Teatr və kinomuzun qüdrətli aktyorlarından olan Hamlet Xanızadə cəmi 49 il ömür sürüb. Bu unudulmaz aktyor yaradıcılığı boyu canlandırdığı obrazları ilə mədəniyyətimizin elə zirvələrini fəth edib ki, yaratdıqları həmişəyaşar olub. Güclü yaradıcı potensialı olan Hamlet Xanızadə zəngin daxili aləmə və istedada malik idi. Bu səbəbdən də, müxtəlif xarakterli rolları yaratmaqda çətinlik çəkmirdi. Hansı rolu oynamasından asılı olmayaraq, onun ifasında obraz canlı və yaddaqalan olurdu.
Hamlet Xanızadə haqqında düşünəndə ilk olaraq Topal Teymur xatırlanır. Hər dəfə bu televiziya tamaşasına baxanda onun yaratdığı Topal Teymurun ciddi və sərt baxışları uzun zaman gözlərimiz qarşısından çəkilmir. Aktyor bu obraz üçün elə orijinal üslub seçib ki, tamaşaçı istər-istəməz onun əzəməti, zəhmi qarşısında donub qalır.
Televiziyaya gələnə qədər Hamlet Xanızadənin teatrda “Dəli yığıncağı", “İblis", “Ölülər" və digər tamaşalarda bütün qəlbi və ruhu ilə yaratdığı nə qədər qəhrəmanlar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməyib. Mirzə Cəlilin “Dəli yığıncağı"nda Molla Abbası, Nəriman Həsənzadənin “Atabəylər"ində Nizamini, Nazım Hikmətin “Şöhrət və unudulan adam"ında doktoru sənətkar məharəti ilə yaradıb.
Kinoya gəlişi isə 70-ci illərə təsadüf edib. İlk dəfə onu “O qızı tapın" filmində kinorejissor Həsən Seyidbəyli kəşf edib. Özünü təsdiq edəndən sonra Kamil Rüstəmbəyovun “Axırıncı aşırım" filmində rol alıb. Tofiq Tağızadənin “Yeddi oğul istərəm" filmindəki Gizir obrazını, yəqin ki, çoxları xatırlayır. “Arxadan vurulan zərbə"də yaratdığı İmaş tamam başqa ampluada olan bir obrazdır.
“Qətl günü" filmindəki Sədi Əfəndinin – zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayıb, tamaşaçıya da yaşada bilmişdi. Vaqif Mustafayevin “Yaramaz"ında oynadığı zavod direktorunun obrazı isə aktyorun müasir personajları da ustalıqla yaratdığını bir daha təsdiq edir.
İldırımlı yollarla
Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini də burada alıb. Uşaqlıqdan aktyorluğa marağı olub. Bu həvəs onda hardan yaranıb, yaxınları da bilmir. Atası Bəbir kişi onu aktyor kimi görmək istəmirdi. Bəbir kişi oğlunun adlı-sanlı həkim olmasını arzulayırdı. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəlir. Sənədlərini xəlvəti aparıb Teatr İnstitutuna verir.
Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində canında daşıyan bu uşağın taleyində ağrılı məqamlar kifayət qədər idi. Onun uşaqlığı İkinci dünya müharibəsinin dəhşətli qovğalarına təsadüf etmişdi. Xüsusilə də, ağlı kəsəndən maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bu sahəyə – aktyorluğa yönəltmişdi. Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayır. Bu sənət ocağında son dərəcə fərqli və ziddiyyətli surətləri aktyor öz ruhundan, varlığından keçirərək necə də ustalıqla yarada bilmişdi. Bunların arasında Həsən Səbbah (“Xəyyam"), İblis (“İblis"), Qacar (“Vaqif"), Antonino (“Fırtına") xüsusi qeyd olunmalıdır. Əgər bir az da diqqət yetirsək, Hamlet Xanızadənin məhz hansı müəlliflərin əsərlərində özünü bir aktyor kimi taparaq təsdiq etdiyi haqqında müfəssəl düşüncəyə sahib ola bilərik. Təbii ki, ilk növbədə, onun məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazım Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökumə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağışladığı istedadla yanaşı, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.
