(hekayə)
O zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında, balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi. Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən günlərin şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla taxta məhəccərə söykənib baxardım.
Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar. Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa, müəyyən cavab demədilər. Səslər gəlirdi:
- Su verin!
- Anasının bəxti üzdə imiş.
- Dayan bir görək!
Mən qapı ağzından səkiyə çıxıb, həyətə baxdım. İki qadın oturmuşdu. Biri yaşlı, başına ağ dəsmal örtmüş xidmətçi idi. O birisi tirmə şallı, cavan və yaraşıqlı bir gəlin idi. Deyəsən, hər ikisi ağlayırdı. Tirməli gəlin lap cavan idi. Qucağında uşaq olmasaydı, ona hamı on səkkiz yaşlı qız deyərdi. Halbuki o, neçə bala böyütmüş təcrübəli qadınlar kimi uşağı öpüb əzizləyir, bu qolundan o qoluna verir, bir tərəfdən ovutmaq istəyir, o biri tərəfdən də özü ağlayırdı. Bağrına basır, öpür, hərdən başını qaldırıb adamlara baxır, ipək dəsmalla gözünün yaşını silirdi. O birisi, ağ dəsmal örtmüş qadın uşağı gəlinin əlindən almaq istəyirdi, ala bilmirdi.
İçəridən gələn çeşməkli bir kişi hər iki qadının qolundan tutub qaldırdı. Onlar pilləkənlərdən çıxıb otaqlara girəndən sonra adamlar dağılışmağa başladılar. Mən tərbiyəçiyə yanaşıb soruşdum:
- Bacı, o qadınlara nə olub?
- Heç nə, - dedi, - şükür Allaha ki, xata sovuşdu.
- Nə xata idi?
Tərbiyəçi mənim marağımı görüb yer göstərdi. Mən pilləkən ağzındakı kürsüdə oturdum. O nə üçünsə aşağı həyətə düşdü və tez qayıtdı. Sanki bayaq dediklərinin ardını danışırdı:
- Şükür ki, xata sovuşdu. O gördüyün tirməli gəlin uşağın anasıdır. Neçə gündür kənddə imiş. Bu gün qayıdıb oğlunu görmək üçün bağçaya gələndə, uşaqlar yuxarı mərtəbədə nahar yeyirlərmiş. Uşaq anasının “İdris”, - deyə səsini eşitcək, sevincək eyvana qaçıb, məhəccərə dırmaşanda, təpəsi üstə yerə gəlib.
- Bir şey olmayıb ki? Salamatdırmı?
- Necə bir şey olmayıb? O hündürlükdə eyvandan daş səkilərə düşən necə salamat qalar? Uşaq yerə dəysə idi, o saat canı çıxacaqdı. Xoşbəxtlik olub ki, Nazimə arvad görüb...
- Göydən yerə gələn uşağı görməyin bir faydası varmı?
- Arvadın igidliyinə bax da! Görüb də, uşağı ölümdən qurtarıb da!
- Kimi dediniz?
- Nazimə! Burada tərbiyəçidir. Nazimə kənardan bunlara baxırmış, uşağın yıxıldığını görəndə, arvad özünü irəli atıb, göydə onu top kimi tutub. Özü yıxılıbsa da, uşağa bir şey olmayıb.
- Deməli salamatdır?
- Bəli, salamatdır, ona heç nə olmayıb.
- Bəs gəlin nə üçün ağlayırdı?
- Necə ağlamasın? Uşağın düşdüyünü görən kimi özündən gedib. Ağlamazmı? Mənim ürəyim hələ yerinə gəlməyib. Uşaq salamat qurtaranda, elə bil dünya bizim oldu. Adam istəyir yaxşılıq olsun, ürəklər xoş olsun!
“Nazimə!” Bu ad mənə tanış idi, ancaq mən tanıdığım Nazimənin buralarda olacağını güman etməzdim. Tərbiyəçi sözünü qurtarıbmış kimi, əllərini önlüyünün cibinə qoydu və içəriyə baxıb, yavaşca mənə işarə elədi:
- Budur, Nazimə özü gəlir.
Mən dönəndə gördüm ki, odur, özüdür.
- Nazimə, siz hara, bura hara? - deyə soruşdum.
O gülümsədi:
- Mənim əsl yerimdir, burada işlədiyim az qala beş il olur.
- Bu gün, - dedim, - hamı sizin igidliyinizdən danışır...
- Uşağı bir xoşbəxt təsadüf saxladı, mən də bir səbəb oldum.
