Elektron ədəbiyyat və sənət portalı

Şah İsmayıl Xətai

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 22.04.2019

 

Şah İsmayıl Xətai
(1487-1524)

Səfəvilər dövlətinin banisi. Azərbaycan dilini ilk dəfə dövlət dili kimi tətbiq etmiş hökmdar- şair. Əsərlərini “Xətai” və ya “Xətayi” təxəllüsü ilə yazıb. Az yaşamasına, vaxtının əksər hissəsini dövlət işlərinə sərf etməsinə baxmayaraq, özündən sonra zəngin və çoxşaxəli ədəbi irs qoyub. Əruz və heca vəznində epik-lirik janr­larda qələmə aldığı əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində yeni mərhələ yaradıb. Epik janrın qiymətli nümunəsi olan “Dəhnamə”poeması Xətainin şah əsəri kimi təsdiqini tapıb.

 

Məşuqə dilindən şeir

 

Gəlgil bəri, ey görən cəfalər!

Kim, yar sənə qılır vəfalər.

 

Gəlgil bəri, ey pur əz bəla dil,

İmşəb bulasan şəfa bəlalər.

 

Gəlgil ki, əgərçi pürxətasən,

Çin oldu yanımda hər xətalər.

 

Gəlgil bəri, ey qəmimdə bimar

Kim, bu gecə yar edər dəvalər.

 

Ey xəstə Xətai, gəl ki, yarın

Könlün alıban qılır vəfalər.

 

* * *

 

Gövhərin keçməyən yerdə,

Satma, qardaş, kərəm eylə.

Ləl daşını çay daşına

Qatma, qardaş, kərəm eylə.

 

Gördün bir yerdə aşina,

Hər nə dersən öz başına,

Yol daşını yol quşuna

Atma, qardaş, kərəm eylə.

 

Gördünsə bir yerdə rəqib,

Neylərsən yüzünə baxıb,

Münkiri qatara çəkib

Getmə, qardaş, kərəm eylə.

 

Xətayim çağırır, ərə,

Dünya belə gəlmiş zira,

Arif oxun əbəs yerə,

Atma, qardaş, kərəm eylə.

 

* * *

 

Aqil, gəl bəri, gəl bəri,

Gir könülə nəzər eylə.

Görür göz, eşidir qulaq,

Söylər dilə nəzər eylə.

 

Başdır gövdəyi götürən,

Ayaq mənzilə yetirən,

Dürlü məsləhət bitirən

İki ələ nəzər eylə.

 

Sufi isən, alıb satma,

Hilalına haram qatma,

Yolun əyrisinə getmə,

Doğru yola nəzər eylə.

 


İki əlin qızıl qanda,

Çox günahlar vardır məndə,

Ya ilahi, kərəm səndə,

Düşgün qula nəzər eylə.

 

Xətayi aydır: - Ya ğəni,

Verən mövla alır canı,

Əvvəl kəndi-kəndin tanı,

Sonra elə nəzər eylə.


* * *

 

Ey vüsalın bağü-bustanım mənim,

Ey yüzün virdü gülüstanım mənim.

 

Eydi vəslində, əya huri liqa,

Sənə qurban cism ilə canım mənim.

 

Səndən ayru, ey gözümün nuru yar,

Ərşə irdi ahü-əfğanım mənim.

 

Ruzi vəslin eyd ilə novruz durur,

Uş fəraqın zicrü zindanım mənim.

 

Misli-Yəqubəm qəm ilə natəvan,

Gəlgil axır şahi-Kənanım mənim.

 

Uş sənin xeyli-xəyalın daima

Can içində oldu mehmanım mənim.

 

Gözlərim kövkəb kimi bulanda gəl,

Ey camalı mahi-tabanım mənim.

 

Bülbüli-şuridəyəm gəl tez iriş,

Ey ləbi çün qönçə xəndanım mənim.

 

Dönməzəm eşqin yolundan, haq bilür,

Gər tökərlərsə yerə qanım mənim.

 

* * *

 

Qızılgül, bağü bustanım, nə dersən?

Fəda olsun sənə canım, nə dersən?

 

Qərarü səbrü aramım tükəndi,

Kəsildi, külli fərmanım, nə dersən?

 

Əridi iliyim, qaldı sümiyim,

Bu təni tərk edər canım, nə dersən?

 

Qamu dərdlilərə dərman bulundu,

Dəvasız dərdə dərmanım, nə dersən?

 

Qamunun küfr ilə imanı vardır,

Mənim küfr ilə imanım, nə dersən?

 

Sənin məqsudun oldur kim, ölüm mən,

Həlal olsun sənə qanım, nə dersən?

 

Əgər yatsam min il torpaq içində,

Dürüstdür əhdü peymanım, nə dersən?

 

Xətai can ilə çün səni sevdi,

Sevən ölsünmi, sultanım, nə dersən?