İstiqlal Muzeyində Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadənin 100 illik yubiley mərasimləri çərçivəsində növbəti tədbir keçirilib. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin qəhrəmanın yubileyi münasibəti ilə ərsəyə gətirdiyi Sloveniya yazıçısı Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının təqdim edildiyi mərasimdə muzeyin və Mərkəzin əməkdaşları, Böyük Vətən müharibəsi və faşistlərə qarşı müqavimət hərəkatı iştirakçılarının övladları, Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbin müəllim və şagird heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Mehdi Hüseynzadənin qəhrəmanlıqlarından və sərgidə təqdim olunan eksponatların tarixçəsindən danışıb.
Daha sonra Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev, kitabın tərcüməçisi Fərhad Abdullayev, tarixçi-alim İlham Abbasov, Mehdi Hüseynzadənin adını daşıyan bacısı oğlu Mehdi Əzizbəyov və digərləri çıxış edərək, igid qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edən belə kitabların gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətindən söz açıblar.
Mərasim Mehdi Hüseynzadənin adını daşıyan 19 saylı məktəbin şagirdlərinin hazırladığı şeir və musiqi parçalarından ibarət bədii kompozisiya ilə başa çatıb.