Əbülhəsən
(1904–1986)
Xalq yazıçısı. 1925-ci ildə Bakı Pedaqoji Məktəbini bitirib. Ədəbi fəaliyyətə tələbəlik illərində yazdığı şeirlərlə başlayıb. 1950-ci ildə Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, 1952–53-cü illərdə “Azərbaycan” jurnalının baş redaktoru vəzifələrində çalışıb. Ədəbi yaradıcılığa “Maarif yolu” jurnalında dərc olunan şeirləri ilə başlayıb. 1930-cu ildə “Yoxuşlar” adlı ilk romanı nəşr edilib. “Müharibə”, “Dostluq qalası”, “Üç ildən sonra”, “Tamaşa qarının nəvələri”, “Utancaq”, “Sədaqət”, “Tərs adamlar”, “Dünya qopur” kitablarının müəllifidir.
Sofi
(hekayə)
I
Özü qəsdən çəkilib həyətin bir tərəfində, ağac altında oturmuşdu. Nə qulaqları ortalığı çınlatan zurnanı eşidir, nə də gözləri həyətin dörd tərəfində cərgə ilə oturub avuc patlatanları görürdü.
Onun qulaqlarında bir səs:
– Sən böyük qardaşdın, səni nə üçün evləndirmədilər, sən nə üçün evlənmədin? – deyə sorur, gözləri isə hər yerdə məğrur baxışlı, şən simalı qardaşını görürdü.
Birdən bir kəlmə havada dalğalandı, ilərilədi, ilərilədi, ta qulaqlarına kibi gəlib qəlbinə keçdi.
– Sofi!
Başını qaldırdı; bir qədər o yanda, ta xalqın arasında birisi ayakda durmuş, onu çağırdı:
– Sofi, ay Sofi!
Onu həqiqi həyatdan uzaq salıb aldadan bu “Sofi” sözü, bu “sofilik” bir vaxtlar onun könlünü açır, o qədər fərəhləndirirdi ki, amma indi o kəlməni eşitməmək üçün hər yerdə qulaqlarını tıkırdı. O kəlmə bunu yerə soxurdu.
Hətta bu sahir kəlməsi onun varlığı üzərinə o qədər təsir yapmış, onu bir hala salmışdı ki, o, adının Əlövsət olmasını belə xatırlamaq istəməyirdi.
– Sofi!
Bu səs daha yaxından eşidildi. Onu burada da rahat buraxmırdılar ki... Qucaqlamış olduğu qollarını açdı. Ayaq üstündə durub, onu çağırana rədd icazəsi verərək başını aşağı saldı. “Sofi” kəlməsinin başına çəkib gətirdiyi xəyal silsiləsinə elə dolaşdı ki, ondan heç bir vəchlə xilas ola bilmədi.
II
O, on yaşından ibadətə başlamışdı. Hər səhər dan atmazdan yataqdan qalxar, həyətlərinin açıq yerində lüzumsuz gurultularla dəstəmaz alardı. Əmisi kimi qoluçırmalı pilləkənlərdən çıxıb yatağının yanında ilk orucunu tutduqda, anasının ona bəxş etmiş olduğu canamazı salıb sübh namazını qılardı.
Sofi orucluğu dörd gözlə gözlərdi. Ona ac və susuz keçirdiyi o sıcaq, uzun günlər o qədər xoş gəlirdi ki... Azan oxuncaq cürbəcür xörəklərlə dolu olan süfrənin kənarında oturur, oruc tutmayan qardaşlarının gözü qabağında əmisi, daha başqa böyüklərlə yeyib-içərdi.
Namazdan sonra toxqarına yatsıya qədər avazla Quran oxuyaraq qonşu qadınlarına “maşallah” dedirdir, oğulsuz analara ah çəkdirirdi.
