Fərman Kərimzadə
(1937-1989)
Yazıçı, kinodramaturq. Ümumittifaq Kinematoqrafiya İnstitutunun Ali ssenari kurslarını bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor, “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, Şüvəlan Yaradıcılıq evinin direktoru vəzifələrində çalışıb, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kollegiyanın üzvü seçilib. “Heykəl dilə gəlir”, “Sonuncu eksponat”, “Ömrümüz-günümüz”, “Təbriz namusu”, “Qoca qartalın ölümü” kitablarının, “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” tarixi romanlarının müəllifidir. Ssenariləri əsasında “Axırıncı aşırım” bədii filmi və xeyli sayda sənədli film çəkilib.
Xallı maral
(povestdən parça)
Gecə
Oğlum Əzizə ithaf edirəm
Gecə hər şeyin üstünə qara pərdə çəkmişdi. Şaqqıltı eşidildi. Elə bil güllə açıldı. Uzun bir zingilti zülməti başına götürdü. Sonra narahat olmuş quşların çığırtısı ətrafa yayıldı. Tülkü hinə girəndə tardakı toyuqlar belə səslənir. Sonra sanki at ilxısını hürkütdülər. Onlarca dırnaq torpağı didə-didə uzaqlaşdı. Səslər yavaşıdı, itdi, yenə də eşidildi, get-gedə gücləndi, gurultuya çevrildi.
Piltəsi aşağı çəkilmiş çırağın dili titrədi. Taxtın cırıltısı artdı. Uzun dırnaqlı yoğun barmaqlar saçın içinə girdi. Yuxarı, aşağı dartıldı. Kürkün altından çıxan ayaqlar taxtdan sallandı, yerə basılanda dəvə pəncələri kimi palazın üstünə yayıldı. Baş yuxarı qalxıb pərdiyə dirəndi. Zəkəriyyə gərnəşdi, qollarını yanlara açdı.
Gözü çırağın yanındakı kağıza sataşdı. Sanki yazıları seçilməyən kağızda ona hirslə baxan, hədələyən Səfərəlinin sifətini gördü. “Hə, eşidirsən? Düzünü de, belə ki, məktub yazırsan, məni dara qısnayırsan, özün indiki səs-küyü eşidəndə qapıdan çölə ayaq basarsanmı? Yox! Qorxaqsan, bağrın çatlar. Bəs mən necə dözürəm? Neçə ildir köməkçi də vermirsən. Deyirsən ki, artıq xərcdi, tək də bacararsan. Fikirləşmirsən ki, meşədə belə gecələr də var. Ay-hay! Gərək səni bir gün girə salam, tək-tənha daxmada saxlayam, onda ləzzətini görərsən. Yoxsa şəhərdə əli təmiz, ayağı təmiz oturub məktubla buranı topa-tüfəngə tutmağa, haqq-hesab tələb eləməyə nə var ki?!
Zəkəriyyəni gör nə ilə qorxutmaq istəyirlər ey, kağızla!.. Daha demirlər ki, meşənin bu vurhavurunda bir tükü də tərpənmir”.
Zəkəriyyə əyildi. Barmaqlarını çəkmənin boğazının iç tərəfindəki ilgəklərə keçirib yuxarı dartdı. Ürəyində: “Çər dəymişlər yazıq heyvanlara rahatlıq vermirlər. Buynuzları töküləcək” - dedi. Qundağı gilənar kimi parıldayan tüfəng dirəkdən asılmışdı. Qara qatardakı gilizlər yan-yana düzülmüş nişan üzükləri kimi işıldayırdı. O durduğu yerdən əlini uzatsa, tüfəngini götürə bilərdi. Lakin silah heç yadına düşmədi. Qayışına taxdığı qarmaqdan asılmış ondilli, çəngəlli bıçaq atılıb-düşdü, çırağın zəif işığında bərq vurdu.
Cəftənin şıqqıltısı eşidildi. Əyildi, çiyinləri çərçivənin yuxarısına sürtünə-sürtünə evdən çıxdı. Kərpic qəlibinə oxşayan pəncərədən eşiyə fosfor tozu kimi işıq səpilir, yaxındakı ağacların iri kötükləri səhnənin dərinliyində azacıq işıqlandırılan dekorasiyalar kimi görünürdü. Bu kötüklərin arasından dırnaq səsləri sel kimi axıb gəlirdi.