Neçə il əvvəl, biz Ozan küçəsində yaşayanda, həmin bu Nazimə qonşumuz idi. Ucaboy, üzü xallı, qarayanız, həmişə yeyin yeriyən bir qadın idi. Bəzən qapımızı bərk-bərk döyər, sanki vacib bir iş üçün tələsik evə girib, üzünü anama tutar, mərhəmət uman bir səslə deyərdi:
- Xeyransa, darıxıram, darıxıram, ay bacı!
Mən tez patefonu götürər, ya tarı əlimə alardım. Anam məni danlardı ki, sən öz işinə get!
Sonralar bildim ki, Nazimə ancaq öz evlərində darıxır, anam da, başqa qonşular kimi, uşaqlarını onun gözündən yayındırır.
Qadının dərdi nə idi?
Nazimə on beş ildən artıq idi ki ərə getmişdi. Əri saatsaz Əli arvadını sevirdi; özü başıaşağı, dinc və pulqazanan bir kişi idi. Demək olar ki, iki nəfərdən ibarət olan bu ailənin heç zaman və heç nədən korluğu olmamışdı. Əli evini zəmanəyə layiq qurtarmaqdan başqa, Naziməyə də hər cür paltar və zinət şeyləri almışdı. Hər qış onu kəndə, atası evinə qonaq göndərər, hər yayı Şimali Qafqaza, mədən sularına müalicəyə aparardı. Ancaq bunların heç biri Naziməyə təsəlli deyildi. Çünki Nazimənin övladı yox idi. O, evdə oturduğu zaman döşənmiş, bəzəkli otağını dərin və daimi bir sükut içinə batmış görərdi və bu zaman bilməzdi nə etsin. Öz əli, öz səliqəsi ilə düzdüyü ev şeyləri - çarpayıdan tutmuş sandığa, xalçalardan tutmuş gümüş qablara qədər, hər şey dərin sükut içində sahibinə baxıb, sanki soruşurdu:
- Bizi kimə tapşırırsan? Hanı sənin balaların?
İllər ötdükcə Nazimə bu hissin ağırlığını daha artıq duyurdu.
Bədənnüma güzgü qabağında dayanıb başını darayanda, saçlarındakı ağ tükləri görəndə sinəsindən sərin və dərin bir ah qopurdu. Ona elə gəlirdi ki, bura, bu bəzənmiş və həmişə öz səliqəsində qalan otaq ev deyil, qocalmaq, ölümü gözləmək üçün bir tənhalıq guşəsidir. Eyvana çıxar, çiçəyini təzəcə töküb, meyvələrini böyütməkdə olan ərik ağacı gözünə sataşardı. Dayanıb ətrafı dinləyəndə, haradansa gülən, ya oynayan uşaqların səsi ucalanda, Nazimə saatlarla dinləmək istərdi. Səslər sönüb uzaqlaşanda Nazimə tez həyətdən çıxar, şəhər küçəsinin izdihamına səssizcə qarışardı.
Naziməni uşaq bağçasında xidmətə məcbur edəndə də ancaq bu ehtiyac olmuşdu. O, burada - uşaqlar arasında bir tərbiyəçi kimi keçirdiyi vaxtda özünü ana kimi duyur və xoşbəxt hiss edirdi.
Qohumlarımızdan birinin uşağını yoxlamaq üçün bağçaya getmişdim. Naziməni görmədən qayıtmaq istədim. Mən onu balaca otaqda ahıl bir kişi ilə oturub söhbət edən gördüm. Bu onun əri idi. Hər ikisi ayağa qalxıb, məni çağırdı:
- Buyurun!
Qadın nə qədər israr etdisə, içəri girmədim.
- Buyurun, nə qulluğunuz var?
- Xoşbəxt olasınız, sizdən xahişim budur ki, gözünüz bu uşağın üstündə olsun, - deyə dil tökdüm.
- Arxayın olun, mən ona öz balam kimi baxıram.
Nazimə “bala” sözünü elə şirin, eyni zamanda elə bir həsrətlə dedi ki, özü də utandı. Mən razılıq elədim.
- Sizin qayğıkeşliyinizi görmüşəm, - dedim. - Siz baxan uşaq ana qüssəsi çəkməz.
Nazimə başını aşağı saldı, üzü dalana baxdı. Mən gördüyüm hadisəni xatırlatmaq istəyirdim.
- Eyvandan yıxılan uşağı xilas etdiyiniz yadınızdadırmı?
Nazimə fərəhləndi, üzündə təbəssüm oynadı, gözləri parıldadı.
- Oğulluğa götürmüşəm, - dedi. - İdrisi oğulluğa götürmüşəm. Hər həftə uşağı bizə gətirirlər.
- Necədir? Sizə “ana” deyib yovuşurmu?
