Elektron ədəbiyyat və sənət portalı

Nizami Gəncəvi

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 25.04.2019

 

Nizami Gəncəvi

(1141-1209)

Şair-filosof. Dünya ədəbiyyatı tarixinə məsnəvidə yazdığı beş poemadan ibarət “Xəm- sə” (“Beşlik”) müəllifi kimi daxil olub. 20 min beytlik Divanına daxil olan şeirlərinin çox az hissəsi tapılıb. Əsərləri dünyanın əksər xalqla-rının dilinə tərcümə edilib. Nadir əlyazma nüs-xələri dünyanın bir çox muzeylərində (Bakı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.), kitabxanalarında və əlyazmaları fondla-rında qorunub saxlanılır.

 

 

***

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,

Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

 

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,

Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

 

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,

Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

 

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,

Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

 

Dedi: “Getmək dəmidir, söylə, nə istərsən, yar?”

Bir öpüş istədim ondan... Yeri var, gəlmiş idi.

 

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,

Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

 

“Ey Nizami!” - dedi... Birdən ayılıb, gördüm, o yox,

Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

 

***

 

Ay üzlü nigarım, kimə mehman olacaqsan?

Bir söylə, kimin şəninə şayan olacaqsan?

 

Şahlıq çətilin var başım üstündə bu axşam,

Ənbər çətirinlə kimə sultan olacaqsan?

 

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,

Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

 

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!

Ey abi-həyat, sən kimə canan olacaqsan?

 

Getdin, necə bəs tab eləsin hicrə Nizami,

O, xəstə ikən, sən kimə dərman olacaqsan?

 

***

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz.

 

Sənin ol cəlb eyləyən vəslinə and içdim, inan,

Hicrinə yandı canım, yox daha taqət sənsiz.

 

Başqa bir yarı necə axtarım, ey nazlı mələk?

Bilirəm sən də dedin: “Yox yarə hacət sənsiz”.

 

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,

Sən əzizsən, mən ucuz bir heçəm afət, sənsiz.

 

Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox,

Nə də ki, qaçmağa var məndə cəsarət sənsiz.

 

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,

Gecə-gündüz arayıb, olmadı rahət sənsiz.

 

Hüsnün gözəl ayətləri, ey sevgili canan!

Olmuş bütün aləmdə sənin şəninə şayan.

 

Gəl eylə nəvaziş, mənə ver busə ləbindən,

Çünki gözəlin busəsidir aşiqə ehsan.

 

Sordum ki, “Könül hardadır”, aldım bu cavabı,

“Heç sorma, tapılmaz onu axtarsa da insan”.

 

 

Rəhm eylə dedim, sel kimi göz yaşımı tökdüm

Kim, qanım ilə oynama, ey afəti-dövran!

 

İnsafın əgər var isə, söylə, bu Nizami,

Sənlə necə rəftar eləsin, ey məhi-taban?

 

***

 

Yenə tövbə evimi eşq xərab etmədədir,                                                      —

Aşiq iftarını sevda meyi-nab etmədədir.

 

Könlümə bir mələyin sevgisi od saldı, adı,

Günü də, Zöhrəni də göydə sərab etmədədir.

 

Onun eşq atəşi hər qəlbə girər, amma nədən,

Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?

 

Gözlərin baxdı mənə, söylədi: “Səbr et, səninəm”,

Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.

 

Ahu gözlüləri yatmış zaman ovlar ovçu,

Ömr röyadə şikar olmağa tab etmədədir.

 

Məsləhətdir, məni qovmaqdan isə versin əzab,

Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.

 

Gər Nizamini xəta isə həlak etdirmək,

Aşiqəm, yar məni öldürsə səvab etmədədir

 

 

***

 

Gözüm aydın, gözümə surəti-canan görünür,

Mişki-ənbər saçaraq ətrlə əfşan görünür.

 

Allaha şükr edirəm, ey gözümün nuru, bu gün

Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

 

Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal

İki dünyayə dəyər, eylə ki, hicran görünür?

 

Səni bir dəfə görənlər güvənir eşqimizə,

Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

 

Eşqini canım ilə bəslədi birlikdə könül,

Onsuz, ey sevdiciyim, can evi viran görünür.

 

Ey sənəm, vəslin ilə, öylə ki, şad oldu könül,

Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

 

Şadlığından alışıb yandı Nizami, dedi ki:

“Gözüm aydın, gözümə surəti-canan görünür”.