Ürəyimdə bir düşüncə
yataqda yastıqlar,
arasında ölmək.
Tərk edilmiş
bomboş otaqda
boşuna tükənmək
şam kimi...
Belə ölüm vermə mənə,
belə ölüm vermə, Tanrım!
İldırımın parçaladığı,
qasırğanın
kökündən çıxarıb
yıxdığı ağac olum,
göy gurultusuyla
dağdan bir uçqun
kimi düşən qaya olum.
Məqsədimiz çağdaş macar poeziyasını incələmək olsa da, XIX əsr macar şairi Sandor Petofiyə məxsus olan bu şeiri təqdim etməklə bəri başdan demək istəyirik ki, bugünkü macar şeirinin də ruhu, intonasiyası, haradasa, elə bu şeirin canındakı tənhalıq motivi üzərində qalmaqdadır.
Tənhalığın poeziyası, daha çox, romantizmlə bağlıdır. Bu poeziya, əvvəla, kosmik tənhalıqdan – insanın kainata xüsusi missiya ilə gəlişinə inanmasından və bu missiyanı yerinə yetirə bilmədiyinə görə yaşadığı komplekslərdən doğulur. Yəni bu, hər şeydən əvvəl, dünya ilə, yaradılışla daimi konfliktdə təklənmək hissinin poeziyasıdır. Tənhalığın poeziyası həm də şairin sosial tənhalığından – yaşadığı dövrün, cəmiyyətin sosial-ictimai reallıqları ilə ziddiyyətlərdən qaynaqlanır. Bir də mədəni tənhalıq var: sən daşıyıcısı olmadığın dəyərlər sisteminin içindəsən, sən təfəkkür qürbətində yaşayırsan. Macar şeiri bütün dövrü ərzində böyük bir yalqızlıq acısı yaşamış kimi görünür.
Çayla yanaşı uzanmışam.
Ulduzlar nizamla düzülüb
çayın sularında və
mənim üzümdə.
Bu uzanmış vəziyyətdə
nə qardaşam, nə ərəm,
nə macaram.
Bəs kiməm?
Sadəcə, yorğun adam!
Bu misralar isə XX əsr Macarıstan şairi Attila Yozefin şeirindəndir. Həmvətənləri onu XX əsr macar poeziyasının klassiki hesab edirlər. Hər il Macarıstanda poeziya günü də aprelin 11-də – Yozefin doğum günündə keçirilir. Macar ədəbiyyatşünaslığında dissertasiyaların əksəriyyəti onun yaradıcılığı haqqındadır. Bu elmi işlərin həcmi şairin yaradıcılığının həcmindən bir neçə yüz dəfə böyükdür. "Latın Amerikası şeiri" deyəndə Nerudanı, "türk şeiri" deyəndə Nazim Hikməti xatırladığımız kimi, "macar şeiri" deyəndə də yada düşən ilk ad Attila Jozefdir. Hərçənd bu böyük şairin Neruda kimi dünya şöhrəti yoxdur. Heç beş addımlıqdakı Avropa oxucuları da onu yaxşı tanımırlar. Deyəsən, bizim "Biləcəri sindromu" adlandırdığımız problemi macar şairləri də yaşayıblar, yaşamaqdadırlar.
Məşhur yazıçı Artur Kestler Attila Yozefin faciəli ölümü haqqında yazanda məhz bu hissi – dünya ədəbiyyatından təcrid hissini qabardırdı: "Bəlkə də, bu xalqın yalqızlığıdır belə dahiləri yetişdirən. Bəli, Endre Adi, Attila Yozef kimi dahilər kənar dünya üçün lal-kar doğulurlar. Bəlkə, bundan sonra da çoxları bilməyəcək ki, dünyanın indiyədək tanımadığı Attila Yozef böyük Avropa liriki idi”.
Bəli, macar tənqidçilərinin "ağrının dahisi" adlandırdıqları Yozefin şeirlərindəki böyük kədər həm xalqının, həm də özünün yaşadığı sarsıntılardan gəlirdi. Söhbət üç yaşında atasını, on dörd yaşında anasını itirən, bütün ömrünü yoxsulluq içində keçirən, bir şeirinə görə universitetdən qovulan, bir sözünə görə Kommunist Partiyasından xaric edilən, ömrünün son illərini xəstəliklə çarpışan, otuz iki yaşında özünü qatarın altına ataraq intihar edən bir şairdən gedir.
Amma Attila Yozefin poeziyasındakı ağrı yalnız bioqrafik deyil, bəşəridir:
Qışqıran mən deyiləm, yer
uğuldayır.