Kinonun sehri
Unudulmaz aktyorun yaradıcılığında ikinci mərhələni kinodakı fəaliyyəti təşkil edir. “Yeddi oğul istərəm", “Axırıncı aşırım", “Arxadan vurulan zərbə", “Şəhərin yay günləri", “Qızıl uçurum", “Babək", “Bir cənub şəhərində", “İnsan məskən salır", “İstintaq davam edir", “Qatır Məmməd", “Qəm pəncərəsi", “Qərib cinlər diyarında", “Möcüzələr adası", “Nizami", “Topal Teymur", “Yaramaz", “Cansıxıcı əhvalat"... və nəhayət, “Qətl günü" filmində yaratdığı müxtəlif xarakterli obrazlarda Hamlet Xanızadənin özünəməxsus yozumu yenə hiss olunmaqdadır. O, bu obrazları elə yaradıb ki, hansısa ikinci bir ifaçı haqqında düşünmək belə ağıla gəlmir.
“Qətl günü" filmindəki Sədi Əfəndi obrazı aktyorun sonuncu işi olur. Film ekranlara çıxanda o, artıq həyatda yox idi. Filmin səsləndirilməsini Fuad Poladov öz üzərinə götürür. Həyat yoldaşı Nailə xanım o günləri belə xatırlayır: “Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: “Gör biz necə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".
Bəli, həyatın amansız üzü imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.
Hansı rolda çəkilməsindən asılı olmayaraq, aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, zəhmətkeş bir insan idi. Onu tanıyanlar deyirdilər ki, ekranda yaratdığı qəddar, zəhmli obrazlardan fərqli olaraq, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı.
Hamlet Xanızadə iddialarla yaşamayan çox böyük aktyor idi. Dəfələrlə etiraf edərdi ki, ən böyük xoşbəxtliyi tamaşaçı sevgisində tapır.
Maraqlıdır ki, onun istər teatrda, istərsə də kinoda yaratdığı obrazlar həm kamilliyinə, həm yaşına, həm də ziddiyyətli məqamlarına görə çox mürəkkəbdir. Heyrətlənməyə bilmirsən ki, bu təzadlı obrazları Hamlet Xanızadə o cavan yaşında necə də ustalıqla yarada bilib!
Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmaz, bir-birindən fərqli, maraqlı obrazlar yaradıb.
Faciənin faciəsi
Tamaşalarla yanaşı, həm radio verilişlərinə, həm kino çəkilişlərinə gedən, daim iş başında olan aktyor heç vaxt səhhətindən şikayət etməyib. Mütəmadi olaraq idmanla məşğul olub, sağlam həyat tərzi sürüb. Amma qızı Aygün Xanızadənin dediyinə görə, 20 Yanvar və sonrakı hadisələr ona çox ağır təsir etmişdi, onu sarsıtmışdı: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə aktyor dostu Bürcəli Əsgərovla şəhərə getdi. Səhərə qədər evə gəlmədilər. Sən demə, gecə səhərəcən şəhərdə şəhidlərin nəşlərinin daşınmasına yardım edib, xəstəxanalarda olub, əlindən nə gəlirsə, etməyə çalışıb. 20 Yanvarda günortadan sonra evə gəldilər. Elə vəziyyətdəydi ki, sözlə demək mümkün deyil. Özünə yer tapa bilmirdi. Bürcəli Əsgərov anamı kənara çəkib dedi ki, ay Nailə, onu bir müddət evdən bayıra çıxmağa qoyma. Yoxsa ürəyi partlayacaq".
Dostunun dediyi kimi də oldu. 1990-cı il fevralın 2-də Şəhidlər Xiyabanına ziyarətə gedən Hamlet Xanızadənin elə orada beyninə qan sızdı...
Dəfələrlə səhnədə Hamlet Xanızadənin tərəf-müqabili olmuş Xalq artisti Şəfiqə Məmmədovanın bir fikri necə də təsirlidir: “Biz onu qoruya bilmədik. Elə incə ürəyi bu dəhşətlər içində qorumaqmı olardı?"
Bəli, o, 20 Yanvar faciəsində millətimizin başına gələn ağır dərdə dözə bilmədi. Anaların, bacıların fəryadına, insanların faciəli ölümünə dözmədi. Və beləcə, Şəhidlər Xiyabanında – o müqəddəs məkanda ürəyi dayandı.
Leyla