Dedilər, kəndə gəlir Omaroğlu. Tanıyanların içindən bir sazaq kimi keçdi bu xəbər. Bir-iki ağsaqqalısa elə silkələdi ki...
Dəmirçi Abdulla əlini başının dalındakı şişə qoyub, yerindəcə dondu. Ürəyindən bu sözlər keçdi gicitkən kimi içini dalaya-dalaya:
- Nəyə gəlir bu sağ olmuş, başımızı yerə soxmağamı? O ki kəndin başbilən el atasıydı. Üstünə artırmayıbmı bəs ağlının, kamalının?! Üzümüzə lombaynan tüpürməyəmi gəlir?
Müsəllim kişi dəyirmanda eşitdi dəyirmançı Musaynan gapının şirin yerində. Sözünü ağzında qoydu bu xəbər: onun gözünə baxmaqdansa, 404 dəyirmanın boğazına diri düşüb, ölü çıxmaq yaxşıdı, - dedi. Sarıisələrin Rəhiminin başı daha çox əsməyə başladı. Elə bil bu xəbər qasırğaya dönüb başını silkələyirdi: bu sinnimizdə belimizi qıracaq onun gəlişi. Namərdlik nə bikar şeymiş, ay Allah.
Əbdürrəhim kişinin yorğanına qor doldurdu bu gəliş, dedi, kaş o gələnə kimi canımı verib gedəydim elə çayın o tərəfinə, qəbiristana. Onsuz da, deyəsən, ələyim ələnib.
Bircə Qafarla ləzgi Məhəmmədə kar eləmədi. Yerləri rahat idi onların. Nə bilmək olar, bəlkə, o gecəsi qəbirləri od tutub yanacaqdı rəhmətliklərin.
Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar bu xəbəri gətirdiyinə görə. Elə bil atalarını söymüşdü bu cıy-cıy poçtalyon. Bircə Müsəllim çənəsinin altına bir də saldı onu. Qorxdu ki, birdən Tapdığın əməli olar bu da. Bir dəfə Tapdığın cinini tutduranda Omaroğlunu yadına salmışdı. Hələ bihörmət də eləmişdi Müsəllimi.
- Omaroğlu bir gün gəlib hərənizin imanınıza bir tula bağlayacaq.
- Özün gördünmü, a Musa?
- Gördüm.
- De canın üçün.
- Öz başım haqqı.
- Gap da elədinmi?
- Bə nə, gedim gəlməyim, itkin Qafar qağamın əziz canı üçün, düz bir saat danışdıq. Danışdıq deyəndə ki, poçtun alt yanındakı bağda əyləşdik. Saçı-saqqalı dümağdı. Danışmağı-zadı da yoxdu çox elə. Hərdən başını qaldırıb bir sual tullayırdı.
- Nə barədə, bizi də soruşub elədimi?
- Yox, elə birinci külfətini xəbər aldı. Dedim yaxşıdılar, şükür.
- Bə demədinmi...
- Yox, hara deyirəm. Cınqırımı çıxara bilmədim.
- Sonra nə gap elədi?
- Məmmərzə kişini soruşdu.
- Məmmərzə hamıdan kişi çıxdı, gənə sağ olsun. Özüm, dedi, şenliyə gələcəyəm.
- Hə, dedi, bir-iki günə ordayam, Məmmərzəyə de, evdə-eşikdə olsun.
Qocaların dərdli-azarlı günləri başladı, nə başladı. Ev dustağı oldular, idarənin qabağına çıxıb doyunca gap eləyə bilmədilər o xəbər gələndən.