Gündüzlər də onun üçün fəna keçməzdi: günortalar, əmisi piştaxtanın üstündə döşədiyi arşın malının üstünə yükləndikdə Sofi dükanın qabağında dəstəmaz alardı və sonra bəzəkli qablı Quranı açıb son vərəqlərini təkrar-təkrar oxur, əzbərlərdi. Əmisi oyanan kimi Quranı qoltuğuna vurub yorğunluq və aclıqla məğrur bir halda məscidə gedərdi. Hər dükanın qarşısından keçdikdə “Sofi” kəlməsinin deyilib-deyilmədiyini eşitmək üçün qulaq kəsilirdi. O bu Sofi kəlməsini eşitməkdən o qədər xoşlanırdı ki, adını sorana Sofi deyə cavab vermək istərdi.
İyirmi yaşına yetişdikdə o, həmyaşıdlarından, tay-tuşlarından qaçıb mollalara, mədrəsə tələbələrinə, dərvişlərə yaklaşır, onlarla mübahisəyə qarışırdı.
Bu zaman o, qadınlardan da qaçmağa başlamışdı. Küçənin o biri başından bir qadın gəldiyini görcək dönüb başqa küçədən gedər və ya qadın gəlib keçənə kimi bir bucağa sıxılıb durardı. Evlərində anasının, bacısının yanında çox oturmaz, qadın söhbəti başlayacaq olsa, başını alıb çıxardı. Məşhəddən gələndə iyirmi beş yaşında idi. Vətəninə yetişcək bir xəbər eşitdi: onu evləndirmək istəyirlərmiş.
Bu xəbər bütün qəsəbədə çalxalandı.
“Sofi evlənir, Sofi ayılıb” cümlələri çayxanaların gündəlik mövzusu oldu. Sofi üçün bu vəziyyət ölümdən betər idi. Dərhal anasının yanına yavık adamlarından birini göndərmək istədi, fəqət onun yavık adamı yox idi ki... Birdən yadına iki dəfə Məşhədi ziyarət etmiş olan, bir gözü şikəst, evlərə su daşımaq, hamam boğçası götürməklə başını saxlayan Məşədi Qərib gəlmişdi. Onu anasının yanına göndərərək “mən evlənməyəcəyəm, heç vaxt evlənməyəcəyəm” deməsini dərhal ona tapşırdı.
Bu ittifaqdan sonra Sofini barmaq ilə göstərən daha da çoxalmağa başlamışdı.
– Sofi, həqiqi sofidir.
Ona da bu qədəri yetərdi.
Üzərində oturduğu xalçanın naxışlarına tamaşa edən gözləri oynadı. Kiçik qardaşının üzündə dolaşmağa başladı.
Artıq zurna susmuş, ortalıqda yorğun bir fısıltı başlamışdı. İndi hər kəs qalxacaq, toy sahiblərinə “Allah mübarək etsin” deyərək çıxıb gedəcəkdi.
Bir az ötədə üç nəfər durmuş, gizli-gizli danışır, ona baxaraq gülürlərdi.
– Yenə mənim haqqımda.
Kalkdı, gizli bir yerə çəkiləcəkdi. O hər zaman izzəti-nəfsinə rişxənd ilə gülən adamlardan “Sofi, Allah mübarək etsin” cümləsini eşitməyə davam edə bilməyəcəkdi.
– Sofi, Allah mübarək etsin!
Xalçanı salmışdı ki, başı üstündən bu sözləri eşitdi. Baxdı: onlardı.
Üç nəfər, üçü də gülür, üçü də onu zəhərləyirlərdi.
– Bir gün olsun, qardaşınız üçün toy edək.
Onlar oturmaq istəyirlərdi, Sofi macal vermədi:
– Namazın vaxtı keçir, – dedi və getdi.
III
Həyətdə heç kəsi görmədi, yalnız həna yaxılan evdən kiçik çocukların, qızların səs-küyü eşidilirdi.
Adəti xilafına olaraq səsini çıxarmadan həyətin şimal tərəfindəki evin ikinci mərtəbəsinə çıxdı. Bağlı olan qonaq otağının qapısını açdı. İçəri qaranlıqdı. Əlhavası bir neçə saniyə aradıkdan sonra kibriti tapdı, onluq lampanı alışdırdı. Camaxatanın ən üst yastıqlarından birini alıb tam ortalığa atdı. Tirtap evin düzünə uzandı.
