilan nədi bəs?

 

Bu fani dünyanın boş hay-küyündən

    canımı şeirlə qurtardım ancaq.

Sinəmdən asılan daş ürəyimdən,

    görəsən, bəs məni nə qurtaracaq?

 

Xoşbəxtlik dilədim ulu Tanrıdan,

    məni öz arzuma çatdırdı axır.

Yaman ağır imiş xoşbəxtlik, yaman,

    şahın başındakı tac kimi ağır.

 

İndi xoşbəxtlikdi məni əzən də,

    heç nə arzulamır, istəmir ürək.

Təkəm, – bir qaranlıq, bomboş qəsrdə

    tək-tənha, kimsəsiz bir hökmdartək.

 

Ön sözün müəllifi və tərcümə edən: Ramiz Rövşən