Elektron ədəbiyyat və sənət portalı

Arzu Hüseyn - Tanrı, şair, dua...

Bölmə: Yeni imzalar 15.01.2019

 

***

Səni gözləməyi yadırğamışam,

Unudub pəncərəm yol izlərini.

Üfüqə boylanıb ruhum hər axşam,

Boyamır həsrətə gündüzlərini.

 

Səni gözləməyi yadırğamışam,

Qəmin yox beynimin xatirəsində.

Əllərin çoxdandır cığır çəkməyir,

Tərli bədənimin xəritəsində.

 

Səni gözləməyi yadırğamışam,

Taqət də qalmayıb ayaqlarımda.

Daha həya edib qızara bilmir,

Eşqin, ehtirasın yanaqlarımda.

 

Səni gözləməyi yadırğamışam,

Nə qərib duyğudur, bir bilə bilsən.

Unuda-unuda qaya olmuşam,

Ərit yaddaşımı, əridə bilsən.

 

Hər tərəf köksünü ötürən payız,

Vaxtdan dünənimi ala bilmirəm.

Görəsən, mənmiydim səni sevən qız?

Bağışla, yadıma sala bilmirəm.

Səni gözləməyi yadırğamışam...

 

Ən böyük sevdalar

 

Bu da gümanımın son pıçıltısı,

Bu da ümidimin sonuncu ahı.

Min kərə ayrıldıq pərdəarxası,

Min kərə şeytana yazdıq günahı.

 

Süründük geriyə biz dizin-dizin,

Dağılmış yuvadan evcik bəzətdik.

Qırdıq qollarını hisslərimizin,

Guya ki, yenidən qanad düzəltdik.

 

Sənin yalanların, məndə şübhələr,

Mənim tələblərim, səndə etiraz.

Bunca il nə idi yaşadıq hədər,

Adını özün qoy: eşq, ya ehtiras?

 

Yağır gözlərimdən ağrı-acılar,

Bu şəhər dar gəlir artdıqca qəmim.

Üz-üzə gəldiyim adamlar ki var,

Boylanıb qalırlar arxamca mənim.

 

Bu elə kədər ki, təkcə daşınmaz,

Sevin, zərbələrin dəydi hədəfə.

Ən böyük sevdalar bir də yaşanmaz,

Doğular bir dəfə, ölər bir dəfə.

 

Tanrı, şair, dua...

 

Bəzən min arzunun üstündən keçir,

Bəzən bir ümidə sarılır insan.

Yorulmur soyumuş ocaqdan,

amma Soyumuş qucaqdan yorulur insan.

 

Doğmalar axına qarışıb gedir,

Kimdi bu dünyada əbədi qalan?

Körpə beşiyindən tabut düzəldir,

Həyatın bu günü, sabahı yalan.

 

Hansı dost əlini buraxmadı ki?

Nə düşmən görmədin arxadan vuran.

Sevdiyin boynunu qucaqladı ki,

Bir gün özgəsinə dəyişsin adam?

 

Kim qurub məkrli, qanlı oyunu?

Uduzanı kimdir, udanı kimdir?

De görüm, Adəmi yaradan Allah,

Dünyanın sonuncu adamı kimdi?

 

Mən adi şairəm, sən isə Tanrı.

Sən haqq sahibisən, qüdrət sahibi.

Kiməm ki? Bir bədən, bir ruh, bir ağrı.

Sən işıq sahibi, zülmət sahibi.

 

Nə olar əlimi uzalı qoyma,

Yolunu itirmiş bəndənəm sənin.

Bütün külliyyatım sənə məhəbbət,

Bütün şeirlərim duadır mənim.

 

Kim açar paslanmış köhnə qapını?

Açsa, toz bürümüş oda görəcək.

Hərə bir yataqda yada tapınıb,

Hamı səmasını uduzan mələk.

 

İndi payız qoxur küçələr, tinlər,

Ömrü qısalıbdır sabahların da.

İmkansız sevgiyə günah deyirlər.

Adımı daşıma günahlarında.

 

Nə qədər mümkünü olmaz elədim,

Mənim də günahım az olmayıbdır.

Ürək "et" deyəndə, "qorxuram" dedim,

Qohumdan ayıbdır, dostdan ayıbdır.

 

Hər kəs həyatını bir cür yaşadı,

Biz isə uduzduq sözə, söhbətə.

İndi bəxtimizin üzü qışadır,

İndi yolumuzun üzü qürbətə.

 

Payız mövsümünə az qalıb daha,

Alacaq şəhəri aramsız yağış.

Ruhum, ya canımdan qayıt Allaha,

Ya da ki, küçədən özümə yığış...