Axır ki, gəlib çıxdı Omaroğlu. Maşını birbaşa Məmmərzə kişinin doqqazına sürdürdü. Məmmərzə kişi saç-saqqalı çallaşmış, bircə gözləri əvvəlki kimi zəhmli qalmış qaynına baxanda doluxsundu, irəli yeriyib bərk- bərk qucaqladı. İkisinin də gözünün seli-suyu bir-birinə qarışdı. İkisi də dözümdə qaya parçası kimi şey idi. Bunu həyatın özü də sınamışdı o ki var. İndi damlalar parçalayırdı bu sal daşları. Sonra Məmmərzə qapıdan içəri buraxmadı onu. Əlini döşünə qoyub işarəylə “bir az” dur dedi. Özünü tövləyə verib, üç-dörd gün bağlı saxladığı qoçu irəli çəkib yıxdı. Qaba- ğındakının necə adam olduğunu bildiyindən, səsini çıxartmırdı Omaroğlu. Qoçu onun ayağı altında boğazlayanda, yenə gözündən sel-su axdı, saqqalına süzüldü. Bu, o Məmmərzə idi ki, tutulmağından iki saat keçməmiş dalınca çay-çörək gətirmişdi. Məhkəmə olana kimi dörd yanında əsir-yesir olmuşdu... Söyüb qovluyan da olmuşdu onu, su dalınca, çay dalınca göndərən də. Əl buyruqçusu olub, əl çəkməmişdi Omaroğlunun həndə¬vərindən. Sonra ona isti tuman-köynək, sırıxlı göndərmişdi. Hər ay da xərclik. Sədr olan vaxtı, qamçısı kəndboyu şaqqıldayanda yeznəsi bu gözü¬tox Məmmərzə ondan heç nə ummamışdı. Verdiyi damazlıq düyəni zor- güclə tövləsinə buraxmışdı. Bacısı canını torpağa tapşırandan sonra da bu Məmmərzə kişi təzə arvad almamağı bir yana, onunla qohumluğu kəs¬məmişdi.
İndi də budu...
İçəri keçdilər. Lap başda gəvə üstə Omaroğluna yer hazırlamışdı Məmmərzə. Süfrə də açmışdı.
- Mütəkkəyə dirsəklən bir az, naştoylan, bu dəqiqə kabab hazır olacaq, atam-anam.
Salam-kalam səssiz keçmişdi. İlk sözləri idi bu Məmmərzənin. Omaroğlu da heç fərqinə varmadı bunun. Şişləri gətirib fətirlə cəmə sıyırdı, özü də bardaş qurdu.
- Az-az, isti-isti yeyək deyirəm. Omaroğlu əl uzatmayıb ona baxdı.
- Kəprətiv yenə idarənin altındadımı?
- Nədi ki?
- Deyirəm bir az boğazı da...
Bu sözlər nə hala saldı yazıq Məmmərzə kişini. Boğazında qəhər düyün saldı, gözündə yaş. Özü qəsdən ortaya heç şey qoymamışdı. Bilirdi ki, Omaroğlu dilinə vuran deyil. Elə çoxusu onun üstə dalaşmadımı bu sağ olmuş. İndi gör, yazıq Omaroğlu “zəhrimarsız” çörək yeyə bilmirdi.
- Bu dəqiqə, dərdin alım.
Əlini taxçaya atıb başı xamırlı iki zoğal arağı çıxartdı. Omaroğlunun harda olduğu elə bil yadına indi düşdü.
- Əskipara dərəsində olduğumu gör necə də yadımdan çıxarmışam... Daha heç nə demədi, böyüklərə bu ağzı xamırlılardan, cüyür ətindən
həftə səkkiz yolladığını xatırladı.
- Aç görək. Qorxuram, əlim tutmaya.
Fikir verdi, arağı görəndə əlləri əsirdi dağ boyda Omaroğlunun.
- Çappa stəkanları doldur. Bu balacalardan kal boğazı islanmaz. Vuruşdurdular. Stəkanı birinci başına çəkdi Omaroğlu. Əlinin əsməsi-zadı da uçub-getdi. Məmmərzə kişi də içdi. İçdikcə bildi ki, neçə ildə birinci dəfədi ki, belə stəkanla zoğal arağı vurur.
Kababdan ikicə tikə yedi Omaroğlu. Bir loğma da pendir dürməyi ötürdü.
- Bir də süz, ay yeznə, görək.
Bir stəkan da içdi hər ikisi. Sonra stəkanını ağzı üstə qoydu Məm- mərzə.
- Məndə o nəfəs hardandı, dərdin alem. Bunu da söyündüyümdən heç bilmədim harama içdim. Sən istəyirsən döşə, mən bir çay qoyum deyirəm. Kəkotu çayı.
- Qoy, qoy, sən Allah. Bunlar hamısı, sən deyirsən, yadıma düşür. Omaroğlunun hər sözü Məmmərzənin ürəyini kövrəldir, xamır kimi yoğururdu. Bu gözütox, ağayana kişi gör nə hala düşmüşdü, sən sənin Allahın.
- Hələ sabah xəngəl bişirdəcəyəm. Üstü cücəli. Sonra da öynə ilə ürəyin nə istəsə.
