Elektron ədəbiyyat və sənət portalı

XUAN XOSE MİLYASIN HEKAYƏSİ

Bölmə: Dünya ədəbiyyatı 19.12.2018

 

Çağdaş ispan nəsrinin ən tanınmış nümayəndələrindən olan Xuan Xose Milyas həmçinin ssenariçi, rejissor və aktyordur.

1946-cı ildə anadan olan Xose Milyas yaradıcılığa şair kimi başlasa da, sonra nəsrə keçib.

Xose Milyasın hekayə və romanlarında incə psixologizm diqqəti daha çox cəlb edir. Yazıçının “Sənin yeni adın var” (1987) romanı bu cəhətdən fərqlənir və müəllifə nüfuzlu “Nadal” mükafatı qazandırıb. Yazıçının “Əlifba sırası ilə” (1998) romanı da uğurlu ədəbi taleyə malikdir.

 

POÇTALYON QAPINI İKİ DƏFƏ DÖYÜR

(hekayə)

 

         O, mehmanxanadakı nömrəsinə daxil oldu, çamadanını açmadan çarpayıya uzandı, mələfəni yarımboğaz çəkmələrilə bulaşdırmamaq üçün ayaqlarını salladı. Gözlərini yumub özünü nədən belə yorğun hiss eləməyinin səbəbi barədə düşünməyə başladı. Sanki elə bir səbəb yox idi, digər tərəfdən də, artıq neçə illər idi, səfərlərdəydi. Əvvəllər bu səfərlərdə ovqatı xoş olurdu, sonra otellərə, restoranlara, maşınlara, qatarlara – bir sözlə, işlə bağlı olan hər şeyə nifrət eləməyə başladı.

         Eyni vəziyyətdə qalaraq gözlərini açıb ətrafa nəzər saldı: adi, uzaqbaşı ikiulduzlu mehmanxana nömrəsiydi. Şəhər də kiçik idi, belə şəhərcik turistlərin diqqətini çəkmir. Nömrədəki televizor pultsuz işləyir, mini-bar yoxdur. Nahar eləmək, həm də bir qədəh viski içmək lazım idi. “Restoranda içərəm”, – beynindən keçdi. Amma nəsə qalxmaq istəmir, bəlkə əvvəlcə bir qədər mürgüləsin?

         Qəfildən onu elə bil elektrik cərəyanı vurdu. Ümumiyyətlə, bura niyə gəldiyini xatırlaya bilmədi. Qeyd dəftərçəsini vərəqlədi, amma heç bir qeyd tapmadı. Kiçik, yığcam çamadanından belə çıxırdı ki, bura uzaqbaşı iki günlüyə gəlib. Yaxşı, bəs məqsəd nə idi? Əvvəllər heç vaxt belə bir halla rastlaşmamışdı. Fikirlərini cəmləməyə cəhd elədi: tibb ləvazimatları satışıyla məşğul olan bir adam iri xəstəxananın yerli-dibli olmadığı ucqar bir yerə nəyə görə gələ bilərdi? Bəlkə hansısa mütəxəssislə razılaşması vardı? Bəzən əyalətdə də dövlət klinikalarından daha yaxşı təchiz edilmiş şəxsi klinikalara rast gəlmək olur.

         Bu zaman telefon zəng çaldı, yad bir səs onu mehmanxananın hollunda gözlədiklərini söylədi. Qalstukunu düzəltdi, əl-üzünü yudu və bu müddətdə də bura nəyə görə gəldiyi barədə əzablı fikirlər yaxasından əl çəkmədi. Bəlkə ona görüş təyin eləyənlərdən nəsə öyrənmək mümkün oldu.

         İnzibatçının masası yanında onu orta yaşlarında, daha doğrusu, yaşlarını təyin eləmək çətin olan kişi və qadın gözləyirdi. Zahiri görünüşləri də qəribəydi. Təbəssümlə onun əlini sıxdılar, yolu necə gəldiyini, nahara balıq, yoxsa ət yemək istədiyini soruşdular. Görünür, həqiqətən, əvvəlcədən görüş barədə razılaşmışdılar. Yalnız süfrə arxasında söylənmiş müəyyən bir sözdən sonra yaddaş çarxının, nəhayət, işə düşəcəyinə ümid etməkdən savayı çıxış yolu qalmırdı.

