Elektron ədəbiyyat və sənət portalı

“Dünya yuxutək əriyir...” Londonda “İlin ən yaxşı tərcümə kitabı” mükafatına layiq görüldü

Bölmə: Xəbər 07.03.2019

Böyük Britaniyanın “British  Library” kitabxanasında “Hertfordshire Press” nəşriyyatı tərəfindən təsis edilmiş “Translator of the Year” (“İlin ən yaxşı tərcümə kitabı”) ədəbi mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə İngiltərənin tanınmış söz və sənət adamları, bir sıra xarici ölkələrin İngiltərədə akkreditə edilmiş səfirliklərinin nümayəndələri iştirak edib.

Tədbirin açılışında Kral İncəsənət Cəmiyyətinin üzvü Devid Perri, “Eurasian Creative Guld”in vitse-prezidenti Marat Axmedcanov və başqaları çıxış edərək, mükafatın məram və məqsədi barədə fikir bildiriblər. Sonra mükafatlar qaliblərə təqdim olunub.

Tanınmış ingilis tərcüməçisi Kerolayn Uolton istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Dünya yuxutək əriyir…” şeirlər kitabının ingilis dilinə tərcüməsinə görə “İlin ən yaxşı tərcümə kitabı” nominasiyasının qalibi adını qazanıb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə ərsəyə gətirilən  kitabın ingilis dilinə tərcüməsi prosesində Kerolayn Uoltonla yanaşı, tanınmış ingilis şairi Anna Mariya Cekson da iştirak edib.

Çıxışlarda, qeyd olunan nəşrin Azərbaycan ədəbiyyatının dəyərli nümunələrinin dünyada təbliği, müasir Azərbaycan poeziyasının təhlili və öyrənilməsi, gənc və istedadlı Azərbaycan şairinin yaradıcılığına olan diqqət və marağın artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.