Bu sualdan qadının üzündəki təbəssüm küləkdən sönən bir şam kimi söndü. Simasına kədərli bir qaranlıq çökdü, kirpikləri uzun gözlərini yerə dikmiş halda, soyuq bir ah çəkib, “bəli!” dedi və qapını açıb, ərinə baxdı:
- Vaxtdır ha!
- Bu saat.
Kişi bu sözü deməmişdi ki, tənəffüsün bitdiyini bildirən zəng səsi bütün binanı başına aldı.
Mən sualımdan peşman oldum.
- Hər birimiz sənə oğuluq, - deyə Nazimənin kədərinə cavab vermək istədim.
- Əlbəttə ki, - dedi, - böyütdüklərimin hərəsi mənə bir oğul kimi əzizdir.
Zəng səsinə yerlərindən qalxıb həyətə tökülən, əl-ələ verib oynayan uşaqları görən kimi Nazimənin bütün ələmləri dağıldı; üzü güldü. Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə sanki əfsunla ələ alır, sakit edir, yoluna qoyurdu. Tərbiyəçi və xidmətçilər çox uşağın anasından qabaq Naziməni çağırır, onunla danışırdılar. Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qaradinməz görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsləndiyini görən olmamışdı. “Uşaq səsi mənim ürəyimi açır”, - deyərdi. Müxtəlif yaşlı, müxtəlif xasiyyətli, müxtəlif tələbli uşaqların bir-birinə qarışan səs-küyü başqalarının qulağını qıdıqladığı halda, Naziməyə nəşə verərdi. Bəzən o, qanadını açmış cücəli toyuq kimi həyətin ortasında dayanar, ətəklərində sallanan balalarının sözlərinə, qışqırtılı söhbətlərinə sakitcə qulaq asardı. Onların nazı ilə oynamaqdan, onların qarşısında, yeri gələndə, bir uşaq kimi kiçilməkdən çəkinməzdi. O, uşağın sakit baxmasından, dil açıb danışmasından, gülümsəməsindən, oynamasından, hətta ağlamasından böyük bir həzz alardı. Birisini razı salıb susdurduqdan sonra başqa şıltaqçıya yaxınlaşar, indi başqa bir dil, başqa bir üsulla onun könlünü açmaq istərdi.
* * *
Dünən biz dəstə ilə vağzala, əsgərləri qarşılamağa getmişdik. Hərə bir hədiyyə götürmüşdü. Mənim də əlimdə bir dəstə gül var idi. Bunu kimə təqdim edəcəyimi bilmirdim; çünki gələnlərin arasında nə qohumum, nə də şəxsi dostum var idi. Onların hamısına eyni hiss və münasibət bəslədiyim halda, bir dəstə gülü kimə verəydim?
Düşündüm ki, hansının döşündə çox nişan olsa, ona verəcəyəm. Sonra dedim: “Yox! Gözləyəcəyəm, hansının adamı olmasa, hansına hədiyyə düşməsə, gülü ona verəcəyəm...” Bu da xoşuma gəlmədi. Əvvəlcədən belə şeyi kəsdirməyin lüzumsuz olduğunu zənn etdim. “Gülü mənim əlimdən alan bir zirək tapılmamış olmaz”, - dedim.
Zəng çalındı, hamımız vağzal səkilərindən ötüb, yolun qırağında dayandıq. Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi, ağır və əzəmətli nəfəsi ilə aləmə səs saldı, sinədolusu köksünü ötürüb dayandı. Pəncərədən boylananları salamlayan musiqi və alqış səsləri bir-birinə qarışdı. Hamımız vaqon qapılarına yönəldik. Gələnlər əsgərlərin yerə enməsinə macal vermirdilər: qucaqlaşan kim, öpüşən kim, ikiqat olub var gücü ilə bir-birinin əlini sıxan kim... Dərhal əsgərlərin döşü gül dəstələri ilə doldu. Dördüncü vaqonun pəncərəsindən boylanıb gələnlərə baxan bir əsgər mənim gözümə sataşdı. Güman etdim ki, o burada düşməyəcəkdir, sadəcə tamaşa edir.
Birdən onun: “Ana!” - deyə səsləndiyini və əli ilə adamlar arasında kimə isə işarə etdiyini gördüm. Çəhrayı paltarlı, başıaçıq bir qadın: “İdris!” - deyib özünü irəli atdı. Ana-bala bir anda elə qucaqlaşıb, bir-birinə sarıldılar ki, hamının nəzəri onlara tərəf çevrildi. Uzun ayrılıq, intizar və təhlükələrdən salamat və qalib çıxıb, belə bir gündə bir-birinə qovuşan ana-balaya baxmaq hamıya xoş idi. Adama elə gəlirdi ki, bunlar, indiyəcən aralarında maneələr, məsafələr olan bu istəklilər artıq heç bir vaxt bir- birindən ayrılmayacaqlar. Mən gül dəstəsini bu oğlana, hamıdan, hər kəsdən qabaq anasını axtarıb tapan oğula verməyi kəsdirdim. Daha irəli yeridim, onların yanında müntəzir dayandım, ayrılmalarını gözlədim.
