Elektron ədəbiyyat və sənət portalı

Seyid İmadəddin Nəsimi

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 23.04.2019

 

Seyid İmadəddin Nəsimi
(1369-1417)

Şair-filosof. Azərbaycan, fars və ərəb dillə­rində yazıb-yaradıb. Qəzəl və rübailəri hələ sağ­lığında bir çox dillərə çevrilib, Orta Asiya, Türkiyə və İranda geniş yayılıb. Yaradıcılığının ilk dövr­lərində sufiliyə meyil göstərən şair sonradan mürşidi Nəiminin əsasını qoyduğu hürufiliyə tapınıb. Nəsiminin Divanı Azərbaycanda ilk də­fə 1972-ci ildə çap olunub.

 

***

 

Üzünü məndən nihan etmək dilərsən, etməgil,

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil.

 

Canımı vəslin şərabından ayırdım, ey sənəm,

Eynimi gövhərfəşan etmək dilərsən, etməgil.

 

Qaşların qövsündə müjganın xədəngin gizləyib,

Gözləri məstanə, qan etmək dilərsən, etməgil.

 

Qoymuşam eşqində mən kövnü məkanın varını,

Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil.

 

Yandırırsan könlümü eşqində, məlum oldu kim,

Anı rüsvayi-cahan etmək dilərsən, etməgil.

 

Hər qəzanın oxuna qıldın nişanə sən məni,

Ol nişanı binişan etmək dilərsən, etməgil.

 

Bərgi-nəsrin üzrə müşkin zülfünü sən dağıdıb,

Aşiqi bixaniman etmək dilərsən, etməgil.

 

Bürqəi üzündən açarsan, məgər naməhrəmə,

Gizli əsrarı əyan etmək dilərsən, etməgil.

 

Çünki eşqin məskənidir könlümün viranəsi,

Həsrətə anı məkan etmək dilərsən, etməgil.

 

Doğruyam eşqində oxtək, gözlərin tanıq durur,

Qəddimi niçün kəman etmək dilərsən, etməgil.

 

Çün yəqin bildi Nəsimi ağzının var olduğun,

Ol yəqini sən güman etmək dilərsən, etməgil.

 

 

***

 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam!

Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam!

 

Ərş ilə fərşü kafü nun, məndə bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.

 

Kövnü məkandır ayətim, zatınadır bidayətim,

Sən bu nişan ilə məni, bil ki, nişanə sığmazam.

 

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,

Həqqi bilən bilir ki, mən, zənnü gümanə sığmazam.

 

Surətə baxü məniyi surət içində tanı kim,

Cismilə can mənəm, vəli, cism ilə canə sığmazam.

 

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm,

Bunca qümaşü rəxt ilə mən bu dükanə sığmazam.

 

Gənci-nihan mənəm, mən uş, eyni-əyan mənəm, mən uş,

Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kanə sığmazam.

 

Gərçi-mühiti-əzəməm, adım Adəmdir, adəməm,

Tur ilə kün-fəkan mənəm, mən bu məkanə sığmazam.

 

Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm,

Gör bu lətifəyi ki, mən, dəhrü zəmanə sığmazam.

 

Əncüm ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,

Çək dilinivü əbsəm ol, mən bu lisanə sığmazam.

 

Zərrə mənəm, günəş mənəm, çarilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

 

Zat iləyəm sifat ilə, gülşəkərəm nəbat ilə,

Qədriləyəm bəyat ilə, püstə dəhanə sığmazam.

 

Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm,

Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

 

Tir mənəm, kəman mənəm, pir mənəm, cavan mənəm,

Dövləti-cavidan mənəm, ayinədanə sığmazam.

 

***

 

Mən mülki-cəhan, cəhan mənəm, mən

Mən həqqə məkan, məkan mənəm, mən.

 

Mən ərş ilə fərşü kafü nunəm,

Mən şərhü bəyan, bəyan mənəm, mən.

 

Mən kövnü məkanü “kün-fəkan”əm

Bilgil ki, nişan, nişan mənəm, mən.

 

Mən surəti-mənidə həqəm, həq,

Mən həqqi-əyan, əyan mənəm, mən.

 

Bir gövhəri əqdəməm əzəldən,

Ey gövhərə kan, kan mənəm, mən.

 

Mən atəşi-eşqi-nuri-həqqəm,

Musayə zəban, zəban mənəm, mən.

 

Mən cümlə cəhani-kainatəm,

Mən dərhi-zəman, zəman mənəm, mən.

 

Mən ayəti-müshəfü kitabəm,

Ey nöqtədəhan, dəhan mənəm, mən.

 

***

Cövhəri-fərd adəmin kanındadır,

Küntə kənzən adəmin şanındadır,

 

Gərçi şeytan adəmin qatındadır,

Sirri-əsma adəmin canındadır.

 

Həq sözün gör ki, necə dürdanədür,

Həq sözünü bilməyənlər da nədür?

Cahilü nadan nə bilsin danə dür,

Danəyi dana bilir kim, danədür.

 

Ay ilə günəş üzün heyranıdır,

Mişk ilə ənbər saçın tərxanıdır,

Çün Nəsimi aləmin sultanıdır,

Dövr anın, dövran anın dövranıdır.

 

Həqqə yar ol, ey könül, yar ol, yetər,

Həqqi çün yar eylədin, var ol, yetər,

Nurə nur ol, narə ol nar ol, yetər,

Adəmə oldur səzavar ol, yetər.

 

Qamətin hər dəm qiyamət göstərir,

Gör bu qəddi kim, nə qamət göstərir,

Kəbə üzündən əlamət göstərir,

Qanlı eynin bax, imamət göstərir.

 

Ey özündən bixəbər qafil, oyan!

Həqdən olma yadü həm batil,

oyan! Olma fani aləmə mail, oyan!

Mərifətdən nəsnə qıl, hasil, oyan!