Әlәkbәr Salahzadә
(1941-2013)
Şair, tərcüməçi, dramaturq. Әməkdar incəsənət xadimi. “Beş yarpaq”, “Od heykəli, “Gözlər baxır dünyaya”, “Xatirə çiçəyi”, “Yerimiz bir, göyümüz bir”, “Od odası”, “Yanıltmaclı əlifba” kitablarının müəllifidir. “Kölgədən qorxan”, “Yayın qış gecələri” və “Nağaraçı naxırçı” pyesləri tamaşaya qoyulub. L.Stern, A.Tarkovski, A.Platonov, A.Sofranov və M.Selimoviçin əsərlərindən nümunələri dilimizə çevirib.
13 fevral
13 ildən çox olar, 13 fevral - gözlərimdə qaradı, həm də nədənsə qarlı; çiynində bir nənə keçir, çarşablardan qaradır qar, mən qıraqda bir uşaq, qırıq bir sözə bəndəm 13 fevral... 13 ildən çox olar - kəndimizdən bir qarının keçdiyi. Nənəm də yox, elə belə qarıydı. çarşablardan qar qaraydı, ağır-ağır yağırdı qar... 13 ildən çox olar, 13 fevral çiynində o nənəni aparar, aparar, aparar amma dəfn edə bilməz, bir il sonra yenə başqa 13 fevral alar çiyninə: çarşablardan qaradır qar, ağır-ağır yağırdı qar... mən qıraqda bir uşaq, qırıq bir sözə bəndəm.
|
İsa İsmayılzadә
(1941-1997)
Şair, tərcüməçi. “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışıb. “Ulduzların ad günü”, “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam, Yer kürəsi”, “Anamla söhbət”, “Yelləncəkdə yellənən külək”, “Bir ömürlük gecə” kimi onlarla şeir kitabının müəllifidir. K.Simonovun, Y.Yevtuşenkonun şeirlərindən nümunələri dilimizə çevirib.
Xatirә
İşıqlar tәzәcә yanmışdı kәnddә, Dedin ki, yanında yer saxlayarsan, qaçıb gәlәcәyәm kinoya mәn dә. Cığırlar, sәkilәr әl-әlә tutub, sürünüb gedirdi kluba sarı. Aramızda düşüb qaldı o axşam hәr gün aşdığımız bir kәnd hasarı.
Bir vaxt on beş yaşlı gur hәvәsimiz yamaca dırmaşdı, dәrәyә endi. Sol yanım boş qalıb elә o gündәn, Hey dolub-boşalıb elә o gündәn.
Bir sәs tanıyırdım sәsinә oxşar, Bir söz tanıyırdım – umu-küsünә oxşar, hansı döngәdәsә yoxa çıxdılar.
İndi otuz yaşlı gur nәfәsim var, indi on beş yaşlı sәrt hәvәsim var. Sol tәrәfdә ürәk, sağda – xәyalın, arada – boşluq. Mәn isә yenә dә sizә qoşulub, çıxıram yollara ayağıyalın…
|