Elektron ədəbiyyat və sənət portalı

Elçin Aslangil - Quduz it

Bölmə: Yeni imzalar 07.01.2019

 Quduz it (hekayə)


(Bu, mənim hekayəmdir)


12 iyul. 2010-cu il.


Gözlərimi azacıq açdım, otağın qaranlığından başqa bir şey görməyib, yenə yuxuladım.
- Və bunu da bilin ki, Allah heç kəsə qaldıra bilməyəcəyindən ağır yük, çəkə bilməyəcəyindən artıq dərd verməz. Yaxın gəl Elçin, sən də otur, qulaq as.
iri sütunların kölgəsində daldalanan üzlərin heç birini tanımıram, elə danışan adamı da. Ancaq buranın məscid olduğuna əminəm.
- Dostum, aç o qarşındakı kitabı.
Bu kitab Qurandır, bir neçə dəfə tərcüməsini oxumuşam.
- Aç, oxu!
- Hökmən, yaa Rəbb!
- Hökmən, yaa Rəbb! - nə deməkdir bilirsən?
- Deyəsən, bilirəm...
- Nə?
- Rəbb... Yəni, Allah tək...
- Bəli, Allah tək varlıqdır, şəriksizdir!


* * *


- Elçiiin! Elçin, artıq səhər açılıb, gecikə bilərik, bəsdir yatdın.
- Hökmən, yaa Rəbb. - Bu nə deməkdir?
- Sabahın xeyir. Allah tək varlıqdır, şəriksizdir. Nə olub ki?
- Yuxuda dedilər mənə. Bəlkə, getməyək?
- Vallah, atama söz vermişəm. Qalx, tənbəllik eləmə. Əl-üzünü yu, əynini geyin, artıq saat doqquzdur.
- Yaxşı.
- Əmi, bir az əvvəl bağı gəzirdim, it arxamca düşdü, ayaq izlərimi iyləməyə başladı. Bax, düz evin tininə qədər gəldi arxamca. itin gözləri də qızarıb.
- Allah qorusun, bu istilər bizi öldürməsə yaxşıdır. Heyvan istidən əziyyət çəkir, tez-tez özünü arx-bərəyə vurur, yəqin, suya girməkdən itin gözünə qan damıb.
- Dilbər hardadır?
- Evin o biri üzünə keç, sənə kətə bişirir. 
- O, kətə də bişirə bilir?
- Mən sənə qızı verəndə dedim axı ki, bacarıqlıdır. Düzdanışan kişilərdənəm.
- Əmi, mən şair adamam. Düzdanışan düzləri gəzdim qızını almamışdan qabaq. Qaratikandan tutmuş yulğuna, yovşana qədər dil açıb dedilər - əmin kişi adamdı.
- Qızımı alanda da belə tərifləmişdin məni.

 

* * *


"Yaa Məhəmməd, de ona! De ki, Allah bilir!"
Nəyə görə dəniz sularının üstündə bərq vuran ayın ziyası, onun durduğu yerə qədərdir? Üzünü görmək də olmur. Məhəmməd Allahın bildiyini deməlidir mənə? Bəs yaxşı, bütün müqəddəslər nə üçün həmişə hamının gözünə eyni cür, ağ geyimdə görsənirlər?


* * *


- Yuxu görən gözlərindən öpüm, yoxsa pörtmüş yanaqlarından?
- Dilbər, yenə yuxu gördüm...
- Sən namaz qılmalısan. Mən deyirəm, mən eşidirəm. Quranı neçə dəfə oxumuş adamsan, qəlbini Allaha aç.
- Mənim yerimə namazı mələklər qılır, mən pak və təmizəm. Həm də sənə demişəm axı, şairlər yarıpeyğəmbərdir. - O güldü, mən də güldüm - Həyətə düşəndə itdən özünü qoru.
- O it mənim itimdir. Onu bu qapıya mən gətirmişəm, mən böyütmüşəm. İtə heç nə olmayıb.


