Elektron ədəbiyyat və sənət portalı

Dünyanın 10 ən uzun romanı

Bölmə: Art 09.01.2019

 

Kompüter əsrinin müsbət tərəfləri ilə yanaşı, mənfi tə­rəfləri də var. Belə ki, kompüterə, mobil telefonlara ayrılan zaman və enerji mütaliənin vaxtından "oğurlanır". Söhbət irihəcmli əsərlərdən gedirsə, bu mə­sələdə vəziyyət daha ağırdır. Müasir dövrdə müxtəlif yazıçıların tarixə ən uzun romanlar kimi düşmüş əsərlərini oxuyanları, sözün əsl məna­sında, barmaqla saymaq olar. Aşağıda ədəbiyyat tarixinə 10 ən uzun roman kimi düşmüş əsərlərin siyahısını təqdim edirik.

Kalki Krişnamurtinin "Ponninin oğlu" əsəri 2400 səhifədən və ya 900 000 sözdən ibarətdir.

Tamil dilində, tarixi janrda ya­zılmış bu roman 1950-ci illərdə beş cilddə nəşr edilib. Əsərdə Çola sülaləsinin hökmdarlarından biri, X-XI əsrlərdə hakimiyyətdə olmuş Arulmojivarmandan bəhs edilir. Kalki Krişnamurti bu romanı üç il yarıma ya­zıb.

Mahmud Dövlətabadinin "Kelidar" əsəri 2836 səhifədən və ya 950 000 sözdən ibarətdir.

İranda məşhur olan bu roman 1984-cü ildə işıq üzü görüb. Əsərdə İranın şimal-şərqində yerləşən Xo­rasan əyalətinin Səbzavar şəhərin­də yaşayan kürd ailəsinin öz qonşuları ilə olan düşmənçiliyindən bəhs edi­lir. Romanda hadisələr İkinci Dün­ya müharibəsindən sonrakı dövrü əhatə edir. Dövlətabadi əsəri 15 il ərzində ərsəyə gətirib. Lakin yazıçının zəh­məti hədər getməyib. Əsər İranda oxucular arasında ən çox sevilən kitablardandır.

Tomas Mannın "İosif və qardaşları" əsəri 1492 səhifədən ibarətdir.

Epik roman olan bu əsər 1943-cü ildə İsveçdə çapdan çıxıb. Əsər Bibliyadakı İakovdan İosifə qə­dər olan məşhur süjetlərin nəqlindən ibarətdir. Romandakı hadisələr Misirdə Amarın haki­miyyəti dövründə – təqribən bi­zim eradan 1300 il əvvəl baş verir. Dörd hissədən ibarət romanı To­mas Mann 16 ilə yazıb.

Semyuel Riçardsonun 1534 səhifəlik "Klarissa və ya gənc qa­dının hekayəti" əsərində 984 870 söz var.

Özündə müxtəlif sənədləri və gündəlikləri əks etdirən bu roman 1748-ci ildə nəşr edilib. Əsərin süjet xəttini ailəsi tərəfindən qəbul edilməyən bir xanımın faciəsi təşkil edir. Ancaq bəri başdan deyək ki, 1 mil­yona yaxın söz oxuyacaq oxucu əsərdən xoşbəxt sonluq gözləməsin.

Karl Uve Knausqordun "Mə­nim mübarizəm" əsəri 3600 sə­hifədən və 1 000 000 sözdən ibarətdir.

Bu altı avtobioqrafik əsərdən ibarət roman 2009-cu və 2011-ci illərdə çap olunub. Knausqordun öz dost­larında, tanıdığı ailələrdə gördüyü acı həqiqətləri əks etdirməsi, təfər­rüatlara varması əsəri oxunaqlı et­di və yazıçıya böyük şöhrət gətirdi. Hər şeyi açıq, səmimi yazmaq hətta yazıçının həyat yoldaşını belə özündən çıxarmışdı. Əvəzində oxucu tərəfindən maraqla qarşılanan bu əsər satış rekordu qırdı. Təkcə Nor­veçdə yarım milyon nüsxə kitab satılmışdı, daha doğrusu, kitabı öl­kə əhalisinin hər 9 nəfərindən biri almışdı.

