Elektron ədəbiyyat və sənət portalı

Daniil Xarmsın absurd hekayələri Etimad Başkeçidin tərcüməsində

 

Məşhur Rusiya yazıçısı Daniil Xarms (1905-1942) absurd ədəbiyyatın yaradıcılarından biridir. Xarms hazırda ən çox oxunan, nəşr olunan, tədqiq edilən rus yazıçılarındandır. Onun yaradıcılığının bədii-tarixi kontekstini, fəlsəfi poetikasını araşdıran ədəbiyyatşünaslar son dərəcə ziddiyyətli mövqelərdən çıxış edirlər. Bu da təbiidir: çünki Xarms yaradı­cılığını klassik təhlil metodları ilə şərh etmək mümkün deyil. Buna baxmayaraq bütün dünyada onun böyük oxucu auditoriyası formalaşmış, ədəbi irsi kino və teatr sahəsində nadir populyarlıq qazanmışdır. Yazıçının əsərləri əsasında otuza yaxın film çəkilmiş, teatr tamaşaları qoyulmuşdur. Bundan başqa, Aleksey Ratmanskinin “Yıxılan qarılar” baleti və Aleksandr Manotskovun “Qvidon” operası da Xarmsın əsərlərinin motivləri əsasında ərsəyə gəlmişdir. 

 

“YAŞIL DƏFTƏR” SİLSİLƏSİNDƏN HEKAYƏLƏR

 

10 №-li yaşıl dəftər

Gözü, qulağı olmayan kürən bir adam vardı. Saçı da yox idi, odur ki, onu şərti olaraq “Kürən” adlandırırdılar. 

Bu adam danışa bilmirdi, çünki ağzı yox idi. Burnu da yox idi. 

Onun əli-ayağı da yox idi, qarnı, beli, onurğası, içi-içalatı da. Heç nəyi yox idi!

Odur ki, söhbətin kimdən getdiyi də bilinmir.

Yaxşısı budu, daha ondan danışma­yaq. 

 

Əhvalatlar 

Bir dəfə Orlov üyüdülmüş noxud yeyib öldü. Bundan xəbər tutan Krılov da canını tapşırdı. Spiridonov özü öldü. Spiridonovun arvadı isə bufetdən yıxılıb öldü. Spiridonovun uşaqları nohurda boğuldular. Spiridonovun nənəsi içkiyə qurşanıb küçələrə düşdü. Mixa­y­­­­­lov isə saçını daramadığından qotur tutdu, saçı töküldü. Kruqlov əlində qırmanc tutmuş qadın şəkli çəkdi və dəli oldu. Teleqrafla dörd yüz rubl alan Perexryostov isə özünü dartmağa başladı və nəticədə işdən qovuldu.

Yaxşı adamlar ayaqlarını yerə möhkəm basa bilmirlər. 

 

Pəncərədən yıxılan qarılar  

Hər şeyə həddən ziyadə maraq göstərən bir qarı pəncərədən yıxılıb xurd-xəşil oldu.

Başqa bir qarı pəncərədən boylanıb, əzilən qarıya baxmağa başladı, maraq güc gəldiyindən, bədənini qurşağacan çölə çıxardı və o da yıxılıb öldü.

Sonra pəncərədən üçüncü qarı yıxıldı, sonra dördüncü, ondan sonra isə beşinci. 

Altıncı qarı yıxılandan sonra onlara baxmaqdan bezdim və çıxıb Maltsev bazarına getdim – deyilənə görə, burada bir kora to­xunma şal bağışlamışdılar. 

 

Sonet  

Başıma qəribə bir iş gəldi – birdən-birə unutdum və heç cür yadıma sala bilmədim ki, əvvəl 7 gəlir, yoxsa 8?

Gedib qonşulardan soruşdum, görək bu barədə onlar nə fikirləşir?

Qonşular nə illah eləsələr də, rəqəmlərin sırasını xatırlaya bilmədilər. Çox təəccübləndim – 1, 2, 3, 4, 5 və 6 rəqəmlərini xatırlayırdılar, sonrasını yox. 

Hamımız Znamenski və Basseynaya küçələrinin kəsişməsində yerləşən kommersiya mağazasına – “Qastronom”a yollanıb, dərdimizi kassir qıza danışdıq. Kassir qız ağzındakı saqqızı çıxardı, burnunu azca irəli verib dedi:

– Məncə, səkkiz yeddidən sonra gəldiyi hallarda yeddi səkkizdən sonra gəlir.

Kassir qıza minnətdarlıq eləyib, sevinə-sevinə mağazadan çıxdıq. Ancaq qızın sözlərini xatırlayan kimi, yenidən kefimiz pozuldu – onun dedikləri bizə mənasız söz yığını kimi gəldi. 

Neyləyə bilərdik, Yay bağına gedib, ordakı ağacları saymağa başladıq. Ancaq 6-ya çatanda dayanıb, mübahisə eləməli olduq: kimi dedi 6-dan sonra 7 gəlir, kimi də dedi 8. 