- Ey-hey!..
Zəkəriyyə nərə çəkdi. Elə bil bu axının qabağına bənd atıldı.
İrəlidəki ana maralın buynuzları belindən yuxarı qalxdı.
Təhlükə yaxınlaşanda maral mürəkkəb konstruksiyalara bənzər buynuzlarını belinə sıxır, qaçır. Özünü ayaqlarına tapşırır. Belə zülmətdə nə yer görünür, nə cığır, nə də tala. Gövdələr pəncərədəki narıncı işığı arabir kəsib o tərəf-bu tərəfə keçir. Yaxınlaşdıqca işıq böyüyür, dəmir tor isə onları pəncərədən ayrı salır. Qaçırlar. Talada dönə-dönə hərlənirlər. Pəncərədə görünən çıraq şöləsinə tərəf özlərini dönə-dönə atırlar, lakin taladan qırağa çıxa bilmirlər. Şaqqıltıya, zingiltiyə görə qaçan sürü, nərəni eşidəndə dayandı. Ana maralın yeddibuğum buynuzu bala maralların buynuzlarına toxunub şaqqıldadı. O nərəni dinlədi. Bu səs ona tanış gəldi.
-Ey-hey!..
Xəzəlli meşədə nərə eşidərdilər. Sürü qaçardı. Qıvrılıb açılan xallı pələng onların dalınca düşərdi. Lakin çatmazdı. Bir dəfə kol yatıb qalxdı. Marallar götürüldülər. Uzaqlaşdılar. Amma o vahiməli səs sürünü yenə də təqib etdi. Nərilti xırıltıya çevrildi, pələngin mırıltısı eşidildi. Sonra bu səsi, sındırılan körpə sümüyünün şıqqıltısı əvəz etdi. Sürüdəki marallardan biri azaldı. Ana maralın balası itmişdi...
Uzaqdan, meşənin lap dərinliyindən iy gəlir. İsti, buğlanan qan iyi, balasının iyi. Ana maralın burnunun ucu göynəyir...
Bundan sonra ikinci bədbəxtlik üz verdi...
Külək əsəndə körpə ağaclar yerə qədər əyilir, qalxır, iri gövdəli palıd isə şax dayanır. Sanki meşə üçün o cavabdehdir. Ana maral da balalarının arasında beləcə dayanmışdı. Sürünün içində ürkək bir qorxu gəzəndə elə bil bu yarpaqları tökülmüş, qol-budağı çılpaq qalmış palıd birdən-birə yola düşdü, cavan meşə isə quru, əzəmətli gövdənin dalınca sıraya düzüldü.
Arxada güclənən nərilti sonra qarşı tərəfdən eşidildi. Sürünü qovan pələng qıvrılıb açıldı. Bu dəfə körpələrə toxunmur, tullanıb qabaqda gedən ana maralın belinə qonur. Sanki suda boğulurmuş, çayın üzündə görünən quru budaqlardan yapışır. Yarpaqları tökülmüş bu palıd ağacı yerə gəlir. Balalar - yarımbuynuz marallar dayanmadan axıb-gedirdilər. Sürü başsız qalır. Marallar o gündən nərədən qorxur.
- Ey-hey!..
Həmin nidadan sonra hər şey susur. Ağaclarda narahat olmuş quşlar sakitləşir. Zingilti də kəsir. Sonra ağrıya tablaşmayan heyvan kəsik-kəsik ulayır.
Meşədə gümüş xəncər parladı. Qəbzəsi Zəkəriyyənin əlində idi. Tiyəsi gövdələrin, kolların üstündə o tərəf-bu tərəfə çalınırdı. Otların, yarpaqların şehi tiyəni zərrələrə, qətrələrə bölüb ətrafa səpələyirdi. Qəribə xəncər idi. Get-gedə enlənirdi, yayılırdı. Ağac kötüklərinə rast gələndə qırılırdı.
Zəkəriyyə əlindəki fənərin işığında başını kolluğa soxan çaqqalın quyruğunu, torpağı cırmaqlayan dal ayaqlarını gördü. O, barmaqlarını qoşalayıb dilinin üstünə qoydu. Fit səsi uzandı, nazildi və zilə qalxdı. Heyvan bir-iki dəfə torpağı sovurdu, irəli gedə bilmədiyindən geri dartındı, beli dəvə hürgücünə döndü, başını böyürtkən kollarından çıxarıb baxdı, qaçıb uzaqlaşdı.
