Elektron ədəbiyyat və sənət portalı

“Oğlum, mən daha bu gözəlliyi görə bilmirəm”

Bölmə: Müsahibələr 18.02.2019

 

Yazı masası hər bir yazıçı üçün haradasa savaş meydanı kimi bir yerdi. Bu mübarizədən məğlub, yoxsa qalib ayrılacaq? Yazıçı bu sualın cavabını zamanın öhdəsinə buraxır...

Mərhum Xalq yazıçısı Sabir Əhmədlinin iş otağını ziyarət edərkən yazıçı və zaman adlı əbədi vəhdətin canlı şahidinə çevrilirsən. Yazıçının oğlu Etibar Əhmədovla Sabir Əhmədlinin sənət dünyasına səyahət edirik.

“Hər gün atamla danışıram”

– Axşamlar ata­mın iş otağına keçirəm. Hərdən yazı masasının arxasında, hərdən də bu divanda oturub keçmişlə salamlaşır, atamla söhbət edi­rəm. Rəfdə olanlar atamın oxuduğu və yazdığı kitablardı. Əsər­lərini oxuya-oxuya atamla dərdləşirəm. “Dünyanın arşını”ndan tutmuş “Yazılmayan yazı”ya qə­dər bütün əsərlərini ardıcıllıq­la oxuyuram. Bu zaman elə bilirəm, atam mənimlə danışır, əvvəlki kimi öyüd-nəsihətlərini verir...

Etibar müəllim susub gözlərini bir nöqtəyə zilləyir. İndi də gün bat­maq üzrədir. Mərhum yazıçı­nın iş otağında, yazı masasının ətrafında oğlu ilə söhbətimizə davam etdiyimiz zaman ikimiz də anlayırıq ki, sanki Sabir Əhmədli özü də yazı masasının arxasından bizi dinləyir və Etibar müəllimin yazı masasına zil­lənən baxışlarının sirri açılır. Demək, onlar hər gün beləcə danışırlar...

Sabir Əhmədlinin iş otağındakı yazı masası, onun üs­tündə olan kompüter, qələmdan yazıçının sadiq dostları olub. Masadan azacıq kənarda olan ki­tab rəfi də yazıçının köhnə sim­sarıdır. Kitabları rəfə özü bircə-bircə dü­züb. Rəfin üstündə də yazıçıdan xatirə kimi nərd, köhnə masaüstü saat, iki böyük xəncər və təsbehlər var. Yazı makinası isə bir kənara qoyulub. Oğlu deyir ki, atası bu makina ilə hələ sağlığında vidalaşmışdı:

 

– Əsərlərinin çoxunu köhnə evimizdəki iş otağında yazıb. Prezidentimiz sağ olsun, bu mənzili bizə hədiyyə etdi. Sonrakı yazılarını bu otaqda, bu yazı masasının arxasında yazdı. Kompüteri də ona hədiyyə etmişdilər. Yeniliklə­rə meyilli adam idi. Ona görə də yazı makinasını bir kənara qoyub kompüterlə yazmağa başladı. So­nuncu əsərini kompü­terdə yazdı.

Bu otaq, bu yazı masası atam üçün həmişə məhrəm bir yer olub. Ora hər adamı buraxmırdı. Seyran Səxavət deyir ki, Sabir Əhmədliyə nə qədər yaxınlaşsan da, müəyyən bir hədd var idi ki, ondan o tərəfə gedə bilməzdin. İş prosesində mütləq sakitlik olmalı idi.

“Toğana” və “Yamacda nişanə” kimi əsərlərində təs­virlər yazıçının təbiətlə təmasının bədii zirvəsidir. Etibar müəllimin danışdığı bir əh­valat isə bu bağlılığın kədərli sonluğunu anladır. Hər şey yenə bu otaqda baş verir. Yazı masasının arxasındakı pəncərədən həyətə baxan yazıçının baharın ən xoş çağın­da çiçəkləri ilə gəl-gəl deyən ağa­cı qurumuş ağac kimi görməsi ar­tıq hər şeyin sonu demək idi. Hər zaman təbiətə can atan və onun bir parçasına çevrilmək is­təyən yazıçı bu yazı masasının ar­xasında həmin ağacla birlikdə özünün də sonunun gəldiyini oğluna deyibmiş:

– Atamın yazı masası arxasın­dakı son günləri indiki kimi yadımdadı. Çox ləng yazırdı, əsasən, köhnə yazılarını sahmana salırdı. Əvvəllər bu masanın arxasında çox məhsuldar işləyər­di. Sübh tezdən və axşamlar yazar­dı. Bu otağın, bu masanın, elə bu rəfin, nə qədər desən, acılı-şirinli xatirəsi var. Bu otaqda atamla etdiyim son söhbəti yaxşı xatırlayı­ram. Çox kövrəlmişdi, bədbin danışırdı. Yaz ayları idi. Onu pəncərənin kənarına gətir­ib dedim ki, bu gözəlliyə, çi­çəkləyən ağaclara bax. Dedi, oğlum, mən daha bu gözəlliyi görə bilmirəm.  

Cəbrayıldan gələn qələmdan

Sabir Əhmədlinin ki­tabxanasına baxırıq. Dünya və Azərbaycan ədəbiyyatından tutmuş, müxtəlif qəzet və jur­nal nüsxələrinəcən hər şey səliqə ilə düzülüb. Etibar müəllim Şah İsma­yıl Xətainin qoşma, gəraylı və qəzəl­lərdən ibarət kitabına baxıb maraqlı bir epizodu danışır. Deyir, atası bu kitabda bir fikrə rast gəlib. Xətai yazıbmış ki, atasını bələkdə görüb. Necə yəni atasını bələkdə görüb?! Deməli, Xətai zaman məfhumunu qabaqlayıb, atası ilə paralel zamanda yaşayıb. Ümumiyyətlə, yazıçı belə sirli məqamlara böyük maraq göstərib. Oğlu yenidən yazı masasına yaxınlaşıb oradakı qələmdanı əlinə alır.

Demə, bu qələmdanın alt hissəsi Cəbrayıl mərmərindən düzəldilib. Sabir Əhmədli hər dəfə yazıya qələmi o mərmərin üzərindən götürüb başlarmış. Yazıçı sanki bununla təsəlli taparmış – qələmi doğma torpağın bir parçasından ayırıb yenidən ora qaytarmaqla...

– Hə, bu qələmdana xüsusi rəğbəti var idi. Çünki Cəbrayıl mərmərindən hazırlanıb ona hədiyyə edilmişdi.

Yazı masasına tapınmaq

Yazıçı həyatının ən xoş və ən ağır günlərində bu yazı masasına tapınıb. Etibar Əhmədov deyir ki, atası 1988-ci il hadisələri zamanı tez-tez meydana gedirdi. Orada Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk kimi şairlərin kütləyə necə müraciət etmələrindən danışırdı. Deyirdi ki, özü tribunaya qalxıb onlar kimi danışa bilməz. Odur ki, yazı masası onun üçün haradasa tribunanı əvəzləyib. Xalqa buradan müraciət edib. “Dünyanın arşını”nın nə boyda olduğunu göstərib, dünyanı “Yaşıl teatr” kimi görə-görə və “Axirət sevdası”ndan heç vaxt əl çəkməyib. Həyatındakı haqsızlıqlar və faciələr onu yazı masasına bir az da doğmalaşdırıb.

Cəbrayıl işğal ediləndə, oğlu Məhəmməd 24 yaşında o torpaqlar uğrunda şəhid olanda, haqsızlıqlarla üzləşəndə öz yazı masasına pənah gətirib.

Elmin NURİ