Mübahisə acı bağırsaq kimi uzandı. Xoşbəxtlikdən, elə bu vaxt skamyada oturmuş bir uşaq yıxılıb, çənəsini sındırdı. Mübahisə yarımçıq qaldı.

Sonra evlərimizə dağılışdıq. 

 

Optik xəta

Semyon Semyonoviç gözlüyünü taxıb şam ağacına baxır. Görür ki, ağacın başında bir kişi oturub, ona yumruq göstərir.

Semyon Semyonoviç gözlüyünü çıxarıb baxır, görür ki, şam ağacının başında heç kəs yoxdur.

Semyon Semyonoviç gözlüyünü taxıb şam ağacına baxır. Yenə də görür ki, ağacın başında bir kişi oturub, ona yumruq göstərir.

Semyon Semyonoviç gözlüyünü çıxarıb baxır, yenə də görür ki, şam ağacının başında heç kəs yoxdur.

Semyon Semyonoviç bir daha göz­lüyünü taxıb, şam ağacına baxır və yenə görür ki, ağacın başında bir kişi oturub, ona yumruq göstərir.

Semyon Semyonoviç buna inanmaq istəmir və bu hadisəni optik xəta sayır. 

 

Puşkin və Qoqol

Qoqol kulisdən səhnəyə yıxılıb, hərəkətsiz qalır.

Puşkin (səhnəyə çıxarkən, ayağı Qoqola ilişib yıxılır). Lənət şeytana! Deyəsən, Qoqola ilişdim!

Qoqol (ayağa qalxır). Əclaflığa bax! Dincəlməyə də qoymurlar!

(Yerimək istəyəndə, Puşkinə ilişib yıxılır).

Deyəsən, Puşkinə ilişdim!

Puşkin (ayağa qalxır).

Bir dəqiqə rahatlığımız yoxdur! (Addım atmaq istəyəndə, Qoqola ilişib yıxılır).

Zəhrimar! Deyəsən, yenə Qoqola ilişdim!

Qoqol (ayağa qalxır). İşlər düz gətirməyəndə gətirmir! (Yeriyərkən Puşkinə ilişib yıxılır).

Yaramazlığa bax! Yenə Puşkinə ilişdim!

Puşkin (ayağa qalxır). Bu dələduzluqdur! Əsl dələduzluq! (Yeriyər­kən ayağı Qoqola ilişib yıxılır). Lənətə gələsən! Yenə Qoqola ilişdim!

Qoqol (ayağa qalxır). Artıq bu, adamı ələ salmaqdır! (Yeriyərkən ayağı Puşkinə ilişib yıxılır).

Yenə Puşkinə ilişdim!

Puşkin (ayağa qalxır).

Lənətə gələsən! Əcəb işə düşmüşük! (Yerimək istəyəndə, Qoqola ilişib yıxılır).

Qoqol (ayağa qalxır). Bu alçaqlıqdır! (Yerimək istəyəndə, ayağı Puşkinə ilişib yıxılır).

Yenə Puşkin!

Puşkin (ayağa qalxır). Lənətə gələ­sən! (Addım atmaq istəyəndə, ayağı Qoqola ilişib kulisə yıxılır).

Yenə Qoqol!

Qoqol (ayağa qalxır). Zəhrimar!

Pərdə arxasına keçir. Oradan Qo­qolun səsi eşidilir: “Yenə Puşkin!” 

 

Pərdə

Xarrat Kuşakov 

Soyadı Kuşakov olan bir xarrat vardı. Bir dəfə xarrat yapışqan almaq üçün evdən çıxıb, dükana yollandı. Yazbaşı qar yenicə əriməyə başlamışdı, yol çox sürüşkən idi. Xarrat bir neçə addım atmışdı ki, sürüşüb yıxıldı, alnı əzildi.  

– Eh! – Xarrat ayağa qalxıb aptekə getdi, yara bandı alıb alnına yapışdırdı. Ancaq küçəyə çıxıb, bir-iki addım atmışdı ki, yenidən sürüşüb yıxıldı, burnu əzildi.  Tfu! – Xarrat aptekə qayıtdı, yara bandı alıb, burnunun əzilən yerinə yapışdırdı. Sonra yenidən küçəyə çıxdı, yenə sürüşüb yıxıldı, sifəti yerə dəyib əzil­di.Yenə də aptekə qayıdıb, sifətinə yara bandı yapışdırmalı oldu. – Qulaq asın, – aptek işçisi xarrata dedi, – siz tez-tez yıxılıb əzilirsiniz, məsləhət görürəm, bir neçə yara bandı götürəsiniz.

– Yox, – xarrat cavab verdi, – daha yıxılmaram! 

Ancaq küçəyə çıxar-çıxmaz, yenə sürüşüb yıxıldı, çənəsi əzildi.

– Lənətə gəlmiş buz! – xarrat hiddətlə qışqırıb, aptekə doğru qaçdı.

– Görürsünüz, – aptek işçisi dedi, – yenə yıxıldınız.

– Yox! – Xarrat bağırdı. – Heç nə eşitmək istəmirəm! Tez olun, yara bandı verin!

Aptek işçisi yara bandı verdi; xarrat yara bandını çənəsinə yapışdırıb, evə qaçdı.