Zəkəriyyə ömrünü meşədə, dağda-daşda keçirmişdi. Bu boy-buxunlu, ağır adam çarığının dabanını bərkidib tüfəngin lüləsindən yapışanda quşa dönürdü. Sərt qayalara dırmanırdı. Onun gəlişini barıt iyindən duyan dağ keçiləri sıldırımlarda, darısqal dağ cığırlarında itələşə-itələşə qaçışırdı. O hər dağda, hər meşədə cüyürlərin, maralların su içdiyi bulaq başında marıq düzəltmişdi. Elə bulaq vardı ki, gözündən təkcə marallar və Zəkəriyyə su içmişdi.
...Zəkəriyyə kolları yara-yara talaya çıxdı. İşığı onu görəndə atılıb- düşən, zingiltisi meşəni başına götürən tülkünün üstünə saldı. Tülkü dartındıqca az qalırdı ayağı qopsun. Tələ isə canavar ağzı kimi, onu möhkəm tutub saxlamışdı. İşıq yaxında on-on iki ulduza, yaquta bənzər maral gözünü parıldadırdı. Marallar Zəkəriyyəyə tamaşa edirdi. Dünyanın ən ürkək heyvanı olan maral ipə-sapa yatmışdı. Sürü indi onun nərəsini eşidib tora yaxınlaşmışdı. Sanki onları bayaq hürküdəni görüb tanımaq istəyirdilər.
Ana maral qabaqda dayanmışdı. O, işıqla sürünün arasındakı dəmir tordan qorxduğu kimi heç nədən qorxmurdu.
Bir dəfə sürü barıt iyi duyub meşənin dərinliyinə üz qoymuşdu. Sürünün qabağına əlitüfəngli, tösmərək, seyrəksaqqallı adamlar çıxırdı. Heyvanlar yolu dəyişirdi, xeyli qaçırdı. Yenə də həmin adamlarla qabaqlaşırdı. Sanki onlar sürünün üstündən keçib göbələk kimi meşədə bitirdilər. Yol yenə də özgə səmtə düşürdü. Bu balacaboy, bellərinə xəncər- bıçaq taxmış ovçular sürünü nişan almadan patronları hara gəldi boşaldırdılar. Meşəyə ildırım yağırdı. Göy gurultularla dolur, yerə yağış əvəzinə sarı, qırmızı yarpaqlar tökülürdü.
Maralları qovub dar bir cığıra saldılar. Birdən-birə ana maral sürüdən də, meşədən də, torpaqdan da ayrıldı. Ayaqlarını yerdən üzdülər. Gözünün qabağına dəmir tor çəkdilər. Xəz paltarlı bu qəribə məxluqlar toru ağaca keçirib çiyinlərinə aldılar. Maralın beli yerlə sürünürdü, buynuzu kollara ilişirdi.
Onu qəfəsdə çox saxlamadılar. Açıb özünə bənzəyən maralların yanına buraxdılar. O yeriməyə başladı. Ayaqları altından xoşagəlməz səslər eşitdi: “Taq-taq, taqqtaraq”. Qorxdu. İlk dəfə gördüyü marallara sığındı.
Hərdənbir qapıdan üstlərinə ot, taxta divarın dibinə qoyulmuş nova su tökürdülər. O heç vaxt şəkli düşməyən sudan içməmişdi. Amma indi bu ot qarışmış bulanıq sudan sümürmək üçün gücü çatan körpə heyvanları o tərəf-bu tərəfə itələyirdi. Belə vaxtlarda yaş, lığlı döşəmədə sürüşən dırnaqları taxtanın üzərində iz açırdı. Üstündə tək-tük ağ xalları olan, cilalanmış qara mərmərə bənzəyən dırnaqların, narındiş daraqla daranıb sığallanmış kimi görünən dərisinin parıltısı itmişdi. Çox keçmədi ki, onları qəfəsə doldurdular. Qəfəs yırğalandı. Ana maralın uzun kirpikləri tora ilişmişdi. Gözlərini yumanda zorla açırdı, açanda zorla yumurdu. Gözünün qara giləsində dağlar enib-qalxırdı, dağlar yaxınlaşırdı. Gözünün rəngi də dəyişir, maviləşirdi. Burada ağ talalar - buludlar əks olunurdu. Sonra hər tərəfə qaranlıq çökdü; maşın meşəyə girmişdi, ağacların baş-başa gəlmiş budaqları yolun üstünü örtmüşdü.