O bu gün heç işləmədən yorulmuşdu. Yayın isti günlərində yeddi kilometrlik kəndə at ilə gedib saman dolduraraq piyada qayıdarkən bu qədər yorulmamışdı. Bu yorğunluq Əlövsətin iri, sağlam bacaklarında, yəni bədənilə mütənasib böyük, qüvvətli qollarında yox, köksündə, ələlxüsus qırışıqsız alnının arxasında idi.
Zəif, mütərəddid qəlbindən ah çəkdi. Bu ah onun bütün içindəkiləri dartıb çıxartmaq, ortaya boşaltmaq istəyirdi. Onu dinləyən birisi olsa idi, indi o necə xoşbəxt olurdu: heç olmasa, rahat-rahat dərdini söylər, özünü bir az yüngülləşdirərdi. Fəqət o da yox idi.
Yadına bir mehriban dost, canbir qəlb olan insanlar düşdü. Amma özünün nə bir dostu var idi, nə bir düşməni. O, puç olmuş otuz beş illik həyatının üstündə tənbəl-tənbəl yatan bir qoca idi.
Özü də nə üçün dönüb pəncərəyə baxdığını bilmədi. Pəncərənin önündə bir kölgə sezdi. Qəribi tanıdı. O, pəncərədən içəri baxınca Əlövsəti görüb salamsız dərviş kimi qapıdan içəri girdi.
– Salaməleyk... Axşami-şərifiniz mübarək olsun, inşallah.
– Əleyk...iniz xeyir olsun.
– Cənab Sofi, bəs toydan nə üçün belə tez dönmüsünüz?
– Ay Məşədi, başım çox bərk ağrıdı, dayana bilmədim.
– Yox, ağa, gərək hər tör olur-olsun, dayana idiniz, qardaşınızdır, həm də qızıl kimi qardaş, qızıl kimi adam, bütün mahalda onun işi məşhurdur.
Əlövsət beş-on ildən bəri yaxın olduğu Qəribi indi diqqətlə süzdü. O, əyninin cır-cındır paltarı, başının yırtıq papağı, gözünün çəpliyi, ağzının əyriliyi ilə nə qədər iyrənc idi. Hələ onun əyri ağzından çıxan doğru sözlər özünü o qədər sancmış, o qədər incitmişdi ki... üzünü Qəribdən döndərdi. Onun kölgəsi qarşı divara yayılmışdı. O biçimsiz kölgə tez-tez qımıldayır, özünəməxsus olan bir səslə öz niyyətindən bəhs edirdi. Piyada Kərbəla ziyarəti, sonra həccə getmək... xülasə, Məşədi Qərib yatmamış sayıqlayırdı.
Əlövsət içində acı-acı güldü, qalın dodağıyla:
– Axmaqlar... – deyə mırıldandı.
– Sofi ağa, doğrudan kefsizsiniz, mən qulluğunuzdan mürəxxəs olum. Bir sözünüz varmı?
– Yox, – deyə Əlövsət zarıdı.
Qərib çıxdı. O ayağa qalxaraq lampanın işığını artırdı, aşağı divarda xara pərdə ilə örtülü taxçaya yaxınlaşdı... Üç çərək uzunu, yarım arşın eni olan bu taxça ağzına kimi kitab ilə dolu idi. Əlinə birinci dəfə ən üstdəki Quran gəldi. Başdan açdı. İlk ağ vərəqlərdə qaralanmış tarixləri nəzərdən keçirtdi.
1860, 1902 sənə miladi, Şamaxı zəlzələsi... Bunlar atasının qeyd etdiyi tarixlərdi. Sonra ardınca 1917 sənə miladi. Nikolayın taxtdan düşməsi, 1918 erməni-müsəlman davası, Şamaxının yanması, daha sonra türklərin gəlməsi, “Müsavat” hökuməti, ən axırda “bolşeviklərin buraları fəth etməsi” cümlələləri gözünə sataşdı. Qəlbində doğan nifrət hissini ifadə edəcək bir kəlmə belə olsun pıçıldamağa cürət etmədi. Yalnız o səhifələrdən gizli bir qeyzlə keçdi. Topa-topa vərəqləri çevirməyə başladı. Artıq o vərəqlər bir zaman özünün inandığı cənnət iyisi yox, paslanmış bir ömrün turş iyisini verirlərdi. Bəzi yarpaqların arasında əlfəcin, bəzən də, kim bilir, neçə illik qurumuş qızıl yarpaqları nəzərə çarpırdı.
