Mixail Şoloxov
Rus yazıçısı Mixail Şoloxov 1965-ci ildə aldığı Nobel mükafatının pulunun çox hissəsini dünya səyahətinə xərcləyib.
“Atam 1941-ci ildə aldığı Stalin mükafatını Müdafiə Fonduna keçirmişdi, Lenin mükafatını vaxtilə oxuduğu məktəbin təmirinə sərf etmişdi, Nobel mükafatını isə özünə saxladı. O həmin pulla bizə – uşaqlarına Avropanı və Yaponiyanı göstərdi. Biz maşınla İngiltərəni, Fransanı, İtaliyanı başdan-başa gəzdik” – Şoloxovun qızı Svetlana xatirələrində belə yazırdı.
İvan Bunin
Bu mükafata 1933-cü ildə layiq görülmüş rus yazıçısı İvan Buninin yaxın ailə dostu Zinaida Şaxovskaya bu barədə öz memuarlarında yazırdı:
“Fransaya qayıdan İvan Alekseyeviç dəbdəbəli məclislər qurmağa, mühacirlərə müavinət, müxtəlif cəmiyyətlərə ianə paylamağa başladı. Nəhayət, son vəsaitini də bəzi “xeyirxah adamların” məsləhəti ilə “gəlirli işə” yatırdı və o pullar da havaya sovruldu”.
Dario Fo
1997-ci ildə Nobel mükafatına layiq görülmüş məşhur italiyalı dramaturq Dario Fo da aldığı vəsaiti, hansısa “gəlirli işə” yatırmış və nəticədə müflis olmuşdu.
Rene Fransua Arman Sülli-Prüdom
1901-ci ildə ədəbiyyat üzrə ilk Nobel mükafatçısı, fransız şairi Sülli-Prüdom bu pulla adını əbədiləşdirmək üçün “Sülli-Prüdom poeziya mükafatı” təsis edir.
Amma mükafatın ömrü çox qısa olur – cəmi 6 il. Belə ki, şairin ölümündən sonra mükafat fondu ləğv edilir.
Qabriel Qarsia Markes
Kolumbiya yazıçısı Qabriel Qarsia Markes 1982-ci ildə aldığı Nobel mükafatının puluyla “Revista Cambio” adlı jurnal təsis etmişdi. Həmin jurnal bu gün də yazıçının vətənində və Meksikada nəşr olunur.
İmre Kertes
2002-ci ilin Nobel mükafatçısı, macar yazıçısı İmre Kertes aldığı vəsaitin necə xərclənməsini həyat yoldaşına həvalə etmişdi:
“Xanımım mənimlə birlikdə tənha və yoxsul həyat yaşadığı illərə görə bu pulları ürəyi istədiyi kimi xərcləmək haqqı qazanıb. Qoy özünə nə qədər istəyir, pal-paltar, bər-bəzək alsın”, – İmre Kertes mətbuata müsahibəsində belə demişdi.
Aleksandr Soljenitsın
1970-ci ildə Nobel mükafatına layiq görülmüş rus yazıçısı Aleksandr Soljenitsın həmin vəsaitlə ABŞ-ın Vermont ştatında malikanə almışdı. Həmin malikanə iki evdən ibarət idi. Yazıçı bu evlərdən birindən iş kabineti kimi istifadə edir, o birində isə ikinci həyat yoldaşı, qayınanası və üç oğlu ilə yaşayırdı.
Orxan Pamuk
2006-cı ildə Nobel mükafatına layiq görülmüş Türkiyə yazıçısı Orxan Pamuk vəsaitin bir hissəsini müəllifi olduğu “Məsumiyyət muzeyi” romanı əsasında İstanbulda yaratdığı eyniadlı muzeyin binasının alınması, dizaynı və eksponatlarına xərcləyib.
Hazırladı: N.Əliyeva