Maşın xeyli gedib dayandı. Qəfəsin qapısını açdılar. Marallar özlərini hara gəldi tullayırdı. Ağaca, kola, daşa baxmırdı. Həmişə qorxduqları insanlardan qaçıb uzaqlaşmaq istəyirdi.
Maral palıdların arasından talaya keçdi. Orada narıncı, başı hamar kəsilmiş kötüklər çox idi. Onlar bir-birinin yanına düzülmüş, içində xına quruyan boşqablara oxşayırdı. Maral, yarısı yanıb qaralmış kötüyün üstünə qonmuş qarmaqdimdik qaraquşla üz-üzə çıxdı. Bu qoca qaraquşun iri gözləri qəzəbli idi.
Quş maralı görəndə bütün ağırlığı ilə irəli atıldı. Qanadlarının ucu yerlə süründü, toz qaldırıb göyə qalxdı. Neçə ildir ki, bu dağlarda marala rast gəlmir. Nə vaxtsa onun kölgəsi sürülərin üstünə düşmüşdü. Sonra birdən-birə azaldı, yoxa çıxdı.
Maral isə dayandı, buynuzları tufana düşmüş quru ağaclar kimi yırğalandı. Sonra səmtini dəyişib götürüldü, özünü kolların arasındakı boşluğa atdı. Gözünə görünməyən dəmir tora çırpıldı. Tor onu geriyə tulladı. Yıxıldı. Qalxıb qaçdı. Talada qabağına özgə bir maral da çıxdı. Yel kimi ötüb-keçdi. Dırnaqları altında nəsə şaqqıldayırdı, qırağa sıçrayıb diyirlənirdi. Bunlar daş deyildi, xəzəllərin altında qalmış qoz, fındıq idi. Çürüyəni də vardı, qərzəyindən çıxmayanı da. Bu ağaclıqdan keçənə qədər onun ağ xallı, qara mərmər dırnaqları sızıldadı. Ağrı artdıqca daha bərk qaçırdı. Birdən yenə də döşü zərblə tora toxundu. Tor maralı yenidən geriyə atdı.
- Ey-hey!..
Nərə meşəni başına götürdü. Zəkəriyyə atını torun çöl tərəfi ilə yorğa yerişlə çapırdı. Onun səsi hərdənbir yandan eşidilirdi.
Meşənin bir tərəfini dəmir torla çəpərləmişdilər ki, uzaqdan gətirilən marallar qaçıb dağılmasın. İndi onlar çəpəri yıxmaq, baş alıb getmək üçün üsyan edirdi. Zəkəriyyə görürdü ki, maralı çəpərdə saxlamaq üçün təkcə dəmir tor bəs etməz; nərədən də çəpər lazımdır. Bu fikirlə atın yüyənini boşaltdı.
-Ey-hey! Ey-hey!..
Nərə fırlanğıc kimi maralların başına hərləndi. Heyvanlar yoruldu. Tordan aralanıb xınalı “boşqabların” yanına toplaşdı. Onlar nərəni izləyirdi. At hərləndikcə narahatlıq, ürkü, qorxu bir gözdən o birisinə keçir, Zəkəriyyənin özü kimi dövrə vururdu. O gündən heyvanlar nərəni eşitdi, səsə öyrəşdi. Zəkəriyyə qoruğun iri qıfıl vurulmuş darvazasını açıb arpa xaşasını dalında içəri gətirməmişdən əvvəl də beləcə səslənirdi. Xaşanı bulaq suyunun yığılıb göl əmələ gətirdiyi yerdə təzə yonulmuş taxtalardan düzəldilən axura boşaldırdı. İçindən toz qalxan arpanı iri əlləri ilə yayır, üstündə barmaqlarının izi qalırdı. O, axurun divarlarına daraşan qara taxıl bitlərinə tamaşa edib deyinirdi. Sonra xaşanı tərsinə çevirib var gücü ilə çırpır, qayıdıb qoruqdan çıxırdı. Marallar da yaxınlaşıb arpanı imsiləyir, dodaqları ilə eşib yeyirdi.
İndi, gecəyarı, nərəsini eşidən marallar ona yaxınlaşıb tamaşa edir. O, tülkünün boğazından tutub yuxarı qaldırdı.
-Başın batsın, yaman da tülküsən. Canavara tələ qururam, sən düşürsən. Hiyləgərliyin harada qaldı ki!..
Dünən gecə canavarlar meşədən yuxarıda sovxozun bir atını parça-lamışdı. Quzğunlar, çalağanlar, qaraquşlar leş üstündə didişmişdilər. Buraya soxulan tülkünün az qala gözünü oyacaqdılar. Tülkü özünü porsuq yuvasına dürtüb canını qurtarmış, lakin axırda aclıq onu bu tələyə tuş gətirmişdi.
Zəkəriyyə tələni dartıb şir ağzı kimi ayırdı. Sıçrayıb kənara düşmüş ət parçasını tapıb yerinə sancdı. İşığı söndürüb qaranlığa elə zənlə baxdı ki, sanki orada gizlənən canavarları görəcəkdi. Son vaxtlar yalquzaqlar buradan əl çəkmirdi. Zəkəriyyə maralları qorumaq üçün andını basıb yenə tüfəng götürmüşdü. Neçə dəfə pusquda durmuş, tələ qurmuş, lakin onların heç birini gəbərdə bilməmişdi.
O, daxmaya tərəf yeridikcə tülkünün quyruğu şehli otların üstü ilə sürünürdü. Böyürtkən koluna çatanda qulağına at kişnəməsi gəldi. Dayandı.
Zəkəriyyənin nərəsi yenidən meşənin ən uzaq guşəsində əks-səda verdi. Özünü daxmaya necə yetirdiyini bilmədi. Tüfəngin lüləsini qapıdan çölə uzadar-uzatmaz tətiyi çəkdi. Havaya bir dəstə lalə püskürüldü. Sonra yolboyu qaçmağa başladı. Birdən at ayaqlarının tappıltısını eşitdi. Bu səslər get-gedə yaxınlaşdı. Nəhayət, kəhərlə döş-döşə çıxdı. Ürkən at şahə qalxdı. O, yüyəndən yapışdı:
-Ədə, kimsən?
-Səni Allahın lənətinə gəlmiyəsən.
Qadın səsi idi. Özü də, deyəsən, Zinyət idi. Zəkəriyyə fənərin işığını onun üzünə saldı. Başında iri gülləri olan şal vardı. Ətəyini dizlərinin altına yığmışdı. Yəhərin qaşına yatmışdı, sifətini atın yalına yapışdırmışdı. Vəhşi qaçışla götürülən at canavar dişlərinin şaqqıltısını eşitmişdi.
-Gecənin bu vaxtı meşədə nə gəzirsən, Zinyət?
-Sənin oduna düşmüşəm, Zəki!..
Bu sözdə inciklikdən çox ərk vardı. Uzun ayrılıqdan sonra onların arasındakı danışıq həmişə belə olurdu. Əvvəlcə onu sancmağa çalışırdı. Elə ki, üç-dörd gün bir yerdə qaldılar, o, Zəkəriyyənin hər kəlməsinə “bəli”, “baş üstə”, “can” deyirdi. Lakin gəlinin səsindəki ərkyanalıq indi qüvvətlənmişdi. Elə bil nəyə görəsə ərindən hünərli çıxmışdı.
- Evi kimə tapşırıb gəlibsən?
- Kimə tapşıracağam, onsuz da hər tərəf adamdı. Səndən qorxuram, səndən!..
Zəkəriyyə bu sözü Zinyətin dilindən dəfələrlə eşitmişdi. Ancaq o bu kəlmələri hər dəfə yeni bir ahənglə, şirinliklə söyləyərdi. Eşitdikləri də Zəkəriyyəyə ləzzət verərdi.
- Düşürsən?
- Daxmaya çatanda düşüm də...
O, yüyəni Zinyətin əlindən ərklə dartıb aldı. Qolundan yapışıb özünə tərəf çəkdi, yəhərdən ayırıb yerə qoydu.
- Utanmırsan? Görən olar...
...Zəkəriyyənin gülüşü maralları diksindirdi. Marallar da, quyruğunu gah o, gah da bu böyrünə şappıldadan at da irəlidəki insan qaraltılarına baxırdı.
Zirvənin dalından çıxan qırmızı ay göylərə qalxdıqca gümüşlənirdi. Meşədəki tala aydınlaşırdı.
İnsan qaraltısı qoşalaşdı. Birinin başındakı yaylığın ətraf cizgilərini sanki tabaşirlə çəkdilər, Zəkəriyyənin çiynindəki tüfəng lüləsinin dəyirmi ağzı parıldadı.
At otları qarpa-qarpa irəlilədikcə dırnaqları da islanırdı. Sürtülmüş üzəngi işıldayırdı. Cilovun gəmi cingildəyirdi. Qabaqdakı adamlar ağacların altına girib görünməz olanda at dayandı, onun iri gözləri qaranlığa dikildi.
- Bu qoca armud ağacı kimi çürüyüb gedirəm, Hümmətin nəvəsi.
Çoxdandı isti su görməmişəm. Kürəyimdə əl qalınlıqda kir var.
- Sənə bu da azdı. Meşədə, kirin-pasağın içində ömür çürütmək çox vacibdi? Özünə bir iş tapa bilməzsən?! Qayıt gəl evimizə.
- Bu haqda sonra danışarıq.
At ayağının tappıltısı kəsildi. Elə bil kimsə daxmanın yanında dayanıb fit çalırdı. Əlüzyuyanın da danqıltısı eşidilirdi.
- Balam, burada əl-üzünü yuyan kimdir? Qonağımız hardan gəlib.
- Qonağını məndən soruşursan?!
Zinyətin ürəyinə özgə, xoşagəlməz bir fikir çökdü.
- Kimdi?
Zəkəriyyə səslənəndən sonra fit kəsildi. Əlüzyuyan yanı üstə düşdü. Donqultu eşidildi. Kəhər dal ayaqları üstə qalxıb kişnədi. Sanki qanad açıb göyə uçacaqdı.
- Dayan! Qorxma, ayıdı.
Zinyəti gülmək tutdu. O, alaçıqda böyümüşdü. Uşaq vaxtı qoduqları minib bizləyər, soncuqlada-soncuqlada çapar, oğlanlarla ötüşərdi. Sürüşüb heyvanın boynuna düşsə də, qışqırmazdı, gülərdi. Mərə başına çatanda qoduğun belində bənd alıb qalan tək Zinyət olardı. Oğlanlar onun yanında döşlərinə döyməyə, özlərini öyməyə cəsarət etməzdilər. Babası Hümmət kişi qırmızı tubluğa çubuğunu bizlə deşə-deşə deyərdi:
- Mənim balam at üstə doğulub, onu quzu kimi xurcunda yaylağa aparmışıq. Ona görə də belə dəcəldi. Oğlan olacaqmış, fikrini dəyişib. Zinyət böyüyəndə yaxşı at çapan oldu. Cavanlardan heç biri ürək eləyib onunla cıdıra çıxmazdı. Çünki Zinyət tez-tez oğlanların papağını götürüb qaçar, onları pərt eləyərdi.
Zəkəriyyənin Zinyətlə evlənməyinin qəribə tarixi vardı...
Bir gün obaya xəbər çatdı ki, Zəkəriyyə beş ayı vurub. Atdan-ulaqdan çullayıb onun dalınca getdilər. Axşama yaxın meşədən qalxan Palantökən yoxuşunda Zəkəriyyə göründü. Tüfəngini üzüaşağı çiyninə keçirmişdi. Tərdən islanıb saralan can köynəyinin yaxası açıq idi. Döşündə bir çəngə qıvrım tük vardı. Yol üstünə çıxmış qızları, qadınları görüb yaxasını düymələdi. Zinyət də atını minib onun qabağına çıxmışdı. Zəkəriyyə adamlarla salamlaşdı, görüşdü, obaya tərəf yeridi. Laləliyin ortasında, ağ kəkilli, qara atın üstündəki qırmızı paltarlı qızı görən kimi duruxdu. İndi o, hamının gözündə igiddir. Ən qoçaq cavanlar belə ona həsəd aparırlar. Bir
anın içində bu igidlik məhv edilər - Zinyət onun papağını götürüb qaça bilər. Sübut eləyər ki, o, Zəkəriyyədən qoçaqdır.
Zəkəriyyənin gözlərindən belə bir sual oxunurdu: “Məndən nə istəyirsən?”
Qız atdan düşdü. Onun çöhrəsi lalələrdən od aldı.
