Elektron ədəbiyyat və sənət portalı

Akutaqava Rünöskenin novellası

Bölmə: Dünya ədəbiyyatı 03.01.2019

 

Akutaqava Rünöske
(Yaponiya)

Hörümçək toru

(novella)

 

Bir dəfə Budda cənnət gölünün sahilində tək-tənha gəzişirdi.

Gölün üzünü mirvari kimi ağappaq şanagüllələr örtmüşdü, onların qızılı özəyi ətrafa məste­dici şirin ətir saçırdı.

O vaxt cənnətdə səhər idi.

Budda fikirli-fikirli dayandı və birdən şanagüllələrin iri yarpaq­ları arasından bərq vuran suda – Şanagüllələr gölünün dərinliyin­də nələr baş verdiyini gördü.

Cənnət gölü cəhənnəmin dibi­nə qədər uzanıb gedirdi.

Onun büllur suları içindən İy­nəli dağ, Sandzu çayı elə aydın görünürdü ki, sanki əlini uzatsan çatardı.

Cəhənnəmin dərinliklərində saysız-hesabsız günahkar qayna­şırdı. Və iş elə gətirdi ki, Budda­nın nəzərini Kandata adlı bir gü­nahkar cəlb elədi.

Kandata qaniçən bir quldur idi. Çoxlu cinayətlər etmişdi: öl­dürmüşdü, soymuşdu, yandır­mışdı, ancaq onun da hesabında bir xeyirxah iş tapıldı.

O, bir dəfə sıx meşəliklə gedəndə cığırın kənarıyla bapbalaca hö­rümçəyin qaçdığını görür. Kan­data, az qala, ayağıyla onu ba­sıb əzəcəkdi ki, öz-özünə deyir: «Yox, o, çox balaca olsa da, hər halda, canlı məxluqdu. Heyifdi onu nahaq yerə öldürmək».

Və hörümçəyə rəhm eləyir.

Budda cəhənnəmi seyr eləyən­də quldur Kandatanın bir dəfə hörümçəyə həyat bağışladığını xatırladı və ürəyindən keçdi ki, o bir xeyirxah işin əvəzində bu qulduru cəhənnəmin dərinliyin­dən xilas eləsin. Xoşbəxtlikdən Buddanın gözünə bir cənnət hö­rümçəyi sataşdı. O, gümüşü rəngli qə­şəng lifi bir şanagüllənin nefritə oxşayan yaşıl yarpağından asdı.

Budda bu incə hörümçək lifini ehtiyatla əlinə götürüb, ucu­nu mirvari kimi ağ şanagüllələrin arasından suya salladı. Hörüm­çək lifi cəhənnəmin uzaq dərinliklərinə çatana qədər dümdüz aşağı endi.

Kandata cəhənnəmin dibində, başqa günahkarlarla bir yerdə Qan gölünün burulğanında gah batıb-gah çıxaraq it əzabı çəkirdi.

Hər yanda zülmət hökm sü­rürdü. Yalnız arabir nəsə tutqun-tutqun işıldayırdı. Qanqaraldıcı dəhşətli mənzərəni təsvir etməyə söz də aciz idi. Ətraf məzar kimi sakitlik idi. Hərdən günah­karların boğuq ahı eşidilirdi.

Cəhənnəmin lap dibinə atılmış günahkarların çəkdikləri əzab­lardan sonra ağlamağa belə hey­ləri qalmamışdı.

Elə buna görə, hətta quldur Kandata da Qan gölündə qan uda-uda can verən qurbağa kimi qıvrılırdı.

Birdən Kandata başını qaldırıb Qan gölünün üstünü tutmuş qaran­lığa baxmağa başladı. Bu boş qaran­lıqdan, lap uzaq səmadan şüa kimi parıldayaraq yavaş-yavaş, elə bil başqa günahkarların gözünə görü­nəcəyindən qorxa-qorxa gümüşü hörümçək lifi düz ona tərəf enirdi.

Kandata sevincdən çəpik çaldı. Ona yalnız bu lifdən yapışıb yu­xarı dartınmaq qalırdı. Onda, bəl­kə, cəhənnəmdən sivişib çıxardı.

Əgər bəxti gətirsə, lap cənnətə də düşərdi. Daha onu İynəli dağın zirvəsinə qovub, oradan təzədən Qan gölünə tullamazlar.

Kandata bu ümiddən ruhlana­raq hörümçək torundan ikiəlli yapışıb, bütün gücüylə yuxarı dırmaşmağa başladı.