Omaroğlu fikrə getmişdi. Saçıçal kişi elə bil Qazança dağının, otağın küncündə balaca qəlibi idi. Məmmərzə kişi onun dağdan ağır fikrini bilirdi. İndi qorxurdu ki, sualların ağzı açıla. Nə cavab versin, ürəkaçan nə desin bu biçarəyə.
Bir azdan “Qazança dağı” hərəkətə gəldi. Bir stəkan da ötürdü.
- Əyə, bu, məni heç tərpədib eləmir. Yerindəndi canın üçün. Söndürə bilmirəm Quru dərədən içimdə başlayıb indi qov kimi tüstülənən bu yanğını.
Çay içib bir yatım, bəlkə?
Kəkotu çayından sonra yerdəcə mütəkkəyə baş qoyub yatdı Omaroğlu. Oyanana kimi heç bilmədi nə götür-qoy eləsin Məmmərzə. Görəsən, şenliyə düşmək istəyəcəkmi, nədi fikri-zadı? Həmişəlikmi gəlib kəndə?
Bir azdan onun səsi gəldi.
- A yeznə, o ağzı xamırlıdan ver görüm, bir az da şor dürməyi.
- İtburnu suyu da var, onnan necə?
- Bə bayaqdan niyə düzmürsən ortaya. Bəri ver. Hə, atın-zadın varmı?
- Atı neynirsən?
- Deyirəm, sabah birinci banda bir atlanaq səninlə, dağa-daşa baş
çəkmək istəyirəm. 4^7
Daha demədi ki, bu neçə ili elə hey bu yerlərin eşqilə yaşamışdı, meşə¬lər, talalar, bulaqlar gözünün qabağından getməmişdi. Hələ neçə dəfə yuxu¬suna da girib, onu şeytan kimi aldatmışdı.
- Ata nə var, a sağ olmuş, bir ilxı taparıq.
- Kənddə çoxdumu araq çəkən?
- Nədi ki? Var.
- Beş-on dənə al, yığ başımın altına.
- Hasand şeydi o, dərdin alem.
- Ağlındadımı, a yeznə o dilimə vurmadığım. O köpəkoğlu Ağamalı- yev, o köpəkoğlu.
Omaroğlunun fikri neçə sənə geri addamışdı yenə. Sədr olduğu vaxt-lara. Rayon rəhbərlərinin sevimli yeri idi Əskipara dərəsi. İstəkli sədrləri idi Omaroğlu. Hamısının gəlişini toy-bayram eləyirdi. Yaxşı məclis qururdu şərəflərinə. Bircə zəngləri ilə nə lazım oldu göndərirdi. Dostlarının odunu, kömürü, əvəliyi, qurudu, kəkotusu, zoğal arağı, motal pendiri Əskiparada bağlanıb gedirdi. Hələ cüyür vurdurub göndərməyi o yana. Onun çörəyini can rahatlığı ilə yeyirdilər. Bilirdilər, camaatın boğazından kəsib vermir Omaroğlu. Hamı başına and içir bu el ağsaqqalının. İşləri yaxşı qurub, camaatı dolandırır. Bir də adamlar özü çalışqan, yer özü axar-baxarlı idi.
Yoldaş Süleymanov özü də Omaroğlunun süfrəsində oturmaqdan çəkinməzdi. Bilirdi ki, başda bu kişi olmaqla, Əskipara dərəsinin adam-larından ziyan gələn deyil. Hər gələndə Omaroğluya maşından-zaddan verir, kəndə bir az da əl tuturdu.
Bircə Ağamalıyevin gəlişi açmırdı onu. Üzündən-gözündən kəmfür-sətlik yağan, ayağını nərdivanın yuxarısına qoyub hamıya meydan oxuyan prokurorun. Hər şenliyə gələndə bir-iki dəfə çərtməsə olmazdı onu.
Bu dərəyə ovdan-ova yolu düşərdi Ağamalıyevin. Həmişə də başının dəstəsilə. Tanımadığı adamların yanında Omaroğluya sataşardı çatan kimi.
- Salam, ay ayrım, necəsən ə?
Sonra üzünü qonaqlarına tutub ayrımların zırramalığından gülməcələr danışardı.
- Daha siçan dəliyi də yoxdu, içəcəksən, a ayrım.
Omaroğluya elə bil şillə vurdular. Yenə heç cınqırını çıxarmadı.