Yəhərdən aşırılana qədər Zəkəriyyə ondan ehtiyat eləmişdi. Bilirdi ki, lap papağını götürüb qaçmaq istəsə də, əli çatmaz. Heç bir söz deməz. Belə qıza kim qıyar?!
Zinyət öz atının cilovunu ona uzatdı:
- Al, obaya mənim atımı min get.
Bu nə deməkdir? Zinyət atının yüyənini hələ heç bir igidə uzatmayıb. Zəkəriyyə tərəddüd içində cilovu aldı. “Çox sağ ol!” - deyib yəhərə sıçradı. Gözdən itdi.
Atı obanın arası ilə çapıb, çadırların yanından yel kimi ötürdü. Harda düşəcəyini bilmirdi, qışqırmaqdan özünü güclə saxlayırdı. Ürəyində tez-tez təkrar edirdi: “Zinyət məni sevir, atını mənə verdi”. Zinyət onun dalınca xeyli baxdı. Adamlar yaxınlaşdılar. Onlara qoşuldu. Eşitdi ki, Zəkəriyyə gözlənilmədən ayıların arasına düşüb. Özünü itirməyib; söyüd ağacına dırmaşıb, ayılar da onun dalınca. Ağacın haçasında yerini bərkidəndən sonra onları bir-bir vurub, beşini də öldürüb. İndi Zəkəriyyə ona deyirdi ki, ayıdan qorxma.
- Get, Allahın heyvanı, qanını bura tökmə, - deyə o, tüfəngi üzünə qaldırdı.
Ayın işığında dal ayaqları üstə qalxan ayı görünürdü. Onun qolları qalxıb-enir, başı silkələnirdi. Zinyətə elə gəlirdi ki, bığlı qaraçının çaldığı qumrovlu qavalın səsini eşidib oynayır. Zəkəriyyə tüfəngin lüləsini ayıya tərəf çevirmişdi. Sağ lülə boş idi. Lazım olsa, arxadakı tətiyi çəkəcəkdi. Barmağını tətiklərin arasına güclə dürtdü.
- Zəki, öldürmə!
Arvadının yanında o da qan tökmək istəmirdi. Bir də meşədəki hey-vanlara öyrəşmişdi. Elə bilirdi, ev heyvani arıdır. Ayının mağarasını da tanıyırdı. Hərdənbir döşə qalxıb meşə seyrələn qayalıqda özünü günə verdiyini, balası ilə oynadığını da görmüşdü. Ayı balalarına doyunca baxmış, ah çəkmiş, ürəyi nisgilli-nisgilli çıxıb getmişdi.
Ayı yırğalana-yırğalana kiçilir, uzaqlaşırdı. Ağacların altında şıqqıltı eşidildi. Kol əzildi. Ayı donquldanıb yoxa çıxdı.
Daxmaya girdilər. Zəkəriyyənin çırağa tərəf uzanan qolu getdikcə işıqlandı. İşıqlı xətlər elə bil qara lövhədə onun alnının, burnunun, qalın
dodaqlarının, ortası batıq çənəsinin şəklini çəkirdi; reklamlardakı kimi. Geri dönəndə xətlər sönürdü. Kölgəsi Zinyəti görünməz edirdi.
Dönüb hər əli ilə arvadının bir çiynindən yapışdı. Elə bərk-bərk tutdu ki, sanki bu saat qanad açıb uçacaqdı.
- Bu nə gün-dirilikdi, Zəki? - O, başı ilə tör-töküntü daxmanı göstərdi.
Parç yanı üstə düşmüş, su axıb göllənmişdi. Dibi kilkəli stəkanın altı,
nəlbəkiyə pas kimi görünən dairələr yazmışdı. Əzilmiş cod kağızın arasında dişlənmiş quru çörək vardı. Ağır çuqun çaydanı qoyduğundan stolun üstündəki qəzet qapqara qaralmışdı.
- Nə eləyim, səliqəsizəm də.
- Bəlkə, bir qonaq gəldi. Deməyəcəklər bəs bu nədi?
- Soruşanda, bax, onları göstərəcəyəm. Deyəcəyəm. Deyəcəyəm ki, yoldaşlarım bunlardı. - O gülə-gülə rəf boyu düzülmüş quş ovuqlarını göstərdi.