* * *


13 iyul 2010-cu il.
- Elçin, yaxşı bir qoşalülə rastına çıxsa, mənə xəbər et.
- Teymur, mənimki qələmdir, qoşalülə mənlik deyil.
- Qapıya çaqqal-çuqqal dadanıb. Qonşuya demişəm, bu gün gətirəsidir tüfəngini. Gecə düşən kimi çiynimə atıb, keçəcəm bağın ayağına. Tülküdən, çaqqaldan, canavardan, hansını vursam, o birilərin də ayağı kəsiləcək.
- Gecə mən də yerə düşürəm, çaşıb məni də vurarsan.
- O qışqırtı hardan gəlir, a gəlin?
- Bu nə qışqırıqdır əmi?
- Teymur, Elçin, düşün aşağı, görün o nə səsdir?! A gəlin, o süpürgəni əlindən yerə qoy, bir bax gör, o nə səsdir, kimdir qışqıran?! 
(5 iyul 2010-cu il. Atam Dilbərə demişdi: Sizə getmişdim. Hamının sənə salamı var. Səndən də salam dedim onlara. Dilbər, itinizdən gözüm su içmədi. Hürmədən üstümə şığıdı. Deyəsən, itinizi çaqqal dalayıb.)


* * *


- Bu, pis əlamətdir..
- Sən dedin ki, atanın yüz yaşlı bibisi beşik asıb?
- O, beşiyi asıb dua oxudu.
- Boş şeydir, bunun heç bir xeyiri olmayacaq.
- O, öz otağından beşik asdı, sonra Qurandan bir neçə ayə oxudu və mən də o beşiyin başına bir neçə dəfə fırlandım.
- Eləcə fırlandın?
- Başqa nə etməli idim?
- Fırlana-fırlana mahnı da oxuyaydın.
- Sən zarafat elə, Ayətəlkürsünü oxudum.
- Ayətəlkürsünün buna nə dəxli? Bəqərə surəsinin həmin ayələrində Allahın qüdrətindən danışılır. Orda beşik haqda, uşaq haqda heç nə yoxdur.
- Mən o ayələri oxuyub Allahı zikr edərək övlad diləyirdim.
- Maraqlı ayindir. Gərək məni də çağıraydın, bir az kefim açılardı.
- Kitaba da baxdı.
- Hansı kitaba?
- Qurana.
- Başa düşmədim..
- Dedi ki, iki dənə qara it əl-ayağını gəmirir.
- Bunu Qurandan oxudu?
- Quranda elə yazılmayıb. Əvvəl dodağının altında nəsə deyir, sonra kitab açır. Deyir, mənə əməl ediblər.
- Necə əməl?
- Nə bilim.
- Əşşi, boşla getsin. Yat.
- Səhər səni tez oyadacam yuxudan. Bacım bizi qonaq çağırıb. Hava qızmamış gedərik.
- Yaxşı. Bu gün gördün? - Biz qapıya girən kimi it üstümüzə yüyürdü. Heç oynaqlamadı, ikimizi də iyləyib, çıxıb getdi. itin gözləri qan çanağıdır. Həyətə düşəndə ehtiyatlı ol, tək düşmə.
- itə heç nə olmayıb. Teymura da belə deyib küyləndirmə, yoxsa öldürər iti.
“Ya Məhəmməd, de ona! De ki, Allah bilir!"
- Ana, biz bu gün bacımgilə qonaq gedəcəyik.
- Hava qızmamış gedin. Bir az pomidor da yığ, apar.
- Yaxşı, indi düşüb yığaram.
- Elçini oyatdın?
- Hə. Amma hələ eşələnəcək yataqda, beş-on dəqiqəyə qalxar.
- Bu, pis əlamətdir...
- Niyə, nə olub?
- Ağaca bax.
- Nə var ağacda?
- Bayquşu görmürsən?
- Hə, gördüm. Bu, gecə də burda idi, səsini eşitdim. Elçin də bayquşun səsini eşitdi. Mən də pis əlamət olduğunu dedim.
- Səhərçağı bu bayquşun burda nə işi var? - Allah xeyir eləsin.
Sonralar Dilbər deyirdi: “Həyətə düşdüm. Evin yanından vedrəni götürüb, əkin sahəsinə yollandım. İt görünmürdü. Fikirliydim, nar ağacının budağı az qala gözümə girəcəkdi. Gözümün üstünə batdı. Yerə çöməlib, göynərtisindən təxminən beş dəqiqə zarıdım. İt yox idi. Əkinlikdən pomidor yığıb evə gələndə, iti bağın ayağındakı qopalaq- dan içəri girən gördüm, sudan gəlirdi, islanmışdı. Məni görüb üstümə cumdu".
