Elektron ədəbiyyat və sənət portalı

Məhəmməd Füzuli

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 21.04.2019

 

Məhəmməd Füzuli
(1494-1556)

Şair-filosof. Azərbaycan və türk ədəbiyyatı tarixində Divan janrının banilərindən sayılır. Əsərlərini üç dildə, qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd və rübai janrında yazıb. “Şikayətnamə” əsəri siyasi satira janrının ilk nümunələrindəndir. Yaradıcılığının zirvəsi sayı­lan “Leyli və Məcnun”poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir inci­ləri sırasına daxil edilib. İlk olaraq Nizami Gəncəvi tərəfindən yazılı ədəbiyyata gətirilmiş bu mövzu bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınsa da, Füzulinin Azərbaycan dilində ərsəyə gətirdiyi bu əsərpoe- tik dərinliyi və orijinallığı ilə yazılanların fövqündə dayanmağa davam edir.

 

* * *

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

 

Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan,

Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

 

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,

Desəm ol bivəfa bilmən, inanarmı, inanmazmı?

 

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

 

Güli-rüxsarinə qarşu, gözümdən qanlı axar su,

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

 

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,

Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?

 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?

 

* * *

 

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm kəfənim.

 

Canı canan diləmiş, verməmək olmaz, ey dil!

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

 

Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən,

Nola zənbur evinə bənzəsə beytül-həzənim,

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,

Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

 

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,

Bir hübabəm ki, həvadən doludur pirəhənim.

 

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,

Dəhənü qəddü rüxün qönçəvü sərvü səmənim.

 

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

 

* * *

 

Pərişan xəlqi-aləm ahu əfğan etdigimdəndir,

Pərişan olduğum xəlqi pərişan etdigimdəndir.

 

Təni-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq,

Yetən bidərd tədbirilə dərman etdigimdəndir.

 

Gözüm kim bağrımın qanın tökər pərkalə-pərkalə,

Dəmadəm arizuyi-ləli-canan etdigimdəndir.

 

Degil bihudə gər yağsa fələkdən başimə daşlar,

Binası tişeyi-ahimlə viran etdigimdəndir.

 

Qaçan rüsva olurdum, qan udub səbr edə bilseydim,

Məlamət çəkdiyim bihudə əfqan etdigimdəndir.

 

Xəta səndən degil, cismim oxundan binəsib olsa,

Hübabi-əşki-külgün içrə pünhan etdigimdəndir.

 

Füzuli, ixtilati-mərdümi aləmdən ikrahim,

Pərivəşlər xəyalın munisi-can etdigimdəndir.

 

 

* * *

 

Nə görər əhli-cəfa məndə vəfadən qeyri.

Nə bulur şəmi yaqan kimsə siyadən qeyri.

 

Ey olan sakini-məscid, nə bulubsan bilmən,

Buriyasında onun buyi-riyadən qeyri.

 

Gəl xərabatə, nəzər saqiyə qıl kim, yoxdur,

Rüxi-safü meyi-safində səfadən qeyri.

 

Sərbəsər vadiyi-mehnətdirü qəm mülki-vücud,

Bir fərağət yeri yox, şəhri-fənadən qeyri.

 

Cümleyi-xəlq mənə yar üçün əğyar oldu,

Qalmadı kimsə mənə yar xudadən qeyri.

 

Əzmi-kuyində könül yarlıq istər bizdən,

Əlimizdən nə gəlir xeyr-duadən qeyri.

 

Fərq imiş fəqr, Füzuli, şərəfi-əhli-vücud,

Özünə eyləmə həmdəm füqəradən qeyri.

 

* * *

 

Heyrət, et büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən surət xəyal eylər məni.

 

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,

Sayətək sevdayi-zülfün payimal eylər məni.

 

Zəfi-tale maneyi-tovfiq olur, hər necə kim

İltifatın arizu-məndi-vüsal eylər məni.

 

Mən gəda sən şahə yar olmaq yox, əmma neyləyim,

Arizu sərkəşteyi-fikri-mühal eylər məni.

 

Tiri-qəmzən atma kim, bağnm dələr, qanım tökər,

İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.

 

Dəhr vəqf etmiş məni növrəs cəvanlar eşqinə,

Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni.

 

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,

Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

 

* * *

 

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,

Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir?

 

Gərçi canandan dili-şeyda üçün kam istərəm,

Sorsa canan bilməzəm kami-dili-şeyda nədir?

 

Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal,

Aşiqə məşuqədən hərdəm bu istiğna nədir?

 

Hikməti-dünyavü mafiha bilən arif deyil,

Arif oldur bilməyə dünyavü mafiha nədir.

 

Ahü fəryadın, Füzuli, incidibdir aləmi,

Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?

 

* * *

 

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır!

 

Sud istəmə sevdayi-qəmi-eşqdə hərgiz,

Kim, hasili-sevdayi-qəmi-eşq ziyandır!

 

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,

Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır.

 

Yaxşı görünür surəti məhvəşlərin, əmma

Yaxşı nəzər etdikdə, - sərəncamı yamandır!

 

Eşq içrə əzab olduğun ondan bilirəm kim,

Hər kimsə ki, aşiqdir, işi ahü-fəqandır.

 

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,

Mərdüm deyib aldanma kim, içdikləri qandır!

 

Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,

Aldanma ki, şair sözü, əlbəttə, yalandır.