Elektron ədəbiyyat və sənət portalı

Kalvinonun hekayəsi Etimad Başkeçidin tərcüməsində

Bölmə: Dünya ədəbiyyatı 14.01.2019

 

İtalo KALVİNO
(İtaliya)

 

Hamı bir nöqtədə

(hekayə)

Qalaktikaların sürətlə bir-birindən uzaqlaş­ması ilə bağlı Edvin R.Qubblun apardı­ğı hesablamalar fəzaya dağıl­mazdan öncə kainatdakı bütün materiyanın bir nöqtədə cəmləşməsinin dəqiq tarixini müəy­yənləşdirməyə imkan verir.

– Əlbəttə, hamımız bir nöqtəyə sıxışmışdıq, – yaşlı QfwfQ başını yellədi, – neyləyə bilərdik? Onda heç kəsin ağlına da gəlməzdi ki, fəza-filan var. Eləcə də, Zaman! Çəlləkdəki siyənək balıqları kimi tərpənə bilmirdiksə, Za­man nəyimizə lazım idi?

“Çəlləkdəki siyənək balıqları kimi sıxışmışdıq” dedim, ancaq bu, gəlişigözəl ifadədir: əslində, sıxışmağa da yer yox idi. Bədə­nimizin bütün nöqtələri başqalarının bədənindəki bütün nöq­tələrlə üst-üstə düşürdü. Çünki hamımız bir nöqtədə yerləşmiş­dik. Doğrudur, elə bir narahatlıq hiss etmirdik, ancaq hər halda, adama ağır gəlirdi ki, məsələn, senyor Pbert Pberd kimi yarama­zın biri elə hey əl-ayağa dolaşır.

Neçə nəfər idik? Bunu təsəv­vür eləmək belə mümkün deyil. Sayımızı bilmək üçün, heç olma­sa, bir azca bir-birimizdən aralanmalıydıq. Biz isə bir yerə qalaqlanmışdıq. Sizə elə gələ bilər ki, bu vəziyyətdə olduğumuza görə çox adamayovuşan, meh­riban insanlara çevrilmişdik. Amma hər şey tərsinəydi: başqa vaxtlarda qonşular bir-birinə qo­naq gedir, biz isə o qədər yaxın yaşayırdıq ki, heç salamlaşmır­dıq da.

Tanışlarımız çox az idi. On­lardan senyor Ph(i)nko, onun dostu senyora Xueaeu X., bir də, Z'zu – köçkün ailəsi və yuxarıda dediyim Pbert Pberdi daha yaxşı xatırlayıram.

Orada bir süpürgəçi qadın da vardı – hamı onu “əl buy­ruqçusu” kimi tanıyırdı.

O, bütün kosmosda yega­nə qulluqçu idi. Düzdür, onda kosmos özü də dırnaq boydaydı... Sözün açığı, qadın bütün günü heç nəylə məşğul olmurdu – hətta nəyinsə tozu­nu almaq da lazım deyildi, çünki nöqtə boyda olan məkana bir toz zərrəciyi də girə bilməzdi. Ona görə də qadın söz gəzdirməklə, qeybət etməklə vaxt keçirir, elə hey öz həyatından şikayətlənir­di.

Yerləşdiyimiz dar məkan üçün bu sadaladığım adamlar belə çox idi; üstəgəl, burada cürbəcür başqa şeylər də qa­laqlanmışdı: sonradan kainatın tikinti materialı kimi istifadə olunacaq bütün maddələr sırayla, yanbayan düzülmüşdü.

Bilmirdik, bunların hansın­dan astronomiyada (məsələn, Andromeda dumanlığı üçün), coğrafiyada (tutalım, Vogez üçün) və ya kimyada (müxtə­lif izotopların hazırlanmasın­da) istifadə olunacaq. Bundan başqa, hər addımda qonşu Z'zuların əşyalarına ilişirdik – sə­bətlər, açılıb-yığılan çarpayılar, döşəklər... Bu Z'zuları özba­şına qoysaydıq, böyük ailə ol­duqlarını bəhanə edib, özlərini elə aparardılar, sanki burada onlardan başqa yaşayan yox­dur: onlar hətta bütün nöqtənin içindən keçən paltar asılan ip çəkmək fikrinə düşmüşdülər.

