SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir...
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...
BİZ SƏNİ DAĞ BİLİRDİK
Biz səni dağ bilirdik,
sən heç təpə deyilsən.
Səni ümman bilirdik,
sən heç ləpə deyilsən.
Biz sənə dost deyirdik,
sən yad imişsən, demə.
Səni kişi bilirdik,
arvad imişsən, demə,
Əvvəl elə sanırdıq
təmizlərin təmizisən,
Sonra gördük, anladıq,
sən çirkinlik rəmzisən.
Çox artistlik eləmə,
yoxsa sənə göz dəyər,
Adam necə özünü
maskalayar, gizləyər.
Həqiqət gözümüzdə
durubdur röya kimi,
Arxasız imişik biz,
demə, buraya kimi.
GEDƏCƏYƏM SÖZLƏR
KİMİ ÇİYİNLƏRDƏ
Mənə sözün ixtiyarın verdi Yaradan,
Dedi: - sənə ilham, qələm qoy kömək olsun.
Məni başa düşmədilər bu zəmanədə,
Axı başa düşmək üçün baş gərək olsun.
Durub dövrə yalvarmadım, üz tutmadım, yox,
Külək hansı səmtə əsdi ora əsmədim...
Şair haqdan yaranıbdır, utanmadım, yox,
Gündə-gündə özümə bir allah gəzmədim...
Öz inamım, öz məsləkim oldu həmişə,
Öz sevincim, öz kədərim, öz qəmim oldu.
Söz şairə əqidədir, yoldur həmişə,
Sözə xain çıxanlara söz qənim olsun...
Anam getdi o anamı eylədi əvəz,
Bacım getdi şeir mənə bir bacı oldu.
O mənimçin könüllü həbs, könüllü qəfəs,
Həm əzabım, həm də əsil əlacım oldu...
Pulsuz oldum, amma ruhsuz yaşamadım mən,
Söz dövlətim, söz ziynətim, söz daşım oldu.
Ölüm ömür yoldaşımı aldı əlimdən,
Poeziya mənə ömür yoldaşı oldu...
Zalım, nankor zəmanənin yaxşısı, pisi,
Aşkar hopdu, çökdü mənim sətirlərimə.
Elə bil ki, vəcdə gəlib Tanrının özü,
Öz əlini çəkdi mənim sətirlərimə...
Əsla bitib, tükənmədi söz əmanətim,
Yollarıma gecə-gündüz o tutdu məşəl.
Amma məni duymadılar bu zamanədə,
Yəqin ayrı zamanədə başa düşərlər...
Ürəklərə toxum səpdim vermədi səmər,
Ha çağırdım yatan kütlə sanma ayıldı...
Söz sayıldı vecsiz, cəfəng sərsəmləmələr,
Köhnə, cındır ibarələr şeir sayıldı...
Nə qədər ki, ruh yaşayır, can var bədəndə,
Dəyişməzdir şeirim, fikrim, əqidəm, səsim...
İstəmirəm bu dünyadan bir gün köçəndə,
Qara kütlə tabutumun dalınca gəlsin...
Başsız qoyun sürüləri dünyada nə çox,
Qoy iki-üç qanan adam ötürsün məni...
Qoymazsınız, qoymazsınız balalarım, yox,
Çirkin əllər tabutumu götürsün mənim...
Gec-tez sona çatacaqdır ömür nağılım,
Gedəcəyəm bu dünyadan şeir dilimdə...
Gedəcəyəm ən birinci oğullarımın,
Bir də, bir də sözlərimin çiyinlərində...