- Götür görək, sənə nə kar eləyəcək, maşallah, ayı kimi şeysən.
İç görək.
Qonaqlar gülüşdülər. Omaroğluya bir tərs şillə də dəydi. Nə desin bu mənsəbsizə.
- Di tərpən görək, yaxşı, kefimizə soğan doğrama.
- İçməyəcəyəm, atamın goru haqqı.
- Yıxıb boğazına tökəcəyik.
- Elə şey eləməzsən.
- Durun görək.
Ağamalıyevin işarəsilə sürücüylə işçilərindən biri Omaroğlunun üstünə cumdular.
- Yaxın gəlməyin, hərənizi bir dərəyə səlbələyərəm.
Dediyi kimi də elədi. İtələyib yıxdı qolundan tutanları. Ağamalıyev bilmirdi neyləsin. Əvvəl istədi naqanını çəkib qorxutsun, fikirləşdi ki, Sü-leymanovun qulağına çatar. Qabağındakı ayrım olanda nə olar, kolxozun sədridi.
Fikrindən vaz keçib dedi:
- Getdik, oturun yoldaş Şahniyarov. Gəda süfrəsi belə olar.
Bu söz Omaroğlunu Novruz yumurtası kimi qıpqırmızı elədi. Bir istədi... Dəli şeytanı lənətləyib dişilə dilini kəsdi. Maşına doluşub getdilər. Süfrənin başında tək qoydular kabab çəkməkdən üst-başı his qoxuyan Omaroğlunu. Hələ maşın tərpənəndə qulağı bir söz də çaldı.
- Ayrım köpəyoğlu.
Sözü, söhbəti hədə-qorxu, tutub damlamaq idi elə. Hər dəfə də məclisin axırında, guya ki, Omaroğluya xoş söz deyərdi:
- Salamat qal, ə, ayrım. Sənnən də şikayət-zad gəlir. Atını bir az yavaş səyirt. Gəlib bizim tövləyə girməsin.
Omaroğlu öyrənmişdi ki, dədəsi də mərdimazar olub bu tula yosunlu- nun. Onu-bunu qapmaqla ömür sürüb.
Deyirdi, yenə hər kimdi süfrəsində çörək kəsir. Hər üzünə dözmək lazımdı. Yəqin, o da basıb keçməz loğmanı.
Axır ki, düşünüşdülər. Bu barədə çoxdan dalağı sancmışdı sədrin. Bilirdi ki, ha bu üzünə vurduqca o birini çevirsə də, yenə axırda bir hoqqa çıxaracaq Ağamalıyev.
Bir gün əziz qonaqların yerində başını yerə soxdu onun. Qonaqların biri kefi kökələndən sonra Omaroğlunun içmədiyini gördü, dedi ki, gərək içə.
Tərs damarı tutmuşdu, nə tutmuşdu. Ha başa saldılar ki, bu kişi ömründə dilinə vurmayıb, inadından əl çəkmədi. Omaroğlu yazıq özü də bir ağız danışdı.
- Sizin əziz başınız üçün, deyin, gedim bu saat Qazançanın başından qar gətirim - yüyürüm. O, dilimə dəysə, ustalaram.
- Biz içib ölmürük ki, sən də öləsən, iç, öyrən. Yoxsa dünyanın kefin¬dən geri qalırsan.
Yer-yerdən qışqırdılar:
- Əla sözdür.
Əvvəl Omaroğlunun içməyinə baş qoşmayan Ağamalıyev qonağının tutulduğunu görüb kobudluğunu, gədəliyini işə saldı.
Artıq bütün kənd bilirdi, Omaroğlu gəlib, Məmmərzəgildədi. Dəmirçi Abdulla içəri girəndə Sayalı onun gözünə baxmayıb çıxdı. Kişi gördü ki, günün günortaçağı arvad özünü tövləyə verdi. Nə işi olardı ki, indi oralıq. Ağlı bir şey kəsmədi. Birdən kişi ayılan kimi oldu. Elə bil başına qaynar su tökdülər. Bilir gəldiyini. Şenliyi dağıdır bu xəbər. Eşitməyə nə var ki. Yüngülləşsin deyə, tövləyə gəldi. Sayalının gözləri qıpqırmızı idi. Onu görəndə üzünü donunun ətəyilə bir də sildi. Abdulla boğula-boğula dilləndi.
