Oktyabr şeiri
Kəsib tullayasan qollarını da,
Yetim saxlayasan qucaqlarını...
Biryolluq hamıdan çıxıb gedəsən,
Bir it qucaqlaya ayaqlarını...
Ay ağac, yazıqsan – qış ağacısan,
Bu bekar torpağın boş ağacısan,
Bilsəydim anamın baş ağacısan,
O vaxt sındırmazdım budaqlarını...
Qırmızı kəndirdə boynun dincələ,
Ölüm də gələndə gülərüz gələ,
Bir gün uzağlardan bir payız gələ,
Deyə ki, qaytarın yarpaqlarımı!..
***
sən axı bilmirsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...
sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.
sən axı bilmirsən
əlim qurusun –
sənə açmadığım zəng zəhər olur...
günəş zəhər olur
gün zəhər olur,
yağış zəhər olur
yol zəhər olur,
bir qurtum araqla
bir siqaretlə
uzanır gecələr
taa... səhər olur...
sən axı bilmirsən
hardan biləsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...