Sən mənə güclü olmağı öyrətdin,
öyrətdin başı dik tutmağı.
Amma demədin ki,
küləklə qarşıdurmada əyilmək lazım.
(çağdaş bolqar şeirindən)
Bolqarıstan ədəbiyyatı deyəndə göz önünə, çox uzun olmasa da, bir siyahı gəlir: dünyanı qadın gözəlliyinin dəyişdirəcəyinə əmin olan Yordan Yovkov, əsərlərində həyat fəlsəfəsinin dərin qatlarını açan Dimitar Dimov, bəzi ədəbiyyatşünasların Hüqo ilə müqayisə etdiyi İvan Vazov və əlbəttə ki, keçmiş Sovet, o cümlədən Azərbaycan oxucusunun yaxşı tanıdığı Pavel Vejinov.
Bolqar poeziyası deyəndə isə... Nədənsə, mən özüm dərhal Peno Penevi xatırlayıram. Bəlkə də, Mayakovskini çox sevdiyindən, oğlunun adını Vladimir qoyduğuna və Mayakovski kimi cavan yaşda intihar etdiyinə görə. Yeri gəlmişkən, şair indi az qala hər bolqarın dilinin əzbəri olan bu misranı ölümündən az əvvəl yazmışdı: “Mən dünyaya Günəşi görmək üçün gəlmişdim”.
Son 40 ildə ədəbiyyata gələn Bolqarıstan şairlərindən danışsaq, sözsüz ki, ilk sadalanan adlar bunlar olacaq: Boyko Lambovski, Georgi Qospodinov, Mirela İvanova, Kristin Dmitrova... Bu imzaların hər biri həmin ölkədə məşhurdur və əsərləri müxtəlif dillərə tərcümə olunub: ingilis, alman, fransız, rus, ispan dillərinə... Hər biri həm yerli, həm də beynəlxalq səviyyədə bir sıra mükafatlara layiq görülüb.
Maraqlı məqamlardan biri də budur ki, çağdaş bolqar şeirinin nüfuzlu imzaları arasında xanımların sayı kişilərdən az deyil.
Bu nəslə Bolqarıstan ədəbi mühitində “üçüncü dalğa” da deyirlər. Yeri gəlmişkən, Valeri Petrovun, Nikolay Zidarovun aid edildiyi “birinci dalğa” 1940-50-ci illərdə; Konstantin Pavlovun, İvan Dinkovun mənsub olduğu “ikinci dalğa” isə 1960-70-ci illərdə ədəbiyyata gəlib.
Bu nə dövr idi? Bütün postsosialist ölkələrində totalitar ideologiyanın çöküşü, siyasi sistemin və mədəni dəyərlərin dəyişdiyi dövr. Və deməli, yaradıcı düşüncə tərzinə ciddi təsiri olan sosial-psixoloji şərtlər də dəyişmişdi. Ən əsası isə ətraf dünyaya ədəbi inteqrasiya imkanları açılmışdı.
Bolqarıstanda da deyirdilər ki, bütün bunlar postmodernizmin “gözlənilən fəsadlarıdır”. Yəni nə baş verir? Ədəbiyyatda janrlararası sərhədlər yumşalır, bolqar poeziyasını araşdıran tədqiqatçılardan birinin sözüylə desək, belletristikanın janr dayaqları sarsılır, getdikcə elitar və kütləvi ədəbiyyatın sərhədlərini dəqiq cızmaq çətinləşir, bədii mətn fəlsəfənin, kulturologiyanın, ədəbi tənqidin elementlərini mənimsəyir, üslub eksperimentlərinə imkanlar açılır, poeziya qeyri-lirik sahələrə nüfuz edir, hətta bəzən şeir nəsr fraqmenti kimi, nəsr şeir fraqmenti kimi qəbul edilir.
Məsələn, Boyko Lambovskidən oxuyuruq:
Mənim qardaşım da
torpaq qamarladı
Siera de Quadaramada
uzunluğu iyirmi iki metr
eni heç iki metr də olmazdı
Azadlıq və tank
Dayım Laşko İraqda
bircə dəfə oldu
Evə qayıdarkən
cəmi bir ovuc
torpaq gətirmişdi
milli bayrağa bükülmüş.
80-ci illərin axırlarında Bolqarıstan şairləri sanki bir həqiqəti birmənalı qəbul etmişdilər ki, yeni dövrün öz diktəsi var. Yəni mədəniyyət bundan sonra gerçəkliyə deyil, mədəniyyətə istiqamətlənir. Postmodernizm yeni oxucu formalaşdıraraq yeni gerçəklik yaradır. Həmin gerçəkliyin fəlsəfəsinə görə, real həyatda təkcə adamlar və əşyalar yox, adamların yaratdıqları simvollar da yaşayır. Yəni ilk dəfə olaraq məhz “üçüncü dalğanın” nümayəndələri filologiyanın metodlarından yararlanmağa başladılar. Onların qəbul etdiyi başqa bir həqiqət isə bu idi ki, yeni poeziya kəşf etmək onsuz da mümkün deyil, olsa-olsa, yeni müəllif yaratmaq olar. Ancaq bir reallıq da var ki, poeziyada heç sırf postmodernizm də mümkün deyil. Çünki bu estetikanın mənası var olandan yararlanmaq deməkdir. Şeirdə isə artıq yazılmış mətnə təpədən-dırnağacan söykənmək absurddur. Ona görə də çağdaş bolqar poeziyasında, əsasən də Georgi Qospodinovun şeirlərindəki meyillərin xarakterini haradasa konseptualizmin çalarlarında dəyərləndirmək daha münasib sayılır: yəni vacib olan ideyadır, emosional yaşantılar yox. Deməli, söhbət əsəri yox, əsərin ideyasını yaratmaqdan getməlidir.
Gözəl axşam idi
ikimizçün də.
O, qaz sobasının üstündə
yemək bişirirdi.
“Bir azdan qayıdıram”
dedi və
qapını açıq qoyub getdi.
Çıxanda paltosunu da
geymədi,
dodaqlarını da
boyamadı heç...
Bir də altı ildən sonra gördüm küçədə.
Qəribə bir həyəcanla
“qazı söndürdün?” – soruşdu,
“hələ yox” – dedim.
Bolqar şeirinin bəhs etdiyimiz mərhələsinin tənqidçilərindən birinin düşüncəsinə görə, postmodern situasiya təkcə postmodern mətnlər yox, həm də başqa “izm”lərin kodunda yazılmış mətnlər tələb edir. Postmodernizm poeziyada ədəbi-tarixi inkişafı irəli aparan növbəti yeni mərhələ, epoxa deyil, cərəyan, üslub da deyil, olsa-olsa, konseptual trafaretlərdən biridir ki, ondan yararlanıb şeir yazmaq olar. Mədəniyyətdəki plüralizm, fərqli estetikalar arasındakı gərginlik çağdaş bolqar şairlərinə imkan verir ki, bütün estetik qəliblərə müraciət etsinlər: simvolizm, ekspressionizm, modernizm, neoavanqard...
Hərçənd bolqar poeziyasında 80-ci illərin sonlarından başlayan sərbəstliyin lirik magiyası yenə də ənənəvi şeirə tərəf çəkir. Hətta Şərq mediativliyini, daxili sakitliyi bu poeziyaya xas olan ümumi cəhət kimi göstərənlər də var.
Məsələn, Mirela İvanovadan oxuyuruq:
Bir-birinin dalınca onlarca yanğın söndürürsən kül üzərində şeir, ya da bir ad yazmaqçün.
Eyni “ovqat” Lüdmila Balabanovanın şeirlərində də görünür:
Üzümdə sənin barəndə düşüncələr öpüşür...
Və ya:
Gözlərimlə Göy arasında Göz yaşlarının dumanı.
Adətən, ədəbi ənənələr zamanın tələbləri, dövrün sosial-psixoloji özəllikləriylə uzlaşanda poetik uğurlar daha ciddi olur. Çağdaş bolqar şairləri dərhal müasir ifadə modellərindən (reklam mətnləri, rok mətnlər...) yapışmayıblar. Əvvəlcə ənənələrin axınına qoşulublar, sonradan tədricən dövrün tələbləri səviyyəsinə qalxıblar. Həmin prosesdən keçənlərdən biri də Kristin Dmitrovadır:
Gün həmişəki kimi başladı: meteoroloqlar günəşli hava vəd elədilər, jurnalistlər hakimiyyət böhranı, teoloqlar apokalipsis. Gün başa çatdı:
Nə günəşli hava oldu,
nə də apokalipsis,
qalan şeylərsə keçirildi başqa vaxta –
məsələn, çərşənbəyə.
Bunlar öz yerində, ancaq xanım şairlərin yaradıcılığında əsas mövzu feminizmdir. Onlar qadının məişətdəki rolunu radikal surətdə dəyişir, sanki dünyanın bolqar qadınları tərəfindən fəth olunacağına inanırlar. Amma bu azmış kimi, onlar ənənəvi sevgi süjetlərindən də imtina edirlər. Folklordan gəlmə obrazlar şeirdən sıxışdırılıb çıxarılır, həmin obrazların yerinə Avropa mədəni irsinin mifoloji fiqurları qoyulur. Çağdaş bolqar poeziyasının xanım şairlərinin mətnə gətirdikləri yeni lirik qəhrəmanların “biçimləri” oxucuya qəribə görünə bilər. Bolqar poeziyasına bu qısa “ekskursiyamızı” Yekaterina Yosifovanın şeiri ilə yekunlaşdıraq:
Qar şimaldan, külək cənubdan,
su dağdan, yuxu yorğunluqdan...
İşıq kresloda oturub gülümsəyən
qoca anamın otağından.
(Şeirlərin tərcüməsi məqalənin müəllifinə məxsusdur)
Salam SARVAN