Elektron ədəbiyyat və sənət portalı

Əfzələddin Xaqani

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 26.04.2019

 

Əfzələddin Xaqani
(1126-1199)

Şair-filosof. 17 min beytlik lirik şeirlər divanının, “Töhfətül-İraqeyn” poemasının, bədii nəsrin maraqlı nümunələrindən sayılan 60 məktubun, yüzlərlə qəsidə, qəzəl, mədhiyyə, mərsiyə və rübainin müəllifidir. Dünya ictimai-fəlsəfi fikir tarixinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” poeması ilə daxil olub. Qəzəl və rübailəri ilə klassik Azərbaycan poeziya məktəbi ənənələrinin əsasını qoyub.

 

Həbsiyyə

 

Hər səhər qalxar göyə ah ilə əfqanım mənim,

Qərq olar qanda şəfəqtək çeşmi-giryanım mənim.

 

Qurmuşam qəm məclisi, yanmış söyüdtək indi, bax,

Mey süzür məndən mənimçün qanlı müjganım mənim.

 

Yüz oyun hər gün tutar narınca oxşar bu fələk,

Neyləyim, səfra ilə odlanmasın canım mənim?

 

Ah oxumla hər səhər aldım hədəf, etdim şikar,

Ol qoca qurdu ayaqdan saldı peykanım mənim.

 

Pas kimi sardı məni dövran ki, yandırsın, həmən,

Ah odumda yandı, his oldu o dövranım mənim.

 

Görmüsənmi ki, sarınsın bir çöpə əfi ilan?

Əfidir zəncir, ayağım çöp, gedir canım mənim.

 

Bax, necə gör halqalanmış damənimdə əjdaha,

Qorxuram tərpənməyə, yoxdur bir imkanım mənim.

 

Qorxmasın ta gözlərimin nənnisində cüt uşaq,

Əjdahanı gizlədər hər an bu damanım mənim.

 

Boynuma Zöhhak ilanı saldı ahəngər bu gün,

Çün Fəridun xəznəsidir əqlü ürfanım mənim.

 

Oxşayır kündə ayağımda dəyirman daşına,

Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim.

 

***

 

Ey könül, dəhrin nəbası qalmayıb,

Rahət ömrün də bəqası qalmayıb.

 

Ol səlamətlik baharından bu gün,

Bir yaşıl yarpaq səfası qalmayıb.

 

Qorxuram insanları gördükdə mən,

Könlümün bir aşinası qalmayıb.

 

Hər kimi görsə könül, ondan qaçır,

Heç kəsin, çünki vəfası qalmayıb.

 

Qəm pası çeynər bu ömrün gövhərin,

Silməyə bir şey bu pası, qalmayıb.

 

Bəxtə bax ki, bir dəmir dağdır qəmim,

Aləmin ahənrübası qalmayıb.

 

Döz əzaba, etmə, Xaqani, fəqan,

Kimsədə şadlıq əsası qalmayıb!

 

***

 

Müşkə oxşar saçlarından meh ərməğan göndər bizə!

Başı bağlı bir tükünü, yar, həvadan göndər bizə!

 

Canımızın əbədilik havadarı – dodağından,

Şərbət içirt, bir öpüş də özün ehsan göndər bizə!

 

Bilirsən ki, bizik sənin həm vurğunun, həm qurbanın,

Bir gün yaşa bizim üçün, vəslinlə can göndər bizə!

 

O zülfündən bir tükü al, biz yazığı bəndinə sal,

Qan bahası qənd oğurla dodağından, göndər bizə!

 

Gəl üzündən aç örtüyü, gözlərimiz işıqlansın,

Günəş batsa, sən işığı camalından göndər bizə!

 

Gah yuxuda yetir bizə vüsalının pəyğamını,

Gah da vəfa salamını sən səbadan göndər bizə!

 

Xaqaniyə hər an yetər min dərdü qəm həsrətində,

O min dərddən biri üçün, rəhm et, dərman göndər bizə!

 

Sən bunların heç birini etməsən də, insafa gəl,

Heç olmazsa, o qəlbi ki, aparmışsan, göndər bizə!

 

***

 

Ay nə lazım, sən kimi məhru kifayətdir mənə,

Gül nə lazım, sən kimi xoşbu kifayətdir mənə.

 

Sevgilim, əqlim olubdur eşqinin divanəsi,

Çəkmə zəncir fikri, ol geysu kifayətdir mənə.

 

Göz yaşımdırsa buludsuz bir yağış yağdırmayan,

Bir buludtək zülfi-ənbərbu kifayətdir mənə,

 

Hüsnünü seyr etməyə yox ehtiyac ayinəyə,

Əllərintək bir zərif güzgü kifayətdir mənə.

 

Zülfünün rəngi mənim merac gecəmdir, şübhəsiz,

Qabə qövseynin – iki əbru, kifayətdir mənə.

 

Ehtiyacım yox, nə lazımdır hümanın kölgəsi,

Sayeyi-kuyində olsam, bu kifayətdir mənə.

 

Qəsd qılmış tökməyə Xaqaninin qanın fələk,

Qətlim üçün sən kimi dilucu kifayətdir mənə.

 

***

 

Ey nazlı gözəl, şur ilə meyxanədə rəqs et!

Məst ol, çal, oxu, məclisi-məstanədə rəqs et!

 

Rəqqasə əgər məst ola, şövq ilə edər rəqs,

Ey badə, bir az sən də bu peymanədə rəqs et!

 

Adabı atıb, arı burax, boş sözə baxma,

Məhrəm də yaxındır bizə, biganə də, rəqs et!

 

Batində fəqət aşiq ilə rəqs elə, zahir –

Aqil də sənə söyləsə, divanə də, rəqs et!

 

Məlumdu, təkəbbür aparır zövqü səfanı,

Bəzən uşaq ol, sən elə tiflanə də rəqs et!

 

Bir ov yarasından tökülən qan kimi qayna,

Coşqun ürək ol, sineyi-pərvanədə rəqs et!

 

Xaqani, gedib bağdakı bülbüllərə uyma,

Bayquşların avazına viranədə rəqs et!