Elektron ədəbiyyat və sənət portalı

Məşhur müəlliflərin məşhur olmayan əsərləri

Bölmə: Art 24.12.2018

 

Adətən, oxuculara hansısa yazıçının məhz məşhur əsərini mütaliə etməyi məsləhət görürlər. Ancaq bəzən müəllifi bütün dünyada tanınsa da, onun qələmə aldığı əsərin kölgədə qaldığı hallar da olur. Belə əsərlərdən bir neçəsini təqdim edirik.

Mark Tven:"Sarsaq Vilson"

Mark Tven bu əsəri onu təngə gətirən borclardan canını qurtarmaq üçün, necə deyərlər, birnəfəsə yazıb. Əsər "Century Magazine" jurnalında nəşr edilən kimi yazıçı ədəbi cameənin sərt tənqidi ilə üzləşib.

Əsərin sü­jet xətti bir neçə onillikləri əhatə edir. "Sarsaq Vilson"da yeni doğulmuş kör­pələrini satan mulat qullardan bəhs edi­lir. Belə mövzulara Mark Tven digər əsər­lərində də müraciət edib.

Fyodor Dostoyevski:"Yeniyetmə"

1875-ci ildə sərt tənqidlərə tuş gələn Fyodor Dostoyevskinin "Yeniyetmə"sinin qələmə alınmasının üstündən uzun illər keçmə­sinə baxmayaraq, əsər hələ də mü­bahisə obyekti olaraq qalır. Hətta bəzi tənqidçilər hesab edirlər ki, "Yeniyetmə" Dostoyevskinin ədəbi irs siyahısından çıxarılmalıdır. Onların fikrincə, bu əsər "İdiot" romanındakı fəlsəfi dərinliyin yaxını­na belə gələ bilməyib. Bəzi tənqidçilər isə əsərdə komediyadan drama kəskin keçidə diqqəti yönəldirlər. Ancaq "Ye­niyetmə"nin dərinliyini dərk edən, onun gizli qatlarını qiymətləndirməyi bacaran oxucular da az deyil. Dos­toyevski bu əsərdə böyük sənətkarlıqla sevgi axtarışında olan və şəhərdən qaç­maq istəyən gəncin daxili təbəddülatlarını təsvir edib.

Kormak Makkarti: "Sərhədin o tayında"

Makkartinin "Sərhədboyu" trilogiyasının ikinci hissəsi, çoxlarının fikrincə, birin­ci hissədən daha güclüdür. Bununla belə, ikinci hissə daha poetik olsa da, oxuculara daha az tanışdır.

Makkarti bu əsərdə İkinci Dünya müharibəsi zamanı Nyu-Meksikadan Meksikaya səyahət edən gənc kovboyun macəralarından bəhs edir. Qəhrəmanı qarşıda atışma, canavarların hücumu gözləyir – onun keçəcəyi yanmış və cadar-cadar olmuş torpaq isə Qanlı me­ridianı xatırladır.

Xaruki Murakami: "Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu"

Bu roman yazıçının "Norveç meşə­si" əsərinin bestsellerə çev­rilməsindən iki il sonra işıq üzü görüb. Çox da məşhur olmayan bu kitabda müəllif, əsasən, iki xəttə diqqəti yönəldib: əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu. Əsərin adını "Başdan-başa möcüzələr ölkəsi" kimi də tərcümə etmək olar. Əsər gözlənilməz süjet xətləriylə zəngin olduğundan oxucunu sonacan intizarda saxlayan qəribə fəlsəfi roman alınıb.

Edqar Allan Po: "Cənab Valdemarın başına gələnlər haqqında"

Bu əsərə roman yox, hekayət də demək olar. Olüm anında olan insanı transa salan hipnozçudan bəhs edən bu hekayət əsl elmi hesabat kimi də oxunur. 1845-ci ildə əsər aylıq "New York" jur­nalında dərc ediləndən sonra oxucuların çoxu buradakı hadisələri həqi­qət kimi qəbul etmişdi. Əs­lində, Edqar Po da buna çalışıb. O, əsərin təxəyyül məhsulu olduğunu cidd-cəhdlə gizlətmək istəyib.

Corc Oruell: "Keşiş qızı"

Özünün, bəlkə də, ən böyük tənqidçisi olan Corc Oruell "Keşiş qızı" əsərini cəfəngiyat adlandırıb və hət­ta tələb edib ki, kitabı onun ölümündən sonra çap etməsinlər. Oruell özünə qar­şı son dərəcə tələbkar olub. Bəlkə də heç bir tənqidçi əsərlərinə onun özü qədər tənqidi yanaşmayıb.

Ancaq xəstəlik səbəbindən küçəyə atılan evdar qadının taleyindən bəhs edən bu əsər, əslində, layiqli qiyməti­ni almayan əsərlər sırasındadır. Onu da qeyd etmək lazımdır ki, burada ənə­nəvi Oruell aydınlığı yoxdur, əsər eksperiment xarakterlidir. Müəllif bu əsərdə aşağı təbəqənin yaşam tərzini ustalıqla verə bilib və qoyduğu sual­lar Oruellin böyük yazıçıdan başqa, həm də böyük sosioloq olduğunu sübut edir.

Stiven Kinq: "Təxminən avtomobil kimi"

Stiven Kinqin bu əsərində hadisələr sürətlə inkişaf et­mir, yazıçı oxucunu intizarda saxlayır və onu əsərin hansı janrda olması mə­sələsində qəti qərara gəlməyə qoymur. Kinq süjetləri sənətkarlıqla qurur, onları qorxunc kulminasiya nöqtəsinə çatdırır ki, bu da yetərincə istedadı olmayan hansısa digər ya­zıçının qələmindən çıxsaydı, saxta görü­nərdi.

Qrem Qrin: "Muzdlu qatil"

"Muzdlu qatil" yazıçının "Brayton nabatı" əsə­rinin daha kəskin formasıdır. Bəlkə də, bu əsərlər qədər bir-birinə yaxın iki əsər tapmaq olmaz. Sadəcə, əgər ikinci kitabda hadisələr yerli qanqster dəstəsindən bəhs edirsə, birincidə beynəlxalq casus şəbəkəsindən söz açılır.

Ceyms Selter: "Kassada"

Selter 88 yaşında "Var olan hər şey" adlı altıncı romanı ilə böyük şöh­rət qazandı. Lakin "Kassada" romanı da maraqla oxunur. Roman 1950-ci illərdə Almaniyaya hərbi xidmətə göndərilmiş amerikalı hərbi təyyarəçidən bəhs edir. Özü keçmiş pilot olan Selter əsərdəki ha­disələri qeyri-adi dəqiqliklə təsvir edir və romanın sonluğu, tənqidçilərin sözü ilə desək, gözlənilməz hərbi təyyarə həmləsi kimidir.

 

Hazırladı: N. Əliyeva