Elektron ədəbiyyat və sənət portalı

Son gecәdir bu gün yenә

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 19.12.2018

***


Son gecәdir bu gün yenә,
Sabah yenә son sәhәr.
Son yel dolur son yelkәnә,
Qayıq üzür birtәhәr...


Axırıncı ağacdır bu,
Әsir sonuncu külәk.
Bağlayıb sonuncu yolu
Yenә sonuncu fәlәk...


İndi son küçә üstünә
Yağacaq son addımlar.
Yenә dönәcәklәr tinә,
Sapsarı son adamlar...


Doğulur sonuncu insan,
Sonuncu insan ölür,
Yenә son dәfә ağlayan,
Son dәfә gülәn olur...


***


Eşidirsәnmi?
Amma necә eşidәsәn...
iki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız.
Bir yandan da bu yağış...
Bu yağışda canavarlar da
adam olub yorğan-döşәyә
girmәk istәyir.
Görürsәnmi?
Amma necә görәsәn...
Qurtarmayıb hәlә dә
aramızdan keçәn qatarın vaqonları.
Bir yandan da bu yağış...
Bu yağışda qorxudan
sәs-sәsә verib bar-bar bağırır
Qobustan qayalarının öküzlәri dә!
Eşidirsәnmi?
Amma necә eşidәsәn...
İki il
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız.
Bir yandan da bu yağış...


***


Telefon nömrәlәri
oxşamaz bir-birinә.
Amma hamısında
insan sәsi.
İnsan sәslәri
oxşamaz bir-birinә:
birindә sevinc,
birindә kәdәr.
Kәdәrlәr oxşamaz,
oxşamaz bir-birinә:
biri ümidsiz,
biri ümidli.
Ümidlәr
oxşamaz bir-birinә:
biri Allahdan asılı,
biri insan әlindәn.
İnsan әllәri
oxşamaz bir-birinә:
biri torpaq şumlayar,
biri insan ömrünü.
İnsan ömürlәri
oxşamaz bir-birinә:
biri yaşayar,
biri dözәr.

İnsan dözümü
oxşamaz bir-birinә:
biri dartılar,
biri sınar.
İnsan sınarı
oxşamaz bir-birinә:
biri ortadan bölünәr,
biri tikә-tikә.
Tikәlәr
oxşamaz bir-birinә:
biri әsr boyda,
biri gün boyda.
Günlәr
oxşamaz bir-birinә
biri yaxşı,
biri pis.
Pis günlәr
oxşamaz bir-birinә:
birindә özün susarsan,
birindә telefon...


***


Nәyin istisindәn yananlar
arzulayacaq kölgәmi?
Hansı rәnglә çәkәcәklәr
xәritәlәrdә ölkәmi?
Şeirlәrimi sevәcәklәrmi
divarlar arxasında?
Nә parlayıb sönәcәk
son günümün yaxasında?
Bazarda әtin qiymәti düşәcәk,
yoxsa
meşә cәngәlliyinin
qoyduğu qiymәtdә qalacaq?
Öpüşәcәk,
öldürәcәk,
düşünәcәklәrmi yenә qaranlıqda?
İnsan xoşbәxt olacaqmı
mәhәbbәtin doğduğu bir anlıqda?
Qatarlarda
axşamüstü,
çay paylayacaqlarmı içmәyә?
Pasport, viza
gәrәk olacaqmı sәrhәdlәrdәn keçmәyә?
Andersеnin nağıllarını oxuyacaqlarmı?
Әlifba bilәcәkmi hamı?
Kür daşacaq,
yoxsa bәndlәr ovcundan
tökülәcәk Xәzәrә?
İnsan bir ömrü boyu
ölәcәk neçә kәrә?
Yol azacaqlarmı?
Mәzar qazacaqlarmı?
Mәsciddә yuyacaqlarmı meyitlәri?
Kim sulayacaq
bulvardakı söyüdlәri?..


***


Dәnizdәn ayrılmış qupquru qaya,
Qәdim xatirәtәk әyib başını,
Ayrılıq illәrin indi kim saya,
Kim bilir kәdәrin qoca yaşını?


Bәlkә, yer altına qaçan Xәzәrdәn,
Yer üzündә qalan daş izdir qaya?
Bәlkә dә, fırtına içindәn qopmuş
Bir parça qurumuş dәnizdir qaya?


Birdaş-birdaş illәr düşür üstündәn,
Kiçilir hey yaşa dolduqca qaya,
Bostandan quşları qovacaq bir gün,
Xırdaca daş qalıb bu uca qaya...