Amma belə bir söz olmadı. Mənasız, maraqsız bir söhbət alındı. Qəhvə içəndən sonra da qəfildən tez-tələsik: “Yəqin, yatmaq istəyirsən”, – deyib qonağı mehmanxanaya ötürdülər. Ayrılanda dedilər ki, şam yeməyinə yaxın mütləq gələcəklər. Çarpayıya uzanıb yenidən mələfəni çəkmələrilə bulaşdırmamaq üçün ayaqlarını salladı, cidd-cəhdlə, amma hələ ki nəticəsiz halda yaddaşını qurdalamağa başladı. Hətta arvadına və kontora zəng eləmək istədi, amma fikrindən daşındı. Birdən hansısa bir əməl törədib onlara yalandan ezamiyyətə getdiyini söyləmiş olar! Nəsə soruşsalar, nə deyəcəkdi? Əvvəllər bu cür riskli və macəralarla dolu hərəkətləri olurdu, amma bütün bunlar keçmişdə qalmışdı. Bununla belə, yenə hər şey ola bilərdi. Yox, məsələ aydınlaşanacan susmalıdır.

         Qalxdı, pəncərənin pərdəsini çəkib şəhərin köhnə məhəlləsinin dar döngəsini gördü. Ona elə gəldi ki, əlini uzatsa, qarşısındakı evə çatar. Pəncərənin arxasındakı yad mənzilləri aydın görmək olurdu. Onlar qatlama damları və kiçik mebelləri olan oyuncaq evcikləri xatırladırdı. Mənzərə sönük, eyni zamanda cəlbediciydi – lap dərin yuxudakı kimi baxır, gözlərini çəkə bilmirdi.

         Elə bu vaxt bayırda səs-küy eşidib qapıya yaxınlaşdı. Qapını açıb bütün mehmanxana sakinlərinin dəhlizə tökülüşdüyünü gördü. Səbəbini soruşanda ona qonşu 434-cü nömrədə bir kişinin öldüyünü söylədilər. Az sonra oradan mələfəyə bükülmüş nəsə çıxardılar – yəqin, meyit idi. Boğazının quruduğunu hiss edib tələsik geri çəkilsə də, meyiti aparanlar arasında bayaq birgə nahar elədiyi adamları görə bildi.

         Axşamın qalan hissəsini mehmanxanadan çıxmadı, hər halda, gec-tez kiminsə zəng vurub onun bu kiçik şəhərə nə gətirdiyi barədə bir söz eşidəcəyinə ümid bəslədi. Amma faydası olmadı: heç kəs zəng eləmədi, heç kəs gəlmədi, özü də bura nəyə görə gəldiyini xatırlaya bilmədi. Axşama yaxın həmin kişi və qadın onu yenə restorana dəvət edib, yenə süfrə arxasında əvvəlki kimi məzmunsuz-məzmunsuz danışdılar. Sonra mehmanxananın qapısınacan ötürüb səhər saat səkkizdə maşının gəlib onu vağzala aparacağını söylədilər.

         O, qəribə səfərinin məqsədilə bağlı tam çaşqınlıq içində evinə qayıtdı. Nədənsə qəlbində dərin bir narahatlıq vardı. Bura mütləq yenidən qayıtmaq və hər şeyi aydınlaşdırmaq lazım idi. Amma bununla belə, ola bilsin, qəlbinin dərinliklərində məsələnin nə yerdə olduğunu dərk eləyirdi.

         Odur ki, günlərin bir günü yenidən kiçik çamadanını götürüb, güman ki, həmin vaxt ölümlə görüşü təyin olunmuş, amma ölümün təsadüfən qapını səhv saldığı həmin o kiçik şəhərə yollandı. Onu perronda artıq tanıdığı həmin ər-arvad qarşıladı. Amma bu dəfə onlar bərk tələsirdilər...

 

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı