Elektron ədəbiyyat və sənət portalı

Nigar Həsənzadə - Həmin gün

Bölmə: Yeni imzalar 05.03.2019

 

Şairə Nigar Həsənzadə – Bakı şəhərində anadan olub. Bakıda Rus dili və Ədəbiyyatı İnstitutunun filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2000-ci ildə ilk şeirlər kitabı “Qanadlı üfüqlərdə” Bakıda dərc olunub. 2002-ci ildə onun İngiltərədə Riçard Mak Keynin tərcüməsində  “Qanadlı üfüqlərdə” adlı şeirlər kitabı çapdan çıxıb. Nigar Həsənzadənin şeirləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiyada aparıcı şairlər tərəfindən tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub. 2002-ci ildə Azərbaycanın Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatına layiq görülüb. 2004-cü ildə “Başqa buludlar altında” ikinci şeirlər toplusu çap olunub. 2005-ci ildə onun adı XX əsrin 70 rus qadın-şairi – “Russian Women Poets” antologiyasına daxil edilib.  Həmçinin o, 2009-cu ildə Böyük Britaniya ərazisində yaşayan 10 ən yaxşı əcnəbi şair adına da layiq görülüb. 

Onun əsərləri, öz ifasında Britaniya kitabxanasının ölməz audio-arxivlərinə həmişəlik salınıb. 2015-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsinin rəhbəridir. 2016-cı ildən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Londondakı ədəbi layihələrini həyata keçirir. Nigar Həsənzadə bir çox ədəbi gecə və festivalların iştirakçısıdır. O, həm öz vətənində, həm də onun hüdudlarından kənarda çoxsaylı nəşrlərin müəllifidir.

Nigar Həsənzadənin “Həmin gün” şeiri Şəhriyar del Geraninin tərcüməsində:

Həmin gün

məxməri səssizliyə bürünəcək ev bütün.

Eşidilməz nə bir yağış, nə də bir külək səsi,

asta-asta duyular əşyaların nəfəsi.

Amma mən,

MƏN elə bir sükunətəm

divarlar da elə bilər yoxdu evin yiyəsi…

 

Mən donaram, gözləyərəm heykəl təmkini ilən

“gecə-gündüz” gülü kimi bükülərəm özümə.

Ki, eşidim ürəyimə atılan güllə səsin.

Bir də ürək hanı axı,

büsbütün ürək olubdu üstüm-başım, bədənim…

 

Həmin gün

ayaqlarım altında xışıldayanda tozlar,

divarlar xəz manto kimi qucaqlayar çiynimi,

mən isə ot tayasında gizlənən iynə kimi tapılmaram,

təhlükəmi anlamasınlar onlar.

 

Həmin gün

aram-aram nəfəs alıb pəncərəyə qısılmaq,

ötüb-keçən zamanın qoxusunu da duymaq,

təzələnmək, dirilmək, bir cümə günü olmaq,

yumruqlarını açmaq və dualar oxumaq…

Bilirsənmi əvvəl-axır çin olur

ən ölü yuxular da.

Çırıl-çılpaq dura bilsən Tanrının qarşısında

 yavaş-yavaş yoxa çıxar günahlar, qorxular da.

 

Səadətə ümid də lap qırmızı sap olsun,

nə olar ki… biləyimə bağlamaq istəyirəm.

Həmin gün

gözlərinə baxacam və yəqin, ağlayaraq

deyəcəm ki, indi daha yaşamaq istəyirəm…

Həmin gün

məxməri səssizliyə bürünəcək ev bütün.

Eşidilməz nə bir yağış, nə də bir külək səsi,

puça çıxar hər nə var, yox heç nəyin kölgəsi.

Və sən demə

SƏNdən başqa yoxmuş bu evdə kimsə…