Onu mənzilə buraxmadılar, çünki tanıya bilmədilər. 

– Mən xarrat Kuşakovam! – xarrat haray-həşir saldı.

– Get, özünü dola! – içəridəkilər qapının cəftəsini vurub, zəncirini bağladılar.

Xarrat Kuşakov qapının önündə xeyli dayanandan sonra, hər şeyə tüpürüb, küçəyə çıxdı.  

 

Sandıq

Nazik boyunlu bir adam sandığa girib, qapağını bağladı və burada nəfəsi darıxmağa başladı. 

– Budur, – nazik boyunlu adam boğula-boğula dedi, – sandıqda nəfəsim kəsilir, çünki boynum nazikdir. Sandığın qapağı örtülüdür, içəriyə hava buraxmır. Burada boğulub ölsəm də, sandığın qapağını açmayacağam. Yavaş-yavaş öləcəyəm. Mən həyatla ölümün mübari­zəsini görəcəyəm. Bu, adi mübarizə olmayacaq, çünki şansların bərabər olduğu mübarizədə zəfər qazanan tərəf həmişə ölüm olur, ölümə məhkum olunmuş həyat isə düşmənlə bihudə vuruşur, son dəqiqəyəcən ümidini itirmir. İndicə baş verəcək savaşda həyat qələbə çalmağın yolunu öyrənəcək: bunun üçün o, mənim əllərimi məcbur etməlidir ki, sandığın qapağını açsın. Görək də, kim-kimi yenəcək? Burada naftalin iyindən dayanmaq olmur. Həyat qələbə çalsa, sandıq­dakı şeylərin üstünə maxorka səpəcəyəm… Budur, başlandı: artıq nəfəs ala bilmirəm. İşim bitib, bu, aydındır! Artıq xilas yolu yoxdur! Daha ali mətləblər barədə düşünə bilmirəm! Mən boğuluram!.. 

Oy! Bu nədir belə? İndicə nəsə baş verdi, ancaq başa düşmürəm nə? Mən nəsə gördüm, ya da eşitdim…

Oy! Yenə nəsə oldu? İlahi! Nəfəs ala bilmirəm. Deyəsən, ölürəm…

Bu nədir? Mən niyə oxuyuram? Deyəsən, boynum ağrıyır… Bəs sandıq hanı? Sandığın içindəyəmsə, otağımdakı əşyaları necə görürəm? Deyəsən, döşəmədə uzanmışam axı? Bəs sandıq hanı?

Nazik boyunlu adam döşəmədən qalxıb ətrafına boylandı. Sandıq heç yerdə gözə dəymirdi. Sandıqdan çıxardığı şeylər çarpayının və stulların üstündə atılıb qalmışdı, sandığın özü isə yox idi. 

Nazik boyunlu adam dedi:

– Belə çıxır ki, həyat ölümə mənim bilmədiyim bir üsulla qalib gəlib. 

 

Petrakovun başına gələn əhvalat

Bir dəfə Petrakov uzanıb yatmaq istədi. Ancaq çarpayıya düz uzanma­dığından, tappıltıyla döşəməyə dəydi və xeyli beləcə qaldı.

Nəhayət, Petrakov var gücünü toplayıb, dizi üstə qalxdı. Ancaq o qədər heysiz idi ki, yenidən üzü üstə yıxıldı…

Petrakov hardasa uzandığı yerdən beş saat qalxa bilmədi. Əvvəlcə elə-belə uzanmışdı, sonra gözünə yuxu getdi.  

Yatıb dincələndən sonra Petrakov özünə gəldi. İndi özünü sapsağlam hiss edirdi. O, ayağa qalxıb, bir qədər otaqda var-gəl eləyəndən sonra ehtiyatla çarpayıya uzandı. Fikirləşdi: «İndi yataram». Amma artıq yuxusu gəlmirdi. Yatağında o üz-bu üzünə çevrilən Petrakov nə illah elədi, yata bilmədi. 

Vəssalam.  

 

Dalaşanların hekayəti 

Aleksey Alekseyeviç Andrey Karloviçi basmarlayıb altına aldı, ağız-burnunu ovub buraxdı. 

Qəzəbindən coşub-kükrəyən Andrey Karloviç Aleksey Alekseyeviçin üstünə cumub, ağzına bir yumruq ilişdirdi.

Ondan bu cür qıvraq hərəkətlər gözləməyən Aleksey Alekseyeviç yerə yıxıldı. Andrey Karloviç onun sinəsinə çöküb, ağzından qoyma dişini çıxardı və onunla Aleksey Alekseyeviçin sir-sifətini elə günə saldı ki, Aleksey Alekseyeviç yerdən qalxanda onu tanımaq olmurdu. Aleksey Alekseyeviç əliylə üzünü tutdu və qaçıb aradan çıxdı.

Andrey Karloviç isə, qoyma dişini silib, yenidən ağzına saldı. Dişin yerinə oturduğuna əmin olduqdan sonra ətrafa göz gəzdirib, Aleksey Alekseyeviçi axtarmağa getdi.  

 

Tərcümə edən: Etimad Başkeçid