- Nədi, nə ağlaşma salıbsan, nə mərəkədi.
- Nə olacaq, heç nə, kül mənim başıma.
- Başına niyə küllüyürsən, nə olub axı?
- Bundan böyük nə olacaqdı. Gəlib çıxıb... - Gözünün suyu axdı yenə.
- Bə bilmirdinmi bir gün gələcək?!
- Bilirdim, ancaq o sevdaya düşdüyüm günə daş yağaydı, özü də qara daş.
- Bə pəhləvan kimi bir oğlun oldu. Niyə daş yağdırırsan?
- Bir pəhləvan da sənsən. Arı yeyib namusu da belinizə bağladınız. Elə bil yarasının közü indi qopmuşdu arvadın.
Dəmirçi Abdullanın körüyünü basdılar elə bil. Od götürdü kişini.
- Kiri, kiri, bilsəydim, aparıb sümüyümü it sümüyünə calamazdım. Buna bax, buna, təzədən qeyrətə gəlib.
- İndi nə cür toy çaldıracaqsan Səlvinaza. İkicə gün qalıb. Eşidib bilmiyəcəkmi dədəsi sən deyilsən?
- Toy da çaldıracağam, ərə də verəcəyəm. Səlvinaza dədəliyi mən eləmişəm.
- Hələ bir gör oğlan tərəf nə deyir. Olar da indi eşidib, yəqin.
- Heç nə deməzlər. Deyərlər, geri qayıdar nişanları. Bura bax, olmaya təzədən geri qayıtmaq istəyirsən?
Bu dəfə Sayalını od götürdü.
- Mənim bircə çatım əskikdi. Yerimə kim olsa, inəyinin çatısını açıb boğazına keçirər.
Abdulla yumşaldı:
- Fikir-zad eləmə, get tədarükünü gör. Omaroğlu dıydıx deyil. Gəldiyi kimi, çıxıb da gedəcək.
Səhər obaşdan Məmmərzəylə Omaroğlu Coğazın o tayında at üstə idilər. Məmmərzə görürdü ki, kişi at sürməyi yadırğayıb eləməyib.
- Gəlsənə dəyişək atları. Dedim, yadırğamış olarsan, yorğasını sana verdim. Səninki alapaça atlardı, bilirəm.
- İstəməz. Bu saat elə mənə yorğa at lazımdı. Yavaş-yavaş getsin, yadıma salım bir doyunca olub keçəni.
Doğrudan da, Omaroğlu at üstündə özündə deyildi. Elə hey gözü orda- burda, fikri ala dağda, qara dağdaydı.
Noylu bulağa çatanda dilləndi Omaroğlu.
- Buraydı o yer. Köpəkoğlu Ağamalıyev.
Onlar acıq eləyib gedəndən bir həftə sonra Məzəmli Abbasqulunu tut¬dular bazarda, bir xurcun zoğal arağıyla. Ağamalıyev buraxdırıb demişdi:
- Apar ver, bunların hamısın içsin Omaroğlu. Qurtaran kimi, xəbər göndərsin.
Bu, xəbərdarlıq idi. İstədi araya ağsaqqal salıb barışsın o mərdimazarla. Papağını qabağına qoyub fikirləşdi ki, yox, onda gərək sonra Ağamalıyevin əl tulası olsun. Həm də o qədər söyüşdən sonra, bə qeyrəti harda gizləyib
barışaydı. Başladı işini ehtiyatlı tutmağa, yaxa ələ verməməyə. Çox ümid idi ki, günlərin bir günü Ağamalıyev yenə ova gələcək. Ona ağızdolusu bir yekə ayrım deyib barışacaqdı. Sonralar Ağamalıyevdən səs-soraq çıxmadı. Nə onun adını çəkdi, nə də dəyib-dolaşdı.
Axır ki...
O qıtlıq ili. O aclıq ili. Başqa əlacı yox idi Omaroğlunun. Kənd əldən gedə bilərdi. Camaatı hara qıra bilərdi. Başına yığdı ağsaqqalları - Müsəllimi, Abdullanı, Əbdürrəhmanı, Hasanı, Qafarı, ləzgi Məhəmmədi. Kəndin qaymağını. Dedi:
- A kişilər, sizə məsləhət eləyirəm. Nə desəniz, necə buyursanız, elə olacaq. Anbarın dibindəkiylə birtəhər kəndi yaza çıxardacağam. Sonrası üçün artıq yer əkmək istəyirəm, bir az tütün yerindən, xeyli də xam, dəmyə yerdən. Camaatın yeməyi üçün. Nə deyirsiniz? Amma gərək əvvəla, aramızdan kəndə çıxmaya, sonra da kənddən çıxmaya bu xəbər.