(Səhərüzü təxminən saat 6:00-da, Teymur əkin sahəsini sulamaq üçün arxa qapıdan su başına çıxır. Əkinə su açıb evə qayıdanda, bağın çölə açılan qopalağını bağlamağı unudur. İt gecələr çöldə olurdu. Teymur su açdığı beli evin həyəti ilə əkin sahəsinin arakəsmə çəpərinə söykəyir.)
- İt. İiiiiit! - yubanmaq olmaz. Elə birbaşa eyvandan tullanmaq lazımdır. Var gücümlə qaçmalıyam,.. Çəpərin dibində bel var. Çatan kimi belin tini ilə itin başını üzdürəcəm. Qışqırım, bəlkə, səsimdən qorxdu - rədd ol iiiit, iiiit, iiiiiiiiit! Beli itin hulqumuna sıxmışam. Sağ ayağımla itin belindən basıram və - Dilbər, qolunu ehmalca itin ağzından çəkib çıxaaaart! Bir az tez! Kömək ediiiiiin! Teymuuuur! Əmiiiiii!
- Elçin, qorxma, mən yaxşıyam.
O, çox sakitdir. Amma gözlərindəki yorğunluq məni düşündürür. Yəqin ki, ağrıdır...
- Hə, yaxşı, mən qorxmuram. Sən qolunu itin ağzından al, oldu?
- Yaxşı.
Dilbər qolunu itin dişlərindən sıyırıb çıxartdı. Sağ ayağımın altında möhkəmcə saxladığım itin başından, əlimdəki bellə vurmaq istəyirəm. Birdən...
- Dilbər, sənin qolundan güclü qan axır. İt damarını zədələyib?
Onun rəngi saralıb. Halsızdır, ayaq üstə güclə durur.
- Bilmirəm, Elçin.
Əlimdəki beli, itə fikir vermədən kənara atıram. Qorxu... Bu, çox pisdir... O, qanax¬madan ölə bilər? İt ayağımın altından asanlıqla sıyrılıb qaçdı. Qəribədir, it niyə mənə cummadı?
Mən Dilbərə demişdim, itdən özünü qorusun, ehtiyatlı olsun. O isə məni eşitmədi. Bəlkə də, ömrümdə ilk dəfə səhər yemək yeyəcəkdim. Masanın arxasında Dilbərin atası (Ona hamımız əmi deyirdik), qardaşı və mən səhər yeməyi üçün oturmuşduq. Onlar mənim yuxudan oyanmağımı gözləyərək, səhər yeməyini gecikdirmişdilər. Teymurun arvadı həyəti süpürürdü. Dilbərin harda olduğunu bilmirdim. O, məni yuxudan oyadıb, bir neçə dəqiqəlik söhbətdən sonra otaqdan çıxmışdı. Biz səs eşitdik. Əlimdəki, hələ bir qurtum da olsun içmədiyim çaya ötəri nəzər salıb, səsin hardan gəldiyinə qulaq verdim. - Uşaq səsidir? - Kimsə qışqırırdı. Sonra Dilbərin atası, Teymurun arvadına səslənəndə, anladım. Axı mən ona demişdim, itdən özünü qorusun. Bunu öz-özümə dediyim vaxtda, Teymurun həyat yoldaşı "it" deyib qışqıranda eyvandan tullanıb səs gələn tərəfə qaçdım. Hay-küy salıb iti qorxutmaq istəyirdim, amma it Dilbəri altına alaraq qolunu gəmirirdi. Mən Dilbərin qolundan axan qanı görüb iti boşladım. İt cəmi 10 metr uzaqlaşa bildi bizdən. Bir neçə ev kənarda yaşayan qonşu təsadüfən tüfənglə həyətə girərək ilk atəşdəcə iti vurdu. O, tüfəngi Teymura gətirmişdi, gecələr qapıya dadanan canavarı, çaqqalı öldürmək üçün. 
- Əgər mənim gəlinimi bu xəstəliyin caynağından qurtara bilsəniz, bu dünyada istəyib əldə etmədiyiniz hər şeyi əldə edəcəksiniz, sizə söz verirəm. Əlinizdən gələni əsirgəməyin, professor.
- Belə gözəl gözləri olan qızla ilk dəfədir qarşılaşıram. Gözlərinin qəribə rəngi var. Dünən gecə-tünd göy idi. İndi isə dəniz mavisidir. Mən çalışacam.
- Elçinin yanında belə deməyin.
- Başa düşürəm..


