Elektron ədəbiyyat və sənət portalı

Pablo Nerudanın poeziyası Salam Sarvanın tərcüməsində

Bölmə: Dünya ədəbiyyatı 25.12.2018

Pablo Neruda

 (Çili)

“SUALLAR KİTABI”NDAN

 

 

Niyə təyyarələr öz uşaqlarını

gəzməyə aparmır heç?

Limonların üstündə kürt yatan

hansı sarı quşdu axı?

Vertolyota kim öyrədəcək

günəşdən bal yığmağı?

Aydın ay  harda saxlayır

gecənin un dolu kisəsini?

***

Görən, fransız baharları

bu qədər yarpağı haradan tapır?

Arının qovduğu kor

harda gizlənsin, harda?

Nədən bişirəcəyik çörəyi

sarılıq qurtaranda?

***

Dəvə tısbağadan soruşdu:

– nə var donqarının altında?

Tısbağa soruşdu dəvədən:

– portağalla nə pıçıldaşırsan?

Harda daha çoxdu yarpaq –

bağda, ya Keçmişin Cəngəlliyində?

Yarpaqlar niyə özünü öldürür

saraldığını bilən kimi?

***

Sülh göyərçini sülhdümü?

Hökmən savaşdırmı pələng?

Niyə ölümün coğrafiyasından

dərs keçir professor?

Və nə gəlir başına

dərsə gecikmiş qaranquşların?

Doğrudanmı, səmada

şəffaf məktublar gəzir?

***

Kimə gülümsəyir düyü

dişlərini ağarda-ağarda?

Qızılgülün yüz ətəyi var,

bəs Karakas gözəlinin?

Niyə məni birələr dişləyir,

bir də bu ədəbiyyat çavuşları?

***

Görən, nə qədər qızıl var

qarğıdalı krallığında?

Bilirsənmi, Pataqoniyada

duman yaşıl olur günorta?

Kimdi suyun altındakı

tənha su bakında oxuyan?

Qarpız nəyə gülür axı

öldürülərkən?

***

Daha bir-birini sevməyənlərin sevgisi

harda yaşayır onlarsız?

Gözlərimdən soruşdum:

– bir də nə vaxt görüşəcəyik?

Mənzərə dəyişəndə sənin əllərin də

əlcəklərin üstündə dəyişdimi?

Göyün xışıltısı nə qoxuyur

çayın mavi nəğməsi altında?

***

Hamı üçün dörddü – dörd?

Oxşardımı görən bütün yeddilər?

Eynən sən gördüyün işıqdımı

dustağın yuxusuna girən işıq?

Bilirsənmi, ağır xəstələrin apreli

hansı rəngdədi?

Qərbin hansı ölkəsi

lalələrin bayrağı altında yaşayır?

***

Qocalar niyə xatırlamır

köhnə borclarını və yanıq yerlərini?

Bu, özünü itirmiş

qızcığazın ətiriydi?

Niyə kasıblar bir-birini unudurlar

varlı yaşayarkən?

Hardan elə zəng tapım ki,

sənin yuxularında səslənsin?

***

Qəribə deyilmi ki,

səhrada səyyaha düşməndi günəş?

Və qəribə deyilmi ki,

bunca mehribandı xəstəxana bağında?

Aydakı torda

balıqlardı, ya quşcuğazlar?

Özümü harada axtarıb-tapdım –

məni itirdikləri yerdə?

***

Həyat – bir-birindən fərqlənməyən

iki işıq arasında tuneldimi?

Ya iki tutqun üçbucaq arasında

işıqlanmadı?

Bəlkə də, bu,

quş yaradılmaq istəyən balıqdı elə?

Ölüm  yoxluqdan gəlir,

ya təhlükəli substansiyalardan?

***

Hardadı o uşaq –

hələ də məndədi, ya gedib?

O  uşaq bilirmi ki, biz heç vaxt

bir-birimizi sevməmişik?

Nədən bu neçə vaxtda

onunla bir yerdə böyüdük – ayrılmaqçün?

Nədən ikimiz də ölmədik,

uşaqlığım ölərkən?

Nədən mən ruhdan düşəndə

yenə də dik durur skeletim?

***

Niyə gizli doğulmadım?

Və niyə tək böyüdüm?

Bu dünyada mənim əvəzimə kim yaşayırdı,

mən yatarkən, xəstələnərkən?

Hansı bayraq ucaldı

unudulduğum yerdə?

***

Kəpənək oxuyurmu

pərvazlanan qanadlarının kitabını?

Hansı əlifbanı öyrənib arı

xəritələri oxumaqçün?

Milçək həlak olmuş yoldaşlarını

hansı ədədlərə vurub çoxaldır?

Qasırğa necə adlanır

qopmadığı zamanlar?

***

Buğdanın üstündə kimin zəhməti daha çoxdu –

insanın, ya günəşin?

Küknarla lalənin arasında

torpaq kimi  daha çox sevir?

Çovdarla səhləbin arasında –

kim  daha əzizdi ona?

Niyə qızılgül belə təmtəraqlıdı,

çörəyin qızılı saxtadı amma?

Payız –  ilin leqal fəslidi, ya gizli?

 

Tərcümə edən: Salam Sarvan