Çox bəyəndilər Omaroğlunun təklifini. Bilirdilər, el üçün eləyir bunu. Şenlik üçün eləyir. Yüz hektar artıq yer əkdirdi Omaroğlu. Yüz hektar. Camaatı çıxardı o pis ildən. Qonşu kəndlər də Əskiparanın çörəyini yedi o vaxtlar.
Dağ boyda kişini maşına basdılar camaatın gözü qabağında. Ağa- malıyev özü gəlmişdi kəndə. Kim demişdi, kim xəbər vermişdi, görəsən?!
Məhkəmədə şahid durdular Müsəllim kişi, Abdulla, Hasan, Əbdür-rəhman, Qafar, ləzgi Məhəmməd. Dedilər, düzdü, artıq yer əkdirib Omar- oğlu.
Ona son söz verəndə baxıb şahidləri görmədi. Kənd adamlarından da heç kəs yox idi zalda. Bircə Məmmərzə sırıqlısına büzünüb ona baxırdı. Tüpürməyə bir üz tapmadı Omaroğlu.
Evini, əmlakını müsadirə elədilər. Xəstəxana oldu mülkü. Arvadı, körpə qızıyla atası evinə köçdü. Sonra da Abdullaya getdi, dəmirçi Abdul-laya. İyirmi beş il ömrünü çürütmək istəmədi Sayalı. İyirmi beş ilə kim ölə, kim qala, dedi Abdulla.
...Dağı-daşı əldən saldılar Məmmərzəylə Omaroğlu. Axır gəlib Koroğlu qayasının üstə durdular. Kəndin evləri ovuc içindəydi burdan, durbinlə baxan, həyətdəkiləri də seçərdi lap. Dərin bir köks ötürdü Omaroğlu. Bunun nə demək olduğunu başa düşdü yeznəsi.
- Ahın dağlara, daşlara...
- Ay gidi dünya, gidi dünya. Ölməyib gəlib Əskipara dərəsini bir də gördük. İnsanın canı it canıdı, canın üçün. Əvvəl deyirdim, partdamaya düşəcəyəm.
Birdən-birə gözünə baxdı Məmmərzə kişinin. Neçə gündü ki, gözündən qaçan gözləri yaxaladı yaxşıca.
- Demək, heç bir il məni gözləmədi o suyuq Badamın qızı. Məmmərzə kişi gördü ki, hamısını bilir Omaroğlu. Bir az yüngülləşən kimi oldu.
- Arvad xaylağının çətinə tabı ha yoxdu, atam, anam. Gedib, gedib. Köpəkoğluluğu o sıpa oğlu sıpa gərək eləməyəydi.
- Bəs Səlvi necədi, Səlvi?
Omaroğlu gedəndə üç yaşına yenicə girmişdi Səlvinaz, yenicə şeytanlaşırdı ki...
Bu sözləri deyəndə səsi kallaşdı Omaroğlunun. Məmmərzə başa düşdü ki, balasından ötrü burnunun ucu göynəyir onun. Hər şeyi açıb demək qərarına gəldi.
- Maşallah olsun, ceyrandı, ceyran. Dədəsinə çəkib sümüyü irilikdə, şikillilikdə. İki günə toyudu özü də. Sestralığı qurtarıb, doxdurdu Səlvinaz. Nişanlısı da ağronomdu.
Omaroğlunu dik atdırdı bu xəbər. Elə kövrəldi, elə kövrəldi ki, gözünün yaşı yerə damcıladı. Səlvinazı körpə kimi gördü yazıq. Körpə ərə gedirdi indi bu gidi dünyada.
- Maşallah olsun, bir oğlandı ki nişanlısı. Başı and yeri olub bir-ikicə ildə. Musaköylüdü əsli. Bu gün-sabah sədr seçəcəklər.
Bir xeyli sonra Omaroğlu bir az da kallaşmış səsilə soruşdu:
- Toy nə vaxtdı?
- Birsügün.
- Mən Səlvini necə görə bilərəm. Çağırmaq olarmı bir yerə?
- Danışım, gəlsin cijingilə.
