Marqerita Qvidaççi
(İtaliya)
Şeir, tərcümədən sonra da öz poetik havasında qalmalıdır
Leopardi elmi əsərlərinin birində Zəburun zəif tərcüməsinin əsas qüsurlarını sadalayarkən bir məsələni xüsusi vurğulayırdı: “Oxucunu orijinalda olduğu qədər təsirləndirmək lazımdır”.
Mənim üçün bu, tərcümə sənətinin əlifbasıdır. İşimi də bu ruhda görməyə çalışıram. Orijinalı yüzdəyüz dəqiq yaratmaqla, onu poetik baxımdan dəqiq canlandırmaq arasındakı əbədi ziddiyyətin məngənəsinə düşüb hər ikisinə birdən (bu, məsələnin ən optimal həlli olardı) nail ola bilməyəndə tərəddüdsüz ikincini seçirəm. Düşünürəm ki, gözəl, amma “qeyri-dəqiq” tərcümə, kifir, amma “dəqiq” tərcümədən daha yaxşıdır. Dəqiqliyin ən birinci şərti gözəl tərcümədir. Orijinalda şeir tərcümədən sonra da öz poetik havasında qalmalıdır. Əlbəttə, mexaniki tərcümədə bu, mümkün deyil – çünki belə çevirmədə sözlərin yalnız məntiqi anlamı verilir, halbuki onların səslənməsi və ritmi poetik sözün heç də az önəmli atributu deyil.
“Bəzən nəinki tərcümənin, hətta tərcüməçinin də yaradıcı taleyi bircə sözdən asılı ola bilər”. L.V.Ginzburq bu fikri bildirərkən tamamilə haqlıydı.
Mən niyə tərcümə edirəm? İstəyirəm, oxucu əsərlərini çevirdiyim şairləri daha yaxşı tanısın. Üstəlik, tərcümə özümə də çox şey verir. Tərcümənin problemləri orijinal yaradıcılığın problemlərinə çox yaxındır. Hər ikisi bu və ya başqa şəkildə məzmun üçün forma axtarışlarına gətirib çıxarır: məzmun isə ona uyğun forma tapılmayana qədər mövcud ola bilməz.
Tərcümə edilən əsərin məzmunu artıq başqa dildə ifadə olunub, odur ki, tərcüməçi indiki halda ona yeni nəfəs verməli, hər şeydən əvvəl isə əsərin mahiyyətində olan, ancaq hərdən üzə çıxan, hərdən də çıxmayan formalar vasitəsilə dərk etməlidir. Fərq ondadır ki, tərcümə zamanı bu problemlər artıq mövcud poetik axının mənsəbində həll olunur.
Mən hansı şairlərin poeziyasını çevirirəm? Açığı, heç vaxt işimi xüsusi qəliblərə salmamışam. Möhkəm riayət etdiyim yeganə qayda – müəllifin istəyi olmadan şeirini çevirməməkdir (əslində isə söhbət mənim, yaxud müəllifin yox, şeirlərin özünün münasibətindən gedir).
Bir sıra müasir müəlliflərin əsərlərini tərcümə edirəm, ancaq arada şövqlə klassik şairlərin də irsinə üz tuturam. Böyük sələflərə müraciət bütün daxili potensialımı hərəkətə gətirir və mənə lazımi təcrübə qazandırır. Bilirəm ki, artıq bəri başdan məğlubiyyətə uğramışam, ancaq yenə də özümdə güc tapıb fədakarlıq və cəsarətlə addım atıram. Bu, məni daxilən gücləndirir, qətiyyətimi artırır.
Tərcümə edən: Sevinc Fədai