* * *


8 avqust 2010-cu il.
Göydə ulduz azdır. Bir azdan azan veriləcək. Bayaqdan xəstəxananın həyətində dolaşan qara pişik, mənə yaxınlaşdı. Düz önümdə dayanıb. Sağ böyrüm üstə skamyada uzanmışam, infeksiya şöbəsinin qarşısında. Görəsən, Dilbər niyə bu qədər çox yatır? Hərdən ağzından köpük də gəlir. Mənə deyirlər ki, bu, adi yuxudur. Bu, adi yuxu deyil, bilirəm. Hə, pişik, de görüm, Dilbər niyə bu qədər çox yatır? Sən bilirsən?
Pişik ağzını azacıq açıb, qıcanırmış kimi dişlərini göstərdi. Üzümə diqqətlə baxıb mırıldadı.
Üç şey eyni vaxtda baş verdi - qapının açılması, pişiyin mırıldaması, azanın başlanması. Qorxaraq uzandığım skamyadan dik atıldım. İnfeksiya şöbəsinin qapısını açan tibb bacısı ilk olaraq məni gördü. Atamla Dilbərin qardaşı maşında yuxuya getmişdilər.
- Siz, xəstənin həyat yoldaşı, zəhmət olmazsa, gəlin.
Dəhlizdə dizlərim əsə-əsə qaçdım, Dilbərin yatdığı palataya doğru. Bu palata bir gün bundan əvvəl çox gözəl idi. Yeni yazdığım şeirlərdən birini, Dilbərə və onun gözəlliyinin işığına yığışmış tibb bacılarına söyləmişdim. Bəyənmişdilər. Bu dəhlizin uzunluğu iyirmi metrdən çox olmaz. Amma Dilbərə çatmaq üçün yol çox uzun oldu.
- Bəli, tibb bacısı, eşidirəm sizi.
- Heç nə.
- Necə yəni heç nə? Dilbərin gözləri açıqdır, nə vaxt oyanıb yuxudan?
- Oyanmayıb.
- Gözüaçıq yatır?
- Yox.
- O, sizə nəsə dedi? Məni soruşmadı ki? 
- Heç nə demədi. Yox, soruşmadı.
- Dünən yatanda gözüaçıq deyildi.
- Elçin, özün meyiti burdan çıxardacaqsan, yoxsa kömək çağırım?
- Nə?
- Hə.
- Hər şey qurtardı?
- Hə.
- Vəssalam?
- Hə.
- Oyanmayacaq?
- Yox.
- Öldü?
- Hə.
- Mən üşüyürəm...
- Hava elə də soyuq deyil.
- Mənə soyuqdur...
- Atanla qaynın arxanda durub, yol ver, keçib götürsünlər.
- Onlar ağlayır, mən ağlamıram. Özüm götürəcəm.
- Yaxşı.
- Dişlərim qırılacaq...
- Sakit ol, özünü ələ al.
- Siz, bir-birinə dəyən dişlərimin səsini eşidirsiniz?
- Eşidirəm. Ağlamağa çalış, özünü sıxma.
- Dilbər demişdi ağlamayım...
Və mən onu özüm götürdüm. Cansız deyildi. Bəlkə də, üzündəki təbəssüm idi onu canlandıran, ölüykən diri edən. Ən qəribəsi isə, mən də gülümsəyirdim...