Elektron ədəbiyyat və sənət portalı

İzzəddin Həsənoğlu

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 24.04.2019

 

İzzəddin Həsənoğlu
(XIII-XIV əsrlər)

 

Azərbaycan və fars dillərində yazıb-yarat­mış sufi şair. Azərbaycan dilində yazdığı şeirlə­rini “Həsənoğlu”, fars dilində yazdığı şeirlərini “Puri-Həsən” təxəllüsü ilə imzalayıb. Yaxın Şərqdə məşhurlaşan Divanının çox az hissəsi tapılıb. Azərbaycan dilində qələmə aldığı “Apar­dı könlümü bir xoş qəmər yüz, canfəza dilbər”, “Necəsən gəl, ey yüzü ağım bənim” və “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı üç qəzəli, fars dilində yazdığı “Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim” başlıqlı bir qəzəli əldə edilib.

 

 

***

Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər,

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

 

Mən ölsəm sən büti-şəngül sürahi, eyləmə qül-qül,

Nə qül-qül? Qül-qüli badə. Nə badə? Badeyi-əhmər.

 

Başımdan getmədi hərgiz səninlə içdiyim badə,

Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

 

Şəha, şirin sözün qılır Misirdə bir zaman kasid,

Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

 

Tutuşmayınca dər atəş bulunmaz xisləti-ənbər,

Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.

 

Əzəldən cam içində yazıldı surəti-məni,

Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

 

Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,

Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

 

***

 

Necəsən, gəl, ey yüzü ağım bənim?

Sən əritdin odlara yağım bənim.

 

And içərəm səndən artıq sevməyim,

Sənin ilə xoş keçər çağm bənim.

 

Hüsn içində sana manənd olmaya,

Əsli yuca, könlü alçağım bənim.

 

Al əlimi irəyim məqsudimə,

Qoyma yürəkdə yana dağım bənim.

 

Sən rəqibə sirrini faş eylədin,

Anun ilə oldu şımtağım bənim.

 

Qışladım qapında itlərin ilə,

Oldu kuyin üştə yaylağım bənim.

 

Bən ölücək yoluna gömün bəni,

Bağa dursun yarə toprağım bənim.

 

Toprağımda bitə həsrətlə ağac,

Qıla zari cümlə yaprağım bənim.

 

Bu Həsənoğlu sənin bəndəndürür,

Anı rədd etmə, yüzü ağım bənim.

 

***

 

Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?

Aparıb fikri bütün səbrü-qərarım, nə edim?

 

El mənə tənə vurur: söylə, tükənməzmi yasın?

Axı mən bağrıyanıq aşiqi-zarəm, nə edim?

 

Ayqabaqlım görüşə gəlmədi, tənha gəzərək,

Saymayım nəcmi-münəvvər, şəbi-tarəm, nə edim?

 

Yar apardı canımı, olmadı dildar mənə,

Özü asudə gəzir, mən güli-xarəm, nə edim?

 

Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,

Eşqdən oldu pərişan səri-karım, nə edim?

 

Hər iki dünyada Allah gözəli düst tutar,

Mən ki, puri Həsənəm, yoxdu nigarım, nə edim?