Elektron ədəbiyyat və sənət portalı

İntiqam Yaşar - Evdə yoxam

Bölmə: Yeni imzalar 13.12.2018

 

Evdə yoxam

 

Evdə yoxam

Qapımı döyən ayrılıq,

Evdə yoxam.

Qonağam, deyən ayrılıq,

evdə yoxam.

 

Gördüyüm mənə çoxdumu,

xoş günüm iti oxdumu,

döyməyə qapı yoxdumu,

evdə yoxam.

 

Sənə kim dedi, gündə gəl,

ömür bitəndə - sonda gəl,

haçan çağırsam, onda gəl,

evdə yoxam.

 

Divardakı nəm danışır,

dam dolusu qəm danışır,

yerimə qələm danışır,

evdə yoxam.

 

Mülkümdən qoparıb məni,

bu qayğı lap sarıb məni,

aparan aparıb məni,

- evdə yoxam... 

 

Gələlər

 

Elə qışqırasan durduğun yerdə,

mələklər diksinib səsə gələlər.

Təntiyib yolu da, səhv salalar lap,

üstünə birbaşa, kəsə gələlər.

Narahat, təlaşlı hal-əhvalları,

çırmana imdadçün güclü qolları,

 Milyon işiq illik uzun yolları,

su yoluna misal, qısa gələlər.

 

Onlara yağlı bir kələk gələsən,

"Sizi aldadırdım" - deyib, güləsən.

Bir də gəlməyələr imdad diləsən,

Gəlsələr, gəlsələr, yasa gələlər.

 

Adamın

 

Bəzən elə səhvlər olur,

Silməyi gəlmir adamın.

Gülməli səhv olsa belə,

Gülməyi gəlmir adamın.

 

Hər nəfəs səni incidən,

Boylanır qəlbin küncündən. 

Qəm var şirindi sevincdən,

Bölməyi gəlmir adamın.

 

Qürur gedər öz işinə.

Bu dəm səninlə işi nə?

Vallah, vida görüşünə

Gəlməyi gəlmir adamın.

 

Üstümdəki toz-torpaqdan savayı...

 

Bu vətəndə hamı yer-yurd yiyəsi,

Bircə mənim bircə qarış yerim yox.

Dərd içində boğulsam deyərəm ki,

Nə xoşbəxtəm, mənim dərdim-sərim yox.

 

Bəlkə, mənə günahkar da deyərlər,

Bu havanı udduğumçün havayı.

Bircə qarış torpağım yox, yerim yox,

Üstümdəki toz-torpaqdan savayı.

 

Neynim, mənim qismətim də beləymiş,

"Diribaş"dan, "ağıllı"dan olmadım.

"Ağıl payı" paylananda mən yazıq,

Qapaz aldım, öz payımı almadım.

 

Şəkil

 

Sən, ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

 Burdan gəlib-keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı?

 

Bir gəlib tozunu silənin də, yox.

Sən kimdin, nəçiydin - bundan kimə nə?

Bəlkə, bir istəyin, bəlkə, arzun var,

 Utanma, çəkinmə, buyur, de mənə.

 

Əvvəllər bir qadın görərdim hərdən,

Gəlib dayanardı sənlə üzbəüz.

Deyəsən, heç o da baş çəkmir daha,

Nə dedin, xətrinə dəydi hansı söz?

 

Bəlkə, o qadın da köçüb dünyadan,

Köçübsə, görəsən, hardan boylanır?

Yəqin, başqa yerdə dəfn eləyiblər,

Yəqin, bir şəkil də ordan boylanır

 

Qız

 

Yuxuma qonaq gəlmişdin,

adını unutduğum qız.

Bulaq kimi qaynar olan

gözünü qurutduğum qız.

 

Öz bildiyini sayanda,

dərd üstünə əl qoyanda,

dünyadan cana doyanda

dərdimi ovutduğum qız.

 

Rast gəldin necə birinə?!

 Bağlandın qəm zəncirinə.

Öz yaşamım xatirinə,

həyatdan soyutduğum qız.