Əlbəttə, təcrübəli oğru üçün bu, adi işiydi.

Ancaq cəhənnəmdən cənnət iqamətgahına kimi on minlərlə ri[1] məsafə var idi. Nə qədər ça­lışsa da, dağın zirvəsinə qalxmaq elə də asan deyildi. Kandata yuxarı dırmaşdı, dırmaşdı, ancaq onun kimi güclü adama da, nə­hayət, yorğunluq üstün gəldi. Səmaya birnəfəsə çata bilmədi.

Çarə yox idi, gərək dayanıb nəfəs alaydı. Yarıyolda dayanıb hörümçək torundan sallana-sal­lana dincəldiyi yerdə qəfil aşağı, dərin uçuruma baxdı.

Kandata bu nazik liflə nahaq yerə belə inadla yuxarı dırmaş­mamışdı. Bir az əvvəl min əzab çəkdiyi Qan gölü zülmətdə it­mişdi. Cəhənnəm zülmətində tutqun-tutqun işaran qorxunc İy­nəli dağın zirvəsi isə artıq onun bir addımlığında idi. Əgər yenə belə cəld dırmaşsa, çox güman, cəhənnəmdən canını qurtara biləcəkdi.

Kandata hörümçək lifindən möh­kəm yapışıb, uzun illərdən sonra in­san səsiylə qəhqəhə çəkib qışqırdı:

– Qurtuldum! Qurtuldum!

Ancaq bu zaman birdən gördü ki, saysız-hesabsız başqa günah­karlar da lifdən yapışıb, qarışqa dəstəsi kimi onun ardınca yuxarı dırmaşırlar.

Kandata qorxudan və heyrət­dən səfeh-səfeh ağzını açıb bir müddət gözlərini döydü. Bu nazik hörümçək lifi onun özünü güclə saxlayırdı, bu qədər adama necə tab gətirəcəkdi?

Əgər lif qırılsa, özü də bu qədər yuxarı qalxdığı yerdən kəlləmayallaq cəhənnəmə yuvarlanacaq. Əlvida, azadlıq ümidi!

Bunları fikirləşdiyi vaxt günahkarlar dəstəylə Qan gölünün qaranlıq dərinliyindən sürünüb çıxırdılar. Yüzlərlə, minlərlə günahkar zəncir kimi düzülüb tələsə-tələsə, şüa təki parıldayan nazik hörümçək lifiylə yuxarı dırmaşırdı. Təcili nəsə eləmək lazımıydı, yoxsa lif hökmən qırılacaq, o da uçuruma yuvarlanacaq.

Kandata var gücüylə çığırdı:

– Ey, günahkarlar! Bu mənim lifimdi! Kim sizə ixtiyar verib, ona dırmaşmağa? Di tez düşün. Düşün aşağı!

Elə bu vaxt gör bir nə baş verdi!

Bu vaxta qədər bütöv olan lif birdən Kandatanın tutduğu yerdən qırıldı.

Ah çəkməyə də macal tapmadı, fırlana-fırlana, küləkləri vıyıltıyla yara-yara kəlləmayallaq aşağıya, zülmətin lap dərinliyinə düşdü.

Təkcə qırıq hörümçək lifi cəhənnəmin aysız, ulduzsuz göyündə şüa kimi parıldayaraq hələ də sallanıb qalmışdı...

Şanagüllə gölünün sahilində dayanmış Budda əvvəldən axıra qədər hər şeyi görmüşdü. Və Kandata atılmış daş kimi Qan gölünün dibinə batanda, Budda kədərli-kədərli yenə gəzişməyə başladı.

Kandatanın ürəyi mərhəmətdən, rəhmdən uzaq idi, yalnız nə yolla özünü cəhənnəmdən qurtarmağı fikirləşirdi və buna görə də haqlı cəzasını almışdı: yenidən cəhənnəmin girdabına atılmışdı. Buddanın nəzərində bu, rüsvayçı və miskin bir tamaşaydı!

Ancaq cənnətin Şanagüllə gölündəki şanagüllələr buna biganə qalmışdılar.

Onların mirvari kimi ağ gülləri Buddanın ayaqları yanında asta-asta yırğalanırdı.

Və onun hər addımında şanagüllələrin qızılı özəkləri ətrafa məstedici şirin ətir saçırdı.

Cənnətdə günortaya az qalırdı.

 

Tərcümə edən: Saday BUDAQLI

  

[1]Ri – uzunluq ölçüsü, 654 metr