- Lazım deyil.
- Kənd xəstəxanasına gedəsən gərək. Bir də, toyuna görə işə çıxmır ha.
Məmmərzə kişi indi başa düşdü ki, Səlvinaza görə kəndə gəlib Omaroğlu.
Qara zurnanın səsi kəndin hansı tərəfinə desən, gedib çatırdı. Obaşdan içməyə başlamışdı Omaroğlu. Böyründə oturmuşdu Məmmərzə. Toyun səsi gələndə gözü Omaroğlunda idi Məmmərzənin. Ha baxırdısa, ağlına bir şey gətirə bilmirdi. Bilmirdi, nə çəkir Omaroğlu. Bir onu görürdü ki, hər hava kəsiləndə yüz qramlıq künclü rumkayla araq içir. Qorxurdu, partlamaya düşər yazıq kişi. Birdən səs gəldi dirrik tərəfdən. Bu səs heç Məmmərzəyə də tanış deyildi.
- Qonaq istəmirsinizmi, Allah qonağı.
Omaroğlu özünü yığışdırdı. Məmmərzə eşiyə xoş-beşə çıxdı. Gələni ha çalışdısa, tanıya bilmədi. Yaxşı ki, tanışlıq verdi suyuşirin, ortaboy, orta¬yaşlı kişi.
- Musaköylü Yusufam, İsmeylin dədəsi. Nə var, nə yox, tanış olaq bir.
Aqronom İsmayılın atası idi, təzəbəyin. Görəsən, niyə gəlmişdi? Özü
də tək-tənha.
- İçəri gəl, xoş gəlib, səfa gətirmisən. Keç-keç. Tanış ol Omaroğluyla da.
Omaroğlu ayağa durub ikiəlli görüşdü gələnlə. İçməyi heç bilinib-
eləmirdi. Elə bil başı xamırlılardan yox, sənəkdən doldurub, Alı bulağının suyundan içirmiş. O da fikirləşirdi ki, kimdi, görəsən, bu gələn, nə gəzir belə.
- Ağrın alım, Omaroğlu, yaxşı deyiblər, igidin adını eşit, üzünü görmə. Üzümə salıb gəldim ki, üzünü də görəm. Çox eşitmişdim haqqında.
- Məndən nə igid. İndinin igidləri cavanlardı.
Omaroğlu fürsət tapıb Məmmərzəyə baxdı ki, bəlkə, o, gözlə-qaşla qandıra kimdi bu belə. Məmmərzə başa düşdü o saat.
- Bizim ağronomun atasıdı, gəlib gap eləməyə.
Hər şey aydın oldu. Qudasıdı demək. Yaman pis oldu Omaroğlu. İşə bax gör, sən sənin Allahın, bircə yadigarı Səlvinin toyunda da qıraqda qalıb, balasının xeyir işini də görə bilmir iki addımlıqdan.
- Hə, lap yaxşı, bə xeyir ola belə?
Kişi bir xeyli sözünü yığa bilmədi. Sonra elə nə cür gəldi kəkələdi.
- Gəlmişəm xeyir-dua verəsən, hər halda, el bilir, gəlinimizin atası Omaroğludu.
Omaroğlu yaxşı başa düşdü bu gəlişin məqsədini. Qorxurmuşlar, toya gəlib çıxar birdən. Xeyir-duasını buradaca alıb, yolunu çəpərləmək istəyirlər. Odur ki, bozardı:
- Sizə qızı mən ha verməmişəm, xeyir-dua istəyirsiniz. Kimə elçi düşmüsünüz, o da versin.
Daha heç nə deməyib baş otağa keçdi. Yusuf kişinin pərtliyini görüb, yazıq Məmmərzə əl-ayağa düşdü.
- Fikir vermə, dərdin alem. Ağırdı dana, onun üçün də. Gedin, şadya¬nalıqla toyunuzu eləyin. Allah xeyirlərini versin. Oğullu-qızlı olsunlar.
Kişi dil-ağız eləyib getdi.
