Cəmiyyətdə böyük rezonans doğuran bəzi cinayət hadisələri sonralar bir çox yazıçıların yaradıcılığında öz əksini tapır. Bütün dövrlərdə kriminal hadisələr əsasında yazılmış detektiv əsərlər oxucular arasında populyarlıq qazanıb. Aşağıda real cinayət hadisələrinə əsaslanan 10 məşhur əsərin siyahısını təqdim edirik.
1. Frensis Skott Fitsceraldın “Böyük Getsbi” romanı
Fitsceraldın bu romanı Şimali Dakotada fermer ailəsindən olan Ceyrns, yaxud Cinimi Qets (Cey Getsbi) adlı oğlanın həyatından bəhs edir. Gözünü açandan məhrumiyyətlər içində böyümüş yoxsul Cey yetkinlik yaşına çatdıqdan sonra kasıblığın daşını ata bilir və az sonra Nyu-Yorkda – Long-Aylenddə ən varlı insanlardan birinə çevrilir. Cey çoxlu pulu olan mahir fırıldaqçıdır. Qara bazarda Getsbinin əsas partnyoru özü kimi qanunsuz yollarla pul qazanan Meyer Volfsxaymdır. Meyer Volfsxaym obrazı da real həyatdan götürülüb. Meyer Volfsxaym varlı qumarbaz, kazinosu, eləcə də bahalı cıdır atları olan Arnold Rotşteynin prototipidir. Rotşteyn Manhettendə məşhur “Park Central” hotelində qumar masası arxasında öldürülüb. Mahiyyətinə görə, “Böyük Getsbi” romanı bədnam “Amerika arzusu” haqqında ibrətamiz hekayətdir. Məhz Rotşteynin həyatını təsvir etmək məqsədi daşıyan əsər, onun cinayətkar fəaliyyətinin çiçəklənən dövründə – qısa müddətdə varlandığı 1920-ci illərdə qələmə alınıb.
2. Teodor Drayzerin “Amerika faciəsi” romanı
“Böyük Getsbi” əsərində olduğu kimi, Amerika naturalizminin əsas tərəfdarlarından olan Teodor Drayzerin “Amerika faciəsi” romanında da real cinayət hadisəsindən bəhs edilir. Hər iki əsər 1925-ci ildə nəşr olunub. Drayzerin əsas qəhrəmanı Klayd Qriffits qatı yevangelist valideynlərin yeganə oğludur. Böyük şəhərin cazibəsinə düşən Qriffits get-gedə alkoqollu içkilərə qurşanır, pozğun həyat tərzi sürməyə başlayır. Roberta Olden adlı qadına vurulması isə onun həyatını tamam məhv edir. Bir müddət Roberta ilə yaxın münasibətdə olan Klayd əvvəlcə həyatından çox məmnun görünür.
Lakin Roberta ondan uşağa qalır. Məhz həmin dövrdə Klaydın gözü daha yüksək təbəqəyə mənsub bir qıza düşmüşdü.
Robertadan və dünyaya gələcək uşaqdan yaxa qurtarmaq üçün Klayd, Robertanı öldürmək qərarına gəlir. Lakin cinayətin üstü açılır, Klayd həbs olunur, məhkəmə qurulur və o, edam edilir.
Drayzer bu iddialı romanı yazmazdan əvvəl varlı bir fabrikantın qardaşı oğlu, 1906-cı ildə məşuqəsini və onun dördaylıq körpəsini qətlə yetirmiş Çester Jilyett haqqında məlumat toplayıb. Əsərin qəhrəmanı ilə Jilyettin həyatının oxşar cəhətləri belə deməyə əsas verir ki, Drayzer məhz 22 yaşlı Jilyettin həyat tarixçəsini qələmə alıb.