Quranı öpməmiş yerinə qoydu. Bu dəfə tam ortadan bir kitab çəkdi. “Tarixi-müqəddəs”. Təsadüfi olaraq açdığı səhifədə “Habil və Qabil” sərlövhəsi gözünə sataşdı. Ən altdan birini çəkdi: “Müsibəti-Kərbəla”, daha sonra “Qumru”, “Zəriətül-islam”. Nihaət, “Gülüstan”ın ilk babı əlinə gəldi. Fal açırmış kimi bir müddət dalıb durduğu yerdən aralandı: ilk nəzərinə dəyən beyti oxudu:
“Əbr əgər ab zindəqi bərəd, Hərgiz əz zaxi-bid bər nə xeyri”.
– Allah sənə rəhmət eləsin, ay Sədi, – deyə kitabı aldığı yerə soxdu. Lampanın işığını azaltdıqdan sonra yenə əvvəlki yerinə uzandi. Fəqət ilan vuran kimi rahat ola bilməyir, muttəhsil çevrilir, çevrilirdi. Gözləri yenə meydanda olmayan şeyləri görməyə, qulaqları da eşitmiş olduğu şeyləri yenidən eşitməyə başlayırdı.
– Qızıl kimi qardaşdır. Qızıl kimi adamdır. Bütün mahalda onun işi məşhurdur.
Altına döşənən xalça, gəbə, divara vurulan aynalar, asılan dəstmal, pərdələr, rəfdə sıra ilə düzülən yaşıl, mavi, al, sümahı kasa, boşqab və dərilər, gülab süzülən çayniklər – hamısı o cümləni təkrar edirdi.
– Qızıl kimi adam, qızıl kimi qardaş. İşi bütün mahalda məşhurdur.
– Nə üçün o, qardaşı kimi ola bilməzdi? Yoxsa vaxt keçmişdi?
– Yox, ola bilməzsən?
– Nə üçün?
Bu sualı öz-özünə verir, dərhal beş-on dəqiqə əvvəl oxuduğu beyti qeyri-iradi olaraq xatırlayırdı:
“Əbr əgər ab zindəqi bərəd, Hərgiz əz zaxi-bid bər nə xeyri”.
Daha sonra çalışqan kiçik qardaşı gözü önünə gəlirdi. Doğrudan da, o, bir söyüd ağacı idimi?
Qardaşı bir çəkməçi idi. O, bir sənət öyrənə bilməz, qardaşı kimi ola bilməzdimi?
– Yox, ola bilməzsən!
– Yenə bu səs haradan gəlirdi?
Bu “yox-yox”lar! Bunları yer altından əcinnələr, göydən mələklər, yoxsa beyni içində bir şey, onun düşməni olan birisi vardı ki, “yox, yox” deyə ona mane olmaq, əl-ayağını bağlamaq istəyirdi. O, axmaq-axmaq, neçə dəfə idi ki, vəhydən gəldiyinə qane olduğu bu səsləri eşidirdi. İlk dəfələr bu səs “hə”, “elə, elə” deyə nida edirdi. Sonra iş dəyişdi: indi ikinci dəfə idi ki, bu səs “yox!” deyirdi. Birincisi, evlənmək məsələsi ortaya atıldıqda, ikincisi də bu!
Yox, artıq bu səsə qulaq asmayacaq. Aldandığı bəsdi, çalışıb-çapalayacaq, o da adam olacaqdı. O kimdən əskikdi?
– Yox, ola bilməzsən!
“Nə üçün ola bilmərəm, çalışıb-çapalaram” deyə düşündükdə həqiqətlə toxundu. Nə cür çalışacaq, nə yapacakdı?
