Elektron ədəbiyyat və sənət portalı

Ölümsüzlüyün sirri

Bölmə: Art 16.01.2019

 

Ölümsüzlük axtarışında olan məşhur sərkərdə Çingiz xan 1219-cu ildə dövrünün bö­yük Çin alimi Çanq Çuna məktub yazaraq, onu öz hü­zuruna dəvət edir.

Artıq Çingiz xanın yaşlı vaxtları idi. Həmin dövrdə Çində Tao inancına söykənən bir din mövcud idi. Çanq Çun əbədi həyata qovuş­maq üçün öz dini inancına pənah gətirmişdi. Çingiz xan alimin yaşamı­nı araşdırandan sonra düşünüb ki, o, yəqin sehrbazdır. Alimi həm Çin­giz xan, həm də Çin imperatoru öz tərəfinə çəkməyə səy göstərir­di. Lakin alim ona edilən təklif­ləri rədd edərək Çantuq dağla­rına təkliyə çəkilmişdi. Çingiz xan alimlə görüşüb onun inanc və fikirləri ilə tanış olmaq istəyində idi. Bu məqsədlə o, 1219-cu ildə ali­mə belə bir məktub göndərir:

"Ulu Tanrı Çindən gözünü çəkib. Səbəbi isə Çin rəhbərlərinin israfçılıq edərək dəbdə­bəli həyat sürməsidir. Mənimsə Şimalın ucsuz-bucaqsız çöllərində zərrə qədər də gö­züm yoxdur. Dəbdəbəli həyat sürməyə nifrət edirəm. Olanım bir tikə çörək və bir çuxadır. Çobanlarım kimi adi şeylər yeyər və sadə geyinərəm.

Bütün xalqı övladlarım kimi se­vir, onlarla doğmam kimi davranıram. Əs­gərlərlə təlimlərdə hər zaman ön cərgədə olur, döyüşdə də heç vaxt geridə qalmıram. Yeddi il ərzində böyük bir ordu yaratmağa müvəffəq olub, bü­tün dünyanı bir imperatorluqda birləşdirdim. Şəxsən özümü bir o qədər qabiliyyətli hesab etmirəm. Lakin Çin hökuməti xainlik edir. Buna görə də Ulu Tan­rı onların taxtlarını ələ keçirməkdə mənə yardımçıdır. Cənubda Sunq, Şimalda Hui-Huo, Şərqdə Hsia, Qərbdə bar­barlar hakimiyyətimi qəbul ediblər. Mənə elə gəlir ki, Hunlardan sonra Asiya belə geniş imperatorluq görməyib. Tutduğum yol uca bir yol, çiynimi verdiyim iş isə çox ağırdır. Buna görə də idarəetmədə bir sıra nöqsanların olma­sından qorxuram. Çayı keçmək üçün qa­yığa nə qədər ehtiyac varsa, dövləti ida­rə etmək üçün təcrübəli, kamal sahibi olan şəxs­lərə də bir o qədər ehtiyac var. Taxta çıxdığım gündən xalqın idarə edilməsi məsələsində nara­hatam. Eşitdiyimə görə, həqiqəti əxz edərək doğru yolla irəliləyir­siniz. Kəramətiniz sayəsində bü­tün insanların xüsusiyyətlərini bilirsiniz.

Əlinizi dünya malından çəkib uzun müddət mağaralarda yaşadınız, kəramət sahibi olan insanlar sizin yanınıza gəlir, sizə üz tuturlar. Çanqutda olduğunuzu bilirəm. Sizi unut­masam da, yüksək dağlar və obalar bizi bir-birimizdən ayı­rıb. Sizinlə görüşməyə imkan yoxdur. Gəlsəydiniz, taxtımdan enib yanınızda durardım. Su ilə tə­mizlənib pəhriz saxladım. Ara­mızda olan məsafədən çəkinməyin, müqəddəs ayaqlarınızı tərpətmə­yiniz üçün sizə yalvarıram. Qum çölləri sizi narahat etməsin. Xal­qın bugünkü vəziyyətinə baxıb mərhəmət edin. Halıma acıyın, ölümsüzlüyün sirrini mənə de­yin, şəxsən xidmətinizdə özüm duracam. Söyləyəcəyiniz tək bir söz məni xoşbəxt edər. Fi­kirlərimi bu məktub vasitəsilə sizə göndərir və məni anlayacağı­nıza ümid edirəm".

Yaşlı alim məktubu oxu­duqdan sonra Çingiz xana belə bir cavab yazır:

"Uca fərmanınızı aldım. Mən də bəyan edirəm ki, dəniz sahilinin yaxınlığında yaşayanlar qabiliyyətsiz insanlardır. Etiraf edirəm ki, dünya işlərini bir o qədər anlamıram. Qocalmışam, ancaq ölməmişəm. Şöhrətim hər ölkəyə yayılıb, müqəddəsliyimə gəldikdə, fəqət, mənim adi insanlardan elə bir fərqim yoxdur.

Sizdən əvvəl Kin və Sunq imperatorluqlarından dəvət alsam da, getmədim. Amma indi Moğol sarayından gələn ilk dəvəti qəbul etməyə hazıram. Səbəbini soruşacaqsınız. Çünki Tanrı sizə indiyə qədər olmayan və bundan sonra da olmayacaq bir mərdlik verib. Çoxları sizin hakimiyyətinizi qəbul ediblər. Mən də hüzurunuzda olmaq üçün qar fırtınalarına sinə gərərək gəlməyə qərar verdim".

Bir il sürən uzun və yorucu səfərdən sonra alim Çanq Çun Çingiz xanla Hind sahillərində görüşür. Çingiz xan alimi qarşılayaraq soruşur:

– Möhtərəm ustad, uzaq yoldan gəlmisiz. Ölməmək üçün əlinizdə dərmanınız varmı?

Alim cavabında deyir:

– Həyatı uzatmaq olar, lakin ölümə çarə yoxdur.

Söhbət zamanı Çanq Çun Çingiz xana ömrü uzatmaq üçün nələrin vacib olduğunu anladır. Alim uzun illər boyu apardığı təhlil və araşdırmalardan sonra belə qənaətə gəlmişdi ki, insan 130 ilə qədər yaşaya bilər.

 

Tərcümə edən: N.Əliyeva