Qadın oğlunu öpüb, sevincindən ağlayırdı.
Nədənsə bu görüş və bu göz yaşı vaxtilə uşaq bağçasında gördüyüm mənzərəni yadıma saldı. Tirməli gəlin bütün sadəliyi və gözəlliyilə gəlib gözümün qabağında dayandı.
Mən gülü İdrisə təqdim edəndə, razılıq edib əlimi sıxdı. Biz izdihamla vağzal qapılarına yaxınlaşıb, yavaş-yavaş pilləkənlərdən endik. Maşına otur¬duq. İdris anasından soruşdu:
- Atam hanı?
- Rayondadır.
- Evdə nə var, nə yox?
- Salamatlıqdır, hamı səni gözləyir, gəldiyindən heç kəsin xəbəri yoxdur.
Sanki İdrisin yadına bir şey düşdü:
- Nazimə nənədən mənə bir xəbər!
- Salamatdır. Hər gün soruşur.
- Yenə bağçadamı olur? Onu yuxuda görmüşəm.
Qadının gözünə diqqətlə baxanda, barmağımı dişlədim: “Odur, özüdür”. Mən belə bir oğlanın Naziməyə, o sonsuz qadına nənə deməsinə sevindim. İyirmi il əvvəlki ipək dəsmalla göz yaşını silən cavan gəlin, odur, təmkinli bir əsgər anasıdır. Onun saçlarına dən düşsə, gözləri bir o qədər dərinləşsə, dodaqları solsa da, gəncliyindəki məlahət itməmişdir. O zaman Nazimənin qarşısında minnətdarlıqla göz yaşları tökən ana, indi alicənablıqla oğlunu ilk dəfə ona təqdim edir. İdrisin bir dəfə nənə dediyi sonsuz qadını xoşbəxt etmək istəyir. Mən bunları xatırlayıb, açıq ana ürəyinin qapalı aləmini düşünürdüm.
- Nazimə sizin nəyinizdir? - deyə soruşdum.
İdris dedi:
- Nənəmdir!
Anası əlavə etdi:
- Uşaqlıqda buna oğul deyib.
- Yoxsa, eyvandan özünü atan uşaq...
Qadın mənim üzümə baxdı:
- Deyəsən, İdrisi tanıyırsınız?
- İdrisi yox, Nazimə xalanı tanıyıram.
İdris dedi:
- Özümü danışıb sizə? Düz deyirsiniz, eyvandan özünü atan mən olmuşam.
Mən əhvalatı danışanda, İdris zarafata saldı.
- Körpəlikdən, - dedi, - mən ana yolunda canımdan keçən olmuşam. Qədrimi bilən gərək!
Bunu deyib şoferə tapşırdım:
- Qardaş oğlu, onları evə qoy, uşaq bağçasına sür, Nazimə ananı götürək.
Maşın dayanan kimi cəld düşdüm. Şoferlə bağçaya muştuluq aparmağa getdim. Nazimə xalanın saçı ağarmış, qəddi bir qədər əyilmiş, səsi də boyu kimi alçalmışdı.
- Xala, - dedim, - gəl əyləş maşına, oğlun İdris səni çağırır.
Qadın diksinmiş kimi, düzəlib şax durdu.
- Doğrumu deyirsiniz?
Şofer israr edəndə, inandı.
- Neçə ildir ondan xəbər yox idi.
- İndi özü gəlib.
Qadın az qaldı qanadlanıb uçsun.
Biz Naziməni İdrisgilə gətirdik. Bütün ailə onun ayağına qalxdı; onu yuxarı başa keçirtdilər. İdris onunla uzun-uzadı qucaqlaşdı.
Nazimə İdrisin çiyinlərindən tutub üzünə baxır, sanki vuruşmalarda keçirtdiyi macəraları onun gözündə oxumaq istəyirdi.
- O ağır günlərdə heç yadına düşürdümmü?
İdris doğma oğul kimi danışırdı:
- Bir gün də yadımdan çıxmamışsınız!
Nazimə əllərini göyə qaldırıb şükür edirdi.
- Mənim də oğlum var! Mən də əsgər böyütmüşəm...
Bunu deyib, İdrisi təkrar qucaqlayırdı.