3. Reymond Çandlerin “Hündür pəncərə” romanı
Reymond Çandlerin 1942-ci ildə qələmə aldığı roman detektiv Filip Marlou, eləcə də hakimiyyət və pul hərisliyi haqqında yazılmış ən məşhur əsərlərdəndir. İtmiş nadir pul sikkəsini tapmaq üçün adam tutan Marlounun başı ailə dramına qarışır. Əvvəlcə gənc müğənni qız Linda Konkvest itir, sonra isə onun qətli ilə bağlı təhqiqat aparılır. Roman, əslində, Neda Doeninin başına gələn hadisələrdən qaynaqlanır. Neda Doeni Kaliforniyanın ən zəngin neft sahibkarlarından biri olub.
4. Edqar Allan Ponun “Günahkar ürək” hekayəsi
Eqar Ponun ən qorxulu əsərlərindən olan “Günahkar ürək” hekayəsi naməlum şəxsin onunla eyni evdə yaşadığı qocanı qətlə yetirməsindən bəhs edir. Onun qətl törətməsinə səbəb qocanın göz qarasına ağ ləkə düşməsi olur. Məhz bu “pis göz” onu özündən çıxarır. Qocanı öldürdükdən sonra o, meyiti hissələrə bölüb evin döşəməsinin altında gizlədir. Lakin tədricən o, dəli olur və tez-tez “döşəmənin altında qocanın ürək döyüntülərini eşidir”... Bu səsdən tamamilə ağlını itirən qatil axırda özünü polisə təslim edir.
“Günahkar ürək” əsərinin əsas mahiyyəti odur ki, burada kütləvi ədəbiyyatda olan kriminal psixologiyanın ən erkən və ən qabarıq təsvirləri var. Bəlkə də Edqar Po bu hekayəni 1830-cu ildə Massaçusets ştatının Salem şəhərini silkələyən qətl hadisəsindən təsirlənərək yazıb. Kapitan Cozef Uayt, Salemin ən dəbdəbəli mülklərindən birində yaşayırdı. Ömrünün sonuna qədər bu evi heç kim tanımamışdı. Kapitanın ölümündən sonra istintaq evdə heç nəyə əl vurulmadığını müəyyən etmişdi. Sonradan işin üstü açılmış və məlum olmuşdu ki, kapitan Uaytı onun öz qardaşı nəvələri Uayt Cozef Knapp və Con öldürüblər ki, varidatını ələ keçirsinlər.
5. Edqar Allan Ponun “Mari Rojenin sirləri” hekayəsi
Ehtimal edilir ki, Edqar Po bütün məşhur qorxulu hekayələrini Şerlok Holmsun prototipi olan Ogüst Düpen haqqındakı detektiv əsərlərini yazdığı üsulla, yəni real kriminal hadisələrdən istifadə etməklə yazıb.
“Mari Rojenin sirri” hekayəsində 1842-ci ildə Düpen və onun adsız dostu (doktor Vatsonun prototipi) olan gənc parisli qadının açılmayan qətlindən bəhs edilir. Hekayədə yazıçı, Meri Sesiliya Rocersin səs-küylü cinayət işi haqqında öz fikirlərini bölüşür. Qətlə yetirilmiş Meri Sesiliya Rocersin meyiti Nyu-Cersinin Hoboken şəhərindəki Sibilla mağarasında tapılmışdı.
6. Stiq Larssonun “Əjdaha döyməli qız” romanı
Stiq Larssonun “Millenium” silsiləsindən olan “Əjdaha döyməli qız” romanı əxlaqsız qadınlardan bəhs edir. Roman yazıçının ölümündən sonra, 2005-ci ildə nəşr edildi və bestsellerə çevrildi. O vaxtdan indiyə qədər bütün dünyada milyonlarla nüsxəylə satılır, saysız-hesabsız müəlliflər isə bu əsərin ardını yazmaq fikrindədir. Əvvəllər jurnalist olmuş Larssonun romanı yazmasına 28 yaşlı fahişə və narkotika aludəçisi Katrin da Kostanın ölümü səbəb olmuşdu. O, romanı Katrin da Kostanın ölüm səbəblərinin araşdırılması zamanı yazmışdı. Əvvəlcə ehtimal edilirdi ki, qızı, biri məhkəmə patoloq-anatomu olan iki həkim öldürüb. Lakin sonradan bu ehtimal özünü doğrutlmadı və həkimlər bəraət aldılar. Bununla belə güman olunur ki, romanın personajı Lisbet Salanderin həyat tarixçəsinin əsasında Lisbet adlı qızın zorlanma hadisəsi dayanır.
7. Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı
Fyodor Dostoyevskinin 1866-cı ildə yazdığı “Cinayət və cəza” romanı ədəbiyyatda əsl hadisəyə çevrildi. Oxucu, özünü adam öldürməyə “haqqı çatan” insan hesab edən Raskolnikovun yaşantılarına, fikirlərinə, düşüncələrinə biganə qala bilmir. Dostoyevski bu romanı yazanda adam oldürmək onun üçün “su içmək kimi asan” olan fransız şairi və cinayətkarı Lasenerdən “ilhamlanıb”. Lasener öz cinayətlərinə haqq qazandıraraq deyirdi ki, o, cəmiyyətin qurbanıdır və adam öldürməklə sosial ədalətsizliyə qarşı mübarizə aparır.
8. Deşil Hammetin “Qan biçini” romanı
1929-cu ildə Deşil Hammetin romanı işıq üzü görəndə detektiv janrında romanları – daha çox şəxsi malikanələrdə baş verən əcaib cinayət hadisələrinin təsvirindən ibarət əsərləri ingilis yazıçıları yazırdı. Bu cinayət hadisələrini tanınmış xüsusi detektivlər araşdırırdı. Hammet isə detektiv janrında olan fantastik hadisələri bütün reallığı və amansızlığı ilə təsvir edirdi.
“Qan biçini” romanında hadisələr Personvill şəhərində baş verir. Şəhərdə tez-tez cinayət hadisələri baş verdiyindən, bura, daha çox Poyzonvill kimi tanınır. Şəhərə detektiv agentliyinin əməkdaşı gəlir. O, araşdırma zamanı aşkara çıxarır ki, Personvill şəhərini, faktiki olaraq, cinayətkar dəstələr idarə edir. Romanın süjeti 1912-ci ildən 1920-ci ilə qədər Montana ştatında həmkarlar ittifaqının lideri olmuş Frenk Littlin verdiyi işgəncələrdən cana doymuş mədənçilərin real tətilinə əsaslanır.
9. Devis Qrabbın “Ovçunun gecəsi” romanı
1953-cü ildə Devis Qrabbın “Ovçunun gecəsi” romanı nəşr olunur, 1955-ci ildə isə eyniadlı film ekranlara çıxır. Romanda cinayətkar Harri Pauellin öldürülməsindən bəhs edilir. O özünü təmiz adam kimi qələmə verərək oğru Ben Harperin arvadı Ville Harperlə tanış olur. Harperin oğurladıqlarını ələ keçirmək üçün Pauell əvvəlcə Villeni, sonra isə onun uşaqlarını qətlə yetirir.
Romanda təsvir olunan hadisələr ABŞ-dakı Böyük Böhran fonunda baş verir. Harri Pauell obrazının prototipi isə 1930-cu illərdə Qərbi Virciniyada real silsilə qətllər törətmiş Harri Pauersdir.
10. Entoni Bercessin “Zavod portağalı” romanı
“Zavod portağalı”, şübhəsiz ki, bu siyahıda ən kədərli kitabdır. Britaniya yazıçısı Entoni Bercessin romanı yeniyetmələr arasında zorakılığın artdığı İngiltərənin iç üzünü açır. Aleks ingilis-rus jarqonları ilə danışan dəstənin başçısıdır. Aleks Lüdviq van Bethovenin musiqisinə və süddə qarışdırılmış narkotiklərə aludə olub. O öz cinayətkar dəstəsilə gecələr “ova” çıxır. Bu zaman yeniyetmələr bir-birinə qənim kəsilir, hətta qətllər törədirlər. Bercess öz romanını İngiltərədə müharibədən sonrakı “teddi-boys” mədəniyyətinə əsaslanaraq yazıb.
Hazırladı: N.Əliyeva