Doğrudur, bəzən Z'zularla heç də yaxşı davranmırdıq: məsələn, onları “köçkün” adlandırmaq nəyə lazım idi? Bu, o demək idi ki, guya biz burada çoxdan yaşa­yırıq, onlar isə sonradan gəliblər. Bunun yanlış qənaət olduğunu sübut etməyə də ehtiyac yoxdur: onda nə “əvvəl” var idi, nə də “sonra”, köçüb məskunlaşmaq üçün başqa yerlər də yox idi. Bu­na baxmayaraq, bəziləri iddia edirdi ki, “köçkünlər” ifadəsinin məkan və zamanla əlaqəsi yox­dur, bu sözün başqa, ali məna­ları var.

Sözün düzü, o vaxtlar ha­mımız dardüşüncəli, xırdaçı adamlar idik. Bunun günahını bizdə axtarmaq lazım deyil – ya­şadığımız mühit bizi belə formalaşdırmışdı. Fikir verin, biz bu naqisliklərdən qurtula bilmədik, onlar indi də özünü büruzə ve­rir – avtobus dayanacağında, ki­noda və yaxud diş həkimlərinin beynəlxalq simpoziumunda gö­rüşüb keçmişi xatırlayanda, salamlaşırıq – bəzən kimsə məni, ya da mən onlardan kimisə tanıyı­ram – dərhal hal-əhval tutub, başqaları haqqında soruşuruq (çox vaxt birimizin dediyi adamları di­gərimiz xatırlamasaq belə): o də­qiqə köhnə dedi-qodular, incik­liklər, umu-küsülər yada düşür.

Ta senyora Ph(i)nkonu xatırlaya­nacan belə davam edir (əslində, bütün söhbətlərimizin sonunda mütləq onu xatırlayırıq): dər­hal bütün anlaşılmazlıqlar unu­dulur, ürəklər riqqətə gəlir və qəlbləri minnətdarlıq hissləri çulğayır. Senyora Ph(i)nko yega­nə adamdır ki, onu hamı xatır­layır, hamı onun xiffətini çəkir. Görəsən, o, hara yox oldu? Bir vaxtlar gözlərim hər yerdə onu axtarırdı; onun sinəsi, beli, çəh­rayı kapotu – yox, onu nə bizim qalaktikada, nə də başqalarında bir daha görməyəcəyik. Sözün düzü, son genişlənmə həddi­nə çatdıqdan sonra kainatın ye­nidən bir nöqtəyə sıxılacağı ilə bağlı nəzəriyyələr mənə o qədər də inandırıcı gəlmir. Amma bir çoxlarımız məhz buna ümid edir və yenidən bir yerdə olacağımız vaxtlar üçün planlar qururuq. Ötən ay tindəki kafeyə girib nə görsəm yaxşıdır? Senyora Pbert Pberd!

– Nə var, nə yox? Çoxdandır görünmürsünüz!

Sən demə, hansısa plastmas firmasının Paviyada təmsilçisi işləyir. Heç dəyişməmişdi – həminki qızıl diş, həmin güllü aşır­ma.

– Geriyə qayıdanda, – o, qula­ğıma pıçıldadı, – elə etməliyik ki, bəziləri oraya düşməsin. Bilir­siniz də, bu Z'zular...

İstədim ona deyəm ki, bizim­kilərin bir çoxu mənə eyni söz­ləri deyir, amma axırda əlavə edirlər: “Bilirsiniz də, bu Pbert Pberd...”

Qanqaralıq olmasın deyə, di­limi dişimə sıxıb soruşdum:

– Bəs senyora Ph(i)nko? Necə bilirsiniz, onu tapacağıq?

– Hə... Onu, əlbəttə... – o, yüngülcə qızarıb, dodağının al­tında mızıldandı.

Bizim hamımız üçün bir nöqtəyə qayıtmaq, hər şeydən əvvəl, senyora Ph(i)nko ilə görüşmək imkanı demək idi.

Bu, mənə də aiddir, baxmayaraq ki, onun qayıdacağına ümidim yoxdur. Nə isə, kafedə oturub, həmişə olduğu kimi, onu minnət­darlıq hissi ilə xatırlamağa başladıq; bu xatirələr yavaş-yavaş senyor Pbert Pberdə qarşı kin-kü­durətimi belə arxa plana keçirdi.