Şekspirin "Yay gecəsində yuxu" pyesinin Arno Şmidt tə­rəfindən alman dilinə tərcüməsi 1536 səhifədən, 1 100 000 söz və 6 800 000 işarədən ibarət olub.

Arno Şmidt də Edqar Ponun tərcüməçisi Hans Volşleger kimi əsərlərini alman dilinə tərcümə edə-edə tərcü­mə problemlərindən roman yaz­maq qərarına gəlib.

Robert Müzillin "Simasız insan" kitabı 1774 səhifədən iba­rətdir.

Üç kitabdan ibarət olan roman 1913-cü ildə Avstriya-Macarıstan monarxiyasının son günlərindən bəhs edir. Romanda bir çox əhəmiy­yətli məsələlər qaldırılır. Müəyyən məsələlərdə müəllif Av­ropanın 1918-ci ildə üzləşdiyi problemləri öncədən görə bilib. Təəssüf ki, yazıçıya əsəri tamamlamağa ömür vəfa etməyib. Mü­zillin heç bir əsəri ona 13 il ərzində yazdığı bu roman qədər uğur, şöhrət gətirə bilməyib.

Saentologiyanın atası L.Ron Habbardın "Torpaq missiyası" adlı 10 cildlik əsəri 3992 səhifədən və ya 1 200 000 sözdən ibarətdir.

Bu əsər satirik elmi-fantastik janrda qələmə alınıb. Lakin bəzi tənqidçilər bu əsəri məsxərəyə qoydu. Hətta bir müddət onların təkidi ilə əsərin çapına qadağa da qoyulmuşdu. ABŞ-ın Corciya ştatının Dalton şəhərciyində "iyrənc mazoxizm, uşaqlara zorakılıq, homoseksualizm, qanlı qətl və başqa antisosial, qanuna zidd hərəkətlər aşılaması, pozğunluq və digər hadisələrlə bağlı epizodların təkrarlanması" iddiası ilə romanı yerli kitabxanalardan yığışdırdılar. Onu da qeyd edək ki, 10 cildlik əsərin bütün cildləri bestseller oldu.

Marsel Prustun "İtirilmiş zamanın axtarışında" romanı 3031 səhifə, yaxud  1 267 000 sözdən ibarətdir.

Bir insanın dilindən nəql edilən hekayətdə hadisələr onun uşaqlıqdan yetkinlik yaşına qədər olan azadlıq duyğuları, xatirələri ilə müşayiət olunur. 1913–1927-ci illərdə çap edilmiş əsər XX əsrdə digər yazıçıların yaradıcılığına da təsir etdi. Həmin əsər modern roman sayılır; qısa desək, çox uzun, amma çox maraqlı kitabdır.

Corc de Skyuderi və Madlen de Skyuderinin "Artamen" əsəri 13 095 səhifədən və ya 2 100 000 sözdən ibarətdir.

Bu əsər XVII əsrdən bəri rəqiblərinə heç bir şans vermir: 10 cilddə nə az, nə çox – 2 100 000 söz var. Əsərin müəllifi Corc de Skyuderi sayılsa da, çox vaxt onun bacısı Madlen de Skyuderinin də şərikli müəllif olduğunu iddia edirlər. Bu əsər mahiyyətcə romantik hekayədir. Həcminə baxmayaraq, əsər öz dövründə son dərəcə məşhur olub. Romanın təkrar nəşri yalnız onun internet vasitəsi ilə oxunması üçün təşkil edilmiş layihədən sonra reallaşıb.

Hazırladı: N.Əliyeva