O, iyirmi ildən bəri ömrünü özü kimi sofi əmisinin dükanında, hicrələrdə, məscidlər küncündə, Məşhəddə, Kərbəlada keçirmiş bir bədbəxt idi, Quran oxumaq, dua yazmaq, namaz qılmaq – onun bildikləri bu qədərdir! Məmləkətdə isə belə müftəxorlar get-gedə dəbdən düşməkdə idilər. Bu günü hər kəs – böyük, kiçik, alim, cahil – onlara xor nəzərlərlə baxır.
Barı gələcəyi olmasa belə – alver öyrənsə idi. İndi onun bir çarəsi vardı. Bu zəhmətkeş ölkəsindən çıxmaq, bu xalqdan, onu çox uzaq məsafələrdə buraxıb iləriləyən cəmiyyətdən başqa məmləkətlərə qaçmaq.
Qapı açıldı, saçları dağınıq iki kiçik qız danışa-danışa bir şey götürüb gurultu ilə çıxdılar.
Sofi uzandığı yerdən səsini çıxardısa da, mültəfit olan olmadı.
– Küçük balaları küçüklər. Qapını da açıq qoyub getdilər, – deyə mırıldandı, ayağa qalxdı. Qapıya yetişdikdə aşağı evin açıq pəncərəsindən həna məclisini gördü. Bütün qohum qadınlar, qızlar orada idilər. Ayaqda bir neçə qadın dolaşırdı. Onların arasında bacısı Zeynəbi tanıdı. O, gözəl bədəni üzərinə tökülmüş hörükləri, çırmalı qolları ilə ötə-bəriyə koşurdu. Bəzən üzü işığa düşdükdə qara saçlarının arasında, ağaran simasında gözləri də görünürdü. Əlövsət qapıya dayamış olduğu sol qoluna sıxıldı. İndi bacısı yadına düşmüşdü. Bu dayirədə Zeynəbdən çox ona xatir-könül edən, onu sevən yoxdu. Zeynəb balkona çıxdıqda o da qeyri-iradi dışarı fırladı. Məsafə çox azdı. Çığırsa, eşidərdi.
– Zeyyy... – Dalısı gəlmədi.
Nə üçün çağırırdı? Böyük qızı, orada işi olan bacısını çağırıb ona nə deyəcəkdi?
Geri döndü. O içəri girdikdə Zeynəb də qapını örtüb qeyb olmuşdu. Artıq Sofiyə dinclik yoxdu.
– Əstəğfürullah! Lənət sənə gəlsin, kor şeytan!
Bacısına qarşı olan arzusu birdən o qədər şiddətləndi ki, onun mehriban, nəvazişkar səsini, nazik qəlbinin çırpıntısını belə eşitməyə başladı.
Əlövsət çoxdan Zeynəbi Allahın ona bəxş etmiş olduğu lütf kimi görürdü. Həyatda onu bilən, ona təsəlli verən, onun dərdinə qalan, yeməyinə, paltarına baxan ancaq Zeynəbdi. Hətta Kərbəlada qalmaq arzusunun bütün şiddətinə rəğmən o ancaq vətəninə Zeynəbdən ötrü döndüyünü söylərdi. Bunun şahidi Qəribdi.
Son illər, Zeynəb yüngül yatalaq xəstəliyinə tutulduqda Əlövsət bacısının başına dönmüş, onun sağalması üçün o qədər nəzir-niyazda bulunmuşdu ki...
Birdən bacısının atlas tumanının xışıltısını eşitdi.
Yəqin edə bilmədiyi bir hiss ona qımıldanmağa belə macal vermədi. Gözlərini yumdu, canı çıxır kimi gözləməyə başladı.
– Sofi qardaş!
Ox... yenə Sofi! Heç olmasa, Zeynəbdən bu sözü eşitməsə!
Bacısının əlini çiynində hiss etdi. Gözlərini açdı: o, başının üstündə
təcəssüm etmiş rəhmət heykəlinin durduğunu zənn etdi.
– Otur! – dedi.
Zəif bir inilti ilə çıxan bu səs Zeynəb üçün kafi idi.
– Nə var, yoxsa kefsizsən? Başını qaldır!
O, gözləri yumulu dinləyirdi.
– Yox, Zeynəb, belə rahatdır. Hə, kefsizəm!