...Toy evində iynə üstə oturmuşdu ağsaqqalların çoxu. İynə üstə. Dəmirçi Abdullanın qulağı səsdə, ürəyi səksəkədə idi. Bir dəqiqə, bir il kimi gəlirdi ona. Sayalının rəngi-ruhu özündə deyildi. Dəqiqədəbir gözünün qorasını sıxırdı. Müsəllim kişi özünü vermişdi Hasanın böyrünə, hər ikisi üzü alaqapıya tərəf oturmuşdu ki, içəri girəni birinci görsünlər. Evində
Əbdürrəhmanın yastığı bir az da ağırlaşmışdı. Qızların dövrəsində olan Səlvinaz bacılığından hərdən soruşurdu:
- Dədəm, cijim gözümə bir cür görünür. Elə bil damazlıq inəkləri ölüb.
Hər şeyi bilən bacılığı qızı azdırırdı.
- Səni kimi dünya gözəli köçürürlər, nə zarafatdı!
Toyun şirin yeri idi. Gəlintərpədən hava çalırdılar. Səlvinazı oynamağa çıxardırdılar.
Birdən ala-səy Temi alaqapının ağzında göründü.
- Omaroğlu gəlir, Omaroğlu.
Toy əhlinin üstə su ələndi elə bil. Səlvinaz mat qaldı. Nə oldu adamlara, görəsən. İstər-istəməz hamı kimi o da alaqapıya baxdı. Bir azdan ağ saçları pırtlaşıq, ucaboy, nəhəng bir adam göründü. Hiss olunurdu ki, xeyli içib. Addımlarını sərrast atmırdı ancaq. Onun görünməyilə, zurna-balabanın səsinin batmağı da bir oldu. Yavaş-yavaş irəli gəldi. Səlvinaz anasının bu adı eşidən kimi tövlə tərəfə qaçdığından nəsə anladı. Atası meyitə oxşayırdı. Omaroğlu gəlib Müsəllimlə Hasanın qabağında durdu. Camaat hamı başını yerə dikmişdi, içi onlar qarışıq. Qocaları xeyli süzdü, başlarını qaldır¬madıqlarını görüb, Abdullanın qənşərinə gəldi. Abdullanın da başı əyilib qalxmadı ki, qalxmadı. Bir xeyli də onun qabağında durandan sonra qızların əhatəsindəki Səlvinaza doğru irəlilədi. Bayaqdan hamını susduran bu adamın ona tərəf gəlməyi Səlvinazı qorxutdu. Yaxşı ki, bacılığının səsi köməyinə çatdı.
- Qorxub-eləmə. Yaxşı adamdı bu. Həm də qohumundu.
Omaroğlu qızın düz qənşərində durub gözlərinə baxdı. İndi onun
yadındakı, bu qabağında duran iriqamətli, xanım-xatın, ərlik qız deyildi, şeytanlığı yeni başlayan, dəqiqədəbir “baba mənim”, “baba mənim” deyən körpə idi. Gözlər həmin gözlər idi. Gözlər dəyişmir ha, böyümür ha, həmən, həmən qalır. Adamlar böyüyür, qocalır...
Qızı qucaqlayıb bərk-bərk bağrına basdı Omaroğlu. Səlvinaz hiss elədi ki, üz-gözü suya batdı, isindi. Camaat görməsin deyə, gözlərini onun üzüylə, saçıyla quruladı Omaroğlu. Sonra cibindən iri brilyant qaşlı bir üzük çıxarıb onun barmağına taxdı. Bu, Məmmərzə kişidə qalmış saxlancın ən qiymətlisi idi.
- Bu, mənim Səlvi balama hədiyyəm.
Bu sözləri xırıldaya-xırıldaya dedi. Qız barmağındakı bahalı üzüyə, qabağındakı yavaş-yavaş qanı qaynadığı kişiyə baxıb heç nə başa düş-mürdü.
Omaroğlu üzünü zurnaçılara tutdu.
- Ə, bir sümüyə düşən hava çalın, Səlvi balamla oynayacağam. Zurnanın səsi eşidildi. Omaroğlu Səlvinazla süzməyə başladı. Yavaş-yavaş başlar qalxırdı...
Səlvinazı yerinə ötürəndə dedi Omaroğlu:
- Bundan sonra bir dərdim olmayacaq, dərdin alem.
Çıxdı getdi Omaroğlu. Əvvəl toydan, sonra da kənddən. Onu yola salıb Məmmərzə kişi toya gəldi. Gördü, vur çatlasındı yenə. Heç elə bil Omaroğlu gəlib-getməyib. Yenicə əyləşib loğmaya əl atırdı ki, zurnaçılara dedilər:
- Çalmayın görək. Qızın anası özündən gedib, halı pisdi.