Kəklik əyilib dən götürürdü. Çırağın işığı qaraquşun şüşə gözündə parıldayırdı. Bu, birinci gün maralla qarşılaşan quşdur. Sonralar o, maral balasının üstündə hərlənmiş, fürsət axtarmışdı. Maralın buynuzları isə balanı qorumuşdu; qaraquş, balasının üstünə şığıyanda onun qanadlarının qıjıltısını Zəkəriyyənin tüfənginin səsi kəsmişdi. Quş yerə düşdükdən sonra sol qanadını sürüyə-sürüyə özünü balaya tərəf atmışdı. Başını qaldırıb əyri dimdiyini şaqqıldatmışdı. Dərisinə saman təpiləndən sonra o da öz məğrurluğunu, təkəbbürünü itirməmişdi.
Sarıköynək, alabaxta, qaratoyuq qaraquşun yanında sakitcə dayanıb. Heç biri onun yaxında olduğunu hiss etmir. Quşların içərisində saman əvəzinə, əvvəlki kimi ürək olsaydı, onları bir yerə yığmaq olardımı?! Didi- şərdilər. Qaraquş onları al qana boyayardı. Ölüm sanki quşları mehribanlaşdırıb.
Zəkəriyyə ovuq düzəltməkdə pərgardı. Beş ayıdan birinin də dərisini satmamışdı. Ayıları sıra ilə samanlığa düzmüşdü. Onların başının üstündən, pərdidən topa-topa armud asmışdı.
Zəkəriyyə bu ovuqları xeyli saxladı. Sonra ən balacasını uşaq bağça-sına bağışladı. Körpələr həmin ayı balasının ətrafında indi də yallı gedirlər. Böyük ayını isə məktəbin zoologiya kabinetinə verdi. Ovuğun birini də çiyinləri çantalı iki oğlan və şalvar geyinmiş bir qız istədi. Geoloq idilər. Deyəsən, dağ-daşda bir şey tapmamışdılar, şəhərə də əliboş dönmək istə-mirdilər. Alnındakı güllə yerindən üç-dörd saman çöpü çıxmış ayı ovuğunu da geoloqlar apardı.
Sonra da quş ovuğu düzəldib, tələni quranda ağlına gəlmişdi ki, canavarların da dərisinə saman təpsin.
Hərdən fikirləşmişdi: “Mənim meşədə bu marallardan başqa, nəyim var, kimim var? Bir Zinyətdi, o da ki elə. Buradan getsəm, heç bir işin qul-pundan yapışa bilmərəm”.
...Zinyət daxmanı yığışdırmağa başladı. Aşağı əyildi. Nəyi isə götür-mək istədi. Zəkəriyyənin iri və ağır əli onun kürəyinə qondu.
- Özünə əziyyət vermə, sabah yenə də bu günə düşəcək.
- Keçi keçidi, dırnağı ilə təmizləmədiyi yerdə yatmaz.
- Bəsdi sən Allah, bundan o yana səliqə öyrənməyəcəyəm, - o, çırağın işığını azaltdı. - Bəri gəl.
- Dərdim qurtarmışdı. Taxt cırıldadı.
- Zəki, muştuluğumu ver!
- Nə olub? Muştuluğun mənim gözüm üstə!
- Vaxtdan çox keçib...
Zinyət cavanlığında at sürməyin, özünü kişi kimi aparmağın əzabını indi çəkirdi.
Zəkəriyyə Zinyəti neçə dəfə şəhərə aparmışdı. Əvvəllər qadın həkim¬lərinin kişi olduğunu görəndə dərdini danışmamış, geri qayıtmışdı. Qadın həkim axtarmışdı. Ürəyində deyinmişdi ki, bu, nə qaravəllidi, qadına da kişi həkim baxarmı? Qadınlara göstərmişdi. Hərəsi bir nüsxə yazmışdı, əlac olmamışdı.
Bu axşam isə ümidi itən gündən iki aya yaxın vaxt keçmişdi.
Ata minib özünü Zəkəriyyəyə yetirmişdi.
Yoğun və güclü qollar Zinyətin belinə kəmər kimi qurşandı:
- Sənin muştuluğun mənim gözlərim üstə, Hümmətin nəvəsi! Zinyətin ona övlad verəcəyini düşünəndən sonra Zəkəriyyənin qolları boşaldı, mülayimləşən, gözəlləşən, ipəyə dönən qadını oxşamağa başladı. Durub çırağın piltəsini qaldırdı.
- Zinyət, səndən bir kobud, çirkin, amma sümüklü oğlan istəyirəm!