Zeynəb sağ qolu ilə yastığa dirsəkləndi. Başını ovucuna söykəyib sol əlilə qardaşının ətli alnını ovuşdurmağa başladı.
– Yoxsa başın ağrıyır?
– Hə.
Əlövsət gözlərini açdı. Üzərinə əyilmiş bu açıq başdan gələn təmiz qoxunu ciyərlərinə çəkdi. Bir naməlum şəxsi xoşbəxt edəcək olan gözəl bacısının gözlərində bu vaxta qədər ağ və göyçək simada o qədər canıyanan nəzərlər parlayırdı ki...
Bacısına diqqətlə baxdı. Zeynəbin açıq yaxasından kəhrəba ipinin boynunda salmış olduğu incə cizgilərin də fərqinə vardı. Bu açıqlıq bir az davam edir, sonra qara, gur saçlarla örtülürdü. Uzandığı yerdə hərəkət etdi. Zeynəbin köksünün bütün ağırlığını və yumşaqlığını gövdəsi üzərində duydu.
Zeynəb də hərəkət edib bir-birlərinə daha da yaklaşdılar.
Gənc qız qardaşının birinci dəfə gördüyü bu qəribəliklərini, uzun davamlı məhzun baxışlarını xəstəliyinə həml edirdi.
Əlövsət bir müddət gözlərini yumdu. Qəlbini partlatmaq istəyən bir şeylər hiss edir, nə yapacağını bilməyirdi. Bacısının, başında dolaşaraq alnını ovuşduran əlini aldı.
– Zeynəb, bacı!
– Nə var? Qardaşının toyu, aləm kefdə, kefiyyətdə. Sən gəlib yatmısan. Doğrusunu de görüm, nə olub, haran ağrıyır?
Zeynəb cavab gözlərkən kəsik bir iç çəkişini duydu. Qardaşının üzünə diqqətlə baxdı; onun yumulu gözlərinin kirpikləri islanmışdı.
– Bu nədir, ağlayırsan?
Əlövsət gözlərini açdı. Bəbəklərindəki fırtına dalğaları arxasından Zeynəbi o qədər məhzun, o qədər gözəl gördü ki...
– Aman Allah, – deyə sağ əlini uzadıb bacısının başına qoydu.
– Qardaş, nə üçün, nə olub ağlayırsan?
Artıq kafi idi. O tutqun gözləri ağlatmaq, odlu qəlbi yumşaltmaq üçün bu kafi idi. İndi o, bir çocuk, zəif bir məxluq kimi ağlayırdı.
– Sofi, Sofi qardaş.
Artıq bu sözlər Əlövsəti sancmadı, zira bu sözlər onun könlünün yeganə yavığı, yeganə təsəllisi olan bacısının ağzından ağlar nəfəs, titrək səslə çıxmışdı.
– Qardaş, ağlama, – deyə Zeynəb dodaqlarını onun alnına yaxınlaşdırdı, çocuk hönkürtüləriylə sarsılan o başı, yanıq ürəyinin üzərinə sıxdı. Darlaşan nəfəsi hıçqırıqlar həncərəsində boğulub bəbəklərində yaz yağışına döndü. Bu sakit göz yaşları köksü üzərində ağlayan, qəlbi üstündə yanan bir dərdi avıtmaq üçündü.
O, indi otuz beş yaşlı bir ərkəyə yox, kiçik, aciz, zəif, yazıq olmuş qardaşına ağlayırdı.
– Şükür sənə, ay Allah, nə üçün səni istəyən bəndənə rəhmin gəlməyir... Budur sənin yolunda hər şeydən keçən adamın axırı.
İki gün idi ki, Sofidən bir xəbər yox idi. Ətraf kəndlərə adam göndərdilər; soraq verən olmadı. Milis idarəsinə bildirdilər. Yenə bir nəticə çıxmadı.
Nəhayət, üçüncü günü, Sofinin kitablarının arasından bir kağız tapdılar. Kağızda karandaşla yazılmışdı:
“Əmma bəd cəddimi yuxuda gördüm, çünkü istəyirdi getmim, əlbəttə, məndən nigaran qalmayasız”.