Uzan suların duru dibinə,
yapış pəncərə şüşəsinə,
gizlən almazların
parıltısı arxasında,
daşlar altındakı
böcəklər arasında,
gizlə özünü isti çörək içində.
Boşuna yuyunursan
öz içində,
yalnız başqa suda
yuya bilərsən üzünü.
Ey maşınlar, quşlar,
yarpaqlar, ulduzlar,
sonsuz anamız uşaq istəyir.
Qışqıran mən deyiləm,
yer uğuldayır.
Demək olar ki, elə macar xalqı da şair xalqdır. Macar şeir günündə ölkənin hər şəhərində, hər kəndində müxtəlif tədbirlər təşkil edilir. Bağçalarda uşaqlar şeir yazmağa həvəsləndirilir, teatrlarda şeir gecələri keçirilir, dünyanın başqa ölkələrindən Macarıstan paytaxtına qonaqlar axışır, meydanlarda izdiham qarşısında şeir oxunur, macar şairlərinin misraları şüarlar kimi səsləndirilir.
Təbii, Avropa coğrafiyasında yerləşən ölkə olaraq, Macarıstanın ədəbiyyatının estetik xəritəsi rəngarəngdir. Macar şeiri XX əsrin əvvəllərində həm romantik idi, həm də realist. Bu istiqamətlərin Ferens Molnar, Viktor Rakoşi, Şandor Brodi kimi nümayəndələri özlərini fransız ənənələrinin davamçıları sayırdılar. Növbəti mərhələ Qərb modernizminin dalğası ilə başlasa da, Macarıstanda sənayenin sürətli inkişafı ilə də bağlıydı. Bu dövrdə "Qərb" jurnalının ətrafına toplaşan modernistlər qrupu xeyli istedadlı şairlər üzə çıxardılar.
Son qırx ildə ədəbiyyata gələn şairlərin içində Avropanın modernizm təcrübəsinə söykənən "müasir modernistlər" də var, yeni ədəbi konsepsiyaları folklor elementlərilə, "geridə qalmış" poetik ənənələrlə birləşdirən "klassik modernistlər" də. Ancaq fərqi yoxdur, onların hamısının şeirlərində "həmin tənhalıq hissi" mətndaxili bir ağrı kimi keçir. Məsələn, Macarıstan Yazıçılar Birliyinin sədri, səkkiz şeir kitabının müəllifi Yanoş Sentmartoni yazır:
Nə yorulur, nə bezirəm,
günlərlə, həftələrlə sözə forma gəzirəm.
Amma hər an divarlar qalxır qarış-qarış,
binalar ucalır durğun substansiyadan...
Nəşəyəmsə də, kədərəmsə də,
yoxa çıxmağa hazıram,
amma gərək sözdən icazə alam.
Və eyni ağrını "tərcüməyə çətin gələn" şeirlər müəllifi kimi tanınan Laura Yanku yaradıcılığında da görürük:
Sümükləri yığışdırmayın,
onlardan körpü tikəcəyik
Tanrıya gedən yolda...
...Qoynum qorxulara sığınacaq,
boz gözlərin baxışı
nohur üstündə duman.
Bir parça səma
həmişəki çörəyim,
gözləmə zalı həmişəki evim.
"Tənhalıq hissi" baxımından, bəlkə də, çağdaş macar poeziyasının başqa bir nümayəndəsini – Yanoş Lasfini istisna saymaq olar. Müasirləri onu "daşan enerji" adlandırırlar. Əlbəttə, 20 il ərzində ədəbiyyatda bu həcmdə iş görmək hər adama nəsib olmur. Yanoş Lasfi təkcə şeir yox, həm də hekayə, roman, esse, pyes, uşaqlar üçün nağıl, tənqidi məqalə yazır. Səkkiz şeir, üç nəsr kitabının, uşaqlar üçün on kitabın, iyirmidən çox tərcümə toplusunun müəllifi, otuza yaxın mükafat sahibidir. Üstəlik, universitetdə ədəbiyyat nəzəriyyəsindən və tərcümə təcrübəsindən dərs deyir; Macar Tərcüməçiləri Birliyinin yaradıcılarından və rəhbərlərindən biridir. Onun yaradıcılığını "çağdaş macar poeziyasının optimizmi" hesab edirlər: ən adi məqama, ən xırda detala da heyrətlənən, hər şeyə uşaq kimi sevinən poeziya...
Elə ki sinəmdə kükrəyir qəzəb
qırıram qab-qacağı
sonra gəzirəm
varlığın qırıntıları üstündə.
Elə ki içimə sakitlik gəlir
minlərlə qırıntıdan
yığıram özümü.
(Şeirlərin tərcüməsi müəllifə məxsusdur)
Salam Sarvan