Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəşr edilmiş “Ağrı” (müəlliflər Arye və Əmir Qut) kitabının təqdimat mərasimi keçirilib. 2019-cu il fevralın 26-da Bakı Konqres Mərkəzində baş tutan tədbirdə kitabın müəllifi Arye Qut, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, şairə Nigar Həsənzadə, Xocalı soyqırımının şahidləri Əsəd Fərəcov və Valeh Hüseynov çıxış ediblər. Xocalı faciəsinin dəhşətlərindən söz açan çıxışçılar Qarabağda baş vermiş qətliamı bəşər tarixində insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri kimi qiymətləndirmiş, bu sağalmaz yaranın Azərbaycan xalqının yaddaşından əbədi olaraq silinməyəcəyini bildirmişlər. Həmçinin sənədli arxiv materialları əsasında qələmə alınmış “Ağrı” romanının faciənin detal və təfərrüatlarını bədii təsvirlər və faktlarla açıqlamasında, erməni vandalizminin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayacağını qeyd etmişlər.
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən roman bundan əvvəl rus və ingilis dillərində işıq üzü görmüşdür.