Senyora Ph(i)nkonun cazibə­sinin sirri ondaydı ki, biz onu bir-birimizə qısqanmırdıq. Hətta onun qeybətini də eləmirdik, bax­mayaraq ki, senyor Xueaeu X. ilə, necə deyərlər, “yaxın münasibət”də olduğunu bilirdik. Ancaq bü­tün kainat cəmi bir nöqtədən iba­rətdirsə, bu nöqtədə yerləşənlərin hamısı bir-birindən nə yaxın, nə də uzaq ola bilmirsə, deməli, ha­mımız onunla “yaxın münasibət”dəydik. Onun yerinə başqa qadın olsaydı, Allah bilir, arxasınca nə­lər danışardılar. Qulluqçu qadın onun haqqında olmazın şayiələr uydurar, yerdə qalanlar isə onun­la səs-səsə verərdi. Məsələn, Z'zu ailəsi barədə elə şeylər danışır­dılar ki, adam məəttəl qalırdı: nə ata-ana, nə də qardaş-bacılar bu iftiralardan yaxa qurtara bilmirdi. Amma senyora Ph(i)nkonun və­ziyyəti başqa cür idi: mən özüm, nöqtə olaraq, onun içindəydim, o da bir nöqtə kimi mənim içim­də, mənim himayəm altındaydı və buna görə ikiqat xoşbəxt idim. Başqaları da eyni hissləri keçirirdi. Bundan böyük doğmalıq və saflıq (axı istənilən nöqtə öz-özlüyündə qapalıdır və içəriyə heç nə keçir­mir) arzulamaq olmazdı.

O da oxşar hisslər keçirirdi: biz hamımız onun, o da hamı­mızın daxilindəydi və buna görə hədsiz dərəcədə xoşbəxt  idi. O, bizim hamımıza eyni gözlə baxır, hamımızı sevirdi.

Aydın məsələdir, insanın gü­nü xoş keçirsə, ardınca qeyri-adi nəsə baş verməlidir. Günlərin bir günü o dedi:

– Eh, uşaqlar, yerimiz bir az geniş olsaydı, sizə yaxşı əriştə bi­şirərdim!

Bu sözlər kifayət idi ki, biz da­ha geniş məkan haqqında fikir­ləşək: bu məkanda o, əl-qolunu sərbəst hərəkət etdirir; iri döşləri böyük mətbəx taxtasının üzərinə əyilib – o, oxlovla xəmir yayır; yumurta çalır; qolları dirsəyə kimi una və yağa bulaşıb. Ardınca unu və dəni qoymaq üçün yer, daha sonra taxıl zəmiləri barədə fikirləşməyə başladıq. Ancaq dağlardan torpaq sahələrinə, otlaqlara doğru axan su olmasa, nə taxıl yetişər, nə də ətindən əriştə üçün bulyon hazırladığımız dana yekələr. Sonra Günəşin dövr edə biləcəyi fəza haqqında xəyallar qurmağa başladıq: axı taxılın yetişməsi üçün gün işığına da ehtiyac var. Amma Günəşin yaranması üçün ulduzların ətrafındakı qaz buludları sıxlaşmalı, çoxlu qalaktikalar, kosmik dumanlıqlar, hər bir planet, hər bir səma cismi bir-biri ilə ümumi tarazlıq əmələ gətirməlidir.

Biz fikrə getdiyimiz vaxt, sən demə, senyora Ph(i)nko “Eh, uşaqlar, əriştə...” dediyi andan etibarən, bizim yerləşdiyimiz nöqtə genişlənməyə başlayıb. Beləcə, nöqtə get-gedə böyüdü, genişləndi. Nöqtənin diametri on min işıq ili, yüz işıq əsri, milyard işıq minilliyi ilə ölçülməyə başladı. Biz kainatın hər tərəfinə səpələndik. Senyor Pbert Pberd Paviyaya qədər gedib çıxdı. Senyora Ph(i)nko isə, hansısa enerjiyə – bəlkə də, işığa və hərarətə çevrildi. Senyora Ph(i)nko bizim qapalı, xırdaçı dünyamızda özünün duyğuları ilə (“Eh, uşaqlar, yerimiz bir az geniş olsaydı, sizə yaxşı əriştə bişirərdim!”) bircə anda fəza, zaman və məkan, ümumdünya cazibə qanunu ilə hərəkət edən səma cisimlərini həyatımıza gətirən yeganə adam oldu. Beləcə, milyardlarla günəş, planet, taxıl zəmiləri və bütün planetlərin bütün kontinentlərində una və yağa batmış əlləri ilə xəmir yoğuran çoxlu senyora Ph(i)nkolar yarandı. Ancaq özü bu dünyadan harasa çıxıb getdi və biz əbədi onun xiffətini çəkə-çəkə qaldıq.

 

Tərcümə edən: Etimad BAŞKEÇİD